Qonaq Kitabı
DƏRDİMİZ VƏ DƏRMANIMIZ

("Şərqi-Rus", 1903, â„– 4 )

 "Hanı bizdə bir icadçı, bir ixtiraçı alim? Alim adlılarımız yox deyildir. Alimlərimiz var. Hətta bunlar arabir mərhəmət və cuşə gəlib, elm və mərifətin lüzumuna, insanın şərəfli, "itaətli" olmasına dair qəzetlərdə, anlaşılmaz dillərlə, köhnəlmiş, min kərə təkrar edilmiş fikir və sözləri yazırlar. Çox gözəl! Amma iş yapmaya, görməyə ixtiyar və qüvvələri olan bu alimlərdən biz yalnız quru söz, boş fikir gözləməyirik. İndi Adəm dövrlərində deyilik. Avam kəndlilər belə elmin lazım olduğunu az-çox qanırlar, lakin onu nə vasitə ilə ələ gətirmək yolunu bilməyirlər. İştə buralarını onlara sözlə deyil işlə, misal ilə göstərmək lazım. Yoxsa boş sözü hər kəs söylər. İşi isə hər kəs görə bilməz. Buna görə biz alim adlılarımızdan quru söz, köhnə fikir deyil, səmimi ürək və ciddi qeyrətlə iş gözləyirik..."

Bir gün Tiflisdə ruhani rəhbərlərin minbərlərdə söylədiklərini öz qulağımla eşitmək üçün cümə namazına getdim. İmam namazdan qabaq minbərə çıxıb yarım saatdan artıq ərəbcə uzun xütbə və dualar oxudu. Oxunan vaxt mən ərəbcənin camaata verdiyi təsiri anlamağa diqqət verdim. Gördüm ki, kimi əsnəyir, kimi ayaqlarının barmaqları ilə oynayır, kimi də xoruldayır, bəzisi yuxulayır. Bu vaxtda mən utanmayıb cürət etsəydim, xətibə qarşı belə bağırmaq istərdim:

− A kişi, bu ərəbcəni kimdən ötrü oxuyursan?!

Təbii, bir şey deyə bilmədim, arzum ürəyimdə qaldı. Ancaq evə gedən kimi qələmi alıb "Xütbə və cümə namazı" başlığı ilə "Şərqi-Rus"un 1903-cü il 9 mayda çıxan 12-ci nömrəsində uzun bir məqalə yazdım. Burda ərəbcə bilməyən türklərə qarşı ərəbcə xütbə oxumaqlığın lüzumsuzluğunu və xütbəni mütləq türkcə oxumaq gərək olduğunu elmi və əqli dəlillərlə isbata çalışdım.

Gündəlik həyatımızda ictimai yaralarımızın ən qorxulu və ən zərərlilərindən biri də qadınlara qarşı bəslədiyimiz qara fikirlər və vəhşi adət və işlərimizdir. Onlar haqqında edilən zülm və işgəncələr azalmaq yerinə gün-gündən artırdı.

Bir çox yerlərdə öz gözlərimlə görürdüm ki, qazı, əfəndi öz vəhşi ərindən boşanmaq istəyən qadına: "şəriət qadına boşanmağa rüsxət vermir", − deyərək döyə-döyə ərinə qaytarırdı. Ata və anaların bir çoxları "başlıq" deyilən behə qızlarını zorla sevmədikləri dövlətli və yaşlı qocalara verdiklərinə bir yerdə deyil, Qafqazın hər yerində bol-bol rast gəlirdim.

Bu bəla və azar, daha doğrusu, mədəniyyətsizlik məhəlli deyil, ümumi bir hal almışdı.

Şəriət hökmləri isə qadınlığı pul ilə satın alıb bir mal dərəcəsinə endirmişdi.

Sünnilərdə şəriətin rüsxət verdiyi "zövci-axər" ilə şiələrdəki "siğə" biabırçılığı din naminədir.

Qadın hüquqsuzluğunu ictimai nöqsanlarımızın ən böyüyü hesab edərək istər "Şərqi-Rus"da, istərsə bundan üç il sonra nəşr edilən "Molla Nəsrəddin"də o barədə uzun-uzadı bəhs etməyi bir vəzifə bildim. Hətta bu vəzifə dolayısı ilə "Molla Nəsrəddin"də "Dərdimənd" imzaları ilə (1907, â„– 19, 20, 23), "Zövci-axər" və "Hicab məsələsi" başlıqları ilə məqalələr yazıb qadın azadlığını iddia və tələb etdiyimdən ötrü Tiflisin axundları və ağsaqqal köhnəpərəstləri məni 1907-ci ildə iyun ayında ağzına qədər camaatla dolu olan Şah Abbas məscidində şəri məhkəməyə çağırıb elmi istintaq ilə məhkum etmək istədilər.

Mən axund və mollaların tənə, söyüş və hətta hədələrinə çox da qulaq asmayıb 1903-dən başlayaraq, "Şərqi-Rus" və başqa qəzetlərimizdə qadın azadlığına dair yazmaqdan geri durmadım. Hətta ilk məqalələrimdən biri də bu aşağıdakı idi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info