Qonaq Kitabı
"ŞƏRQİ-RUS" QƏZETİ

1902-ci ili Azqurda, Abastumanda keçirib, həm yaralarımı, həm də xəstə olan bacımı (Əhmədin anasını) tədavi etdirməyə çalışdım. 1903-cü ilin yazında türk mətbuatını öyrənmək, bir iş tapmaq üçün və həm də Abastumanda halı yaxşı olmayan bacımı götürüb Tiflisə getdim. Bacımı Mixailovski xəstəxanasına qoydum. Özüm erməni bazarında bir müsafirxanada qaldım.

O günlərdə olduğum küçədə, tətilçilərin arasında qalıb sıxıldığımı heç unutmaram.

Böyük bir işçi dəstəsi Axalkələkli Məmmədəli bəy Palavandovun oğlu Xosrovun cənazəsi dalınca gedən adamların arasına soxulub guya cənazəni aparırlar kimi görünərək onlar ilə birlikdə müsəlman məhəlləsindən erməni məhəlləsinə doğru keçdi və burada tək-tək də birləşib daha böyük və güclü bir dəstə oldular. Buradan Yerevanski meydanına doğru sel kimi axdılar. Lakin bu arada polislərlə qarşı-qarşıya gəlib dayandılar və daldan köməyə gələn güclü polis dəstəsi ilə bacarmayıb dağıldılar. Mən ilk dəfə olaraq gördüyüm bu tətillə maraqlanmağa, bunların kimlər olduğunu anlamağa, tətilin səbəbini araşdırmağa başladım. Bu tətilçilərin Çitaxov, Ədilxanov fabrikası əmələləri olduğunu, əmək haqqı üzrə tətil etdiklərini yarımyamalaq öyrəndim. Bu sıralarda duydum ki, Məhəmmədağa Şahtaxtinski Naxçıvanda Şahtaxtı kəndində olan mülkünü satıb aldığı pul ilə Tiflisdə bir türk mətbəəsi düzəltmiş, indi də bir türk qəzeti nəşr etdirmək istəyir. Mətbəənin makinələrini Moskvadan gətirtdirmiş. Kassa və hərfləri də Tiflisdəki hərftökücü "Maderə" düzəltdirmiş. Mətbəə öncə erməni bazarında mənim olduğum müsafirxananın yanında Çitaxov karvansarasındakı bir neçə otaqda yerləşdirildi və burada işləməyə başladı.

Məhəmmədağa Moskva qəzetlərinin Yaxın Şərq müxbiri olmaq münasibətilə namestnik divanxanasına çoxdan məlum idi. Buna görə adını "Şərqi-Rus" qoyduğu qəzetəsinə rəsmi rüsxət almaqda çox uzun zəhmət çəkmədi.

"Şərqi-Rus" Məhəmmədağanın müdir və baş mühərrirliyi ilə 1903-cü il martın 30-da işə başladı. Bu qəzetə Qafqazda ilk dəfə olaraq nəşr olunan siyasi və ictimai gündəlik türk qəzetəsidir.

Bunun baş yazıçısı Məhəmmədağa özü, daimi yazıçıları isə mən, Mirzə Cəlil Məmmədquluzadə, Səmədağa Qayıbov,[1] Üzeyir bəy Hacıbəyov, Rəşid İsmayılov[2], Əsəd Babayev, Yusif Əfəndizadə və daha başqaları idilər...

Qafqaziyanın mərkəzində türk mətbuatı naminə çıxan "Şərqi-Rus"un nəşrində bir ay keçməmişdi ki, türk yazıçıları vuruşmağa başladılar. Bakıda çıxan rusca "Kaspi" yazıçılarından Əlimərdan Topçubaşov[3] və Əhmədbəy Ağayev ilə "Şərqi-Rus"un baş yazıçısı Məhəmmədağa arasında başlanan mübahisə böyüyə-böyüyə xəfiyyəçiliyə, şeytançılığa qədər böyüdü. Bunun bir kiçik nümunəsinə baxınız.

"Şərqi-Rus", 1903-cü il, 17 avqust, â„– 58;

"Əlimərdanbəydən soruşuruz: "Kaspi" qəzetəsində müdir olandan bəri müsəlman əhalisinə nə yolda əfkar-nəşr edibsiniz. İstanbuldan, Bombeydən, filandan nəşr etdiyiniz müxbirlərin niyyət və məramları nə idi və təsni olduqları yerlər haralar idi. Şiələri sünnü və sünnüləri buğsir yapmaq xüsusunda Rusiyanın xaricdəki müsəlman dövlətlərini dolaşan nəşriyyatla sizin nəşriyyatınız arasında rabitə harada başlayır və harada qurtarır".

"Şərqi-Rus", 1903-cü il, 17 avqust, â„– 58:

"İdarədən. Allah bizi rus təbəəsi yaratmış, biz zahirən və batilən rus padşahımıza və rus dövlətinə sadiq təbəə olub islam dinimizi və türk dilimizi can və dil ilə bəsləməyi kəndimizə fərz bilib beynəlmiləl politikadan və intriqadan istər din pərdəsi altında, istərsə də açıq olsun, kəndimizi daima şiddətlə kənar tutmalıyız..."

Məhəmmədağanın Əlimərdan bəyə qarşı yazdığı bu iki kiçik parça onun qafasını, ürəyini, ruhunu çox bildirdiyi üçün öz tərəfindən bir şey artırmağı artıq bildim. Heyif ki, Əlimərdan bəyin "Kaspi"də yazdıqları əlimdə qalmamış.

Budur "Şərqi-Rus"un ilk nəşrindəki məqalələr və öz niyyət və məramında deyildiyi kimi, camaatın məlumatını artırmağa, fikirlərini işıqlandırmağa xidmət edən yeni yol və mədəni vasitə. Bəli, budur, türk qəzetəçisinin açdığı yeni cığır. Budur, onun anladığı mədəniyyət yolu! Budur camaatı zalım hökumətin, insafsız dövlətlilərin, istismarçıların, cənnət və cəhənnən satan ruhanilərin pəncələrindən qurtaran mübarizə və inqilabına alət edilən kor politikaçıların yeni mədəniyyət yolu deyə bizə göstərmək istədikləri köhnə şah səfəvi yolu!

Bu yolun, bu əhvalın cürətsizlik, barışdırıcılıq, gözqapamaq yükü olduğunu az-çox qanırdıq. Bununla bərabər, mənə elə gəlirdi ki, o vaxtlarda Qafqaz aləmində ilk dəfə çıxan, populyar olmağa çalışan bir türk qəzeti səhifələrində həqiqəti olduğu kimi yazmaq özü də çətin və qorxuludur. Buna da əlbət, bir çox səbəblər var idi. Ən birincisi, qəzetin hökumət tərəfindən qapanmağı və ya oxucusuzluqdan öz-özünə tətilə məcbur olmaq ehtimalı idi. Bunun da o vaxt dərdini, bizim qəzetə vasitəsi ilə də olsa, boşaltmaq istəyən, xəlqi qəzet oxumağa alışdıran heç bir yazıçı arzu etməzdi...

Mən "Şərqi-Rus"un ilk nömrələrində bir-biriləri ilə yarışlar edərcəsinə hökumətə sədaqət, xalqa qarşı dinçilik, köhnəpərəstlik göstərən və bunlarla camaata rəhbərlik etmək istəyən Məhəmməd ağa, müfti, şeyxülislam, axund, molla və bunlarla həmfikir olan yazıçıların, şairlərin məqalə və ədəbiyyatını oxuduqca dəlilənir və ürəyimdə: "Əgərçi qəzetəçilik belə yazılar yazmaqsa, köhnəliyin təkrarı isə, bunlar bizə heç də lazım deyil. Bunların yazılmasından yazılmamaları daha da xeyirlidir", − deyirdim.

Bunların içində məni çox acıqlandıran baş mühərrir Məhəmmədağa idi. Özü bir az zaman Parisdə olmuş, firəng dilini bilir. Avropa mədəniyyətini anlamış, məlumatlı, açıq fikirli bir şəxs idi. Bununla bərabər, ən çox əxlaqsız, ikiüzlü, mütəəssib, axund və molladan daha mütəəssib görünür idi. Öz xüsusi mənfəəti xatirinə, bilə-bilə Allaha, dinə inanmaya-inanmaya dinçilik, möminlik göstərirdi. Rəsmi senzordan ziyadə bizim yazıların senzoru olurdu. Qəzetəsini özünü hökumətə olan sədaqət və ixlası ilə, axund və mollaların dini məqalələri ilə doldururdu. Hökumətin qeyri millətlərə, xüsusilə, türklərə qarşı göstərdiyi şiddətli və haqsız tədbirləri, onları maarifdən məhrum edib kor və cahil saxlamaq xüsusunda bir sətir də olsun yazmazdı. Özü yazmadığı kimi, bizi də yazmağa qoymazdı. Hökumətin, axund və mollaların, avam kütlənin toxmağından daha artıq bir toxmaq həmişə başımızın üstündə dururdu ki, bu da intelligent mədəni qiyafəsində rəhbərimiz Məhəmmədağa idi.

Halbuki, mən burada aylıqçı bir mühərrir kimi yox, bütün həvəsimlə, vücudumla çalışırdım. Bir tərəfdən tərcüməçilərin yazdıqları, gələn məqalələri düzəldir, bir tərəfdən bütün gün, hətta yarı gecələrə qədər mətbəədə olub, qəzetənin müsəhhihlik vəzifəsini görürdüm. Çünki qəzetənin, sahibinin məsləkinə baxmayıb özümünkü hesab edir, çoxdan bəri türk mətbuatına olan həsrətimi bununla almaq, ürəyimdəki arzuları bununla boşaltmaq istəyirdim. Heyf ki, bu arzularım üzərinə Məhəmmədağa ilə tez-tez vuruşmağa məcbur olur, idarədən müvəqqəti uzaqlaşır, daha doğrusu, qovulurdum. Belə bir vəziyyət qarşısında mənim ən istəkli günlərim Məhəmmədağanın kef və cünbüşə başı qarışıb üç-dörd gün idarəyə gəlmədiyi günlər olurdu. Bu günlərdə mən Məhəmmədağanın acıqlanacağına baxmayaraq, onun yürütdüyü politikanın, məsləkin əksinə olaraq, yazılar yazardım. Məhəmmədağa bir neçə gün sonra ayılıb onları oxuyunca dəlilənir, mənə əzmək istəyirdi. Lakin mən işi qabaqca qanıb uzaqlaşar, günlərcə idarəyə getməzdim. Bu arada qəzetə axsamağa, vaxtında çıxmamağa başlayınca, bir-iki həftə sonra Mirzə Cəlil vasitəçiliyi ilə yenə çağırılır, işləməyə girişirdim. Məhəmmədağa məni gözlə görmək istəməzdi, ancaq çarəsi yox idi. Mənim kimi gecəyarılarına qədər pulsuz, minnətsiz çalışanı haradan tapa biləcəkdi? İş elə halda idi ki, o mənsiz, mən onsuz ola bilmirdik. Mənim ehtiyacım isə daha böyükdü.

Hələ arzularımın mində birini yazmamışdım.

1893-1903-cü illərdə, on il içində Axalsixdə, Şəkidə, Şamaxıda, Gəncədə, Bakıda və daha başqa yerlərdə bulunduğum vaxtlarda gördüyüm, duyduğum ictimai və siyasi yaraların acısı hələ ürəyimdən çıxmamışdı. Lakin iki-üç dürlü senzorun gözü qarşısında siyasi istibdaddan - hökumətin zülmündən açıqca yazmaq çətin idi. Daha doğrusu, yazılsaydı da, yazılanları nəşrə qoymazlardı. Buna görə hələlik siyasi istibdadı pərdələyib, ona yol verən ruhani və dini istibdadın əleyhinə yazmağı daha lazımlı bilirdim. Bunda da bir həqiqəti gizlətmək lazım deyil ki, o da zaman və mühitə görə dinin əsası, daha doğrusu, öz varlığı əleyhinə bir şey yazmağa cürət edə bilməməyimdir.

Burada bir vaqiə xatirimə gəldi: böyük ədibimiz Mirzə Fətəlinin 60 il bundan əvvəl din əleyhinə yazdığı "Cəmaləddin və Kəmaləddin müsahibəsi" kitabçasını mən 1905-ci ildə Tiflisdə əldə satılan kitablar arasında tapıb aldım. Onu bir neçə il sonra olduğu kimi çap etdirmək istədim, lakin onu düzən mürəttib tapa bilmədim. 1907-ci ilin əvvəlində İstanbula gətirdim ki çap etdirim. Oranı buradan daha bədtər görüb geri gətirdim. 1922-də həmin kitabı köhnə dostum Nəriman Nərimanova göstərdim, onunla çap etdirməyi qərara aldıq. Bu sırada Ağamalı oğlu[4] oxuyub qaytarmaq üzrə kitabı məndən istəyib aldı. Onu bir daha mənə qaytarmayıb öz tərəfindən çap etdirdi. Buna sözüm yox, elə də, belə də çap etdirəcəkdik. Ancaq burasını bildirmək istəyirəm ki, biçarə Mirzə Fətəli də öz vaxtında bizim təki din əleyhinə yaza bilirdi, lakin çapı mümkün deyildi. Yaxşı ki, kitab neçə il sonra da olsa, təsadüfən mənim əlimə keçdi, yoxsa itib gedəcəkdi. Mən o vaxt Allahı, Peyğəmbəri, yəni göyü buraxıb budaqları, xəlifələri olan ruhani alimlərin, sultanların və bunların quyruqları − ikiüzlü, pula satılan yazıçıların iç üzlərini açıb onları hörmətdən, nüfuzdan salmaq təcrübəsində bulundum və bu təcrübəmi ad və hekayələrlə, əyri-üyrü yollarla göstərməyə çalışdım. Bəli, mən də "Şöleyi-həqiqət müsadimeyi-əfkardan zühur edər. Təbiət ağıl ilə tədqiq edilir. Heç bir şeyin bilasəbəb zühuru gözlənməyir..." kimi məntiq və təbiət qanunlarını yadlara saldım. Və bu birinci məqaləmi gələcək məqalələrimdəki fikir və tənqidlərimə bir hazırlıq və əsasi olaraq yazdım. Və bununla ruhanilərin və dinçi yazıçıların mənim tənqidlərimə kolay-kolay etiraz edib vaxt keçirməyimi boyunlarına qoyan kimi və daha uzun səbr etməyib dördüncü nömrədən başlayaraq, "Şərqi-Rus"da boş-boşuna uzun məqalələr yazan Məhəmmədağa, müfti, şeyxülislam, qazi və axundların əleyhlərinə yazmağa girişdim. Bundan qəsdim onların yazılarının çürük və köhnəlmiş şeylər olduqlarını camaata sadə dil ilə anladıb nüfuzdan salmaq, mövhumata balta vurmaq cəsarətini sınamaqdı. Bundan başqa, təzə fikirli təzə yazıçılara örnək olub, onlara örnək verməkdi.



[1] Qoridəki müəllimlər seminariyasını bitirmiş mütərəqqi ziyalılardan biri. Sovet hakimiyyətinin ilk illərində nəşriyyat işinə rəhbərlik etmiş, maarif nazirinin müavini, "Azərnəşr"in direktoru olmuşdur.

[2] XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış mütərəqqi Azərbaycan ziyalılarından biri. "Şərqi-Rus" qəzetində əm-əkdaşlıq etmiş, Sovet hakimiyyətinin ilk illərində müəllim olmuşdur.

[3] 1865-1934 - İnqilabaqədərki Azərbaycanın ictimai, siyasi və ədəbi həyatında fəal çalışan ziyalılardandır. Ədəbiyayta dair məqalələri vardır. Tiflis gimnaziyasının və Peterburq universitetinin hüquq fakültəsini bitirmişdir. Bir müddət "Kaspi" qəzetinin redaktoru olmuş, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Parisə köçmüşdür.

[4] Səməd Ağamalıoğlu (1863-1931) - Azərbaycanın partiya və dövlət xadimi. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info