Qonaq Kitabı
ŞAMAXI ZƏLZƏLƏSİ

1902-ci il yanvarın 31-də cümə axşamı gündüz saat 12-də Şamaxıda indiyə qədər görülməmiş yer tərpənişi oldu. O gün Şamaxı üçün ən böyük fəlakət, eşidilməmiş bir dəhşət və qiyamət günü idi.

Olduğum məktəbin aşağı sinifləri evlərinə buraxılmış, məktəbdə yalnız son sinif qalmışdı. Mən, rus müəllimi erməni yoldaşla müəllimlər otağında söhbət edirdim. Bu arada məktəb birdən-birə elə bərk bir surətdə tərpəndi ki, nə edəcəyimizi şaşırıb özümüzü qapıdan çölə ata bildik. Atıldığımız məktəb həyətində ayaqda dura bilməyib üzüqoylu yerə sərildik. Yoldaşım məndən daha canlı, daha çevik olduğu üçün məndən daha irəli getmiş, oradaca yıxılmış idi. Mən yerə çarpıldığım sırada bir neçə incə qaraltının məktəbdən çıxıb məscid divarına doğru yüyürdükləri gözümə sataşdı. Yerə çarpılıb yatdığım dəqiqələrdə beynimə belə bir fikir gəldiyini unutmuram.

Bu nə idi? Bu, yer kürəsinin yıldızlardan birinə çarpması yerindən qopub fəzada hərlənməyə başlaması, bu çarpınış və qiyamətdən sonra yaşaya biləcəkləri, nələr görəcəkləri və nə qədər xoşbəxt olacaqları fikri idi.

Biz yerə yıxılandan sonra uçub dağılan məscid divarının daş və torpağı üstümüzə gəlmiş və bir az sonra özümüzdən getmişik. Axşam ta saat dördə-beşə qədər eləcə daş torpaq altında qalmışıq. Axşama yaxın itən məktəb uşaqlarını axtarmağa gələn analar hər nə cürsə mənim çöldə qalan baş və saçlarımı görübən öz uşaqları sanıb yanıma gəlmişlər. Yanıma gələndən sonra məni tanıyıb daş torpaq altından çıxarmışlar. Amma məndə ayaqda durmağa hal yoxmuş. Qoltuqlarıma girib məni ara-ara tərpənməkdə olan yarı yıxılmış divarlar arasından qorxa-qorxa min bəla ilə çölə çıxarmışlar. Mən ağız və burnuma dolan toz-torpaqla boğulacaq dərəcəsində imişəm. "Bir udum su" deyə işarə ilə yalvarmışam. Başımın yaralarından axan qanlara su yerinə içməyə, barmaqlarımı əmməyə çalışırmışam. Nədən sonra yerlərdəki murdar su yığıntılarını tapıb tənəkə bir qab ilə gətirib mənə içirmişlər. Gözlərimi, üzümü yumuşlar. Qanlarımı bir az təmizləmişlər. Bir saat rahatlıqdan sonra gözlərim, dilim açılmış, yavaş-yavaş ətrafa baxmağa başlamışam. Xeyli vaxt sonra ayılmış, nə kimi qəza keçirdiyimi anlamış, düşünməyə başlamışam. Axşama yaxın yavuqdakı evimizin yıxılan divarı altından qurtulub məni axtarmağa gələn yoldaşım Abidə məni görüncə üstündəki paltarının bir qatını cırıb başımın yaralarını sarmış və axan qanları durdurmuş.

Axşamüstü məni məscidin dalısındakı meydanın bir tərəfində, bir az yumuşaq peyinli yerdə yatırdılar. Başımın altına daş, üstümə əski-üskü tökdülər. Soyuqdan, aclıqdan bərk öskürürdüm. Xeyli zaman sonra olduğum meydana göz gəzdirdim.

Uf, nə idi o mənzərə, nə idi tükləri ürpədən o hal, kiminin qolu, ayağı əzilmiş, kiminin bağırsaqları tökülmüş, fəryad və iniltilərlə yerlərdə sürünür.

Anaların kimi başı-gözü yaralanıb qana bulanmış çocuqları qucağında, rast gələn tərəfə yüyürür, kimi can verməkdə olan yavrusunun başı ucunda oturub saçlarını yolur. Kimi yanğından yanmış balasını qucağına basıb dəlicə o yan bu yana yüyürür, kimi üz-gözü əskilərlə bağlanmış birini əlində tutub aparır. Kimi gördüyü dəhşətdən qorxub qaçmış, yarı dəlilənmiş, itirdiyi uşağı bağıraraq, çağıraraq axtarırdı. Çoxu davam edən zəlzələ və yığınların dəhşətindən şaşırmış, dili tutulmuş "lo...lo...lo.." − deyə deyə özünü oraya-buraya çırpır. Kişi, qadın, böyük, kiçik bir-birinə qarışmış, sanki qiyamət qopmuş, məhşər meydanı qurulmuşdu. Mənim başımı, qanl islanan sarğılarımı da ikinci dəfə olaraq bu məhşərin hay-küyü arasında dəyişirdilər. Lakin sarğılar həkim sarğıları deyil, yoldaşımın üst paltarının cırıq ətəkləri idi. Onun bu cırıq ətəkləri də təməlindən yıxılıb uçan iki mərtəbəli evimizin altından çıxmağa çalışdığı vaxt yırtılıb üstündə qalan cırıq parçalar idi.

Yoldaşım özündən başqa evimizin divarı altında qalıb ölüm halına düşən bacım oğlu Əhməd Pepinovu[1] da daşların altından çox çətinliklə çıxarıb qurtarmışdı. Mən bir neçə saat sonra su-çörək istədim. Lakin tapmaq mümkünmü? Şır-şır axan bulaqların çoxu zəlzələdən sökülmüş, çörək isə daş torpağın altında qalıb itmiş. Yalnız daş torpağın altında qalsa dərd yarı idi. Qazıb çıxarmaq mümkündür. Lakin hər on beş dəqiqədən bir təkrarlanan tərpənişlərdən təzədən-təzəyə uçan, yıxılan divarlardan yaxmaqda olan zəlzələni ötən yanğınlardan aman tapmaq, bir yerə getmək mümkünmü idi?

Arası kəsilməyən tərpənişlər, yeni-yeni yıxıntılar, hər tərəfi saran yanğınlar kimsəni evlərində deyil, divar diblərində belə sığınmağa qoymurdu.

Keçən fəlakət və hazırkı qorxu ilə hər kəs qarnı ac, hər şeydə naəlac, üstü-başı çılpaq, vücudu yaralı, çölü-içi qanlı, ümidsiz, taqətsiz olaraq meydanın ortasında, palçıqlar arasında yatmağa, yorğan yerinə göydən enən ağ yumşaq örtülərlə bürünməyə, soyuğun şiddətindən titrəyə-titrəyə, ağlaya-ağlaya olduğu yerində üzülüb əzilməyə məhkum idi. Buralarda da rahat qoyulaydı, yenə şükür idi.

Birinci gecədə başlayan yanğınlar sanki zəlzələ ilə yarışa çıxmış, onun salamat buraxdığı ev və əşyanı bu yıxıb yandırır, külə çevirirdi.

Uzun gecələrdə yarım saata qədər olsun yatmaq mümkün deyildi. Tez-tez təkrar və davam edən tərpənişlərdən yıxılan divarların gurultusundan, göylərə qalxan yanğın alovlarından saçdıqları qığılcımlardan, soyuğun şiddətindən, qarın boranından, yaralıların iniltisindən və fəryadından gözə yuxumu gələ bilərdi. Gündüzləri isə salamat qalan ən böyük igidlərin bir qab su, bir qırıq çörək tapması böyük fəxr idi. Bərəkət versin ki, iki-üç gün sonra ətrafda salamat qalan kəndlərdən su, çörək gəlməyə başladı.

Mən də qarnımı doydurandan sonra ayağa durdum. Bütün ev əşyasını oradaca torpaq altında buraxıb, bir həftə sonra bir fayton tapıb, yoldaşım və bacım oğlu Əhmədlə bərabər düz Kürdəmirə can atdım. Oradan da Axalsixə yola düşdük.



[1] 1893-1938 - Azərbaycanın maarif və mədəniyyət xadimlərindən biri. Sovet hakimiyyətinin ilk illərində nəşriyyat işinə rəhbərlik etmiş, maarif nazirinin müavini, "Azərnəşr"in direktoru olmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info