Qonaq Kitabı
ŞAMAXI

1900-1902

 

Tiflisdə bir az qalandan sonra 1900-cü ilin payızından indiyə qədər getmədiyim bir yerə - Şamaxıya getmək fikrinə düşdüm. Kürdəmir stasyonunda enib, "troykaya" mindim. Ağsuya qədər Şəki yolunu andıran tozlu, sıxıntılı yollara keçdim. Ağsudan qalxıb, Şərədilə doğru çıxınca ürəyimdəki sıxıntılar da yavaş-yavaş çıxmağa, ətrafın göyçək görünüşü gözlərimi oxşamağa başladı.

Şərədilin üstündən başlayıb Pirsəidə doğru uzanan böyük bir düzün ortasında Şamaxı görünməyə başladı. Kiçik təpə və yamacların üst və ətəklərini geniş bir surətdə tutan bu şəhər görünüşcə, torpaq, su və havaca Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Şəhərə girər-girməz faytonçuya tapşırdım ki, böyük məscidin qabağında dayansın.

Bir az sonra faytondan enib dərvişlər kimi məscid hücrələrini axtardım. Düşdüyüm məscid şəhərin ən köhnə, ən böyük yapısı olan Əbu Səlim Xorasani məscidi idi.

Məscid yonma daş və kərpiclə yapılmış yüksək, qəşəng və möhkəm bir yapı idi. Qabağında ağaclı geniş meydan, meydanın hər iki tərəfində mədrəsə hücrələri düzülmüşdü. Məscidin arxa tərəfində günbatışı səmtində daşdan yapılmış dörd otaqlı bir qat gözəl bir məktəb yapısı var idi.

Ertəsi gün qazı hacı Məcid əfəndi[1] və ziyalı dövlətlilərlə görüşdüm. Boş və müəllimsiz olan məscid məktəbini düzənə qoymağa, şagirdlərin alınması üçün bildirişlər yapışdırtmağa başladıq.

Deyəsən, məktəb bu vaxtı gözləyirmiş. Bir həftə içərisində 150-yə qədər şagird yığıldı. Gələnlər arasında məhəllə məktəblərində üç-dörd il oxuyanlar da var idi.

Şagirdlər dörd qrupa bölüb dərs verməyə başladıq. Məktəbdə mən, iki molla, bir də rus dili müəllimi - mədrəsəli bir erməni (heyf ki, adını unutmuşam) idi.

Şəki məktəbində tədris proqramı burada da qəbul edilib tətbiqə başlanıldı. Burada da Şəkidə olduğu kimi, din dərsləri zahirdə artıq göstərildi. Həqiqətdə isə, ən böyük əhəmiyyət fənn və dil dərslərinə verildi.

Hesab, tarix, coğrafiya, türkcə dərsləri mən, din dərslərini mollalar, rus dilini də erməni müəllim verirdi.

Şamaxı məscid məktəbini Şəkidə olduğu kimi, az-çox lüzumunu qanan dövlətli alverçilər saxlayırdı. Müəllimlərin aylıqlarını və özgə xərclərin hamısını onlar verirdilər.

Varlı uşaqlardan oxutmaq haqqı alınırdı. Pulsuz oxuyan fəqir uşaqları çox idi.

Burada sünni-şiə uşaqları bir yerdə oxuyurdular. Heyf ki, şiə uşaqları çox az idi.

Məktəb sünni məscidinin yanında olmasına və məktəbi meydana gətirənlər sünni alverçiləri olmalarına görə şiələr bir az uzaq dururlardı. Halbuki, şiələrin şəhərdə bir çox dövlətli alverçiləri, Mir Mehdi axund kimi nüfuzlu axundları var idi.

Məktəb hökumət nəzarəti altında bulunduğundan uyezd müfəttişi arabir məktəbə gəlir, kitabları yoxlayırdı. Burada da İstanbul kitablarının cildlərini söküb Baxçasaray kitab cildlərinin aralarına qoyur və bu surətdə təftiş hökumətin arzusuna uyğun bir yolda qurtarırdı.

Məktəbi idarə edən cəmiyyətin başında quberniya qazısı Hacı Məcid əfəndi, üzvləri isə Salamovla Veysovlar, Abdullayevlər[2] kimi az-maz oxumuş, gəzmiş dövlətli alverçilər idi. Hacı Məcid əfəndi Qafqazın ən böyük ruhani alimlərindən biri idi. Şirvan mahalında ondan daha böyük, nüfuzlu bir kimsə yox idi.

Yerli hökumət bir çox işlərdə onun köməyinə möhtac idi. O, istədiyi vaxt məscid, mədrəsə, məktəb tikmək və ya təmir üçün az vaxtda minlərlə manat yığdırardı. Özü Diyallı kəndindən idi. Arabir kənddəki evinə gedərdi. Hacı əfəndinin ziyarətinə gələn kəndlilər onun tövlələrini mal-qoyun ilə doldururlardı. Bunların hamısı nəzir və ehsan olaraq verilirdi. Hacı Məcd əfəndi yaxşı natiq və psixoloq idi. Yeniliyə, yeni üsula tərəfdar görünürdü. Bu isə məktəbdə uşaqlarını oxutmaq istəyən alverçilərin xatiri üçün idi.

Camaatın az-çox yeniliyə doğru getdiyini, gələcəkdə yeniliyin, yenilərin qüvvətlənəcəyini duyurdu. Buna görə də istər məsciddəki vəzlərində, istərsə tez-tez olan qonaqlıqlardakı söhbətlərində dini şüarlara təkyə edərək yeniliyin, az-çox zamana uymanın faydasını danışırdı. Bir sözlə, müdaraçı, yəni ikiüzlü idi. Yenilərlə yeniliyə, köhnələrlə köhnəliyə dair söylərdi.

Burada fanatizm Şəkidən və bir çox yerlərdən də artıq idi. Fanatizmin ən böyük hissəsi şiələrdən ziyadə, sünnilərin üstünə düşürdü. Şəki, Gəncə, Qazax, Bakı, Şuşa və başqa yerlərdə də şeyx, imam, təriqət büsatları əskik deyildi. Lakin burada olduğu qədər heç bir yerdə kök salıb genişlənməmişdi. Şamaxı uyezdi başdan-başa şeyxliyə bölünmüşdü.

Külüllü tərəfində Şeyx Bilal əfəndi, Kürdəmir mahalında Şeyx Hacı Mahmud baba, qaraqoyunlu səmtində Şeyx Hacı Mustafa şah, Qobustanda Şeyx Həmid paşa hökmran idilər. Bu həriflərin elmləri bir yana dursun, adi savadları belə yox idi. Lakin camaat arasında böyük nüfuz və hörmətləri var idi. Camaat hökumətdən artıq bunlara tabe idi. Camaatın ən gözəl geyəcəyi, mal-qarası, qoyunu sədəqə, nəzir, ehsan yolu ilə bunların qarınlarına dolardı. Şeyx Həmid paşanın böyük qoyun sürüləri, at ilxıları, qaramal naxırları mahal çöllərini tutmuşdu. Buğda ilə dolu anbarları kiflənib yatırdı. Şeyxlərə yalnız avam kəndlilər deyil, şəhərlilər də hörmət göstərirdilər.

Heç unutmaram. Bir gün Şamaxıda Hacı Salamovların manufaktura mağazasında oturmuşdum. İçəriyə uzun boylu, çuxalı, papaqlı, gümüş toqqalı dəlicə bir hərif girdi. Mağazadakıların hamısı birdən ayağa durub hörmət göstərdilər. Yarı bellərinə qədər əyilib əlinə sarıldılar, hup-hup öpdülər. Mən oturduğum yerdə çaşıb qaldım. Şeyxin feyzindən məhrum qaldığımı görən mağaza sahibi mənə:

− Bu bizim hörmətli baştacımız Şeyx həzrətləridir, − deyərək tanış etdi. Mən də ayağa durub əl-ələ verib oturdum. Məgər hərifin əlini özləri kimi öpmədiyimə hamının acığı gəldi ki, üzlərini turşudub mənə tərs-tərs baxmağa başladılar. Mən o gündən maraqlanıb şeyxin həyatını öyrənməyə başladım. Bunu aşağıda yazacağam.

İndi Şamaxının ən ziyalı və ən böyük dövlətlilərindən biri olan Hacı Heydər Salamovla birlikdə elədiyimiz bir pir ziyarətini anladacağam, yersiz olmasın gərək.

Bir yaz günü idi. Hacı Heydərlə ən gözəl köhlən atlara minib Pirsəndə doğru gəzməyə çıxdıq. Pirin günbəzinə yaxınlaşdığımız vaxt Hacı birdən atından endi. Mən də ona uyub endim. Atları ağaclara möhkəm bağladıqdan sonra Hacı yavaşca:

− Həzrət Pirin ziyarətinə gedək, − dedi. Arxasınca getdim. O, günbəzin qabağında əllərini yuxarı qaldırıb dua oxuyandan sonra içəri girdi. Mən də dalınca irəlilədim. Hacı qəbrin yanıbaşında torpaq üstə diz çöküb əllərini yuxarı qaldırdı. Yarım saatdan artıq oxudu. Oxudu ağladı, ağladı oxudu. Doğrusu, mən də bu halda nə edəcəyimi şaşırdım, hərçənd bu xüsusda Hacıya uymaq, onun kimi etmək lazım görünürdü. Lakin o mənə çox ağır gəlirdi. Çünki kəramətlərinə əsla inanmadığım pir və şeyxlərin qəbirləri qarşısında diz çöküb baş endirmək mənim üçün ən alçaq müdaraçılıq, həm də ən bayağı ikiüzlülük olardı. Buna görə günbəzin divarına söykənib ayaqda durdum. Mövhumatın, çürük əqidə və inamın insanları nə dərəcəyə düşürdüyünü düşünməyə daldım. Ziyarətdən sonra Hacının qaş-qabağı, turş üzü o vaxta qədər mənə qarşı olan iltifatının azaldığını açıq duydururdu.

1901-ci ilin yazında Hacı Məcid əfəndi ilə Qaraqoyunluya səfərimiz oldu. Faytonumuz rahat olsa da yol uzun idi. Hacı darıxmamaq üçün Şeyx Mahmud babanın kəramətindən söz açdı.

− Bir gün evdə oturmuşdum, birdən ürəyimə düşdü ki, filan hacı ilə birlikdə Şeyx Mahmudun ziyarətinə gedəm. Arzumu Hacıya söylədim. On beş dəqiqədən sonra köhlən atların qapımda hazır olduqlarını xəbər verdilər. Atlara minib sürdük. Yolda Hacıya dedim ki, atları bir az daha yeyin sürək, Şeyx babanı gözlətməyək. Bir az qurban olduğum babanın evi önündəki bağçaya yaxınlaşdıq. Gördük ki, balkonda qolları çirməkli bizi gözlüyür. Ona yaxınlaşar-yaxınlaşmaz Mahmud baba:

− Sizi gözləyirdim ki, günorta namazını birlikdə qılaq. Sizin üçün qayırtdırdığım aşı da birlikdə yeyək. Doğrudan da namazı bərabər qıldıq, aşı da bərabər yedik.

O, sözünü qurtarandan sonra:

− Müəllim əfəndi! Görürsən bizim qurban olduğumuzun kəramətini! On beş, iyirmi verst uzaqdan bizim gələcəyimizi haradan duya bilərdi. Bu kəramət deyil, bə nədir? Babanın övliyaya məxsus kəramətləri çoxdur...

Mən bu vaqiənin kəramət deyil, vaqiədən əvvəlki bir duyğu və ya bir təsadüf olduğunu özgənin dili ilə və nağıl surəti ilə anlatmaq istədim:

− Hacı əfəndi! Yaxşı yadıma saldınız. Bu son vaxtlarda Osmanlı qəzetə və məcmuələrində məşhur firəng alimi Flammarion yazılarının tərcümələri görünməkdədir.  Bu yazılar bütün mədəniyyət aləmində maraq oyandırdı, uzun mübahisələrə meydan açdı. Görünür ki, firənglər bizim köhnə elmlərə sahib olduqları kimi, övliyalara məxsus zənn edilən ruhani fəzilətləri üstündə həqiqəti göstərməyə başlamışlar, − dedim.

− Yaxşı başa düşmədim, firəng alimi nə yaza bilər və nə həqiqət göstərə bilər ki?

− Mən də ona çaşıram. Kamil Flammareon bizim kəramətlərə vaqeədən qabaqkı duyğu (hissi-qəbləl-vüqu) adını verir. Bunun bir çox adamların həyatında əmələ gəldiyi yüzlərcə misallarla isbata çalışır. Bir çox başqa alimlər isə bu kəraməti iki dost və tanış beyni arasında vücuda gələn bir elektrik cərəyanı, bir hava radiosu deyə izah edirlər.

− Bu izahların cümləsi hədyandır, onlarda bizim ruhani kəramətini anlayacaq beyin olmaz...

− Hacı əfəndi! Elədir. Amma onların kəşfləri çox da əsassız, dəlilsiz deyil. Hamısı uzun-uzadı elmi tədqiqat nəticəsidir. İzah edənlər məşhur alimlərdir.

− Nə olsalar da, onlar bizim ruhaniyyətə ağıl yetirməzlər.

− İş burasındadır ki, onlar bizim ruhaniyyət zənn etdiyimiz halların maddi hadisələr nəticəsində olduğunu böyük əsərlərdə, elmi yolla isbata çalışırlar ki, rəddi çox çətin!

− Ruhaniyyətə aid olan kəramətin maddi hadisələrlə nə müsibəti var?

− Can alacaq nöqtə buradadır ki, onlar ruhaniyyəti elm yolu ilə tamam inkar edirlər. Dünyada hər hadisə maddidir, − deyirlər.

Artıq Qaraqoyunluya yaxınlaşmışdıq. Hacı əfəndi saqqalını tumarlamağa, uzun papağının ortasına sarılan ağ sarığı düzəltməyə, oturuşunu dəyişdirib heybətli görünməyə başladı.

Fayton atlarının cınqırıqlarını uzaqdan eşidən kəndlilər birər-birər bizə yaxınlaşıb bizim kim olduğumuzu duymaq istəyirdilər. Çox keçmədi, Hacı əfəndini tanıyan kəndli müridlər:

− Ə-ə-ə,Hacı əfəndidir. Hacı əfəndi! − deyə ucadan səsləndilər. Çox keçmədi, faytonumuz kəndli müridlərlə sarıldı. Burada İstanbula rəhmət oxudacaq bir ətəköpmə mərasimi başlandı. Hacı əfəndinin tozlu ətəyinə çata bilməyənlər, murdar ayaqlarına dodaqlarını sürtməyi daha şərəfli bilirdilər. Camaatın hücumu, dodaqların şap-şupu o dərəcəyə çatdı ki, atlarımız ürküb faytonu bir yana zorlayıb müridləri çiftələməyə girişdilər. Bu qarışıqlıqda Hacı əfəndinin ayağı sayılaraq mənim ayaqlarımın öpüldüyün duyub tez geri çəkildim və özümü dala verib bu cahilcə işin Hacı əfəndidə buraxdığı təsiri görməyə çalışırdım. Hərifin bu halı zahirən olsun, mən edəcəyi yerinə - dodaq şappıltılarına qarışan "ağrın alım" səsləri ilə hind toyuğundan daha artıq şişdiyini görüb təəccüb elədim.

Atlarımız daha çox dayanmayıb müridlər sürüsünü dallarınca irəli çəkdilər. Qonaq qapısına yaxınlaşınca endik. Görüşmə mərasimi bu səfər daha özgə cür təzələndi.

Şeyxlər, əfəndilər, yaşlı müridlər qol-boyun olub muran (ikiüzlü) sözlərlə həsrətliklərini göstərdilər. Qonaq yiyəsi Şeyx Mustafa şahın göstərişi ilə böyük bir zala girdik.

Zal, ən qiymətli böyük xalılar, ipək mütəkkələr, məxmər döşəklərlə bəzənmişdi. Zalın dörd tərəfi, başda Hacı əfəndi olmaq üzrə, əfəndilər, müridlərlə cərgələndi. Hər kəs diz üstə oturmuş, başlarını aşağı salmış, qollarını önlərinə toplamış, çoxu əllərini namazda başlamış, guya dərin fikrə və zikrə məşğul idilər. Beş-on dəqiqə davam edən sükutdan sonra Hacı əfəndi Şeyx Mustafa şahın atası Hacı Hüseyn əfəndinin kəramətlərindən bəhsə başladı. Müridlərin köks çəkişləri dalınca ağızlarından qopan "ruhuna fəda" səsləri ucaldıqca, Hacı əfəndinin səsinin tonu da dəyişir, yüksəlirdi. Bu hal bir saatdan artıq davam edib uzun salavat və dualarla qurtardı. Bundan sonra yenə bir dərin sükut, sükut içində ruhani qəşş, qəşş içində guya bir məzhəriyyət feyzi cilvələnirdi.

İlk dəfə burada gördüyüm böyük bir məclisin belə uzun və dərin sükutu məndə xeyli təsir buraxdı ki, onu 1906-cı ildə yada salıb, "Molla Nəsrəddin"in beşinci nömrəsində "Məclisi-ədəb" adı altında bir şəkil çəkdirdim. Şəklini çəkdirdim, karikaturasını yox. Halbuki, o şəkli görənlər elə bilirdilər ki, o, Avropa məcmuələrində olduğu kimi karikaturadır. Sırası gəlmişkən burada bir həqiqəti söyləmədən keçməyəcəyəm. "Molla Nəsrəddin"də öz ictimai həyatımıza dair çəkilən şəkillərin çoxu karikatura, yəni uydurma-bənzətmə şəkil deyil, vaqeənin, şəxslərin, tiplərin özü, bayağı fotoqrafıdır.

Qaraqoyunluda qaldığımız üç-dörd gün içində "ədəbi məclis"lər: ziyarətlər, plovlar, ehsanlar, bəxşeyişlər, qurbanlar tez-tez təkrar edilirdi.

Şamaxı uyezdindəki ruhanilərin bulunduqları qonaqlıq məclisləri, xüsusilə, şeyx məclisləri bayağı təriqət ayinləri səhnəsi idi: keçmiş məşhur şeyxlərin mədhi, kəramətləri, uzun sükut, qəlbi zikr, salavat, qəşş (özündən getmə), yenə uzun sükut.

Mən bu kimi məclisləri 1920-ci ilin martında Qazaxda İncə kəndində Şeyx Əhməd əfəndinin evində, Borçalıda Dəmirçilər kəndində gördüm. Bunlar daha kobud, daha vəhşi və ədəbsizcə idi. Bunların yanında Şirvandakılar, ruhani dilincə "məclisi-ədəb" sayılırdı.

Qaraqoyunlu kimi böyük bir kənddə yarımçıq da olsa, bir məhəllə məktəbi yox idi. Burada və ətrafında camaat bütün fikir və xəyalını müridbazlıq adı ilə təriqət oyunlarına vermiş, əsəri-maarif bir yana dursun, köhnə üsul tədris elmlərindən də işarə yox idi. Belə yerlərdə qadınların halı kişilərinkindən daha acınacaqlı, daha səfalətli, daha da ağır və qəmli idi. Buralarda qadınlar, möminlərin köhnədən bəri deyilən kimi, kişilərin, xüsusilə şeyxlərin əyləncə və iş malları idi. Bir çox şeyxin iki-üç şəri arvadı olduğuna baxmayaraq, şeyx hərəmxanası - kiçik bir ölçüdə olsa da, Sultan Həmidin o çox böyük hərəmxanasına oxşayırdı. Ayrılığı bunda idi ki, sultan hərəmxanasına alınan qızlar və qadınlar pul ilə alınırdı, şeyxlərinki isə pulsuz olaraq nəziri-bəst və zövci-axər surəti ilə dolardı. Bunlardan başqa, təriqətdən xoşu gələn ərli arvadlar, qarnı ağrıyanlar, uşağı olmayanlar, ərlərinə küsənlər, göbəklərini yazdırmaq istəyənlər, şeyx yanındakı cavan müridlərə gözləri düşənlər, ərləri fəqir və çirkin olanlar, məşğuliyyətsiz qalan dul arvadlar... hamısı... hamısı şeyx hərəmxanasına toplanırdı.

Bir şeyxin boynuna düşən bu qədər tüfeylilərin, müftə yeyənlərin nə ilə yaşadıqlarına təəccüb edənlər, bir-iki kəndin deyil, bəlkə bütün mahalın nəzir, qurban, sədəqə və ehsan adları ilə şeyx üçün toplanan sürü, naxır və ilxıları görsələrdi, heç də çaşıb qalmazlardı. Biçarə avam kəndlilər mülkədarlar, bəylər, ağalar tərəfindən bəhrə və icarə adları ilə soyulduqlarından sonra qalan var-yoxlarını da bu cür oyunlarla ruhanilərə yedirirlərdi.

Hələ bunlar yenə bir dərəcə ədəbli, daha doğrusu, gizli, qapalı idi. Şamaxıda Qobustan mahalında, Acıdərə kəndində yaşayan Şeyx Həmid paşanın təriqət büsatı daha rəzilanə, daha nifrətli idi. Sırf avam və savadsız olan bu şeyx ata-babasının nüfuz və hörmətindən istifadə edərək, təriqət adı ilə yapmadığı rəzalət, etmədiyi şeytanlıq, sürmədiyi heyvani zövq qalmamışdı.

Bu uzunqulaq hərifin hər gün aşikar yapdığı rəzaləti görən Qobustan camaatı bu iblisi yenə müqəddəs, möhtərənm hesab edirlərdi. Hətta özünün ətək və ayaqlarını öpə bilməyənlər atının yalını öpmək kimi dünyanın heç bir yerində görülməyən heyvanlıqdan çəkinməzlərmiş. Boy, sifət, şəkil və xasiyyətcə Sultan Həmidə çox oxşayan bu alçaq hərifin özünəməxsus ayrıca bir təriqət ayini varmış: bunu hər kənddə kişi və qadın birər xəlifəsi bulunar, keyfi qalxanda kəndləri birər-birər gəzər, müridlərin təriqət ayinlərinə özü rəhbərlik edərmiş. Zikr və ibadət həmişə axşamlarda, gecələrdə olurmuş. Qabaqca kişilərin ayinlərinə gedər, öz iştirakı ilə onlara guya feyz və həyat bağışlarmış. Qadınların yığıncaqlarını isə qəsdlə dala, daha qaranlıqlara buraxarmış. O, burada öz təriqət, hünər və şeytanlıqlarının bütün nömrələrini çıxarar, ruhani cəzb və qəşşadları ilə bütün eşqbazlıq hiylələrini onlara, bu sadə ürəklilərə, o çarəsizlərə birər-birər möcüzə kimi göstərər, hamını öz ilahi təriqətinə heyran qoyarmış. Yarı gecələrə qədər sürən ibadətdən sonra qadınlar evlərinə dağılıb gedərlərmiş. Ancaq ibadət zamanı gözə gələn gözəllər məxsus bir iltifat olmaq üzrə xəlifə vasitəsilə saxlanılar, onlara gecə xüsusi bir otaqda yatan şeyxə xidmət etmək kimi "ruhani" vəzifə tapşırılarmış. Onlar ibadətlə yorulmuş olan şeyxin vücudunu ovxalayıb, qüvvət və qiyamə gətirir və bu surətlə feyz və savab qazanarmışlar. Bütün ömrünü təriqət ayələrində bu surətlə keçirən, Sultan Həmiddən aşağı qalmayan, hər istədiyi heyvani keyfini sürən bu uzunqulaq lotubaza qarşı kimsə səsini çıxara bilmirmiş. Tərsinə, hamı bu iblisi görüncə əlinə sarılır, iltifatını canına minnət bilərmiş. Bu rəzaləti duyan böyük hökumət məmurları isə eşitməməzliyə gələr, camaatın avamlığına ürəkdən sevinirmişlər. Lakin həmin bu məmurlar Şamaxıda təzə açılan milli məktəbdəki partalara, divarlardakı xəritələrə "müsəlmanlığa yaraşmaz" deyə etiraz edər və bu yol ilə islam dininin qeydinə qalarlarmış.

Hər kəsin hörmət etdiyi bu hərifin və bu kimilərin və ümumiyyətlə, ruhanilərin 1895-ci ildə Şəkidə, 1901-ci ildə Şamaxıda gördüyüm və eşitdiyim rəzalətlərini ancaq 1904-cü ildə "Şərqi-Rus"da və 1905-ci il inqilabından sonra isə "Molla Nəsrəddin"də və başqa qəzetlərdə yazıb açmağa başladım (1907-ci ildəki "Molla Nəsrəddin"in 35-ci nömrəsində Həmid Paşa büsatına baxınız!).

Şamaxı camaatını, ümumiyyətlə, insaniyyətli, xoş xasiyyətli gördüm. Ancaq çox dindar, sufiməşrəb idilər.

Burada özüm eşitdiyim və gördüyüm bir vaqeəni söyləmədən keçməyəcəyəm:

Şamaxı üləmasından və ruhani idarəsi üzvlərindən Hacı Əbdürrəhim əfəndi kimi bilir, neçə günlər, bəlkə aylar düşünüb-daşınıb, dürlü-dürlü fars-ərəb münəccim kitablarını əlləşdirib, uzun zəhmət çəkəndən sonra Rusiya çarına ərəbcə bir dua yazmış və bunu übudiyyət və sədaqətnamə surətində göndərmiş. Həmin sədaqətnamədə çarın bütün dünya padşahları içində və birinci əzəmət və mərhəmət sahibi olduğunu və tez-gec hamı padşahların buna tabe olacaqlarını və bütün təbəəsinin, xüsusilə, müsəlmanların sevgili atası olduğunu, müsəlman ruhanilərinə qarşı himayun nəzərlərini əskik etməyəcəyini, Allahın yer üzündə vəkili olub, yüzlərcə il yaşayacağını ağıla gəlməyən mədh və sözlərlə bildirmiş. Görünür, ərizəyə çoxlu müsəlmanlar tərəfindən və ya onların adlarından da qol çəkilmiş ki, ərizə çox tezliklə çara verilmiş və o da xoşlanıb Hacı əfəndiyə yekə bir qızıl saatı bəxşiş göndərmişdi. Həmin saatı hər yerdə qoynundan çıxarır:

− Baxın, görün, ələvü əqdəs həzrət humayunun bəndələrinə olan ehsan və mərhəmətidir, − deyərək, uşaq kimi sevinirdi. Şamaxının, bu Xaqani və Nəsimi vətəninin belə sadə ürəkli, səfeh, yaltaq, dilənçi alimləri, bu şair və ədiblər qaynağının üzə çıxardığı Seyid Əzimləri, Ünsizadələri[3], Səhhətləri, Nasehləri[4], Tərrahları[5], Hadiləri kimi şair və ədibləri yanında Şamaxı üçün birər qara ləkələrdir.



[1] Əslən Diyallı kəndindən olan Hacı Məcid Əfəndi uzun müddət Şamaxı quberniyasının qazisi olmuş və şəhərin ictimai həyatında fəal çalışmışdır.

[2] Şamaxının varlı, nüfuzlu və maarifpərvər adamları.

[3] Əslən Şamaxıdan olub, keçən əsrin axırlarından başlayaraq, Azərbaycan milli mətbuatı sahəsində fəaliyyət göstərən ziyalılardır. Böyük qardaş Səid Ünsizadə ruhani idarəsinin üzvü olmuş, Tiflisdə Azərbaycan dilində "Ziya" (1879-1881) və "Ziyayi-Qafqaziyyə" (1881-1884) qəzetlərini nəşr etmiş, əsrin axırlarında köçüb Türkiyəyə getmiş və 1903-cü ildə orda vəfat etmişdir. Ortancıl qardaş Cəlil Ünsizadə isə 1881-1891-ci illərdə Tiflisdə Azərbaycan dilində "Kəkşül" qəzetini nəşr etməklə, onun səhifələrində rus və Avropa ədəbiyyatı nümunələrini ana dilində yaymağa təşəbbüs göstərmişdir. Sonra o da köçüb Türkiyəyə getmiş və Sultan sarayında xidmət etmişdir. Kiçik qardaş Kamal Ünsizadə 1908-1911-ci illərdə Tiflisdə "Məzhər" adında qəzet nəşr edirdi.

[4] Ağali Əfəndiyev (1850-1913) Şamaxı şairlərindən və maarif xadimlərindən idi.

[5] Şamaxı şairi mollanəsrəddinçilərin, xüsusən, M.Ə.Sabirin müasiri və yaxın dostu Hacı Məmməd Tərrah nəzərdə tutulur.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info