Qonaq Kitabı
BAKIDA

Bakıya ilk gedişim 1900-cü ilin yazında idi.

Burada, bu zəngin qara qızıl ocağında türkcə nəşriyyat və maarif təşkilatı adına ciddi bir şey görmədim. Bolluca gördüklərim ancaq vışka, paroxod sahibləri, milyonçu türklər, nüfuzlu axundlar, yarımavropa paltarındakı türk gəncləri idi. Burada maarif adına türklərə məxsus ancaq bir-iki ibtidai məktəb vardı. Rus məktəblərindəki türk tələbələrinin sayı barmaqla göstəriləcək dərəcədə idi.

Türklərin rusca "Kaspi" qəzetəsi və mətbəəsindən başqa mətbuat adına bir şeyləri yox idi. Hələ türkcə yeni bir kitab, yeni bir əsər görünməyirdi. Burada Tağıyevin açdığı qız məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim. Lakin heç gözləmədiyim qız məktəbi məni o qara xəbərçilikdən qurtardı. Belə bir mühitdə, belə bir zamanda açılan qız məktəbi məni o dərəcədə sevindirdi ki, bunu ürəyimdə saxlaya bilmədim. "Xeyri-məzlumə" imzası ilə İstanbulda çıxan "Sərvəti-fünun"[1] məcmuəsinə uzun bir məqalə şəklində yazdım.

Görünür o məqalə İstanbul mətbuatını mənim qədər sevindirmiş olmalı ki, onu "Sərvəti-fünun"dan, qadınlar məcmuəsindən başqa bütün gündəlik qəzetlər də eynilə çap etmişlərdi. Hətta bir az sonra bu məqalə və onu təbrik yolu ilə yazılan məqalələri yığaraq, bir kitab surətində nəşr etmiş və bu surətlə öz qardaşlıq duyğularının izhar və davamı nümayişində bulunmuşlar. Bakıda doğrudan bir möcüzə sayılan bu maarif ocağından başqa, üz ağardacaq bir şey yox idi.

Bakının böyük bir istehsal və ticarət bazası olması gələcək üçün faydalı ümidlər verirdi. Yüngülcə çoxlu sərvət qazanmaq tamahında bulunan kapitalistlər hər tərəfdən buraya toplandıqları kimi, ətrafda yetişən az-çox türk ziyalıları da daha qazanclı iş tapmaq məqsədi ilə buraya yığışırdılar. Bunların içində türkcə nəşriyyat, yeni türk məktəbləri açacaq adamlar yox deyildi. Lakin hökumət türklərin maariflənməsində, yeni əsrin, yeni həyatın ehtiyacını anlamalarından ehtiyat edirdi. Buna görə hər cür hiylə və yollarla da olsa, türk maarifini yatırır və onlara qarşı ninnilər söyləyirdi. Bu xüsusda hökumətin ən möhkəm köməkçisi və ən nüfuzlu qulluqçusu, öz rəsmi rus məmurlarından artıq müsəlman ruhaniləri idi.

Mən bu cəhəti yalnız Bakıda deyil, Axalsixdə, Gəncədə, Şəkidə də böylə gördüm.

Hətta Şəkidə olduğum vaxtlarda şiə və sünni ziyalıları mövcud məktəblərini birləşdirib böyütmək və bu surətdə aradakı ayrılıqları qaldırıb mədəniyyət cəbhəsində birləşdirmək, qardaşlaşma fikrinə düşdülər. Lakin xalqın öz təşəbbüsləri ilə mədəniyyətcə yüksəlmək hərəkətini duyan hökumət sakit oturub xalqı özbaşına buraxmadı. Öz tərəqqimizə öz əlimizlə divar çəkdi.

Ruhani idarəsi üzvlərindən məşhur bir əfəndi (Əbdürrəhim əfəndi olacaq) namestnik idarəsi tərəfindən aldığı gizli əmr üzərinə şiə-sünni ayrılığını əldə bəhanə edərək, işə əngəl oldu.

Halbuki, Şəki ruhani idarəsi üzvlərindən daha böyükləri, daha yoğunları məgər Bakıda varmış.

Hər nə səbəblə olursa-olsun Bakı, böyük bir iqtisad bazası ola-ola özgələrin üzünü işıqlandıra-işıqlandıra maarif və mədəniyyətcə Tiflis, Gəncə, Şəki kimi şəhərlərin yanında üzüqara idi.

Ən böyük türk milyonerləri, ən nüfuzlu axundlar, ən böyük fanatik, ən qorxulu maarif düşməni, ən birinci millət xaini burada idilər.

Bu böyük dövlətli şəhərə böyük ümidlə gəlmişdim. Özgə şəhərlərdə tapa bilmədiyim maarif işlərini burada tapa biləcəyimi güman etmişdim. Halbuki beş-on günlük axtarış və soraqlardan sonra yenə Tiflisə qayıtmalı oldum. Çünki Qafqazın bütün şəhərlərinə nisbətən Tiflis hər millət üçün az-çox əlverişli bir maarif mərkəzi idi.



[1] 1891-1944-cü illərdə İstanbulda türk dilində nəşr olunan elmi-kütləvi və ədəbi-ictimai jurnal. İlk illərdə redaktoru inqilabçı şair Tofik Fikrət olmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info