Qonaq Kitabı
İKİNCİ DƏFƏ TİFLİSDƏ

Naxoşluğa görə 1896-1898-ci illərə qədər Abastumanda, Azqurda qaldım. Burada milli bir məktəb açmaq fikrinə düşdüm. Kəndlilər tərəfindən Tiflisə - maarif müdirinə bir ərizə göndərdim. Bir az sonra maarif müfəttişi vasitəsilə türkcə lazımsa, şkolada oxudunuz, ayrıca türk məktəbi olmaz cavabını aldıq. 1898-ci ildə Tiflisə getdim.  Türkcə mətbuat nəşrinin vaxtı gəlib gəlmədiyini bir daha sınadım. Türk ziyalılarından Məmməd ağa Vəkilov[1], Mirzə Şərif Mirzəyev[2], Mirzə Seyfəddin, müfti, şeyxülislam və başqaları ilə görüşdüm.

            Müfti və şeyxülislam ilə olan söhbət əsnasında məndən Türkiyədəki erməni və rum ruhani idarəsinin hallarından soruşdular. Mən həqiqəti olduğu kimi söyləmək istədim:

            - Rusiyadakı türklər ilə Türkiyədəki rum və ermənilər arasında haqq və ixtiyarca böyük fərq var: erməni və rum ruhani idarələri yarı müstəqil bir haldadırlar. Ruhani idarələri yanında, böyük millət məclisləri var. Bütün işləri bunlar görür. Hər yerdə müstəqil milli məktəbləri var, mədəni cəmiyyətləri var, maarif təşkilatları var. Bir türk hakimi, Anadolunun bir yerində erməni milli hüququna toxunan kimi İstanbulda ruhani rəisi o saat sədr-əzəmə etiraz göndərir. İş bir az böyük isə rəis sultanın yanına gedib şikayətini eləyir. Bu sözlər bəlkə burada qəribə görünür, lakin həqiqət belədir və belə olmalıdır da. Çünki hər millətin mədəniyyət və maarifcə yüksəlməyə, yaşamağa haqqı vardır və bu haqqı hər yerdə hər zaman  saxlamalıdır.

            Orada ruhani rəislər hələ ümumi qanundan da kənara çıxırlar: milli hərəkətlərin (üsyan deməkdən çəkindim) başında çox vaxt onlar dururlar. Zahirdə millətçilər, ziyalılar görünür, lakin pərdənin arxasında da onlardır - dedim.

            Bu sözün onların üzərində nə kimi bir təsir gətirəcəyinə gözaltı diqqət etdim. Gördüm ki, üzləri mənim üzümdəki çiçək çopurlarından daha bədtər büzüşüb turşuyur və məni söylətdiklərinə peşiman olduqları araya söz qatmalarından anlaşıldı. Mən isə özümü anlamazlığa vurub sözümə davam edərkən "bəzi vaxt ermənilər öz haqlarını silahla müdafiəyə qədər qalxışırlar" - deyincə müfti əfəndi uzun səbr eləməyib sözümü kəsdi və dedi:

            ̶  Bu qədər nemət və hörmət qarşısında onlardakı küfrani-nemətdir. Nə üçün milli azadlıq adıilə xalq öz padşahına, öz böyüyünə ağ olsun. Bizcə: "Ətəbüllah və ətibülrəsul və ülüləmr minkum" ayətilə böyüklərimizə itaət əmr edilmişdir. Belə işlər bizə, biz müsəlmanlara yaraşmaz.

            Belə bir cavabdan sonra sözü uzatmağı artıq bildim və anladım ki, bunlara qarşı bir neçə xüsusi söz kifayət etməz. Milli məsələləri milli mətbuatda qaldırmaq və orada hər xüsusda ətraflıca yazmaq, xalqa, kütləyə aid olan işi - milli məsələni ruhanilərdən artıq xalqın nəzərinə vermək və onlarla birlikdə həll etmək lazım olacaqdır. Bunun üçün Tiflisdə türkcə bir nəşriyyat vasitəsi axtarmaq fikrinə düşdüm. Eşitdim ki, Vorontsov heykəlinin yaxınlığında, Peska küçəsində bir türk mətbəəsi var. Tez gedib oranı tapdım. Mətbəənin müdiri olan Kamal əfəndi Ünsizadə[3] ilə görüşdüm. Bu nə xoş, nə dadlı-dilli adam! O söylədikcə, ürəyimdə xəzinə tapdığımı, daha heç bir yerə getməyəcəyimi, burda türkcə nəşriyyata haman başlayacağımı, belə münasib və maarifpərvər bir şəxsi özgə bir yerdə daha tapa bilməyəcəyimi yəqin edib sevinirdim.

            Ah Tiflis, türkcə mətbuat nəşri üçün nə münasib, nə dəyərli yer. Burası türk aləminin mərkəzi!

            Xəzinə tapmış tamahkar kimi sevinir, sevinirdim.

            Bir həftə sonra başa düşdüm ki, ümidlərimin hamısı quru xəyal, iştahlarımın hamısı yersiz imiş. Rast gəldiyim o şirin dilli şəxs maarifərvər deyil, pulpərvər imiş. Biçarə elə bilmiş ki, məndə puı var. Buna görə məni mətbəəsinə ortaq olmağa təşviq ilə soymaq istəmiş. Lakin bir az sonra məndə soyulacaq bir şey olmadığını anlayınca gözdən itib getdi.

            Mən Tiflisdə xeyli qalıb hər tərəfə baş vurdum. Görüşdüyüm ziyalıların çoxu hökumət qulluqçusu, qorxaq, dinçi, sarayda, Mirzə Fətəlinin yerində olanlar isə milli mədəniyyətdən, elmdən uzaq qara rus quyruqları idilər.

            İndi nə etməli, hara getməli? Məndə pul, pullularda mətbuata həvəs yox! Mənim qəsdim Zaqafqaziyada yalnız müəllimliklə yaşamaq, onunla kifayətlənmək deyildi. Burada siyasi, ictimai türkcə bir qəzetənin nəşrini son dərəcə lazım bilir və bunun üçün hər dürlü zəhmət və fədakarlığı gözə almışdım. Mən elə sanırdım ki, burada Türkiyə və İran istibdadı əleyhinə az-çox azad yaşamaq və yazılanları isə hər tərəfə asanlıqla göndərmək olardı. Bu sıralarda mən ən çox xüsusi olaraq, sultanın əleyhinə yazmaq istəyirdim və o vaxtlarda elə hesab edirdim ki, istibdad yalnız siyasi və şəxsi olur. Rusiyada olandan sonra fikrimin çürük, yanlış olduğunu, istibdadın şəxslərdə deyil, idarə və təşkilat üsulunda olduğunu, çarlığın sultanlıqdan, şahlıqdan heç bir fərqi olmadığını anladım. Hələ bizdə siyasi istibdad ilə bərabər, bir də ruhani istibdad olduğunu Axalsixdə, Şəkidə, Gəncədə olduğum zaman daha ziyadə hiss etdim.

            Tiflisdə qalmaq ümidi boşa çıxandan sonra burada dayanmağın daha bir mənası yox idi. Buna görə, müfti Hüseyn əfəndidən aldığım dəvətnaməyə əsasən ikinci dəfə yenə Şəkiyə getdim.



[1] Məmmədağa Vəkilov - maarifpərvər Azərbaycan ziyalılarından biri, C.Məmmədquluzadənin və Ömər Faiqin yaxın dostu. 1905-ci ildə Tiflisdə Azərbaycan dilində "İqbal" adlı qəzet çıxarmaq istəmiş, ancaq baş tutmamışdır.

[2] Mirzə Şərif Mirzəyev (1862-1937) - İnqilabdan əvvəl Qori müəllimlər seminariyasını bitirmiş Azərbaycan ziyalılarındandır. Tiflisdə müəllim, tərcüməçi, mülki idarələrdə müxtəlif vəzifələrdə işləmiş, 1906-1917-ci illərdə Tiflis senzor komitəsində müsəlman mətbuatı üzrə baş senzor olmuşdur. "Azərbaycan mətbuatının tarixi" adlı rus dilində əlyazması vardır. "Molla Nəsrəddin" jurnalına və onu   rəhbərlərinə rəğbət göstərir və az-çox kömək əli uzadırdı. 1919-cu ildə Ömər Faiqin həbs olunmasına mətbuatda etiraz etmiş və onu müdafiəyə qalxmışdır.

[3] Azərbaycan dövri mətbuatı sahəsində fəaliyyət göstərən ziyalılardan biridir. 1908-1911-ci illərdə Tiflisdə "Məzhər" adlı qəzet nəşr etmişdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info