Qonaq Kitabı
GƏNCƏDƏ

1896-cı ilin yazında Şəkidə qızdırma azarına tutuldum. Tədavi üçün Gəncəyə, oradan da Hacıkəndə getmək istədim. Gəncədə o qışı İstanbuldan gəlmiş Məhəmməd adlı cavan bir müəllimlə tanış oldum. Onunla birlikdə yayda Hacıkəndə getdik. Bir-iki ay bərabər qaldıq. Bu zaman hər ikimiz Gəncəli Hacı Hüseyn Rəfiyevin[1] evində qonaq sifətilə keçirdik. Maarifpərvər Hacıdan böyük hörmət gördük. Hacıkənd Gəncə üçün gözəl bir istirahət yeridir. Ancaq Gəncə türkləri evlərini, sıx meşəli bir təpənin kölgəliklərində, nəmli yerlərində yapmaqda aldanmışlar.  Hacıkənd hifzü-səhhənin göstərdiyi bir yolda düzələrsə Azərbaycxanın ən mədəni yaylaq və istirahət yerlərindən biri olar.

Payızda hər ikimiz Gəncəyə gəldik. Mən naxoşluqdan qurtula bilmədiyimə görə Axalsixə-Abastumana getməyə məcbur oldum. Məhəmməd əfəndi Gəncədə qaldı.

Bu gənc müəllim İstanbulda edadi məktəbini qurtarmış, çalışqan, məlumatlı, vəzifəsini bilən və sevən bolqarıstanlı (vidinli) bir türk idi.

Gəncə maarifpərvərlərinin mənəvi və maddi yardımları ilə açılmış Cümə məscidi məktəbi müəllimliyinə təyin olundu. Məktəb bunun çalışması sayəsində az vaxtda  adlandı, böyüdü.

Məhəmməd əfəndi məktəbi rühaniliyə xidmətdən qurtarıb zəmanəyə uyğun bir milli məktəb halına qoymağa çalışırdı.

Bu məktəb gözəl quruluş və tədris  sayəsində az vaxtda bir çox gənc müəllimlər, yazıçılar yetişdirdi. Azərbaycan türk ədəbiyyat üfüqünə yeni və parlayan işıqlar  salmağa başlarkən birdən-birə sönən Abdulla Sur[2] kimi yıldızlar çıxardı.

Gəncə türklərinin var-yox maarif və müəssisəsi yalnız bu idi. Bu vaxtlarda Gəncədə istədiyin qədər böyük xanlar, bəylər, nüfuzlu ruhanilər, dövlətli hacılar vardı. Bunlar fəqir çocuqlarının deyil, öz çocuqlarının belə qeydlərinə qalmamışlardı. Şəhərdə zamana görə gözəl qurulmuş qız-oğlan gimnaziyaları, şəhər məktəbləri vardı. Bunlarda türk tələbəsi yox deyiləcək dərəcədə idi. Bu yekə şəhərdə türklər içində mühəndis, doktor, aqronom, pedaqoq barmaqla göstəriləcək dərəcədə belə yox idi.

Şəki hacı, əfəndi ovağı olduğu kimi, bura da məşədi, kərbəlayı, axund qaynağı idi.

Bu ulu şəhər daxili, mədəni işlərində olduğu kimi, xarici görünüşündə də ikiyə bölünmüşdü. Bu bölünüşün, bu ayrılığın sərhəddi Gəncə çayı və körpü idi.

Körpünün o biri tərəfində ermənilər olurlardı və burada gimnaziyalar, şəhər məktəbləri, klublar, teatrlar, mədəni təşkilatlar, cəmiyyəti-xeyriyyələr, işıqlı, geniş küçələr, təzəliklər...

Bu tərəfdə - türk məhəllələrində dustaqxanalar, qələlər, məhkəmələr, molla mədsərələri, seyid, mərsiyə otaqları, pir ocaqları, istədiyin qədər köhnəliklər... qaranlıqlar... O biri tərəfdə iki-üç qatlı gözəl binaların həyətlərində təmiz geyinmiş, qoltuqlarında  kitab, bir çox oğlan və qız dəstələri, klublarında, cəmiyyəti-xeyriyyələrində mədəni və milli işlərlə məşğul bir çox qadın-kişi yığıncaqları...

Bu tərəfdə uca və əzəmətli Şah Abbas məscidinin qapı və həyəti, namaza gələn aftafalı möminlərin çoxluğundan görünmür. Burası hər gün, hər saat qarışqa kimi qaynayır, çünki qoca bir millətin müqəddəratı burada həll olunur. Dəstə-dəstə ibadətə gələn camaatın başları burada ruhanilərin ətəklərinə doğru əyilir... Ulu bir kütlənin mənliyi burada yerlərə sərilir. Cavan, qoca, oxumuş, oxumamış, hamısı, hamısı burada, yalnız öz yaşayış və səadət ümidini ruhanilərdən diləyir. İştə Nizaminin vətəni olan Gəncənin 1896-dakı halı!

 



[1] Hacı Hüseyn Rəfiyev - Gəncənin məşhur Rəfibəylilər nəslindəndir, xalq maarifinin, milli mədəniyyətin inkişafına kömək edənlərdən biri olmuşdur.

[2] Abdulla Sur (1883-1912) - istedadlı Azərbaycan ədəbiyyatşünası və maarif xadimi. XX əsrin əvvəllərində o, bir çox mətbuat orqanlarının nüfuzlu əməkdaşlarından biri olmuş, Azərbaycan və bir sıra qardaş xalqlar ədəbiyyatının klassik və müasir nümayəndələri haqqında qiymətli məqalələr, tədqiqat əsərləri yazmışdır. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info