Qonaq Kitabı
BATUM ”“ AXALSİX

1893-cü ilin mayı idi. Gəmimiz Rumıniyanın Küstançə iskələsinə uğradı.  Yolçular gəmidən rıxtıma endilər. rıxtımdan şəhər gedən yollar geniş və təmiz görünürdü. Dəniz kənarında, İstanbulun Çırağan sarayına bənzəyən gözəl bir bina dururdu. Dedim əlbət burası kralın sarayıdır. Bir az sonra duydum ki, camaat klubu imiş.

Ertəsi gün Türkiyənin Qaradəniz sahilində ən böyük və məşhur şəhəri olan Trabzona yetişdik. Kaş görməyəydim: nə iskələ var, nə də çıxacaq rahat bir vasitə!

Gəmimiz durunca yüzlərcə ufaq qayıq ətrafımızı sarıb müştəri gözləməyə başladılar. Enənlər həyəcan və qorxu ilə qayıqlara minib kənara çıxırdılar. Qayıqçıların bağırtıları, müştəri ilə sözləşmələri uzaqdan eşidilirdi. Şəhərə yaxından baxınca sokakların darlığı, evlərin plansızlığı, camaatın mədəniyyətsizliyi və fəqirliyi oranın böyük bir köy olduğu fikrini verirdi. Daha ertəsi günü uzaqdan Batum görünməyə başladı. Ora yaxınlaşınca məndəki qorxu getdikcə artdı. Çünki yanımda nə pasportum, nə də param var idi.

Pasport yoxlayan jandarmlar məni yaxalayıb düz həbsxanaya göndərdilər. bir ay həbsxanada qalandan sonra batumlu Osman əfəndinin vasitəsi və kəfaləti (Tərcüməsi: zəmanət) ilə çıxdım. Ondan yol parası da alıb dəmir yolla Xaşura, oradan da furqonla Azqura gəldim.

Anam, qardaş və bacılarım, qohum və qonşularım salamat gəldiyimə, təbii, sevindilər. Lakin çox keçmədən ürəklərindəkini boşaltmağa, məni bir ruhani əfəndi qiyafəsində gözlədiklərini açmağa başladılar.  Bir həftə sonra köy qəhvəxanasına getdim. Köyü gəzdim. Deyəsən, heç bir şey dəyişməmiş: sokaklar, evlər, adamlar yenə əski çeşit, əski halda. Qəhvələr yenə ağızlarına qədər dolu, boş-boş oturub uzun boşboğazlıq edirlər. bu dedi-qodu yerinə mən də arabir gedir, söhbət edirdim. Köylülər ancaq xəlifənin salamlıq təntənəsindən, əsgərindən, camelərindən, çalğısından maraqlanırdılar. Mən bunları qısaca keçir, Avropanın böyük mədəniyyəti və qüvvəti qarşısında Türkiyənin dala qalmasından, padşahın israfından, mollaların əsgərlikdən qurtulmaq üçün mədrəsələrə dolmalarından və oralarda boş-avara ömür keçirmələrindən, paşaların, məmurların milləti soymalarından uzun-uzadı söhbət edirdim.

Bu qəhvə söhbətləri köydə tezliklə yayılır, mollaların qulaqlarına qədər çatırdı. Mənim köylülərlə olan söhbətim artdıqca mollaların mənə qarşı olan nifrət və narazılıqları da artırdı. Çox vaxt came yığıncaqlarında mollalarla qarşılaşır, elmi mübahisələr edirdik. Lakin bəzi vaxt istəməyə-istəməyə bu mübahisələr elm cızığından çıxıb ağız qovğasına çevrilirdi. Hələ qulaq mollası olan köylülərin işə qarışması aradakı sözləşməni daha da artıq uzadır, qabardırdı. Came havlularında mollalarla olan mübahisələrimizə qulaq asanlar get-gedə ikiyə bölündü: gənclər, ixtiyarlar. Mollalar məni təkfir və təhqir etdikcə gənclər müdafiə edir, onların önünə keçirlərdi. Bəzi sözləşmə vuruşma dərəcəsinə qədər qızışırdı. O sıralarda köydə başqa söhbət, başqa xəbər yox idi: şapka geymək və şapka ilə namaz qılmaq olurmu? Müsəlman qızlarına yazı öyrətmək lazımmı? Millətə məktəbmi çox lazım, mədrəsəmi? Padşahın millətə xəyanət etməsinə inanmaq olurmu? Möcüzə və kəramət doğrudan göründükləri kimi, yoxsa beyin və gözün müvəqqəti bir halətimi... kimi məsələlər idi.

Azqurdakı mübahisələr az vaxtda bütün qəza köylərinə, mollalarına yayıldı. Ömər adı gavur adı ilə bərabər çəkilməyə, “Gavur Ömər” deyilməyə başladı. Bu təzə adım tezliklə anamın qohumlarının qulağına dəydi. Onlar da: “Biz gözlüyürdük oğlumuz İstanbuldan molla olub gələcək, xəlifənin, islamın şan və şərəfini böyüdəcək, yeni xəbərlər gətirəcək, bizim başımızı ucaldacaq. Halbuki ümidimiz tərsinə çıxdı. Daha camaat arasında ağzımızı açmırıq...” kimi şikayətə başladılar. Halbuki o vaxtlar dinin, din əsaslarının əleyhinə ciddi bir şey dediyim yox idi. Bunu istəsəydim də cahil köylülər arasında birdən-birə deməyə lüzum yox idi. Çünki düşünürdüm ki, xalqı ruhanilər və güclülər əleyhinə qaldırmaq üçün onların hələlik həzm edə bilməyəcəkləri, anlaya bilməyəcəkləri məsələlərdən müvəqqəti danımamaq, tərsinə olaraq onların anlayacaqları dil və məsələlərdə onlara yaxınlaşmaq, onlarla söhbətdə bulunmaq, onları başa düşüb ələ almaq gərək. Buna görə o vaxtlarda hazırlanmamış köylülər arasında doğrudan-doğruya din, Allah, peyğəmbər əleyhinə söz söyləmək hünər deyil, axmaqlıq idi. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info