Qonaq Kitabı
QALATA POSTXANASINDA

1891 – 1892

 

Sultan Əbdülhəmid Darüşşəfəqin – bu yetimlər yuvasının başqa böyük məktəblərə nisbətən daha az inqilabçı, daha az zərərli olduğunu sanaraq məktəbi qurtaran sinif yoldaşlarımdan ikisini saraya, öz xüsusi katibliyinə aldı. Biri Vidinli Hüseyn, o biri İstanbullu Şəfiq idi. Qalanları İstanbulda mərkəzi idarələrin Avropa ilə münasibətdə bulunan şöbələrinə, posta və teleqraf idarələrinə paylandı. Mən də Avropa ilə doğrudan-doğru əlaqədə bulunan Qalata post və teleqrafxanasının “Morid” şöbəsinə təyin edildim. Burada bir ilə qədər qaldım. İdarənin yazıları fransızca idi. Vəzifəmiz Avropadan gələn post və teleqrafları qəbul etmək idi. Buradakı əməkdaşların hamısı rum və erməni idi. Məndən başqa bir nəfər də türk yox idi. Müdirimiz isə Kosiyan idi. Avropadan gələn məktublarla bərabər çoxlu da Avropa qəzet və jurnalları gəlirdi. Buradakı xidmətimizn böyük bir xeyri bunları oxumaq və Avropa mətbuatı ilə tanış olmaq idi. Mən ilk günlərdə divanxanaların xəfiyyə nəzarəti altında olduğunu bilmədiyim üçün gələn qəzetləri açıb azad surətdə oxuyurdum.

Bir gün müdirimiz Kosiyan məni yanına çağırıb sərt və acıqlı bir dil ilə:

− Buranın qanununu bilmədiyinizə görə bu dəfə bağışlayıram. Bir daha Avropa qəzetlərini açıb oxuduöunu görmüyüm. Bir də siz gənc əfəndilər hökumətin ən sadiq məmurusunuz. Buna görə də sultan həzrətləri sizi bura göndərdi. Hökumət əmrlərinə hər kəsdən artıq siz tabe olmalı və hökumət sirlərini saxlamalısınız, – dedi.

Sonra masanın içindən bir siyahı çıxarıb mənə göstərdi və tapşırdı ki:

− Bu siyahıdakı adlara gələn məktub və mətbuatı saxlayıb mənim özümə veriniz və bunu hökumət sirri bilib heç bir kəsə deməyiniz ki, sonra məsul olursunuz.

Siyahıda bəzi bir çox paşa və ziyalıların adları vardı. Bundan sonra mən daha orda qəzet oxumadım. Gələn mətbuatı da hər gün Kosiyan əfəndiyə verirdim. Bir zaman sonra anladım ki, Kosiyan əfəndi sultanın inanıqlı xəfiyyələrindən imiş. Burada bir çox sıxıntılara qatlanmaq mümkündü, lakin yasaq qəzetləri oxumamaq, haqqımızda yazılanları bilməmək, kor və lal olmaq çətindi.

İdarə işlərinə bir az alışandan sonra axşamüstü gələn mətbuatdan birər dənə gizləyib qoynuma soxur, evə gətirib gecə yuxulamayıb diqqətlə oxuyur və səhər gedib yeni gəlmiş kimi müdirə verirdim.

Beş-altı aya qədər həm rəsmi vəzifəmi görür, həm də xəfiyyələrin gözlərinə xidmət edən göünürdüm. Avropa mətbuatını oxumaq, dövlət sirrini bilmək maraq və məqsədilə hər dürlü ağır və vicdanı sıxan hallar icra edirdim.

Bir gün Parisdən türkcə əlyazısı ilə basılmış bir kitab aldım. Götürüb genə oxudum. Bu, sultanın əleyhinə yazılmış ən şiddətli bir həcv idi. Bunu tamamilə gizlədim, müdirə vermədim. Vidinli Hüseynin evinə getdim. Kitabı göstərdim, oxuduq.

− Aman, Ömər, bunu tutsalar ikimizi də dənizin dibinə... Gətir, yandıralım, – dedi. Razı olmadım. Ancaq yoldaşımın çox rahatsız olduğun görüncə dönüb yenə evimə gəldim. Sabah ən inandığım yoldaşlarımdan doktor Məskun və Qədri bəyə, məktəb arkadaşlarımdan kritli Hüseyn bəyə və doktor Əli Fikriyə oxudum. Axırda qorxumuzdan yandırdıq.

Bundan sonra yoldaşlarımda böyük maraq oyandı. Bunlarla həftədə bir-iki gecə gizli gətirdiyim mətbuatı oxuyur, səhər yenə götürüb verirdim. İki-üç aya qədər böylə davam etdi. Məktəbdən yeni çıxdığım və çox gənc olduğum üçün idarədəki xəfiyyələr məndən o qədər şübhənlənmirdilər. İşin xatiri üçün idarədə idarədə özümü tülkülüyə vurur, siyasətdən uzaq, anlamaz, maraqsız və hökumət tərəfdarı göstərirdim.

Xidmət etdiyim ilin axırına doğru bilməm hankı bayram idi. Bütün məmurlar gedib nazir paşanı ziyarət və bəndəlik ixlasında bulunduq.

Məmurlar sıra ilə düzülüb bir-bir nazirin önündən keçir, ona qarşı hörmətlə əyilib təzim edirlərdi. Başqaları kimi çox əyilməməyim, təzimdə qüsur göstərməyim nazirin diqqəti-nəzərinə qarşı olmalı ki, əl işarəsi ilə məni əylədib:

− Zənn edirsəm, Darüşşəfəq mədrəsəsindənsiniz, deyilmi?

− Əvət, əfəndim.

− Siz medal almadınızmı?

− Almışam, əfəndim.

− O halda neçin taxmamısınız?

− İmdiyə qədər heç taxmamışam da, ona görə.

− Nərədə, hankı şöbədə xidmət edirsiniz?

− Qalata postxanasında, “Morid” şöbəsində.

− İsminiz.

− Ömər Faiq.

Sırt bir cövr ilə:

− Haydı, gediniz! – dedi.

On-on beş gün sonra xidmətim dəyişildi. Dəyişilməyimə yox, Avropa mətbuatını oxumayacağıma qayğılandım.

İş yalnız xidmətimin dəyişməyi ilə qalmadı. O gündən xəfiyyələrin nəzarəti altına alındığımı sezdim. Bir ildən bəri alışdığım mütaliədən birdən-birə kəsilməyim tək mənim deyil, yoldaşlarımın da bellərini qırdı. Qəzetə oxumaq üçün bizə yığışanlar bu dəfə öz aramızda gizli bir təşkilat yapıb Avropadakı gənc türklərlə əlaqəyə girməyə, onlara yardım etməyə qərar verdik və bundan sonra fransız qəzetlərini Fransa poçtxanasından özgə adla almağa müvəffəq olduq. Bu təşkilata sultanın xüsusi katiblərindən olan sinif yoldaşım Hüseyn bəyi də almaq istədik. Onu bu qorxulu işə girməyə isə ancaq mən razı edə bilərdim. Bunun üçün gecə onun evinə gizli getmək və gizli görüşmək lazım idi. Oraya getmək, onunla görüşmək isə asan deyildi. Ora həm çox uzaq, həm də yolları tənha və qorxulu idi. Gecə saat 11-də evdən çıxıb Hüseyn bəyin İhlamurdakı köşkünə doğru üz qoydum.

Gedə-gedə fikirləşirdim ki, bundan sonra küçələrdə adam az olur, məni görən olmaz, rahat gedərəm. Bəyoğlunu keçib Şişliyə çatmışdım ki, təqib olunduğumu aşkar duydum. Özümü itirmədim. Dərhal böyük küçədən dönüb qaranlıq tərəflərə döndüm, olan gücümlə qaçıb gözdən uzaqlaşdım. Ağaclar arasından keçərək Ahlamur dərəsinə çatdım. Saat 1-də yoldaşımın köşkünə can atdım. Hüseyn bəy qorxa-qorxa kömək edəcəyinə söz verən kimi oldu. Bununla bərabər, söhbət əsnasında sultan haqqında bir çox lazımlı məlumat aldım.

Ertəsi gün yoldaşlarımla görüşdüyüm vaxt onların məndən daha yaman hala düşdüklərini duydum. Onlar bizdən çıxandan xeyli sonra hamam yoxuşunda, qaranlıqda xəfiyyələrlə yaxapaça olub xeyli döyüşdən sonra sivrilib qaçmış, canlarını qurtarmışlar. Ertəsi günü gözləyirdim ki, xəfiyyələr gəlib evdə məni tutacaqlar. Lakin günlər keçdi, gələn, tutan olmadınladım ki, xəfiyyələr evimizi bilmirlər. yolda mənə və yoldaşlarıma təsadüfi olaraq rast gəlmişlər. Bununla bərabər bu vaqiədən sonra  söhbət və müzakirə yerini dəyişdirdik. Çünki bura mərkəzə çox yaxın idi.

Bu dəfə daha bizim tərəflərdə Bəyoğlunda yox,  İstanbulun ən tənha və qaranlıq səmtində, “Ədirnə qapısı” məhəlləsində axısxalı Yusif əfəndinin evində yığışırdıq. Biz burada tamam arxayın idik ki, yerimizi şeytan da olsa bilməz. Buna görə sphbətimizi çox şad keçirir və o qədər ehtiyata da lüzum görmürdük və eylə sanırdıq ki, xəfiyyələrin əllərindən tamamilə qurtulduq. Buradan anladıq ki, yığıncağımız çox keçmədən duyulmuş, ancaq hərəkət və işlərimizlə daha ciddi tanış olmaq və hamımızı birdən ovlamaq üçün bizi uzun vaxt özbaşına buraxmış və bilə-bilə bizə toxunmamışlar. Olduğumuz evin bağçasının divarı diblərində, çuxurlarda pusquya yatıb bizi uzaqdan-uzağa qoruyurlarmış. Bir gecə pusquda olanları bizim ev sahibi sezib bizə sakitcə xəbər verdi. Ehtimal ki, o gecə bizi birdən tutmaq niyyətində imişlər. Çünki bizim qaça biləcəyimiz qapılarda qaravulların bulunduğu qaçarkən gözümüzə sataşan kimi oldu. Biz qaranlıqdan istifadə edərək bağça qapısından sükutla keçdik. Ağaclar arasından Ədirnə qapısı surları xərabələrinə doğru yollandıq. Çuxurdan-çuxura düşüb, daşdan-daşa dəyib irəlilədik. Tutulmaq qorxusu ilə bəzən yer siçanları kimi sürünərək, çuxurdan-çuxura yuvarlanaraq “surlar”a çatdıq. Burada da dayanmadıq. Tutulduğumuz təqdirdə yerimizin dəniz dibi olduğuna heç birimizin şübhəsi yox idi. Buna görə bir yerdə dayanıb rahatlanmadıq. Səhərə qədər gah divar diblərində, gah çuxurlarda gizləndik. Təpələrə dırmaşıb dərələrə yuvarlandıq, çamurlara gömüldük. Səhərə yaxın özümüzü Əyyub Sultan bağçalarında gördük. Orada bir az nəfəs alın nə edəcəyimizi düşündük. Həpimiz bir fikirlə bu gündən əcnəbi vapurlarına sığınıb onların kömürlüklərində əmələ sifətilə işləməyə, gəmilərin gedəcəkləri yerlərə qaçmağa qərar verdik. Tutulmaqdan o qədər qorxmuşduq ki, evlərimizə yaxın yoldaşlarımıza xəbər verməyə belə cəsarət etmədik. O gecə Əyyub Sultanın tənha bağçalarında gizləndik. Ertəsi gecə “Əyyub Sultan”dan, Kağıtxanadan keçib Şişlini aşdıq. Səhər erkəndən hər birimiz Qalata rıxtımındakı (Tərcüməsi: liman) əcnəbi gəmilərin birinə soxulduq. İşi kömürçü əmələlərə anladıb yalvardıq. Olanca pulumuzu onlara verdik. Üst paltarlarımızı onların köhnə paltarları ilə dəyişdik. Özümüzü gəmilərə yetirdik. Mənim sığındığım gəmi bir rus gəmisi imiş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info