Qonaq Kitabı
DARÜŞŞƏFƏQ MƏKTƏBİ

1883 – 1991

 

Sultan Səlim camesinin qonşuluğunda “Altunbuynuz” deyilən Xəlic körfəsinə hakim bir nöqtədə geniş bir bağçanın ortasında yüksək, iri dördqat bir yapı – Darüşşəfəq məktəbi. Bu məktəb müstəqil idarəsindən, daxili nizamından, dərs proqramından başqa bir zahiri gözəllik və görkəmi ilə də başqa məktəblərdən ayrılır.

Bayquşlar, avaralar yuvasından qurtulub eylə bir məktəbə, elm ocağına qəbul olunmağım mənim üçün təzə, işıqlı, fərəhli bir dünyaya düşməkdi. Qəbul günü mənim üçün ən böyük bayram, ən sevincli bir gün idi. Buraya girən günü əynimdəki molla paltarını çıxarıb təzə məktəb paltarı geydirdilər. birinci sinifdə oturtdular.

Sinifin tənəffüs odasına girən kimi çagirdlər bal arıları kimi ətrafımı sarıb haralı olduğumu, hankı məhəllədə yaşadığımı, nə ad daşıdığımı sualları ilə anlaşılmaz bir vızıltılar qopardılar. Mən həddindən artıq sevincimdən duymayaraq “qafqazlıyam” deyincə həpsinin üzündə bir sevinc, bir hörmət duyğusu uçmağa başladı.sonradan anladım ki, qafqazlıları qərib və özlərinə qonaq sanırmışlar. Bu sinifdə olanların çoxu yaşca yaşdaşlarım idi. Burası mənim üçün yuxumda da görmədiyim qədər xoş, gözəl, mübarək bir yer.

Birinci gündən özümü öz köyümdəki yoldaşlarımın, bacı-qardaşlarımın arasında sanırdım. Hər kəs, hər yan, hər şey üzümə gülür, hər kəs mənə bir ümid və təsəlli verirdi.

Bir az sonra düdək çalındı. İkişər-ikişər düzüldük. Birinci qatdan ikinci qata, tənəffüsxanadan dərsxanaya çatdıq. Birinci dərs türkcə qiraət idi. Oxuduğumuzu tamam anlayırdım və sevə-sevə oxuyurdum. Bir saat sonra yenə düdək çalındl, çıxdıq. Bir az istirahətdən sonra ikinci hesab dərsinə girdik. Bu mənə bir az çətin gəldisə də, yenə anlayırdım, yavaş-yavaş öyrənirdim. Üçüncü yazı dərsindən sonra yenə düdək çalındı, böyük tənəffüsə çıxdıq.

Dərslər mənim üçün yeni olmaqla bərabər asan və maraqlı idi. Uzun tənəffüsdən sonra yenə düdək çalındı. Yenə ikişər-ikişər düzülüb alt qatdakı yemək odalarına endik. Burada hər sinifin, hər şagirdin öz yeri bəlli idi. Hər kəs üçün bıçaq, qaşıq, çəngəl, boşqab qoyulmuşdu. Masanın ortasında doğramnış çörək, yeməklərlə dolu qablar gözə çarpırdı. Növbətçi şagirdlər yeməyi paylayandan sonra həpimiz birdən yeməyə başladıq. Beş-altı yüz şagirdlik bir yerdə nə bir səs, nə bir gurultu...

Yeməkdən sonra əllərimizi sabunla yuyub bağçaya çıxdıq. Kimi skamyalarda oturur, kimimiz də yüngül gəzişirdik. İki-üç saat sonra siniflər özlərinə məxsus gimnastik alətləri üzərində qəribə-qəribə oyunlar çıxarmağa başladılar. Kiçik siniflər isə top və başqa oyunlara qoyuldu. Bir az sonra böyük bağçanın hər tərəfindən gələn top vuruşmaları, qaçışma səsləri, təlim marşları, sevinc qəhqəhələri qulaqları tutur, yorulmaz bir qaynaşma, bir çeviklik. Günbatana yaxın eşidilən düdək səsləri hər sinifi öz yerində sıra ilə düzülməyə çağırırdı. Siniflər bir-biri ardınca məktəbin alt qatındakı musluqxanaya gedib abdəst aldılar, tənəffüs odalarına çəkildilər. Bir az sonra eşidilən axşam azanı hər sinifi yenə sıra ilə cameyə topladı. İmam icmailə axşam namazını qıldıq. Namazı qurtarandan sonra eyni sıra ilə üçüncü qatdakı müzakirə odalarına çıxdıq. Üç saata qədər dərslərimizi müzakirə ilə məşğul olduq. Mədrəsə dərsləri yanında bunlar mənim üçün birər əyləncə, birər maraqlı və sevincli şeylər idi. Müzakirədən sonra yatsı namazını da camaatla birlikdə qıldıq. Geniş uzun nərdivanlarla dördüncü qatdakı yataq odalarına qalxdıq. Buralarda hər şagird üçün ayrıca krovat, təmiz döşək, dolab var idi. Mənə nömrə sırası ilə bir krovat verdilər. mənim məktəbdəki nömrəm 19 idi.

Səhər ertə yoldaşlar məni zorla oyandırdılar. Mən belə erkən heç qalxdığım yox idi. Gözlərimi silə-silə yenə sıra ilə düzülüb ən alt qatdakı musluqxanaya endik. Şəfəq açılmaqda idi. Abdəst alıb sabah namazını yenə camaatla qıldıq. Namazdan sonra bir az rahatlanıb sabah qəhvəaltını yedik.

İkinci günü yenə hər şey əvvəlki kimi təkrar edildi. Mən az vaxtda məktəb yaşayışına, sinif arkadaşlarıma alışdım. Onlarla birlikdə oynayır və çalışırdım. Burada köydəki arkadaşlarım, bacı və qardaşlarım yadıma az düşürdülər.

Bizim məktəb pansion idi. Bütün ömrümüz məktəbdə keçirdi. Ancaq həftədə bir ağız – cümə axşamı gecəsi bütün tələbələri bir gecəliyə İstanbulda valideyn evlərinə buraxırdılar. Mən də ara-sıra gündüzləri dayımın yanına məmləkətdən xəbər almağa gedirdim.

Sinfi keçmək, məktəbi qurtarmaq, məmur olmaq, məmləkətə getmək, anamı, atamı, bacı-qardaşlarımı görmək düşüncələri ilə oxuyur, hər il sinfi keçirdim. Məktəbin paltarı, yemək-içməsi, nizam və üsulu, dərsləri, abdəst və namazı... Hər şeyi xoşuma gəlirdi.

Beşinci sinfə qədər oxuduğumuz şəriət dərslərinə əhəmiyyət vermir, din əmrlərinə ürəkdən inanır, namaz qılır, oruc tuturdum. Ərəb dərslərini anlayaraq həvəslə əzbərləyirdim. Arabir mədrəsəyə, dayımın yanına gedən vaxt anam və atamdan gələn məktubları oxuyur, cavablarını yazırdım. Anam ilk illərdə məktəbə girdiyimdən mənə darğın kimi idi. Lakin mən dürlü-dürlü yazılarla, dillərlə onun ürəyini alırdım. Darüşşəfəqdə, mədrəsədə olduğu kimi ərəbcə oxuduğumuzu, bavaxt namazı camaatla, hətta sabah namazlarını səhər qaranlığında imamla camedə qıldığımızı, hər işin və yaşamamızın şəriət əmrlərinə görə olduğunu uzun-uzadı yazıb anladırdım. Dördüncü sinifdə ikən anama atamın ölümündən dolayı belə bir məktub yazdım:

“Həsrətini çəkdiyim dərdli anamcan!

Atamın ölümü məni də ölü halına qoydu. Gözlərim qaralmış, ürəyim sönmüş, beynim donmuş kimidir. Azqurdan çıxanda atamla görüşmədiyim hər yadıma gələndə deyirdim ki, məktəbi qurtarıb gedərəm, atamla görüşüb qarşılıqlı həsrətliyimizi alarıq. İndi bilmirəm, nə deyim, nə yazım. Yazıq ümidlərim boşa çıxdı. Ağlayıram, düşünürəm, axırda yorulub düşürəm, nədən sonra isə ayılıb özümə gəlirəm. Atamın həsrətliyini də anamdan alaram, – deyirəm. Bu ümidlə ürəyimi tuturam, özümü saxlayıram.

Anacan! Sən sağ ol! Mən bilirəm ki, sən bizdən fəna haldasan, lakin çarə nə? yenə səbr etmək lazımdır. Sən səbr edib rahatlansan, biz də rahat olarıq. Belə bilirəm ki, bizə yazığın gələr, daha artıq fikir etməzsən. İndi ailənin ağırlığı, zəhməti bütün sənin üstünə düşmüşdür.

Atamızı xeyirlə yad etdirmək və bizə ürək verib çalışdırmaq sənin səbr və böyüklüyünə qalmışdır.

Yenə tez-tez yazaram, anacan!

Oğlun Ömər!

İstanbul, 10 eylül 1887”.

 

 

Beşinci sinifdən fizika, kimya, kosmoqrafiya, jetoloji dərslərini həvəslə oxumağa başladım. Bunlarla bərabər sultanın əmri, məktəb idarəsinin qərarı ilə ərəb ədəbiyyatı surətində şəriət dərsləri əski əhəmiyyətdə davam edirdi. Ərəb ədəbiyyatını məşhur alimlərdən qafqazlı Xalis əfəndi verirdi. Bununla bərabər, daha altıncı sinifdə ikən məndə şəriət əmrləri ilə fənn qanunlarını, daha açığı, din ilə fənni bir-biriləri ilə vuruşdurmaq cürəti oyandı. Din əmrlərinə qarşı şəkk və şübhə etməyə başladım.

Müəllimlərimiz Emil Lakovanın fransızca verdiyi elektrik bəhsi, Saleh Zəkinin riyaziyyat və fizikası, muzey müdiri Həmdibəyin jetoloji və kimya dərsləri bizə təbii qüvvələrin yaradıcılığındakı rollarını möhkəm bir surətdə öyrətdi və beynimizə düşən şübhələri getdikcə artırmağa başladı. Hələ tarix müəllimi binbaşı Şövqibəyin ümumiyyətlə cahil, kulturasız hökumətlərin, xüsusilə Osmanlının zəifləyib parçalanacağına dair yürütdüyü  tarixi-ictimai mühakimələr, gətirdiyi misallar, idarə və din xüsusunda beynimizdə yerləşən əski fikirləri, əsilsiz təlimatı başımızdan çıxartmaqda böyük yardımı oldu.

Yeddinci sinifdə daha “Allah dünyanı altı gündə yoxdan xəlq etdi, gözə görünməyən cin və mələki xəlq etdi. Adəmi birdən0birə yaratdı. Quranı göydən göndərdi” kimi din əmrlərinə şübhəli baxırdıq. Böylə baxdığımız üçün də namaza getmir, gedəndə də qılanları güldürür, namazlarını pozurduq.

Səkkizinci sinifdə isə abdəstsiz namaz qılmağa məcbur olduq. Çünki qılmayanlar böyük günah işləyənlər kimi zopaya çəkilirdi. Buna görə dinə və ibadətə qarşı olan fikirlərimizi gizlətməyə çalışırdıq.

Son siniflərdə yalnız din və ibadət deyil, məktəbin idarə üsulu, dərs proqramları, müdir və mürəbbilərin hərəkətləri bizə ağır və qab görünməyə başladı.

Aşağı siniflərdə buranın nizam və üsulundan, dərslərindən, müdir və mürəbbilərindən nə qədər xoşlanırdımsa, son illər bir o qədər nifrət edirdim. Məktəb idarəsi və rəhbərliyi qaba əsgərdən başqa bir dəyəri olmayan trabzonlu Hüseyn paşa ilə elm və pedaqojidən xəbərləri olmayan bir taqım cahil mürəbbilərin keyfiyyətlərin buraxılmışdı. Müəllimlər heyəti bunların, bu sultan agentlərinin yanında aciz və nüfuzsuz idilər.

Məktəbin özünməxsus camesi, imamı olduğu halda bir kiçik qiraətxanası yox idi. Şagirdlər ağır dil və əski üsul ilə yazılmış dərs kitablarından başqa bir şey görməzlərdi. Tələbənin camaat və ümumi həyatla əlaqələri tamamilə kəsilmişdi. Tələbəlik həyatı yüksək divarlarla çevrilmiş məktəb həyatı idi. Böyük məktəblərlə, xüsusilə inqilabçı təbəqə ilə münasibətimizə sədd çəkilir, ictimai-siyasi düşüncələrə isə qətiyyən yol verilmirdi. Məktəbdə qəzetə və məcmuənin, təzə ədəbiyyatın üzünü görməzdik. Həftədə bir dəfə məktəbdən dışarı çıxdığı vaxt ələ keçən maraqlı ədəbiyyatı həsrət və təəccüblə oxuyurduq. Məşhur inqilabçı və ədib Namik Kamal bəyin çap edilməyən əsərlərini, xüsusilə Sultana qarşı yazdığı həcv və söyüşlərini tapıb məktəbə gətirir, gizli surətdə əzbərləyirdik. Ədiblərdən ən çox Kamalın həcv və tənqidləri xoşumuza gedir, bunlar tələbə dillərində dastan olurdu. Bu sıralarda yeni ədəbiyyat ilə əski ədəbiyyat mübahisə və vuruşmalarını birinci müdafiə edən Mahmud Əkrəm[1], Əbdülhəq Hamid, Fikrət[2] və başqaları ilə əskilik tərəfdarı müəllim Naci[3], Hacı İbrahim[4] yazılarını da maraqla təqib edirdik.

Səkkizinci sinifdə tələbə ilə inzibati heyətin arası getdikcə açıldı. Müdir və məmurların keyfi, hərəkətləri artdıqca tələbələrin də müdafiə və mübarizə qüvvətləri artırdı və bu hal böyük siniflərin narazı tələbələri arasında bir qrupu vücuda gətirdi. Bu qrup əlyazması ilə bir məktəb qəzetəsi nəşr etmək təcrübəsinə girişdi. Bu qəzetədə məktəb idarəsi, müdir və məmurlar əleyhinə şiddətli yazılar yazıldı, şikayətlər qoparıldı. Qəzetə yavaş-yavaş böyüdü. Məktəb və nəzarət heyəti qərarlarını, dərs proqramlarını tənqidə başladı.

5-6-cı siniflərdə ərəb ədəbiyyatı pərdəsi altında oxutdurulan şəriət dərslərinin lüzumsuzluğu isbata çalışıldı. Bu qəzetə az vaxtda tələbələr arasında həvəs və maraq oyandırdı. Ayda bir dəfə çıxarkən həftədə bir dəfə çıxmaya başladı. Gənc beyinlərdəki həyəcanlar, narazılıqlar qəzetə sütunlarında qüvvətli nəzmlərlə qabarıldı. Sanki Kamalbəyə nəzirələr yazılırdı. Qəzetə bütün mənası ilə məktəb və hökumət idarə və üsulları əleyhinə güclü propaqanda yayırdı.

Qəzetə hərçənd çox gizli yazılır və gizli oxunur. Lakin tələbəlik, gənclik ehtiyatsızlığı üzündən tez duyuldu. Yeddinci-səkkizinci sinfin bir çox tələbəsi qəzetə üstündə döyülüb həbsə atıldı. Qəzetə daha çıxmaz oldu. Tələblər sıxılmağa, şiddətli tədbirlər altına alındı.

Məktəb məmurları ilə tələbələr arasında nifrət get-gedə artdı.

Günün birində böyük sinif tələbələri qaravat açarları, qurşun qələm bıçaqları ilə müdir və məmurlar üzərinə birdən hücum etdilər. Məmurları yaxşıca kötəklədilər. Müdir qaçıb odasında gizləndi. Hücumçular o dərəcə qızğın və canlarına doymuşdular ki, hər şeyi gözlərinə alıb müdir qapısını qırmağa çalışırdılar və bu qapıdan ancaq yaxın qaravulxanadan imdada gələn əsgərlərin süngüləri qarşısında çəkilməyə məcbur oldular.

Bu kiçik məktəb üsyanını təhqiq və əsiləri cəzalandırmaq üçün məktəbdə məhkəmə quruldu. Bu üsyana əsl məktəb idarəsi səbəb olduğu halda, o, təmizə çıxdı, vay tələbələrin, zəiflərin başına gəldi.

Yeddinci-səkkizinci sinifin bir çox tələbəsi qəbahətli sayılıb hər birinə 40-50 zopa vuruldu. İki-üç ay həbsə atıldılar. Mənim payıma da 30 zopa ilə bir ay həbs düşdü. Zopalardan sonra yarım saata qədər olduğum yerdən qalxa bilmədim. Qalxandan sonra da düz həbsə göndərildim. Bu həbs yadıma gələndə indi də diksinirəm.

Həbsxanalar məktəbdə abdəstxanaların yanlarında yapılmış kiçik bölmələrdən ibarət idi. Bu bölmələrin hər biri bir dustağa məxsus idi. Bölmənin yüksəkliyi adam boyunda, eni-uzunu ancaq bir adam oturub ayaq uzadacaq qədər idi. Buralara döşək deyil, adi bir həsir belə buraxılmazdı. Quru taxtalar döşək, əynindəki paltarlar yorğan vəzifəsi görməli idi. Buradakılar yemək nədir bilməz, quru çörəyi doyunca yeməyə belə həsrət idilər. qapısının üstündə su, çörək verməyə, hava almağa məxsus bir deşik bulunurdu. İşıq deyilən şey görünməzid. Gecə-gündüz bir idi. Mən bir aydan sonra çıxdım. Zəiflikdən gəzə bilmirdim. İki aya qədər xəstəxanada yatdım.

İki-üç ay qalıb sağ çıxan yoldaşlarımı isə tanımaq mümkün deyildi. Çoxunun vücudu ərimiş, qurumuş idi.

Həbsxanada ikən düşünürdük: bir müdirin üzünə ağ olan bir tələbəyə bu qədər əziyyət verilirsə, əcəba bir nazirin və ya padşahın əleyhinə çıxan inqilab qəhrəmanlarına veriləcək işgəncə necə olar?

Bu həbsdən sonra məktəbdə daha çox qalmadıq. Şəhadətnamələrimizi alıb çıxdıq. Çıxmadan bir neçə gün əvvəldə sultan tərəfindən ümum tələbələrə verilən böyük qonaqlıqda bulunduq.

Bu qonaqlıq boş yerə verilmirdi. Sultan Həmid[5] cahil camaatın gözlərinə çəkdiyi müqəddəs xəlifəlik pərdəsini cırıb altındakı çirkin rəzalətin üstünü açan qüvvətli əllərin bir qismi də məktəblilər olduğunu və olacaqğını çoxdan sezmişdi. Sezdiyi üçün də bunlara qarşı ikiüzlü siyasət oynayırdı.

Bir tərəfdən ildə iki dəfə (biri Ramazanda, digəri Xızır İlyasda) bütün məktəb tələbələrinə quzu plovu yedirdir, məktəbdəb çıxanlara medal paylayırdı. Digər tərəfdən isə kiçik bir şübhə üzərinə məmləkətin gələcək rəhbərləri olan gənc nəslin kəmiklərindən Beşiktaş, Çırağa sarayları üçün dənizaltı rıxtımlar (plotina, sahil) yapdırırdı.



[1] Mahmud Əkrəm Rəcaizadə (1847-1913) – Türk ədəbiyyatşünası, şair və dramaturqu. “Tənzimat” dövrü ədəbiyyatının banilərindən biri. O, sultan Əbdülhəmid rejiminə qarşı ən fəal mübarizə aparanlardan olmuşdur.

[2] XIX əsrin sonu və XX əsrin əvvəllərində demokratik türk poeziyasının ən görkəmli yaradıcılarından biri olan Tofiq Fikrət (1867-1915) nəzərdə tutulur.

[3] Türk şairi və maarif xadimi (1266-1310). Uzun müddət İstanbulda Sultan məktəbində müəllimlik etdiyinə və maarif islahatı ilə məşğul olduğuna görə Müəllim Naci adı ilə tanınmış və şerlərini də bu imza ilə yazmışdır. Təlimdə köhnəlik tərəfdarı olub “üsuli-cədid”i qəbul etməmişdir.

[4] Türk maarif xadimlərindən və şairlərindən biri.

[5] Sultan Həmid (1842-1919). 1870-1909-cu illərdə Türkiyə sultanı olmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info