Qonaq Kitabı
İSTANBUL: FATEH MƏDRƏSƏSİNDƏ

(1882)

 

İstanbulun mərkəzinə yaxın hündür bir yerdə sultan Fatehin yapdırdığı dörd minarəli böyük bir came var ki, Fateh camesi deyirlər. Özgə böyük camelərin ətrafında olan kimi, bunu da hər iki tərəfində camelərdə oxuyan tələbələrə məxsus mədrəsə vardır. Bu mədrəsələr vaxtilə elmi bir məqsəd üzrə yapılmış olsalar da, hazırda bütün mənası ilə birər tənbəl, əsgər qaçağı, əxlaqsızlıq ocağına dönmüş. Hər ki istərsə gələr, birər vasitə ilə bura girər, istərsə oxuyar, istərsə oxumaz, pozuq bir halda kefi istədiyi qədər qalar, hökumətdən hər gün yeyəcək alar, axırda mədrəsədən mədrəsə elmlərini oxuyub qurtardığına dair icazənamə alar, Anadolu və ya Rum elini gəmirməyə gedər.

İştə belə bir yerdə oxuyanlardan biri də məni bura gətirən dayım Osman Əfəndi idi. Ancaq dayım Qafqazdan məxsus oxumaq məqsədilə gəldiyi üçün özgələrə nisbətən az-çox oxuyurdu. Bu mədrəsədə dayım ilə bərabər bir ilə yaxın qaldım. Dayım hər gün Fateh camesinə gedib dərs oxuyurdu. Mən otaqda tək qalırdım. Burada birlikdə gəzəcək, oynayacaq nə bir arkadaşım, nə də bərabər oxuyacaq bir yaşdaşım var idi.

Bir az sonra anama aşağıdakı məktubu yazdım:

“Dayım mənə hər gün ərəbcə hərfdən dərs verir və tapşırır ki, camedən gəlincəyə qədər onu əzbərləyim”.

Dayımın əzbərləməyə məcbur etdiyi dərs isə mənim üçün anlaşılmaz bir bəla idi. “Nəsərə yənsuru, nəsirun, mənsurun, ləmyənsur” kimi ərəbcə bir sürü sözləri hər gün əzbərləmək məndə heç bir maraq oyandırmırdı. Bir il qabaq öz kəndimizdə oxuduğumuz rusca da ərəbcə kimi yad bir dil idi. Lakin heç olmazsa:

 

Petuşok, petuşok

Zolotoy qrebeşok

 

nəzmini anlar, sevə-sevə oxuyar, həvəslə əzbərlərdim.

Bu ərəbcələrdən isə heç bir şey anlamırdım. Bütün günü axşama qədər yalnız oturub anlamadığım və sevmədiyim dərsləri əzbərləməyə, yalnız əzbərləməyə çalışırdım.

Çox vaxt əlimdə kitab: nəsərə, nəsəra, nəsəru, nəsərət, nəsrəta, nəsərnə...əzbərlərkən yuxuya tutulur, saatlarca öylə qalırmışam ki, dərsdən gələn dayım ayağı ilə acıqlı-acıqlı vurub məni oyandırırdı.

İlboyu nə bir dürlü dərs, nə bir dürlü iş, hələ zorla əzbərləmə, bir yerdə büzüşüb axşama qədər oturma, oyunsuz, işıqsız, yoldaşsız yaşamaq məndə mədrəsə həyatına qarşı son dərəcə bir nifrət və üsyan oyandırdı. Bu nifrət yavaş-yavaş məni buradan qaçmaq, qurtarmaq xəyalına düşürdü. Lakin nə yolla və nərəyə qaçmaq? Heç bir yol, heç bir yer bilməyirdim. Dərsimi əzbərləyəndən sonra uzun-uzadı düşünür, iştə mənim buraya gəlməyimə razı olmayan atama yazmaq, geri getmək istəyirdim. Amma anamın ümidini, zəhmətini, qohum-qunşuların yanında utanacağını fikirləşib geri getməyi ürəyim çəkməyirdi. Bu, mənə də ağır gəlirdi.

Bir gün dayımla bərabər Sultan Səlim camesinə gedirdik. Yolun kənarında, geniş bir bağçanın ortasında böyük, dördqatlı bir yapı (bina, tikinti) gözümə sataşdı. Bunun bağça qapısı barmaqlığından qorxa-qorxa içəri baxdım, gördüm ki, mən boyda və daha böyük bir çox çocuqlar gülüşür, oynaşır, qaçışırlardı.

Ah, bu nə gözəl yer, tam mənim istədiyim! Məgər burası “Darüşşəfəq” məktəbi imiş.

Ertəsi gün dayım, cameyə dərsə gedən kimi mən də bir gün əvvəl gördüyüm məktəbə doğru can atdım. Qapısında saatlarca durub içərisini tamaşaya daldım. Çocuqlar oyunlarını qurtarıb məktəbə girincəyə qədər oradan ayrılmadım.

Mənim uzun-uzadıya durub həsrətlə baxmağım mürəbbinin gözünə sataşmış olmalı ki, mənə:

– Yavrum, nə çox baxdın, qohumun, kimsən yoxdur ki?

– Yox, əfəndim! Bizim köy məktəbində də böylə oynuyurduq, qaçırdıq. Bunları görüncə arkadaşlarım, məmləkətim xatırıma düşdü.

– Yavrum, məmləkətin nerəsidir?

– Qafqaz!

– Qafqazmı? Buraya səni kim gətirdi, nerədə olursan?

– Dayım gətirdi, oxumaq üçün. Fateh mədrəsəsində oluruq.

– Oxuyursanmı?

– Əvət, mədrəsədə ərəbcə oxuyuram. Lakin orasını heç sevmirəm. İstəyirəm yenə məmləkətə geri gedəm.

– Neçin məmləkətə geri gedirsən, dayınıza deyin səni buraya versin! Burada oxumağı istərsənmi?

– İstərim, neçin istəməm. Lakin dayım buraya verməz. Versə də, heç məni buraya alırlarmı?

– Neçin almasınlar, burası sənin kimi yetimlər, qəriblər üçündür, yavrum!

Mürəbbinin son sözü beynimdə bir ümid və sevinc oyandırdı. Düşünə-düşünə mədrəsəyə döndüm, amma gec gəldiyim üçün dayımın yanına necə gedəcəyimi, nə deyəcəyimi bilməyirdim. Qorxa-qorxa qapını yavaşca araladım. Dayım məni görən kimi:

– İndiyə kimi hankı cəhənnəmdə idin! – deyə bağırdı.

Mən dayımı acıqlı görüb özümü dışarı atmaq istərkən o, daha tez əlini qulağıma atdı və bir-iki də sillə endirdi.

Mən bundan sonra daha nə dərs əzbərləyirdim, nə də mədrəsədə dururdum. Dayım cameyə gedən kimi mən də o məktəbin qapısına gedir, içərisinə yana-yana baxırdım və sonra tezcə dönüb gəlirdim ki, dayım duymasın.

Bir cümə axşamı günü yenə oraya getmişdim. Birdən nə gördüm: şagirdlər koma-koma, sevinə-sevinə qapıdan çıxırlar. Həpsinin üstlərində təzə qara paltar, qoltuqlarında yaşıl şərid danışa-danışa evlərinə gedirdilər.

Mən bir komanın arxasınca mədrəsə yaxınlığına qədər getdim, ayrılacağım vaxt şagirdlərdən biri:

– Arkadaş, nə çox baxdın, bizi kimsəyəmi bənzətdin?

– Xeyr, burda kimsəm yoxdur. Sizing paltarınız, danışmanız xoşama getdi də.

– Burada niyə kimsən yoxdur, dışarılımısan?

– Əvət, qafqazlıyam.

– Qafqazlımı, kimsəsiz necə buraya gəldin?

– Dayımla gəldim.

– Harada oxursan?

– Mədrəsədə, ancaq heç sevmirəm. Oradan çıxmaq istəyirəm.

– Gəl bizim məktəbə!

– Məni heç oraya alarlarmı?

– Necə almazlar. Bizdə qafqazlı, türküstanlı da var. Sizi daha tez alırlar. Dayına de, bir ərzi-hal yaxsın, müdirə versin.

– Dayım məni mədrəsədən buraxmaz. O, məktəbə girdiyimi heç istəməz.

– O halda sabah sən özün gəl, müdiri gör, qafqazlı yetim olduğunu söylə, yalvar bəlkə qəbul edər.

Beş-on dəqiqəlik söhbətdən sonra ayrıldım. Lakin xəyalım onlardan ayrılmırdı. O gecə səhərə qədər yuxumda da məktəbi sayıqlayırdım. Onsuzda ortada boş ümid və sayıqlamadan başqa nə ola bilərdi. Bununla bərabər, bu boş ümid və sayıqlama gözümə bayquşlar yuvası kimi görünən mədrəsədə mənim üçün xoş və dadlı bir xəyal idi.

Səhər açılan kimi dayım cameyə, mən də məktəbə tərəf uçdum. Qapıda dayanıb həsrətlə baxmağa başladım ki, dünənki şagirdlərdən biri məni tanıyıb:

– A qafqazlı! Nə durursan, ərzi-halın hazırmı?

– Xeyr, kimə yazdıracaqdım!

– Öylə isə burada dur, məni gözlə. Görəyim müdir bəy məktəbdəmi? – deyib getdi.

Bir az sonra gəlib gülə-gülə:

– Bəxtin varmış, müdir bəy bağçada gəzir, – dedi.

Dəftərindən bir yarpaq cırıb mənim, atamın adını, haralı və neçə yaşında olduğumu, harada yaşadığımı yazıb getdi. Beş-on dəqiqə sonra yazdığı ərzi-halı mənə uzadıb:

– Sıxılma, utanma, düz götür müdirin özünə ver – dedi. Mən də götürüb müdirə verdim. Müdir ətraflı oxuyandan sonra gülərək:

– Demək bizim həmşərisən? Burada heç kimsən yoxmu?

– Təkcə dayım var.

– Nəçidir, nerədə olur?

– Tələbədir, Fateh mədrəsəsində olur.

– Yaxında imiş, get çağır yanıma gəlsin.

– Dayım bilsə, məni məktəbə qoymaz ki.

– Ya ondan izinsizmi gəldin?

– Nə edim, o, mədrəsədən buraxmaz.

– Yox, ondan izinsiz iyi deyil. Sən get çağır, mən razı edərəm.

– Baş üstə - deyib getdim, amma dayıma necə deyəcəyimi bir dürlü kəsdirmədim. Uzun düşünüb daşındım. Axırda cürətlə gəlib məktəbə girmək istədiyimi, müdirə ərizə verdiyimi qısıla-qısıla anlatdım. Dayım başını sallayıb “La hövla vəla kuvvətə illa billahi” oxuya-oxuya:

– Hələ bunun etdiyi qələtə bax, anan səni mədrəsəyə, molla olmağa göndərdi, məktəbə girib oynamağa, gavur olmağa yox! – deyə bağırdı. Mən isə daha utanmayıb üzünə durdum:

– Nə olsa, daha mədrəsədə durmayacağam, ərəbcə oxumayacağam, məktəbə verirsiniz oxurum, yoxsa qaçıb məmləkətə gedəcəyəm. Bu saat müdirbəy size çağırır və gözləyir. Bəlkə rəhmə gəlib məni qəbul edəcək, yalvarıram ki, mane olmayasınız.

Bu ilk və kəskin duruşum dayımı düşündürməyə, yumşaltmağa başladı. Bu səfər əvvəlki kimi acıqlanmadı. Başını bir az o yana, bu yana sallayandan sonra qarşı otaqdakı yoldaşının yanına girdi. Xeyli oturdu. Mən isə böylə gözəl fürsəti itirəcəyimə heyfsilənib acığımdan nə edəcəyimi bilmirdim. Gecdən-gec dayım yoldaşı ilə çıxdı və mənə:

– Gedək görək müdir bəy nə yumurtlayacaq.

– Gedib müdirin yanına girincə, o:

– Xoş, əfəndi, yegəniniz burada oxumaq istəyir, razı olsanız qafqazlı və yetim olmasına görə qəbul edəriz. Madam ki, oxumağa həvəsi var, qoyunuz oxusun.

– Bəy əfəndim, yegənim İstanbula mədrəsədə oxumaq, molla olmaq üçün göndərilmişdir. Amma mədrəsədə oxumağa heç həvəsi yox. İlla bu son günlərdə heç qulaq asmır. Vallah, mən də çaşıb qalmışam, bilmirəm nə edim.

– O halda qoyunuz burada oxusun.

Dayım az-çox fikirləşəndən sonra:

– Nə deyim, bəy əfəndi, bizdəki oxuyana bənzəmir, buyurursunuz burada oxusun, mən də əhvalatı məmləkətə yazaram.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info