Qonaq Kitabı
BATUM ”“ İSTANBUL

Artıq Batuma çatdıq. Vaqondan enib müsafir evinə getdik. Üçüncü günü biletlərimizi alıb bir Avstriya gəmisinə mindik. Qarnına yüzlərcə adam və minlərcə put yük dolduran dağ kimi böyük bir əjdahanın balıq kimi suda üzüb getməsi məni daha artıq şaşırdı.

Hələ bir gün sonra gəmimizin Qara dəniz ənginliklərini yarıb keçməsi, yolda iri balıqların bizimlə yarışa çıxmaları, günbatan çağı üfüqün al rənglərə boyanması, gecə aydan tökülən nur parçalarının dəniz üzərində dalğalanıb göz qamaşdırması mənim üçün birər təzə və təəccüblü hal idi.

Üçüncü günü gəmidən arkadaşlarımın:

– Bosfor, Bosfor, iştə Bosfor! – deyə qopardıqları sevinc səsləri İstanbula çatdığımızı müjdələyirdi.

Bosforu yavaş-yavaş keçirdik. Gəmimiz irəlilədikcə qarşımıza çıxan gözəlliklər keçənləri unutdurur, hər yeni saat, hər yeni dəqiqə tamaşaçıları heyrətə salırdı. Lakin mən bu təbii gözəlliklərdən artıq dayımın anama öyə-öyə qurtara bilmədiyi böyük cameləri, incə, yüksək minarələri görmək istəyirdim. Gəmimiz Bosforu qurtarıb sağa döndüyü vaxt, gözlədiyim minarələr gözümə sataşdı.

Gəmidən çıxıb şənlikli yollardan, uzun körpüdən keçdik. Gah düz, gah yoxuşlu küçələrdən keçib Fatehdəki Başqurşunlu mədrəsəsinə düşdük.

İstanbula gələndə sonra dörd-beş gün sonra anama aşağıdakı məktubu yazdım:

“Anacan! Azqurdan çıxan axşamı Xaşura yetişdik. O axşam da dəmiryol qatarına minib sabahnan Batuma çatdıq. Batumda gəmiyə minib üçüncü günü İstanbula vardıq.

Anacan! İstanbul çox böyük və gözəl şəhər. hələ ulu camelərini görsən, nə qədər xoş və nə qədər bəzəkli. Cameyə namaz qılmağa gedəndə hər vaxt sən yadıma gəlirsən. dayım hər gün cameyə dərsə gedir. O gedəndə mən odada yalqız qalıram. Sənə, babama, bacılarıma, qardaşlarıma, qohumlara çox həsrətləndim. Gələndə atamla görüşməməyim, hələ ondan izinsiz gəlməyim heç ürəyimdən çıxmır.

Anacan! Mənim üçün marağınız olmasın. Dayımın yanındayam. Yaxşı oxurum, sənin duanla tez adam olurum. Dayım mənim üçün bir qat təzə paltar və fəs aldı. Mən çox yaxşıyam. Anamın, atamın, dayılarımın, əmilərimin, bibi və xalalarımın əllərindən öpürəm. Bacılarıma, qardaşlarıma, dayı, xala və əmi oğullarına, qızlarına, qonşulara çoxlu-çoxlu salam.

 

Oğlun Ömər.

İstanbul, 15 avqust 1882 ”.

 

Bizdən sonra bizim kənddən İstanbula gələnlərdən aldığım xəbərə görə mənim bu birinci məktubum anamı yalnız maraqdan deyil, atamın hər gün üstünə tökdüyü minnət və sözdən də qurtarmış. Atam bu məktubumdan sonra bir az yumşalmış, anamı danlamaqdan az-çox əl çəkməyə başlamış.

Anam sevincindən məktubu alıb qardaşlarına, bacılarına, qonşularına göstərib oxutdurur, qoltuqlarını qabardırmış: “bundan sonra ölsəm də qəm yeməm, oğlum oxuyub böyük molla olacaq, dinə, padşaha qulluq edəcək” deyirmiş. Gələnlərin sözünə görə, mən Azqurdan çıxandan iki gün sonra atam evə gəlmiş, anam qardaşıgilə qaçıb gizlənmiş, atam evdə məni görməyincə işi sezib acıqlanmağa başlamış. Evdə heç kəs ona getdiyimi deyə bilməmiş. Axırda bacanağı Əliağa işin üstünü açıb onu sakitliyə dəvət etmişsə də, atam dinləməyib böyük qardaşım Yusifi Batuma qədər göndərib ki, məni tutub geri gətirsin. Yusif Batuma çatan vaxt mən Qara dənizdə gəmidə imişəm. O, məni tapa bilməyib qayıtmış, anam mənim məktubum gəlincəyə qədər atamın gözünə görünməmiş, qardaşıgildə qalmış.

Çox keçmədən anamdan məktubun cavabını aldım:

“Nuri-didəm Ömər! məltubun dəstəmizə vüsul oldu. Doçeşm həsrətlə qiraət edib dərəceyi-nəhayədə məmnun və məsrur olduq. Nuri-eynim! Əgər bizdən sual edərsən, əlhəmdülillah cümləmiz sağ və salamat olub, səndən başqa bir fikir və əndişəmiz yoxdur. Bizim xüsusumuzda heç bir gün qəm və kədərin olmasın. Pədərin də orda təhsili-elm etməyə imdi daha razıdır. Sənə xeyir-dua edir. Əfəndi dayıların, Ağa əmin, xanım bibi və xanım xalaların cümləsi doçeşm həsrətindən busə edirlər. Bəradər və həmşirələrin, bibi və xalazadələrin, cümlə qonşuların xatiri-şərifini sual edirlər. Cümləsinin salamları va…

 

Validən Həmidə xanım,

Azqur, təşrini-əvvəl 1883 ”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info