Qonaq Kitabı
HƏSƏN ƏMİNİN ŞİKAYƏTİ

Bu il mart ayının ilk günləri idi. Həsən əminin oğlu Azad öküz arabası ilə Xaldandan Yevlağa kirə gətirmişdi.

Azad o gecə Yevlaxda qalsa pristav kazaklarından, yola çıxsa qaçaqlardan qorxurdu. Bu qorxu ilə Azad bir az vaxt fikrə getdi. Axırda yoldaş taparam ümidilə yola çıxdı, üç-dprd saata qədər getdi.  Axşamleyn tələsik gəlib ötən bir-iki faytondan özgə bir zada rast gəlmədi.

Yarı gecə keçmişdi. Yenə də heç kəs görünmürdü. Azad qəsdlə yavaş-yavaş gedirdi ki, bəlkə daldan bir arabaçı və ya atlı çata, yoldaş ola. Lakin dadına çatan olmadı. Yolun isə ən qorxulu yerinə - iki sırt arasındakı dərəyə yetişmişdi.

Ataba dolaşıq keçidin tam ortasına çatmışdı ki, birdən eşidilən “Dayan, tərpənmə” səsi Azadı dinməz-söyləməz dayandırdı. Qaçaqlar yavuqlaşıb cibindəki pulunu çıxarırkən Azad təslim olub səsini çıxarmadı. Elə ki, öküzləri arabadan açmağa başladılar, o vaxt Azad ağlayıb-sızlamağa, boyunduruğa sarılıb verməməyə çalışdı. Lakin əllərinə batırılan xəncər yaralarının acısı ilə boyunduruğu buraxmağa məcbur oldu.

Qaçaqlar öküzləri açıb bir az uzaqlaşdılar ki, Azad yenə tab gətirə bilməyib dallarınca yüyürdü. Özküzləri çevirmək istədi. Bu səfər isə yaranı əlindən deyil, qarnından aldı və ordaca düşüb qaldı.

Səhər olmuş, gün təzə çıxmışdı. Yoldan ötən kəndlilər arabanı, yerdəki qan ləkələrini görüb arabaçının başına bir bəla gəldiyini anladılar. Qan izləri ilə bir az irəli gedib Azadı bihuş tapdılar. Azad kəndlilərin səsindən bir az sonra ayıldı və özünü oradan aparmalarını təvəqqe elədi. Azadı tanıyan qonşu kəndlilər onu öz arabalarına qoyub kəndə apardılar.

Günorta azanı yeni oxunmuşdu. Azadın arvadı Maral ev işlərini qurtarıb eşikdə oturmuş, qucağındakı körpəsini əmizdirə-əmizdirə, əlindəki corabı toxuya-toxuya ərini gözləyirdi.

Yoldan gələn arabaçının təkər səsləri Həsən əmigilin həyətinin qabağında birdən-birə kəsildi. Araba dayandı. Maral öz arabalarını gözlürkən yad kəl arabasını gördü. Haman içəri yüyürüb qonaq gəldiyini qaynatasına xəbər verdi. Həsəmn əmi cəld çölə çıxdı. Arabada yatan naxoşun öz oğlu Azad olduğunu bilib ağlamağa başladı. Həsən əminin ah və fəryadını eşidən gəlinlə qayınana da həyətə çıxıb gələn qonağın kim olduğunu, kişinin nə üçün ağladığını duymaq istədilər. arabaya yavuqlaşıb qanlı paltar içində yatan yaralının Azad olduğunu anlayınca ağlayıb saçlarını yolmağa, üzlərini didməyə başladılar. Bunların ürək parçalayan qışqırıqlı ağlayışlarına hamı yavuq qonşular da tökülüb gəldilər. azadı güc ilə arabadan endirib evə apardılar.

Həsən əmi kənddəki qoca dəlləyi çağırtdı ki, Azadın dişarı çıxan bağırsağını qarnına qoysun. Dəllək gəldi və uzun dırnaqları ilə bağırsağı yerləşdirməyə çalışdı. Lakin yaralını incidib zarıldatmaqdan özgə bir zada yaramadı.

Azad o gecəni od içində keçirdi və bir neçə dəfə özündən gedib ölüm halına düşdü. Azadın bu yanıqlı əhvalı o gecə o kənddə qonaq olan hörmətli bir müəllimin qulağına dəydi. Səhərdən Həsən əmini çağırdıb Ağdaşdan həkim gətirməsini, əks halda oğlunun tələf olmaq ehtimalı olduğunu öz dili ilə başa saldı. Həsən əmi müəllimin nəsihətini tutub həkim gətirdi və oğlunun qarnını tikdirdi.

Bir neçə vaxt sonra Azad cana gəlib başına gələn əhvalı tamamilə anlatdı və özünü yaralayıb öküzlərini götürənin qonşu kəndli Qara olduğunu söylədi.

Həsən əmi öküzlərin Qarada olduğunu bilən təki haman gedib yüzbaşıya şikayət elədi. Yüzbaşı rəsmi qayda üzrə protokol yazdı və söz verdi ki, bir neçə günə qədər öküzləri tapıb versin. Lakin xeyli vaxt keçdiyi halda nə Qaranı tutan oldu, nə də öküzlər gəldi.

Bir gün Həsən əmi xəbər aldı ki, Qara kənddə aşkara gəzir. Gedib pristava şikayət elədi, öküzləri Qaradan alması üçün göz yaşı tökərək yalvardı.

Pristav da yüzbaşı təki söz verib arxayın etdi ki, tez bir vaxtda öküzləri tapıb qaytarsın.

Həsən əmi beş-on gün daha gözlədi, lakin öküzlərdən yenə heç bir xəbər çıxmadı. Həsən əminin məişəti və yaşayışı isə öküzlərə bağlı olduğundan uzun səbr edə bilmirdi. Tez-tez gedib yüzbaşıya, pristava şikayət edirdi. Bir gün yenə divanxayana şikayətə getmişdi. Bu səfər gördü ki, divanxanadan bir neçə şəkili gözüyaşlı çıxır. Onlardan duydu ki, Qara yoldaşları ilə bərabər Şəkidən Yevlaxa gedən faytonları soyub iki yüz min manatdan artıq nəğd pul almış. Hətta bir həftə qabaq da Yevlağın yanındaca iki faytonu birdən əylədib yüz min manatlıq mal aparmış. Bununla bərabər, Qara üstündə silah hər yerdə aşkar gəzirmiş. Ona hər kəs, hətta hamı ağsaqallar, hamı yüzbaşı və strajniklər də hörmət göstərirlərmiş – deyirlər. İsrağa gün də Qara Xaldan strajnikləri ilə bərabər qoç öldürüb kef çəkirmiş. Bu xəbərlər ilə bərabər yüzbaşı ilə pristavın Qara ilə əlbir olduğunu Həsən əmi şəkililərdən gizlicə duydu. Pristavla yüzbaşıdan yarasına dərman ola bilməyəcəyini gec də olsa başa düşdü. Köməyi əvvəl Allah, sonra qubernatordan bilən şəkililərlə bərabər Həsən əmi Gəncəyə qubernatora şikayətə getdi.

Gəncədə qubernator qapısına iki-üç gün get-gəldən sonra Həsən əmi qubernatoru görə bildi. Lakin qubernator onu uzun dinləməyib ərizə ilə müraciət etməsini əmr ilə çölə çıxartdı.

Həsən əmi üç yüz manatlıq rusca bir ərizə yazdırıb qubernatora verdi və bir həftə sonra gedib cavabını soruşan vaxt bu işlər üçün Xaldana məxsusi bir müfəttiş göndəriləcəyini bildi. Qubernatorun yolunu öyrətdiyindən ötrü Həsən əmi şəkililərdən çox razı qaldı və öküzlərini Qaradan alacağı ümidi ilə sevinərək qayıtdı.

Gəncədən gələli həftə keçmişdi. Bir axşam Həsən əmi duydu ki, umduğu müfəttiş bəy cənabları pristavın divanxanasına gəlmiş, o gecə rahatlanıb səhərdən işlərə baxacaqmış. Həsən əmi tələsik evinə gedib bu şad şəbərlə külfətini muştuqladı və səhər tezdən durub divanxana qapısını kəsdirdi, müfəttişi görmək istədi. Lakin müfəttişin pristavla atlara minib ova getdiyini görüncə Həsən əmi yenə qüssəyə düşdü, əllərini qoynuna qoydu.

Aradan dörd-beş gün keçdiyi halda müfəttiş bəy ovdan hələ qayıtmamışdı. Pristavın gizli əmri ilə müfəttiş üçün yüzbaşılar vasitəsi ilə kəndlərdən yığılan yağ-pendirlər isə çoxdan tay bağlanıb hazırlanmışdı. Ancaq Həsən əmi bir zad verə bilmədiyindən ötrü strajniklərin yanında xəcalətli idi.

Bir həftə sonra müfəttiş bəy pristav və dörd-beş bəylə bərabər qayıtdı, üç-dörd gün də pristava qonaq oldu. Həsən əmi hər gün divanxana qapısına gedib saatlarca gözlüyür, müfəttişi görmək mümkün olmadığını qanınca məlul-məhzun qayıdırdı. Axırda müfəttiş gedən günü Həsən əmini çağırtdı, qubernatora verdiyi ərizədən ötrü söylətdi, protokol yazdı və gözlə görən şahidlər olmadığından ötrü qanunla bir zad qayıra bilməyəcəyini anlatdı.

Həsən əmi artıq hamı ümidlərini kəsdi. Yoxsulluq dərdindən, öküzlərini itirməsi üzündən nə qayıracağını şaşırdı. Hələ şikayət etdiyindən ötrü oğlunu öldürüb gəlinini qaçıracağını Qaranın xəbər göndərməsi Həsən əminin lap belini büküb onu ölü halına saldı.

Həsən əmi ancaq bununla təsəlli bulurdu ki, bu dərd və qüssədə, bu od və əzabda yanan oralarda tək özü deyildi. Hökumətin zəifliyindən, polisin, quldurların, qolçomaqların zülmündən cana doymuş yüzlərcə Həsən əmilər həyat sürüklüyürlərdi.

Bu il iyun ayının son günləri idi. Azərbaycan Şura hökuməti qurulmuşdu. Xalq inqilab komitəsi Qara və yoldaşlarını tutub zəhmətkeş xalq inqilab məhkəməsinə, hakimiyyəti-mütləqin divani-əzəmətinə göndərirdi.

 

 

Ümidvar,

“Zəhmətkeşlərin gözü” jurnalı, 1920, â„– 1, 3 iyul.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info