Qonaq Kitabı
İŞLƏRİMİZDƏ HƏRCMƏRCLİK

Hər şeyin ilk yaradılışında, ilk təşkilində bir çox nöqsanlar olur, ibtidailiklər görülür. Hər dürlü mövcudiyyət, hər növ təsisat mütləq qanuna – qanuni-tədric və təkamüli-təbiyyətlə möhkəmləşir.

Təbiətə zor etmək, tərəqqini sürətlə istəmək səyi ilə kamala çatmaq olmaz – deyirlər. Bunlar çox doğru. Lakin burası daha ziyada doğrudur ki, hər tərəqqini, hər kamalı yalnız təbiət əlinə buraxmaq da təbii, Allahı tanımamaqdır. Çünki tərəqqi və kamal təbiətin təsirindən artıq səy və ictihadın dərəceyi-qüvvəsinə tabedir.

Cahanı nöqteyi-kamala və səadətə daha sürətlə sövq edən “inqilablar” təbiətin sirri-adisindən, cərəyani-bitaətindən ziyada təsirati-fövqəladəsindən, məsai şəkil və əndazəsindəndir. Hər şeyi hər cərəyani-adisində buraxmaq, bir fəaliyyət, bir təcəddüd göstərməmək hər şeyə, hər zərərə razı olmaq deməkdir.

İştə bu həqiqət tam mənası ilə bizim hökumət adamlarımızda və işlərində görünməkdədir. Hər yanda bir tənbəllik, cümləmizdə bir süstlük, həpimizdə bir ümidsizlik, ifrat dərəcədə bir ehtiyatlıq, daha doğrusu, köhnəpərstlik var. Fəaliyyət, əmniyyət, ümidvarlıq, cürət, ciddiyyət, mətanət, sədaqət, fədailik, yenilik az və ya yox. Kimsənin xatiri qalmasın. Bir qaç fədakar, rəcul hökumət... həpimiz bir çeşit, bir təbiətdə tənbəl və mənfəətpərəstiz. Bu tənbəlliyimiz, bu qeydsizliyimiz hökumətə, yəni millət şərəfinə, hissinə, mənfəətinə maddi və mənəvi böyük zərərlər vurmaqdadır.

Mənafeyi-ümumiyə xidmət etməyə, Haqq və camaat rizası üçün çalışmağa alışmamışız. İnanınız ki, çoxumuzun fikri və xəyalı xüsusi mənfəətdir. Milli hökumət düşüncəsi, xəzinə faydası birər bəhanə, birər lafdır. Bütün hərəkətimiz ümumiyyət pərdəsi altında xüsusilikdir. Hər kəs bu dərdə mübtəladır. Bu dərd isə cavan hökuməti incidiyor, sarsıdıyor. Xarici qarşı daxili qüvvətimizi zəiflədiyor. İçəridəki mənfəətpərəstlik xaricdəki düşmənləri sevindiriyor, yeni qurulan hökumət maşinasını pozuyor, həm də fəna halda pozuyor. Heç kəs ürəkdən düzəltməyə can yandırmıyor, ortalıqda bir “spekulyasiya”dır, bir xəyanətdir gediyor. Çox deyil, bir-iki saat ticarət nəzarətində, dəmiryol idarələrində, gömrükxanələrdə... olunuz. Görünüz, burada nə oyunlardır, oynuyurlar, nə xəyanətlər ediyorlar.

Keçən gün rəsmi bir işim üçün ticarət nəzarətinə getmişdim. Gülməhəmməd adlı biri böylə şikayət ediyordu: Bir ay qabaq İrana bir neçə fayton satmaq istədim, lakin heç bir yerdən rüsxətnamə alamadım. Məəttəl qalıb düşünüyordum. Nərdənsə mühəndis Dubrovski rast gəldi, mənə dedi ki, iyirmi min manat ver, sənə rüsxətnamə alım. Mən də 14 min manat verdim. İndi bir ay olur rüsxətnamə alamadım. Doqquz min manatımı geri aldım, beş min manatımı vermiyor.

Beş-on dəqiqə sonra Məhəmmədqulu İmamverdiyev adında biri daha gəldi. Bu da şikayət etdi ki, Mircəfər Hüseynzadə məndən iyirmi min manat aldı ki, mənim üçün bir rüsxətnamə düzəltsin. Lakin 10-15 gündür düzəldə bilmir. On beş min manatımı geri aldım, beş min manatımı vermiyor.

Hələ gömrükxanamızın işi bir Allaha qalmışdır. Xəzinəyə qulluqçuların xəyanətləri üzündən milyonlarca zərər dəyir. Bu, heç kəsin kefini pozmayır. Pozmaq deyil, hələ bir az açır da. Məsələn, sizə kiçik bir nümunəsini ərz edim: komissioner və milyoner Cəfər Rəcəbov Yalama və Xaçmaz vağzallarına on milyonlar qiymətində manufaktura və qeyri mal göndərir. Oradan da, təbii, Dağıstana, Denikin səmtinə aşırılır. Tamojnadan rüsxətnaməsiz maldır, qaçırılır. Heç kəs soruşmuyor ki, Yalamaya bu qədər mal nə üçün göndəriliyor.

Tamojnanın qəribə hərəkətlərindənmi soruşursunuz. Baş ağrısı olmamaq üçün sizə müxtəsərcə bir-iki misal gətirim:

  1. Türkanlı Məşədi Abbasqulu İsmayıl oğlu tamojnadan 78 parça mal aparıyordu.

Rüsxətsiz olmaya görə tutuldu. Lakin bir az sonra sahibinə geri verildi.

  1. Keçən apreldə paraxodda 40, 50 manatlıq gümüş pul tutuldu. Tamojna bunu da

nədənsə buraxdı (zəbt â„– 51).

Nəriman Əliyev adında biri aprelin axırlarında gecə saat ikidə Hacının fabrikasının yanında İrana göndərmək üzərə paraxoda 437 pud kağız, 425 pud ağ un yüklərkən tutulmuşdu. Tamojna 179 750 manat qiymət qoymuşdu. Bu da bir az sonra qaytarılmış (zəbt â„– 74).

  1. Yenə apreldə iki böyük karzinkada üç yüz min manatlıq aptek (əczəxana) malı

İrana göndərilərkən tutulmuş, bu da sonra buraxılmış (zəbt â„– 76).

  1. Mayda Quliyev İrandan 16 vaqon düyü tranzit üsulu ilə gətirib Novorossiyskiyə

götürürdü. Quliyev bu düyüləri burada dayandırmayıb düz götürməli idi. Lakin böylə etmədi. Burada günlərcə əylədib, germankada təmizlədib, tranzit nizamını pozdu. O halda bu mallardan gömrük idarəsi gərək yarım milyondan artıq xərc alaydı. Lakin işi hacı-bacı oyununa çevirdilər. ticarət Nəzarətindən malların dəmir yolunda tutulmasına əmr verilmiş ikən boyun qaçırdılar.

Nə cürəmi deyirsiniz? Çox asan. Bakı stansiya naçalniki deyir: mən bilməm, dəmir yolu mühafizə naçalniki müavini göndərdi. Müavin deyir: stansiya naçalniki göndərdi.

“Bilməm” deyildi, can da salamat çıxdı. Mallar da həm vaqon yük maşinası ilə yox, birər, ikişər passajir maşinasına bağlayıb salamata çıxarılmış.

Bəlkə soruşursunuz ki, heç axtaran, dalına düşən olmadımı? Yenə bir neçə gün danışıldı, əl-ayaq da tərpəndi, hətta bu xüsusda vaxtilə “Azərbaycan”da yazıldı. İştə bu qədər. Çünki mənfəət xüsusi deyildi, zərər şəxsə deyil, hökumətə idi.

Ağstafanın gömrük idarəsini isə heç soruşmayın! Orası, daha doğrusu, bütün gömrük və dəmir yol idarələri Denikin tərəfdarları əlindədir, nə cür kefləri istəyir, elə də edirlər.

Kassirlər, naçalniklər bir rüsxətnamə ilə kefləri istədiyi qədər vaqon buraxırlar. Lazım olan vaxtda saxta rüsxətnamə qayırmaqdan da geri durmurlar. Keçən ayda yalnız Ləki, Ucar stansiyalarından onlarla vaqon buğda və arpa qaçırılmışdır.

Ləkidən Əsədulla Səfərəliyev, Səttar Rəsulzadə, Ucardan Mehdi Əliyev və yoldaşı bu surətlə bir çox vaqon aşırmışlar. Bu xəyanətlər, təbii, naçalniklərin, kassirlərin əlləri ilə eləmişlərdir. Qulluqçuların çoxu öz kefinə buraxılmışlardır. Bir az əvvəl Ağstafa gömrük qulluqçularından biri gömrük pulunu cubunə doldurub Tiflisə kefə buyurmuş, bir digəri gömrük anbarını özbaşına buraxmış, axtaran yox, soruşan yox.

Hələ tranzit oyununu heç soruşmayınız. Ona bir şeytanın əli girər, bir də gömrük qulluqçuları ilə komissionerlərin.

Bu tranzit hiyləsi ilə hökumət nə qədər zərərlərə düçar olur, bilsəniz, bəlkə bənim “Ümidvar” ləqəbimə də şəkk edərsiniz. Bir çox polisə qulluqçularının (xırdaları ilə işim yoxdur) az vaxtda nə cür kökəldiklərindən bəhsə başlasam, günlər, həftələr çəkər. Bu yazdıqlarım isə aşkar görünənlərin yüzdən biridir.

İşlərimizdəki hərc-mərcliyi böylə bir qaç sətirlə qurtarıram. Sonra yenə dərdləşəriz.

 

 

Ümidvar,

“Azərbaycan” qəzeti, 9 təmmuz (iyun) 1919, â„– 220.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info