Qonaq Kitabı
ÖMƏR FAİQ ƏFƏNDİNİN RUXADZENİN TELEQRAMINA CAVABI

Bu axır vaxt möhtərəm gürcü camaatı məni öz milli və Gürcüstan istiqlaliyyətinin düşməni ədd etməklə bərabər, Axalsixdə guya mənim tərəfimdən hazırlanan üsyanı mənə isnad veriyorlar. Gürcü camaatı Ruxadzenin hökumət namına göndərdiyi teleqrafı oxuduqdan sonra bu fikrə gəlmişdir.

Buna cavab olaraq deyirəm ki, hərgah Axalsix uyezdində narahatlıqdırsa və əhali arasında həyəcan və qələyan davam edirsə, ən əvvəlcə bunun səbəbi Ruxadze cənabının özüdür! Ruxadze asayişə nəzarət etmək sifətilə gəlib öz vəzifəsini unutmaqla bərabər uyezdə anlaşılmaz işlər törətməyə və hökumət namından hökumət siyasətinə yaraşmaz, hətta demokratik cümhuriyyətin heysiyyət və ləyaqətini ləkələyən “öz siyasətini” aparmağa başladı. Ruxadze “həmin siyasətini” vücudə gətirmək məqsədilə onun amalına zidd olanları aradan sıxıb çıxarmağa başladı. Müsəvvəniyyəti-şəxsiyyə haqqında general Maqayevin rəsmi məktubuna baxmayaraq, Ruxadze məni üç nəfər yoldaşımla həbs edib Tiflisə göndərdi. Bir çoxlarını da azadlıqdan məhrum etdi.

Ruxadzenin və onun əli altında olan qulluqçularının xüdsəranə hərəkəti camaatı həyəcana saldı. Camaat səbr edə bilməyib Ruxadzenin bu hərəkətinə laqeyd baxmadığından bizim həbsdən azad edilməyimizi tələb etməyə başladı.

Mən hal-hazırda onu fikr edirəm ki, Gürcüstan hökuməti Ruxadzenin xəyalatının səmərəsi olan danoslarını nəzəri-diqqətə alıb heç vaxt Axalsix hadisələrinin əsl səbəbini təftiş etmir. Mətəəssüf, bu hadisələr münasibətilə hökumət indiyə qədər xəbərsizdir. Ruxadze öz axırıncı məktubunda yazır ki, bizim əlimizə böylə gizlin sənəd keçmişdir. Sənəd budur: “Əfəndi qardaşım! Sizə xəbər veririk ki, Qərbi Zaqafqaziya mühavirləri Karsdadırlar. Onlara mehmannəvazlıq göstərin. Onları öz ixtiyarınıza alın” və qeyri...

Möhtərəm qareləri inandırıram ki, bu kağız mənim xüsusi düşmənlərim olan Kobilan bəyləri tərəfindən yazılmışdır. Həmin bəylər inqilabın birinci günlərindən mən kəndlilərin hüququnu müdafiə edib topraq reformasını tətbiq etdiyim zaman dişlərini mənə itiləşmişlərdi. Təəssüf ediləcək burasıdır ki, Ruxadze uyezd əhvalını öylə bir hala salmışdır ki, hal-hazırda ətrafında nələr vaqe olduğunu özü bilmir. Ruxadze başa düşmür ki, camaatın nifrətini qazanan və öz keçmiş fəaliyyətləri ilə özlərini ləkələmiş olan adamlar ona yaltaqlıq edib mərhəmətdən məhrum olmamaqdan ötəri qara maska altında özlərini sadiq göstərmək istəyirlər.

Mütəəssüf, Gürcüstan hökuməti öz nümayəndəsinin yazdıqlarına inanıb Axalsixdə bir para adamların intriqasını və əhali arasında olan həyəcanın əsl səbəbini vaxtında təftiş etməmişdir. Bundan əlavə bu cür işlərin kökündən dəf olması üçün vaxtlı-vaxtında tədbirlər görməmişdir. İşi məhəllədə təftiş etməkdən ötrü gec olsa da, bitərəf adamlardan ibarət bir komissiya göndərilməsini xahiş edirik. Axalsix məmurları yanan odu söndürməkdənsə, öz əlləri ilə yanan neftə  od tökürlər.

Möhtərəm gürcü camaatına müraciət edib onu inandırmaq istəyirəm ki, “Axalsix hadisələri” məhəlli inzibati idarəsinin təxribedici üsulunun nəticəsidir. Bu üsul nəinki əhalini cəlb edir, biləks, özündən uzaqlaşdırır. Hökumət uyezdi idarə edən təcavüzkaranə bir üsula nəhayət verməlidir.

Bizzat özümün Gürcüstan demokratik cümhuriyyətində Axalsix və Axalkələk uyezdləri üçün milli muxtariyyət almaqdan başqa özgə bir qəsdim olmuyubdur. Başqa qəzetlərdən də bu yazdığımın dərcini rica edirəm.

 

Ömər Faiq,

“Azərbaycan” qəzeti, 9 mart 1919, â„– 109.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info