Qonaq Kitabı
MƏN KİMƏM?!

Zamanamızda, yəni din və əbudiyyətdən, cins və millətlərin hökm sürdüyü böylə bir çağda insan öz soy və millətini tanımamaq, daha doğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir.

Lakin bu ləkə tezliklə gedən ləkəyə də bənzəmir. Bu ləkə yaman ləkədir.

Bu, ləkə surətində oyla yılancıq (qanqrena) yarasıdır ki, millətimizin vücudunu, türklük varlığını yavaş-yavaş gəmirir, yox edir.

Bu gün həm də kiçik millətlərin, xüsusilə, məhkum millətlərin öz varlıqlarını, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası, dərin düşünülürsə, qara yaradan da, taun çibanından da daha acılı və daha zəhərlidir. Hər kəs öz millətini tanıyıb onun yolunda ağladığı, özünü uğrunda gözünü kor etdiyi böylə bir həngamədə biz öz millətimizi sevmək deyil, onun hətta quru adını da bilməyib ortada şaşıb qalmışız. Çoxdan çürümüş əqidələr, təriqələr tiryəkisinin beynimizə verdiyi sərsəmliklə hərlənib dururuz.

Bu hal ilə kim üçün və nədən ötrü çalışacağımızı da, təbii, itirmişik. İtirməsək də bilə bilinməyən və bilinmədiyi üçün də sevilmiyən bir millət üçün kim dəlidir ki, can yandırsın?

Kim olursa olsun, insan bir nəfər, bir millət və ya bir fikri-əməl uğrunda o vaxt can yandırır ki, ona o zaman aşiq olur ki, onu yaxından tanıyıb ürəkdən sevsin, yoxsa quru və yalançı göstərişlərlə arada məhəbbət, eşq deyil, bayağı dostluq belə olmaz.

Mən iddia etmək deyil, uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilmiyiriz.

Nə olub, niyə dodağını büzdün? Görünür, söylədiklərimdə şəkkin var. Çox yaxşı, buyur, bərabər soruşalım. Kimdir o?

–  Marağalı Məşədi Əliəsgər.

–  Bu kim?

– Şamaxılı Əbdülqafar.

– O biri?

–  O da ərzurumlu Dursun ağa.

Bunların birincisindən soruşalım:

–  Məşədi, siz nə cins və nə millətdənsiniz?

–  İranlı və şiə məzhəbəm.

–  Əbdülqafar ağa, sən?

–  Mən də qafqazlı babıyam.

–  Dursun ağa, sən bir az oxumuşa bənzəyirsən, gərək soyunu, millətini tanıyasan.

–  Mən də osmanlı və sünnüyəm.

–  Daha özgə?

–  Özgə heç!

Siz çox da deyiniz ki, “sünnülük, şiəlik, babılıq bir məzhəb və əqidədir”, cins və millət isə başqadır.

Dünyada ən kiçik bir böcəyin, ən yaramaz bir otun soyu və cinsi bəllidir, ya (bəs) bu qədər böyük bir insan yığıncağının bir cinsi yoxmu?

İştə bəla da burasıdır ki, həm var, həm də yoxdur? Vardır: onun üçün ki, biz də özgələr kimi insanız. Bir də, təbii, bir millət soyundanız. Yoxdur, çünki varlığımızı bilmiyiriz ki, soyumuzu da biləlim.

Gəliniz bir də qonşularımızdan soruşalım.

–  Şakro Caparidze, sən nə məzhəbdənsən?

–  Pravoslav.

– Nə millətdənsən?

–  Gürcü.

–  Dmitri, sən?

–  Mən də pravoslav məzhəbindənim.

–  Millətin?

–  Urum.

–  İvan, məzhəbin?

–  Pravoslavnı.

–  Millətin?

–  Rus!

Həddin yox ki, bir oxumuş gürcüyə gürcülüyündən savayı özgə bir ad verəsən, o saat özünü alçaqlaşdırılmış hesab edər və səndən bərk də inciyər.

Ya bizdə? Bizdə isə lap tərsinədir: sənin də həddin yox ki, salmaslı bir türkün oğlu türkə şiəyə “türk” deyəsən, o saat səndən üz çevirər və bəlkə də səni düşmən hesab edər. bir də Axalsıxlı bir ağaya soruşunuz: o gələn kimdir?

–  Əcəmə bənzəyir.

–  Eyi, dəhduş diqqət et!

–  Öylə, kəndidir (yəni: özüdür), əcəmdir, qızılbaşdır.

–  Qoy olsun, bir az söylətəlim.

–  İşin yox, burak dəf olsun. Qızılbaşdan nə eşidəcəksən ki?

Biçarənin xəbəri yox ki, qızılbaş deyə məsxərəyə aldığı kişi öz soyundandır, öz millət qardaşıdır.

Amerikalılar Təbrizə gəlib məktəblər, xəstəxanalar açırlar və böyləliklə şiə türklərinə məhəbbət göstərirlər, yardım edirlər və ya edər kimi görünürlər ki, gələcəkdə məsləklərinə, ticarətlərinə xidmət eləsinlər.

Lakin bəlaya baxınız ki, biz Qafqaz türkləri öz ayaqları ilə yanımıza gələn iranlı şiə türk qardaşlarımıza yüz çeşid ad qoşub uzaqlaşırız. Üzdən də olmasa, arxadan min dürlü yaman deyiriz. Söz başında “ac tat” deyə də təhqir ediriz.

Tiflis guşələrində aclıqdan, azardan can verən iranlı türk əmələlərinə -  yırqatlarına “persiyan” sözü ilə baxıb keçiriz, fəlakətlərinə soyuqqanlı tamaşa ediriz.

Ya Qafqazda yaşayan iranlı şiə türkləri? Onlar daha qafil! Bunlar bizdən daha artıq uzaqlaşmaq istəyirlər: məktəblərini, məclislərini, hətta bəzi yerdə məscidlərini də ayırıb özlərinə “şiə-fars” rəngi verirlər, balacalarına, yəni türk oğullarına türkcəni də əsirgəyirlər, oxutmurlar. Şiəliklə farslığı heş münasibəti olmayaraq cahilanə birləşdirmək, öz türklərinə balta vurmaq, öz sözlərini, öz ata-babalarını danmaq istəyirlər. Ya İranın içi ilə çölü? Oralarını daha soruşma, keç!

*  *  *

Çox yaxşı, keçəlim Bakıya. Böyük “İslamiyyə” mehmanxanəsinə gedəlim. Göyçək və pak bir masanın (mizin) ətrafında oturan oxumuş və dünyadan xəbərdar, hətta sözündə millətpərvər görünən qardaşlarımızdan soruşalım. Soruşalım ki:

–  Soy və millətiniz nədir?

–  Əlhəmdülillah, müsəlmanız.

–  Şiəsiniz, yoxsa sünnü?

–  Heç biri deyiliz, təkcə müsəlmanız.

–  Özgə daha bir adınız-zadınız yoxmu?

–  Xeyr, xeyr, xeyr!

Birincilərlə ikincilərin cavablarından anlaşılır ki, aralarında xeyli təfavüt var. Birincilər məzhəb və əqidə çevrəsindən çıxmamış, ikincilər isə bir az irəli gedib din dairəsində qalmış. Əgər məndən soruşulsa, aralarında heç bir təfavüt yox. Hər ikisi də birdir. Hətta deyə bilərəm ki, birincilər daha həqiqi, ikincilər isə daha xəyalidir.

Xəyalidir, çünki əqidə və məsləkləri qaldırmaq (yox etmək) mümkün deyil, əqidə tərəqqinin yoldaşıdır, bunları isə ayırmaq dəlilikdir.

Hənəfi ilə şəfailiyin birləşmədiyi bir yerdə sünnülük ilə şiəliyi birləşdirmək xam xəyalların ən xamıdır.

Nə zərəri var? Qoy hər kəs öz əqidəsində, öz ictihadında, öz imanında olsun.

Nə var, ey oxucu! Niyə başını qaşıdın, niyə üzünü turşutdun? Sultan Səlimlərin[1], Nadir şahların[2] və bir çox islam recal (dövlət xadimləri) və üləmasının çalışdıqları, hətta o uğurda can fəda etdikləri bir məsləkə toxunduğumdan ötrümü məndən incinirsən?

Yox, yox, incimə. Əgər onlar din və əqidənin xasiyyətlərini, vəzifələrini, mövqelərini həqqi ilə bilsəydilər boş-boşuna o qədər çalışmaz və nahaq yerə də o qədər qan tökülməyə səbəb olmazlardı.

Əgər onlar dini-islamın bir ağac, əqidələrin də o ağacın birər dalları (budaqları) olduğunu və o ağacın böyüməsi üçün dalların mütləq ayrılmaq, genişlənmək ehtiyacında bulunduğunu qanıb onlara yol və hürriyyət versəydilər, islamiyyət heç vaxt bu qədər cığırından çıxmaz və o qədər boğuşub əzilməyə, kiçilməyə də məhəl qalmazdı.

Çox təəccüb ki, hətta çox cahillik ki, islamiyyət bütün əqidələri: istər şəfai, cəfəri, hənəfi, maliki olsun, istərsə vəhabi, rafzi, babi, şeyxi və qeyri olsun, öz vücudunda birləşdirib, yerləşdirib böyüdə-böyüdə biz sanki daha da ağıllı bulunmaq istəyiriz.

Zatən islamiyyət gövdəsində birləşmiş dalların, əqidələrin vəziyyətlərini bəyənməyib biz “ikinci dəfə” daha birləşdirmək və birləşdirirkən də bütün-bütün sındırmaq xamlığında bulunuruz.

İslamiyyət ağacı dallarının, əqidələrinin böyüməsini, yayılmasını hər əqidə sahibi özünə zərər sanmaqla neçə yüz illərdən bəri bir-birlərini qırıb tələf etməyə çalışdıqları və bütün qüvvələrin o uğurda sərf etdikləri məgər bəs deyilmi ki, bu gün biz də ata-babalarımızın yanlışlıqlarını, o mühitin, o vaxtdakı halın törətdiyi fənalıqları təkrar etmək cinayətində bulunalım.

Yox, yox. Şimdi mühit özgə olduğu kimi, istədiyi zad, törətdiyi fikir və əməl də özgədir.

Qoy beş deyil, on deyil, istərsə yetmiş iki əqidə olsun!

Hər kəsin ürəyindəki etiqad və imanına, o xüsusi hərəmxanəsinə qarışmaya nə haqqımız var?

İnsanlığa zərərli olmayan əqidə və azadlıqdan nə zərər ola bilər. Bir də gərək biləlim ki, din qovğaları, din əqidə və ixtilafları, din təklifləri özgə yerlərdə çoxdan məzara getdi. Biz hələ gölərimizi qapayıb ölənləri diriltmək, diriləri öldürmək sehrbazlığından, xurafata, xəyalata qurban olmaq, ibtidailikdən, cəhalətdən qurtula bilməyəcəkmiyiz?

*  *  *

Ey qafqazlı türk, sən çoxdan islam qeyrətini çəkirsən və bu qeyrətlə hətta öz varlığını, öz adını da itirmişdin.

Sən islam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən.

Lakin əzizim, o qədər qorxma! Yenə aldanma ki, mərifət olan yerdə əqidə ixtilafı zəhmət deyil, rəhmətdir.

Ey türk, dini əqidələr qovğasından daha çox qorxma! Qorxma ki, onların hökmü keçməyə, onların yerlərini indi siyasəti-məişət və siyasəti-bəşəriyyə əqidə və məsləkləri tutmağa başlayır.

Ey türk, sən çox da rahatsız olma və şəkkə də düşmə: dini olsun, dünyəvi olsun, əqidəni gizlətmə. Səndən soruşduqları vaxtda ki, dinü əqidən nədir, sən də haman söylə: şiəyəm, sünnüyəm, babıyam və müsəlmanam.

Ey türk, sənin başına çox işlər gəlmişdir, çox əqidələr dolmuşdur. Çox şeylər bilmişsən və bu gün də çox cahil deyilsən! Bir çox ədiblərin, müəllimlərin, mühəndislərin, doktorların, advokatların, məktəblərdə yüzlərcə tələbələrin var!

Ey türk, olduqca çox şey bilirsən. Sənə daha sırf cahil, xeyir və şərin qanmayan demək olmaz.

Sən, sən ey türk! Zamanın bir çox icadlarını, təzə fikirlərini, hətta bir çox modalarını da öyrənirsən, hətta dini əqidələrin çürüməyə üz tutduğunu sezib dünyəvi əqidələrə iman etməyə də başlayırsan.

Əvət, çox şeylər, əməllər, fənlər bilməyə çalışırsan. Bir çox hünərlər də öyrənmişsən. Havalara çıxıb yıldızların nə olduqlarını yaxından bilmək, yerin içərilərinə girib mahiyyətini anlamaq istəyirsən. Ancaq, ancaq bircə xüsusda cahilsən. O barədə heç bir zad bilməyirsən. Hər şeyi öyrənmək istədiyin halda sənə nə lazımlı, sənə ən birinci fərz olan vəzifədən xəbərin yox...

Nə var, niyə darıxdın? Niyə yenə can sıxıntısının acısını bığlarından, dodaqlarından almağa başlayırsan?

Doğrusu, tütün çəkənlərdən olsaydım, burda mollaların salavatı kimi bir papiros çəkməyi tövsiyyə edərdim.

Hə, ey türk! İstər darıx, istərsə karıx, yaxandan əl çəkən deyiləm. Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy və nəslindən xəbəin yox? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnülükdən, babılıqdan əvvəl sən türk idin. İndi də türksən və bundan sonra da türk qalacaqsan?

Sənin bu türklüyünə nə şiəlik, nə babılıq, nə də dinsizlik mane ola bilməz.

Sən ey türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə türksən. Sən gərək biləsən ki, dünyada hələ şiə, sünnü, babı, şeyxi adları yox ikən sən var idin. İslamiyyət Ərəbistan qumluqlarında doğmadan əvvəl belə sən Altayın ətəklərində ətrafın gözəlliyinə tamaşa edib zövq alırdın. Orada uzun seyr və səyahətlərə hazırlanırdın.

Ey özündən xəbərsiz türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu “yasaq” qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən, sənin yurdunda var idi.

Sən öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi.

Ey özünü itirir, unudur dərəcədə misafirpərvərlik, özgələrə hörmət göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin qanın, sənin düşüncən, sənin varlığın hənuz sənin özündə ikən sən bugünkü kimi dilsiz, yazısız, yəni milli nişanəsiz deyildin.

Ey sadə ürəkli türk, dünən, bu gün öz varlığını, öz mədəniyyətini göstərə bilib, indi sənə “köhnə barbar” gözü ilə baxıb bugünkü mədəniyyətlərin haqsızlıqlarınna baxıb incinmə. Səni lazımilə tanımadıqlarını bilib məyus olma.

Yox, yox, sən də insafsız bulunma, öz-özünü hələ tanımadığın bir vaxtda çox da özgələrdən incinmə.

Ümid ki, tez vaxt olur, yüzdə doqquzu hələ yer altlarında qalıb gizlənən əski mədəni nişanələrin, əski əsərlərin yavaş-yavaş dünya üzünə çıxar. Sən də ol vaxt artıqlığı ilə üzə çıxarsan, gələcəkdə daha güclü yaşamaq istedadını göstərərsən.

Bəsdir, bəsdir, ey türk, bir az ayıl. Ayıl da bir çox toz-topraqlarla dolan, ağırlaşan dini əqidə pərdəsini gözlərinin üstündən qaldır. Əl-ayağını bir az tərpət. Vücudunu, varlıq ağacını saran, korlayan tikanları, sarmaşıqları, yad ağacların yarpaqlarını, dallarını qır, at, qurtul. Vücuduna Allahın günəşi, havası dəysin. Başını bir az yuxarı qaldır. Öz varlığının, öz vücudunun qiymətini bil. İndiyə qədər yadlar üçün, özgə varlıqlar və vücudlar üçün özünü həlak etmisən, barı bundan sonra olsun ayıl, bir özünə gəl, öz gününə çalış.

Ey türk, zamanımız özgə zamandır. Əgər bundan sonra özümüzü tanımayıb qalırsaq, qorxuram ki, gec ayıldığımız vaxt sağalıb yigitcə yaşamaya vücudumuzda qüvvət və taqət qalmamış ola.

Ey türk, keçmişlərindən ibrət al, hələ vücudun sağlam ikən, yaşamağa istedadın var ikən, fürsət əldə ikən əsl vücudunu tanı, qədrini anla.

Ey türk, yaxşı bil ki, bugünkü məhşərin suri-İsrafili elmə, milli ittihada dəvət ediyor!

İndinin siyasi fəlsəfəsi tərəqqiyi millətçilikdə görüyor. Zamanın şövkət və sətavət binası millətçilik bünövrəsi və təməli üstündə quruluyor.

Əsrin ruhu azad millətçiliklə bəsləniyor, böyüyor. Keçmiş əsrlərin, keçmiş siyasi əqidələrin cızdığı coğrafiya sərhədlərini indiki etnoqrafiya yavaş-yavaş pozuyor.

Keçmiş əsrlərdə daşıb ətrafa yayılan millət selləri yavaş-yavaş kiçilib öz qaynağına və ya çoxdan yataq elədiyi yerlərə çəkiliyor.

Vaxtilə özgələrin sıxışdırılması ilə və ya cahangirlik dəliliyi ilə yerlərindən fırlayıb aləmi rahatsız edən millət ərdolarına indi “hər kəs öz milləti yerində” komandası veriliyor.

*  *  *

Bu gün eyidən-eyiyə qanıram ki, dini əqidədən sonra insanda doğan dünyəvi əqidələrin birincisi millətpərvərlik əqidəsidir, ictimai fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir, millətini bilmək elmidir.

Millətpərəstlik əqidəsi özgə əqidələrin mərhələsi, keçididir.

Vaxta ki, insan batil və xürafat əsirliyindən qurtulub özünü, özünün hüququnu bilməyə başladı, ondan sonra mühit və ehtiyacın təsirilə hər nə qaydaya girərsə girsin.

Bu halda ki, mövqeyimizə, mühitimizə, elmimizə, ehtiyacımıza bizim ən birinci əqidəmiz isə azad millətpərəstlik əqidəsi olmalıdır.

İndi gələlim əsl məqsədə. Ey şiə, ey babı, sünnü türk qardaşlarım, diriliyimizin milli ittihadda olduğunu biləndən sonra daha rəva görməməliyiz ki, millətimiz kütləsini meydana gətirən azanın bir qismi Anadolunun izsiz, şenliksiz, dağılmış, qorxunc bucaqlarında yalnız başlarına ac, çılpaq buraxılıb tələf olalar.

Ey pak ürəkli türk, bu millətçilik zamanında hər millət öz nüfusunu artırmaq, o nüfusla öz nüfuz və qüdrətini böyütmək üçün yüz dürlü tədbirlər, fədakarlıqlar edər. İnsaf deyil ki, biz hazır əlimizdə olan minlərcə nüfusumuzun – həm də ən gənc və qəvi bir qüvvətin yardımsızlığından, bir loxma əkmək bulamamazlıqlarından tələf olmalarına özümüz bilə-bilə səbəb olalım.

Ey uca mərhəmətli türk, sənin köhnə mərhəmətin, ehsanın, nişanələrin – o böyük camelər, mədrəsələr, köprülər, xəstəxanələr, çeşmələr... hələ sənin əcdadını hörmətlə yad etdirirlər. İndi sənə nə oldu ki, milyonlarla vücuda gələn əsrlərdən deyil, aclıqdan, çılpaqlıqdan, “ölümdən betər” bir hala düşən öz qardaşını qurtarmaq mərhəmətindən aciz görünüyorsun. Yazıq, yazıq!

 

Ömər Faiq,

“Qardaş köməyi” məcmuəsi, may 1917-ci il.



[1] Türk sultanıdır.

[2] Nadirşah (1688-1747) – xalq içərisindən çıxmış sərkərdə. II Təhmasibin ölümündən sonra özünü İran şahı elan etmiş və səfəvilər sülaləsinə son qoymuşdur.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info