Qonaq Kitabı
GÜRCÜ POLİTİKAÇILARI

Bəradərim doktor Xosrov bəy Sultanovun gürcü politikaçıları xüsusunda “Açıq söz”də yazdıqları məktubu oxuyanlardan bəziləri ola bilər ki, doktorun özünü günahsız çıxartmaq üçün yazılarında, düşüncələrində ifrata getdiyini sanarlar. Çünki bizdə, bizim xasiyyətimizdə özgələrlə olan dostluğun davamı üçün özümüzün mənfəətini, özümüzün təhlükədə olduğunu düşünməmək adəti var, həm də çoxdan var. Bu xasiyyət yalnız tək-tək kişilərin beyinlərində deyil, millətimizin ruhunda, əxlaqi-ictimaiyyəmizdə köklənmiş, möhkəmlənmişdir.

Dostluq xəncəri ilə yaralanmaq və o yaranın acısını duymamaq igidliyi bizdə çoxdan milli əxlaq yerini tutmuşdur.

İştə bu yaman adət və xasiyyətimizin zərəri bu gün öylə ərimiş dostluq yolu ilə milli mənfəətimizə endirilən baltanın acısı bu gün öylə şiddətlənmişdir ki, artıq onu duymamaq, anlamamaq aşikar bizim qabalığımızı, qəvi cahilliymizi bildirir.

Milli vücudumuzda açılan bu yaranı sağaltmaq isə yalnız bir “doktor”un hünəri deyil.

Bu gün gürcülərin müsəlman gürcülərini islamlıqdan tamamilə uzaqlaşdırmaq, gürcü yerlərindəki türkləri gürcüləşdirmək azarı öylə bir yolda artmaqdadır ki, ona bir deyil, beş-on doktor da olsa, çarə eləməz. Bu işdə hamımızın, bütün millətin əlbirliyi ilə yardımı, çalışması lazımdır. Çünki bu iş yalnız beş-on gürcü politikaçısının işi olsaydı, bəlkə bu qədər rahatsız olmazdıq. Lakin bu politika uğrunda sərf edilən pulların çoxluğunda, çalışanların sabitəsindən, dairənin genişliyindən anlaşılır ki, bu iş beş-onun karı deyil, bəlkə cəmiyyətlərin çoxu tərəfdarlarının köməkləri ilə görülən böyük fikir və ideyanın nəticəsidir.

Gürcülər qəzetləri ilə ap-aydın çağırırlar ki, müsəlman gürcü mollalarının ürəklərindən türklük duyğusunu, ağızlarından türk dilini gərək nə cür olsa çıxaraq və hər yol ilə qoymuyaq ki, Gürcüstanda türklük nişanəsi qala.

Keçəndə Batumdakı gürcü yetimlər yurdundan şikayət edilərdi. Bu şikayətdən anlaşılır ki, hələ bir çoxlarımızın Axalsixdə, türk və gürcülər arasındakı yetimlər yurdlarından, Axalkələkdə türk kəndlərində Palavandovların ianə və təşviqi ilə açılan gürcü məktəbindən xəbərləri yox. Uzağa getməyə nə hacət: Bakıda öz yanınızdakı gürcü yetimləri yurdunda kimlərin olduqlarına və hansı gün tətil etdiklərinə baxınız!

Çoxdan deyil, bir gün bir gürcü keşişi Axalsix müsəlmanlarından kimin evi yanmış, malı qırılmış, toxumu əskik isə onları bilib cəmiyyəti-xeyriyyələrindən ianə gətirtmək istəyirdi. Danışıq arasında:

Keşiş baba! Məlo, Artvin, Çorux səmtlərində minlərcə insanlar, həm də gürcü, aclarından ölürlər. Onları buraxıb da bu rahat və tox yerlərdə ac və yoxsulları aramağınızı, Acardakı müsəlmanlar içində gecəli-gündüzlü çalışıb, böyük pullar xərc edib məktəblər açmaqdakı tələsmənizi qanmıram dedim.

Keşiş baba qəsdimi qanıb güldü. Mən də onunla bərabər güldümsə də, onun niyyəti, qanacağı beynimi dəlməyə, ürəyimi didməyə başladı.

Bu kimi həqiqətlər çoxdur. Böylə misallar çox söyləmək olar. Fəqət mən indi ancaq millətin qanacaqlılarına, türklük, müsəlmanlıq qeyrəti çəkənlərə, millət möhnətini, hər dürlü hiss və xüsusi mənfəətlərə müraciət edib demək istəyirəm ki, dəxi bəsdir, gürcü politikaçılarının azğınca rəftarlarına gərək yol vermiyək.

Yol vermiyək ki, gürcü müsəlmanlarını islamlıqdan uzaqlaşdıralar.

Yol verməyək ki, türk balalarını birər fəndlə yığıb bəsləmək bəhanəsi ilə gürcüləşdirələr.

Yol vermiyək ki, dumanlı havadan istifadə edib millətimizin quzularını tələf edələr.

Yol verməyək ki, Ərdəhan və başqa yerlərin türk və kürd balaları üçün Axalsixdə və ya özgə yerlərdə yetimlər yurdu açıb və onu da keşişlərin idarəsinə verib balalarımızın dinlərini, millətlərini çevirələr.

Sanmayınız ki, bunun üçün çox şey lazımdır. Xeyr, xeyr, iki zad bəsdir: həmiyyət və kömək.

Yada gəlməsin ki, bunun üçün qonşumuz və dostumuz gürcülər ilə pozuşmaq lazım.

Niyə bu fikirlərə düşək! Üsulu və yolu ilə öz din və cinsdaşımıza edəcəyimiz yaxşılığa kimin nə deməyə haqqı vardır.

Əgər bizim də, Rusiyada otuz milyonluq biz də türklərin də milli varlıq, dini borc, mədəni həyat, həqiqi tərəqqi nişanəsi olan “köməkləşmək” xasiyyətimizi itirməyib bu gün cəmiyyəti-xeyriyyəmizin bir-iki milyonu, on-on beş doktoru olsaydı, əlbəttə, Ərdəhanlı türk oğlu tür olan Əli oğlu beş-on manat üçün özlüyünü – familiyasını “Alidze” etməyə məcbur olmazdı.

Əgər bizim axundlarımız, əfəndilərimiz hər cümə xütbəsində oxuduqları: “İnnəl-lahə yəmuru bilədli vəl-ihsani lil-yətimə vəl-məstkini” (Tərcüməsi: Allah yetimlər və miskinlərlə ədalət və yaxşılıqla rəftar etməyi əmr edir) əmrini, əmri-ilahisini, quru ərəbcə olsun deyə boş-boşuna məxrici ilə, təcəvvidi ilə oxumaqla kifayətlənməyib mənasını, hikmətini vı vaxta görə ehtiyac və köməkliyi anlatsaydılar, əlbət ki, bu gün yüz illərdə bir düşən bu qədər böyük millət fəlakət və ehtiyac üçün yığılan ianə beş-on minlikdə, yəni ehtiyacın mində birində dayanıb qalmazdı.

Əgər bizdə də doğrudan dini-imanı, möminlik əsəri, millət qeyrəti, türklük hissi, ehtiyacın şiddəti, möhtac olanların hal və mövqeləri qanılsaydı, əlbət ki, məsələn, Ağdaş və Şəki kimi şəhərlərin dövlətliləri öz qanacaqlılarının, qazılarının hümməti ilə özləri üçün ianə yığdıqları vaxt bu gün aclıqdan tələf olan, əldən gedən din və millət qardaşlarını da yaddan çıxarmazlardı.

Əgər bizdə də ədalət, düşüncə, insaf olsaydı, “bizim öz fəqirlərimiz varkən uzağa nə hacət!” cəfəngi ilə, avam fəlsəfəsi ilə bu gün suda boğulan millət balalarını, millət analarını öz başlarına buraxıb ölümə məhkum etməz, qurtarıb sağ qalan yarıcanlı biçarələri də yadların pəncəsinə buraxmazdı. Ümid edirəm ki, bu gündən sonra olsun ayılaq, bu günki cahan müharibəsinin nə üçün və nə demək olduğunu qanaq! İanələrimizi tezliklə kəsməyək, öz balalarımızı bundan sonra olsun yadların tor və tələlərinə buraxmayaq. Biz də lazım olan yerlərdə yetimlər yurdları açaq, balalarımızı dinlərindən, millətlərindən çevirməyə qoymuyaq. Analarımızın yadların, səfehlərin ayaqları altına düşməsinə imkan vermiyək. Bacılarımızın bir loğma əkmək üçün namuslarını satmağa razı olmuyaq və razı olmuyaq ki, gələcək nəslimiz millətimizin bu ağır günlərindəki qansızlığımızı, həmiyyətsizliyimizi, imansızlığımızı, yalançılığımızı mühakimə edib bizə lənət oxuyalar.

Dostluq və səmimiyyət qara günlərdə bəlli olar. Bir millətin yaşamağa istedadı fəlakətli günlərində anlaşılar. Bir millətin qələbəsi haldakı çıxışından, tərpənişindən aşkar olar. Bir millətin, xüsusilə, məhkum bir millətin, insanca yaşaya bilməsi tərəqqi edə biləcəyi, mədəni bir ünsür halına keçinə biləcəyi, möhkəmləşməsinin az və çoxluğu ilə ölçülür. Bir millətin bəqası o millətdən olanların öz millətini tanıması ilə, onu öz anası kimi sevməsi ilə, onun şanını, namusunu, diriliyini, mənfəətini öz namusu, öz mənfəəti kimi bilməsi ilə olar.

Bir din və əqidənin doğruluğu ona iman edənlərin rəftarı ilə, mərhəməti ilə, insanlığı ilə qiyas edilir.

Vaxtıdır ki, biz də bu həqiqətləri qanıb yaşamağa layiq olduğumuzu, millətimizin şərəfini, dilimizin səlamətliyini quru söz və lovğalıqla yox, əməlimizlə, köməyimizlə göstərək.

 

 

Ömər Faiq,

“Açıq söz” qəzeti, 18 yanvar 1917, â„– 380.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info