Qonaq Kitabı
HAŞIM BƏY ÜÇÜN

Qələm yoldaşımız Haşım bəyin[1] qara xəbərini aldığım vaxt başıma qəm buludları çökdü. Çünki onsuzda çox az olan ciddi mətbuat xadimlərimizdən birini, həm də qeyrətli və səbatlısını itirdik, ən lazımlı bir vaxtda itirdik. Şəkk yox ki, bu, bizim üçün böyük bir dərd, qəm və qayğıdır.

Lakin bu dərd və qayğı bizə yas deyil, ümid verməlidir. Ondan ötrü ki, dərd və qəza sabət və həmiyyətli adamları yalnız yas verib oturtdurmaz, ümid kəsdirməz. Bəlkə o qəm və təsir ilə daha artıq qeyrət və həmiyyət gətirib itirdiyini qazandırar. Haşım bəy də öylə səbatlı vücudların biri olmağa görə mərhum üçün yalnız qəmlənmək layiq deyil. Bəlkə onun qəmi təsir ilə sərbaz olduğu məsləkə can yandırıb çalışmaq lazımdır.

Doğru, Haşım bəy öldü. Lakin adi və rahat surətlə ölmədi: mətbuat yoluna, millət yoluna fəda oldu.

Fədailərin, həm də mətbuat fədailərinin məqamı isə ucalarda, səniyyi-ərşi-əlalardadır. Qanlı ürək təsiri ilə, göz yaşları ilə yazdığı “kefim gələndə”lər ruhlu məqalələri yad edildikcə mərhumun məqamı ucalıqlarda qalacaq və bu surətlə daha ülvi bir halda yaşayacaqdır.

Ancaq burasına dərdlənirəm ki, Haşım bəy axır vaxtlarda qurbanı olduğu fikirlərin, idealların həqiqət olduğunu görmədən getdi.

Lakin mən imanla söz verirəm ki, o, ülvi ümidini aşağılarda almadısa da, yuxarılarda duyacaqdır.

Ümidvaram ki, Haşım bəyin məqalələrini sevib oxuyanlar mərhumun səbatı kimi bu səbatla onun fikirlərinin meydana gəlməsinə çalışmaqla mütəsəlli olurlar.

Mən də millətin mərhum qurbanlarının qədrini bildiklərini görməklə təsəlli buluram.

 

 

Ömər Faiq,

“Açıq söz” qəzeti, 17 fevral 1916, â„– 113.



[1] Haşımbəy Vəzirov (1868-1916) – Jurnalist, yazıçı, Bakıda Azərbaycan dilində “Tazə Həyat”, “İttifaq”, “Səda”, “Sədayi-vətən”, “Sədayi-həqq”, rus dilində isə “Kavkazets” qəzetlərini və “Məzəli” satirik jurnalını nəşr etmişdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info