Qonaq Kitabı
DİLƏKLƏRİMİZ!!!

Maarif vəkillərimizin diqqətinə!

 

Yaxınlarda Tiflisdə müsəlman maarif yığıncağı olacaq. Namestnik divanxanasında olmağından anlaşılır ki, bunu hökumət lazım bilib meydana gətirir.

Yığıncaqda rəsmi qulluqçulardan başqa Qafqazın hər quberniyasından seçilmiş camaat vəkili də olacaq.

Namestnik müavini cənab Orlovun rəyasəti altında olacaq bu yığıncaqda Tiflisdəki “Əli” və “Ömər” məktəblərini böyütmək, dərs proqramını düzəltmək işlərinə baxılacaq, bu böyütmək və proqram işləri isə Qafqaz maarif müdiri cənab Rudolfun tərtib etdiyi layihəyə əsasən müzakirə ediləcəkdir.

“Əli” və “Ömər” məktəblərini böyüdüb düzəltmək xüsusi və cüzi olsa da bizim üçün yenə çox əhəmiyyətli və böyük məsələlərdəndir.

Bəli, əhəmiyyətlidir, çünki yarımçıq yolda da olsa birinci dəfədir ki, öz ehtiyacımıza, öz idarəmizə, həm də maarif və ruhani idarəmizə özümüzü qarışdırırlar, bizim də düşüncəmizi, diləklərimizi duymaq, eşitmək istəyirlər.

Bəli, məsələ böyükdür, çünki düzələcək “Əli” və “Ömər” məktəbləri bundan sonra açacağımız özgə məktəblərə birtəhər örnək olacaq.

Bunlardan başqa, bu yarım rəsmi yığıncaq, ehtimal ki, bundan sonra qurulacaq milli yığıncaqlarımızın başlanğıcı olacaq.

Belə əhəmiyyətli yığıncaqda bulunacaq möhtərəm vəkillərimiz şəkk yox ki, hər şeydən qabaq millətimizin faydasını, millətimizin xüsusi ehtiyacını və şəxsiyyətini göz önünə alacaq; ona görə söz söyləyəcək; ona görə söylənən sözlərə razı olacaqdır.

Vəkillərimiz, əlbət ki, oraya getmədən qabaq hazırlanacaqlar. “Əli” və “Ömər” məktəblərini mövzu və qayəsinə oradan çıxacaqları iş xidmətlərinə görə dərslərin növünü və onların nə yolda oxumalarını özlərincə təsəvvür və tərtib edəcəklərdir.

Burada dərslərin nədən ibarət olacağı nə qədər əhəmiyyətli isə bu dərslərin nə dil ilə öyrədiləcəyi ondan daha əhəmiyyətlidir.

Rus dili rəsmi dilimiz olmasına görə nəinki bizim böyük məktəblərimizdə, hətta xırda məktəblərimizdə belə oxunmalıdır.

Burasını çoxumuz qəbul edilmiş aşkar bir məsələ kimi bilirik. Lakin bildiyimiz aşkar bir məsələ, bir cəhət var ki, o da rus dilini bilməklik lüzumu nə qədər aşkar isə, milli məktəblərimizdə təlim dilinin öz Azərbaycan türk dilimizlə olması lüzumu da daha artıq aşkar olmalıdır.

Budur hörmətli vəkillərimizin diqqət edəcəyi nöqtələrin birincisi! Burdadır vəkillərimizin göstərəcəkləri hünər! Budur milli diləklərimizin canı!

Budur bunu həm maarifə, həm hökumətə isindirəcək, bizi ayağa qaldıracaq vasitələrin ən başlıcası! Ərəb dilinə gəlincə, böyük məktəblərimizdə, mədrəsələrimizdə bunu da öyrənməliyik. Lakin bu dil nə məktəblərimizdə, nə də mədrəsələrimizdə heç bir vaxt təlim dili olmamalıdır. Dini və ona rabitəsi olan qeyri dərsləri belə ərəb dilində oxutmaq, onu biz üçün təlim dili yapmaq, beş-altı yüz il geri getmək, göz görə-görə özümüzü, öz dilimizi vaxtı ilə osmanlılar kimi öldürmək deməkdir.

Ərəb dilinin təlim dili olmasını ən ziyadə iki sinif istəməkdədir. Biri bir rəsmi maarif qulluqçuları, o birisi isə bizim ruhani qulluqçularıdır.

Birincilərin arzuları qəsdlə, ikincilərin isə qəflətlədir.

Bu zamanda dünyada heç bir millət tapılmaz ki, öz yazısı və ədəbiyyatı ola-ola öz dilini buraxıb özgə dilini təlim dili eləsin. Bu nə aləmin qəbul etdiyi pedaqojicə (təlim üsulu) məqbul, nə də milli qayəcə məqul.

Bu üsuldan, bu əğfaldan intihardan, ölümdən qaçan kimi qaçmalıyız.

Təlim dili məsələsindən sonra əhəmiyyətə alınacaq ikinci məsələ oxunacaq elmlərin nələrdən ibarət olmasındadır.

Maarif müdirini hazırladığı layihəyə görə “Əli” və “Ömər” məktəbləri böyüdülüb bir növ darülmüəllimeynə çevrilir. Lakin layihədə göstərilən elmlər, dərslər darülmüəllimeynə əl verər yolda deyildir. Orada göstərilən elmlərin çoxu müdərris, qazı, ruhani idarələri üzvlərinə və din xadimlərinə məxsus elmlərdir. Halbuki o məktəblərdən məqsəd və qayə “ibtidai” məktəblərə türk dili müəllimləri yetişdirməkdir. Böylə müəllimlərə isə eylə elmlərin heç lüzumu olmasa gərək!

Görünür ki, layihədə darülmüəllimeyn dərsləri ilə ruhani məktəblərin dərsləri bir-birinə qarışdırılmış və bu da şəksiz, üsuli-təlimdən xəbərsiz olan bəzi ruhanilərin göstərməsi ilə olmuşdur.

İştə bu yığıncaqda əhəmiyyətə alınacaq ikinci nöqtə bu səhvi düzəltməkdir. Əhəmiyyətə alınacaq nöqtəmizin üçüncüsündə türkcə bilməyən müsəlman tələbələrin, məsələn, dağıstanlı qardaşlarımızın bu məktəblərdə şəriət dərslərini özgə dil ilə öyrənmələri məsələsidir.

Doğrusu, buna heç ağlım irəmir ki, iki-üz yüz Azərbaycan türk tələbələri arasında illərcə bərabə ömür keçirən beş-altı dağıstanlı müsəlman qardaşımız şəriət dərsini türkcə öyrənməyib özgə dili ilə öyrənməyə məcbur ola.

Yox, yox! İnsafı kənara qoysaq belə bu üsul təlim üsulu deyil. Bir sinifdə 50-60 tələbənin arasında bulunacaq bir-iki türkcə bilməyən tələbəyə ayrı bir dil ilə öyrətmək, bu bir-iki tələbəyə, daha doğrusu, qəsdlə olan bu çürük fikrə 50-60 tələbəni qurban etmək deməkdir.

Məktəblərin hüquq, idarə və təşkilat cəhətlərini milli əsas üzərində quracaqlarını vəkillərimizin məlumat, qeyrət və həmiyyətlərinə buraxandan sonra budur mənim yada saldığım diləklərin xülasəsi:

  1. Təlim dilinin mütləq öz Azərbaycan türkcəmizdə olması.
  2. Diləklərimiz üçün “diri” elmlərin təlimi.
  3. Türkcə bilməyənlərin milli məktəblərimizdə türkcə öyrənmələri.

 

 

Ömər Faiq,

“Açıq söz” qəzeti, 28 mart 1916, â„– 144.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info