Qonaq Kitabı
MİLLİ MƏSƏLƏLƏRİMİZİN VAXTIMI?

I

Biz elə sanırız ki, hər millətin mətbuatı o millətin ən parlaq güzgüsüdür ki, oraya baxdıqca insan üstündə olan ləkələri, çirkinlikləri – qüsurları qaldırmağa və özünü daha təmiz, daha gözəl etməyə çalışır.

Halbuki bizim öz milli güzgümüzə baxdıqca orada bizdən artıq özgələri, özgələrin fikir və işlərini görürüz. O dərəcədə ki, bir avropalı, xeyr, xeyr, bir rus vətəndaşımız istəsə ki, Rusiya türklərinin ictimai-siyasi ehtiyac və əməllərini bilsin mümkün deyildir... Bizi bizim mətbuatla bilmək istəyən vətəndaşımız orda bizdən ziyada özlərini, özgələrini görüb şəksiz, təəccüb edəcəkdir.

Madam ki, Rusiyada 25-30 milyon türk var, bunların ictimai-siyasi idealları olması da təbiidir. Burasını danmaq deyil, sükutla keçmək belə həm milləti, həm də hökuməti aldatmaqdır. Müdara hər vaxt çirkindir. Bunu istər Hafiz bəyənsin, istərsə də indiki bəzi yazıçılarımız.

Bəli, biz Rusiya türklərinin özümüzə görə ictimai-siyasi arzularımız var. Bu arzuları böyük və qəbul olunmayacaq bir şey sanmayınız! Biz artıq bir zad istəmiriz. İstədiyimiz budur ki, bizə də insanlıq hüququ verilsin. Biz də Rusiyanın hüquqlu təbəəsi cərgəsinə keçəlim. Ögey övlad yerində tutulmuyalım. Hökumətin ümumi qanunundan din və millət seçkinliyi olmasın, xüsusiyyəti-milliyyəmizə etina edilsin.

Ürəyimizdəkini nə üçün gizlədəlim: hüquqsuzluğumuz üzündən idareyi-ruhaniyyələrimiz, milli məktəblərimiz, dilimiz, milli xeyiratımız, vəqflərimiz ağlanacaq bir halətdə olarsa, bu idarələrin, bu amlələrin fikir və tərbiyəsi altında yaşayan cəmiyyət əcəba nə halda olar?

Təkrar edirəm, ikiüzlülüyə hacət yox: ehtiyacımızı, dərdimizi açıqdan-açığa söylüyəlim. Yaralarımızın üstünü basdırmıyalım. Lazım gəlsə, ta dərinlərinə qədər açıb göstərəlim.

Millət ehtiyacının “millət camesi”nin minbərləri olan mətbuat səhifələrində müzakirə edəlim. İstədiklərimizi hökumətə olmasa da, adil hökumətin ədalətli qanununun vazeyi olan mütərəqqi rus sinfinə olsun bildirəlim.

Bu yol ilə həm millət öz yarasının qeydinə ən əvvəl özü qalmağa alışar, həm də hökumətin işi – verəcəyi əlacın təsiri qolaylandırılmış olar.

Bunun üçün ən əvvəl müdaranı, o yalançı və zərərli politikanı buraxalım. Hökumətimiz osmanlı türk hökuməti ilə dava edir, öz təbəəsi olan türklərlə yox. Həm öylə bir təbəə ki, imdi deyil, yüz illərcə öz sədaqətini, öz vəfapərəst adətini sözlə deyil, yeri gələndə, qan və qılınc ilə də bildirmiş və bildirməkdədir. Bizim kimi safürəkli bir millətə xəyanət isnad etməyin özü xəyanətdir, cinayətdir. Bu halda milli məsələlərimiz müzakirəsinin vaxtı deyil demək nə deməkdir? Böylə sözlərlə öz-özümüzdən şübhələndiyimizi göstərmiş olmazmıyız? Bu isə qaş qayırarkən göz çıxarmaq deyilmi? Hələ bir surətdə ki, məhəlli idarəmizin başçısı – namestnikimiz “ehtiyaclarınızı bildiriniz” deyir və bunu bizdən istəyir. Daha düşünməyin, müdaranın nə mənası var? Namestnikimizn o tərəqqipərəst arzusundan imdi bir aydan artıqdır ki, keçir. Əcəba, ruhani rəislərimiz nə kimi layihə və qərardad hazırlayırlar? Əcəba müşavirə məclisini harada quracaqlar? Yoxsa bu fürsət və zamanıdamı itirəcəklər?

II

Deyirlər, həm də camaat xadimliyi minbərindən deyirlər ki: “Milli məsələlərimizin mətbuat səhifələrində müzakirəyə lüzumu yox. Bizə lazım olan məsələlərə 9-10 il əvvəl Nijni yığıncağında baxılmışdır...”

Daha yaxşı ki, millət başçılarımız bizim üçün zəhmət çəkib milli məsələlərimizi hazırlamışlar, bizə gözəl yol açmışlar. Ancaq o zamanın müsaidəsizliyinə görə məsələlərin nələrdən ibarət olduğu mətbuat səhifələrində açıqca müzakirə edilə bilmədi. Camaatımızın, hətta ziyalılarımızın çoxu da yığıncağın qərardadından xəbərsiz qaldı. İmdi isə əvvəlki müsaidəsizlik bir dərəcəyə qədər götürüldü. Hazır namestnikimizin özü bizdən öz ehtiyaclarımızın bildirilməsini istəyir. Buna görə ehtiyaclarımız müzakirəsinin ən yaxşı vaxtı elə bu vaxtdır. Bizim üçün hər cəhətcə ən gözəl fürsətdir. Bizim milli məsələlərimizin nələrdən ibarət olduğunu, nə istədiyimizi bizimlə bərabər bəlkə mütərəqqi rus sinfi də bilmək istəyir. Elə bir vaxtdayız ki, bizim kimi hüquqsuz məzlumlar deyil, ən sahibi-ixtiyar ruslar belə daxili-idareyi daha mətin, daha hürr, daha mütərəqqi bir mərtəbəyə qaldırmaq, bununla hökuməti daha artıq gücləndirmək istəyirlər... İştə böylə bir vaxtda qısılıb oturmamızın, ehtiyat edib ağız qapamamızın bir mənası olmasın gərək. Çünki biz istədiyimiz müzakirə ilə hökumətin ətəyini dartmaq, ümumi işlərə mane olmaq fikrində deyiliz. Biləks, başların qarışıq olduğu bir vaxtda daxili-idarəyə lazım olan rahatlıq vasitələrini həmin müzakirə ilə o qarışıq başlara bildirmək, yardım etmək istəyiriz. Bunda hər iki tərəf üçün xeyir və faydadan başqa bir şey yox.

Ehtiyaclarımız, əlbəttə, hökumətin qərarı ilə əmələ gələcəkdir. O halda istədiklərimizi, ehtiyacımızı nə üçün açıqca bildirmiyəlim.

Hökumət istədiklərimizi qəbul etməyəcəkmiş. Deyəlim ki, etməsin. Heç olmazsa mütərəqqi rus sinfi öz ürəklərində qəbul edərlər ki, dünyada heç bir şey birdən-birə olmaz. Əvvəlcə lazım olan səbəbləri, qafaları hazırlamalıyız, sonra işin hüsulunu gözləməliyiz. İmdiyə qədər mətbuatımızda hansı dərdlərimiz saydıq, hansı yaralarımızı ciddi yolda açdıq? Nə vaxt camaatımızı hazırladıq, nə vaxt “Bu da bizim ümumi fikrimizdir” – dedik.

Bizim dərdimizi bilmək istəməsələr belə biz gərək fürsət axtarıb vaxt-vaxt bildirəlim, qulaqları dolduralım. Bir vaxt olar əlbəttə, zamanın, halın icabı ilə bu dərdlər qəbul olunar. Zamanımız özgə zamandır. Bizə ancaq çalışmaq, ən əvvəl öz camaatımızı tutacağımız işdən xəbərdar etmək, onu alışdırmaq lazımdır.

Hər millətdə özünün adətinə, aləminə, mühitinə görə birər xasiyyət var. Bilirəm, bizim camaat milli məsələlərimizi, ciddi məqalələri oxuyanda əsnər, yuxusu gələr, özünə ən lazım olan işlərdən qaçar. Hətta çox vaxt olur ki, öz xeyrinə çalışanları boğmaq, öz millət bağına axan su yollarını öz əli ilə kəsmək istər. Amma nerədə bir qoç döyüşdürməsini və ya qəzetdə tazə bir dava xəbərini eşitdimi, yuxuda da olsa qalxar, bütün düşüncəsini ona verər. Neyçün? Çünki öylə alışdırmışlar, öylə də alışmış.

Vaxtdır ki, camaatımızı yavaş-yavaş öz dərdlərinə, öz qeydlərinə qalmağa alışdıralım. Öz yarasını, öz dərdini özü yaxşı etmək yolunu bilməyinin, yalnız təbibin əlacı ilə eyi ola biləcəyini qandıralım. Camaatımızın fikrini hər şeydən əvvəl öz dərdinə tərəf çevirəlim. İştə o çevirməyin ən yaxşı vaxtı isə bu vaxtdır.

III

Bir məmləkətdə, bir yurdda yaşayan müxtəlif millətlər ümumi vətənin xeyrinə əvvəl vaxt daha sağlam bir yol ilə çalışa bilirlər ki, o millətlərin arasında haqq və ixtiyarca təfavüt olmuya, onları bir-birlərindən uzaqlaşdıran səbəblər bulunmuya. Çünki millətlərin arasında ziddlik salıb həm tərəqqi və təməddünə mane və həm də hökumətin qüvvətlənməsinə əngəl olan səbəblərin birincisi “müsavat”sızlıqdır.

Vaxta ki, bir topraq üstündə, bir hava altında qapıqonşu yaşayan iki millətin biri hüquqca üst tutulub, o birisi sıxıldı, o millətin arasında dostluq, yaxınlıq, o məmləkətdə rahatlıq olmaz. Nə təkim böylə də oldu.

Qafqazımızın son on il içindəki əsəfli halı bizə o acı həqiqəti öz gözlərimizlə göstərdi, müsavatsızlığın bəlasını çəkdirdi. Həmin bu müsavatsızlıq üzündən zühura gələn dəliliklər, cinayətlər biz Qafqaz millətlərinin üstünə silinməz tarixi ləkələr buraxdı. Bu ləkələrlə bərabər, o qəmli illərin ən ağır həqarət zəncirləri isə yalnız bizim boynumuza taxıldı. Ən böyük və nüfuzlu hökumət adamı ağzından məşhur bir məruzədə: “Şükr Allaha, müsəlmanlar avamlıqları bərəkətindən qəflət yuxusunda yatırlar...” məzmunundakı fikir və üsul bizə göstərilən mərhəmətin əsası oldu.

Vaxt da keçdi, bizim səmtə varan soyuqlar çəkilən kimi oldu. İmdi Qafqazımızda ədalətli bir idarə qurulacağı nəvədini eşitdik. Umulur ki, ən əvvəl bizə tərəf imdad əli uzadılır. Çünki Qafqazda ən ziyada maarif ehtiyacı, hüquqsuzluq bəlası içində boğulan bizik. Umulur ki, bir əsrə yaxın qonşularımıza verilən haqq və müsaidə “bu gün” olsun bizdən əsirgənməz, bizə çox görülməz.

İnsaf edilsin: zamanın böylə bir vaxtda 30-40 milyon biz Rusiya türklərinin milli mədəniyyətimiz adına hansı bir idarəmiz, hansı bir təşkilatımız var? Qonşularımızın Eçmiədzindəki “akademiyalar”, Tiflisdəki darülmüəlliminləri, geniş ixtiyarı, bol-bol milli məktəbləri qarşısında bizim nəyimiz var?

Ürəyində bir millət və tərəqqi məhəbbəti olan bir qafqazlı türk bir yol Tiflisin ən gözəl yerində beş desyatin torpaq yerində şəhərə ziynət verən erməni darülmüəlliminin əzəmətli binasını görür, bu yolda buna müqabil Şəki, Şamaxı, Gəncə və qeyri mədrəsələrinin halını bayquş yuvalarına bənzəyən o viranələri görür də sükutmu edir?

Eçmiədzindəki “Akademiya”nın yetişdirdiyi işıqlı, bilikli, həmiyyətli erməni ruhaniləri qarşısında bizim hacı Babaları, molla Məsumları, hacı Əfəndiləri görüb odlanmamaq mümkünmü?

Bu da rəva bir işdir ki, yan-yana yaşayan iki millətdən birinin sərixtiyarı göylərə çıxsın da, o biri xəcalətindən yerlərə keçsin.

Boş lovğalıqdan nə çıxar? Dininiz, Allah üçün dininiz. Milli mədəniyyətimiz adına insanca nəyimiz var? Müfti və şeyx idarələri altındakı məktəblərmi? Kaş heç olmayaydılar! Müfti və şeyxin özlərinin nə nüfuzları, nə ixtiyarları var ki, məktəbləri nə olsun?

Halbuki bizim kimi sədaqətli, bizim kimi böyük bir millətin müqəddəratı böylə olmamalıdır. Böylə olmamızda günah yalnız bizimmi?

Vaxtdır ki, özümüzü tanıyalım. Vaxtdır ki, həqqi-ədalətsiziliyin üzündən millətimiz varlığının təhlükəyə düşəkdə olduğunu qanalım! Qanalım da, hazır fürsət ikən bir tərəfdən namestnikimiz fəxamətli veliki knyaz həzrətlərinə, digər tərəfdən də Dumaya müraciət edəlim. Bizə də böyük və çoxluğumuza görə haqq və ixtiyar verilməsini tələb edəlim.

IV

Bir neçə gün qabaq namestnik dəftərxanasının müdiri Tiflisdəki qəzetə baş mühərrirlərini çağırıb onlarla müsahibədə bulundu. Müsahibdən məqsəd fəxarətli veliki knyaz Nikolay Nikolayeviç həzrətlərinin Qafqaz xüsusundakı fikir və arzularını və idarəsindəki məsləki-üsulunun təməlini yada salmaq və anlatmaqdır. Bu anladışa görə namestnikimiz üsuli-idarəsinin əsası “ədalət və müsavat” imiş. Və bu əsas cəhəti ilə hamı millətlərə bir gözlə baxmaq və onların arasında nəinki ziddiyyət, bəlkə dostluq və yaxınlıq vücuda gəlməsini şiddətlə arzu buyururmuş.

Doğrusu, bu xəbəri-müjdə müdir cənabları tərəfindən verilməmiş olsaydı belə, bizə bir dərəcə məlum idi, çünki böyük idarə adamına məlum olmalıdır ki, müsavat olmuyan yerdə, xüsusilə, millətlər arasında, nə dostluq ola bilər, nə də rahatlıq. Doğrudan da, Qafqaza, o millətlər sərgisinin intizamına ən ziyada lazım olan müsavat, hüquq, həqqi-ixtiyar bərabərliyi ilə bir müsavat ki, dostluq, dinclik, tərəqqi, ittihadi-şövkət və əzəmət, müvəffəqiyyət və qalibiyyətin ən birinci vəsiləsi olmaqla ən son da çarəsidir.

Bizə bu ümidi yalnız dəftərxana müdirinin “sözü” deyil, bizzat veliki knyazın özü də göstərir.

Şübhə yox ki, öylə böyük zat şeyxülislam cənablarına “ruhani ehtiyaclarınızı bildiriniz” cümləsini “söz olsun” üçün söyləməmişdir. Ruhani ehtiyacımızdan sonra ən böyük ehtiyacımız maarifdə olduğunu bilən veliki knyaz həzrətləri bvaxt keçirməkleyn Qafqaz maarifi-müdiri-ümumisinə buyurmuşlar ki, müsəlmanların maarif ehtiyaclarını bilib ərz eləsin.

Maarif müdirinin yapacağı da, şəksiz, tək-tək şəxslərə müraciət edib rəy toplamaq və bu yol ilə ehtiyacımızı yarım-yapalaq durub işə bir tövr əncam verməkdir. Lakin böylə böyük və məsuliyyətli işləri, nə qədər bilikli olsalar da, tək-tək şəxslərin görmələrindən artıq əlbəttə müəllimlərdən, mütəxəssislərdən, millət xadimlərindən ibarət bir məclisin görməsi daha ziyada münasib, daha çox xeyirlidir. Burasını bizə, təbii, maarif müdiri, ya qeyri bir məmur öyrətmiyəcəkdir. Bu bizim öz milli vəzifəmizdir. Burasını biz gərək özümüz qanıb veliki knyaz həzrətlərindən xahiş edək.

Maarif məsələsi bizim üçün ölüm-dirim məsələsidir. Milli məsələmizin ən münasib və qət olduğu zaman, hali-vəziyyət xüsusilə bu gün başımızda olan bir idarə arzu yalnız arzu deyil, bəlkə tələb belə edir. Həm bu surətdə ki, bəzi ehtiyaclarımızı xəyal və təsəvvürlərdə deyil, bu gün “iş” olaraq başlanmaq üzrədir. Daha düşünməyin, ehtiyatın yeri olmasın gərək.

Deyiləcək ki, ehtiyac və dərdlərimizi müzakirə edib nəticəsini hökumətə bildirmək böylə bir məclisi kim yığmağa çarə qılacaq?

Mən sanıram ki, hər şeydə olduğu kimi, bunun da çarəsi qolay. Ancaq çarəni axtarmaq lazım. İnanmam böylə can alacaq bir çarəni axtaran həmiyyətlilərimiz içimizdə əskik olsun. Əl verir ki, iş bilənlərimizdən bir neçəsi bir az vaxtlığa öz xüsusi işlərini buraxıb ürəkdən çalışalar. Mənə öylə gəlir ki, əgər bir neçə həmiyyətlimiz söz bir edib bizim rəsmi milli idarəmiz olan idareyi-ruhaniyyələrə ciddi yolda müraciət edərlərsə, iş həm rəsmi, həm də öz yolu ilə tezliklə görülür.

Doğru, bizim qeyri-rəsmi milli cəmiyyətlərimiz də var. Onlar da bu vəzifəni görə bilərlər. Lakin rəsmi bir milli idarəmizə özümüz də çalışıb yardım edərsək, müvəffəqiyyət daha artıq, daha sağlam olur, sanıram.

Mənim bu fikrimə etiraz edənlər çoxlu olsa da, mən yenə fikrimdə dururam. Hər kəs bilir ki, biz idareyi-ruhaniyyələrə həqarət gözü ilə baxmağa alışmışıq. Daha açığı, idareyi-ruhaniyyələrin bacarıqsız, nüfuzsuz əhvalı bizi böylə alışdırmış. Boynuma alıram ki, biz istəsək, o həqarətlə baxdığımız idarələr vasitəsilə xeyli işlər görə biliriz. Çünki o idarələr bizim ruhani idarələrimiz olmaqla bərabər, həm də siyasi milli idarəmizdir.

Milli məsələlərimizi bir tərəfdən qeyri-rəsmi cəmiyyətlərimiz vasitəsilə Duma vəkillərinə bildirməklə bərabər, o biri tərəfdən də rəsmi idarəmiz vasitəsilə yerli hökumətə, lazım gəlsə, daha da yuxarıya bildirməliyiz. Burası var ki, böylə böyük işləri yalnız imdiki rəisi-ruhaniyyələrdən gözləməməliyiz. Camaat işinə, el xeyrinə ən ziyada camaat xadimləri, el başçıları can yandırmalıdır. Bunlar əgər rəisi-ruhanilərə müraciətlə məsləhət edib yardım eləsələr, öylə bilirəm ki, məsləhətləri həm qəbul olunur, həm də müvəffəqiyyət görünür. Ancaq lazımdır ki, fürsət itirməyələr. İdareyi-ruhaniyyələrimiz vasitəsilə fəxamətli veliki knyaz həzrətlərinə müraciət edib ruhani və maarif ehtiyaclarımızın müzakirəsi üçün lazım gələn məclisə rüsxət alalım. Yoxsa, tək-tək şəxslərin, xüsusilə, hökumət məmurlarının rəyi və əlacları bizim yaralarımızı sağaltmaqdan ziyada bərbad eliyəcəyi aşkardır.

 

 

Ömər Faiq,

“Açıq söz” qəzeti, 10, 11, 25 noyabr,

6 dekabr 1915, â„– 31, 32, 44, 54.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info