Qonaq Kitabı
QURBAN BAYRAMI

İstər oda, bütə, istərsə kitaba inananların nəzərində olsun, yaradan, yaşadan, öldürən, tükənmiyən, ölməyən, güclü və böyük bir qüvvə, bir vücud təsəvvür olunardı ki, o da Allah idi.

Allah hər zamanda, hər yerdə və hər qövmdə bir əsas, bir məqsəd və bir fikir üzərinə tanınmış, şəriətlərin hamısında allahlıq sifətləri haman bir rəng və bir çeşid bilinə gəlmişdi.

Şəriətlər nəzərində Allahın sifətləri xüsusunda olan ayrılıq nə qədər az idisə, Allahın zatı – özü xüsusunda olan ixtilaf bir o qədər artıqdır.

Allahın zatı barəsində olan ixtilaf ta ilk yaradılmışdan bu günədək sürməkdə və bundan sonra da kim bilir daha nə qədər zaman sürəcəkdir.

Allahın qüdsi-idarəsi tərəfindən rəsuli-səfiri-vəkil xidmətilə gələn peyğəmbərlərin gətirdikləri şəriət, yəni qoyduqları ümumi qanunlarında əsas və qərəzləri nə qədər bir idisə, şəksiz ki, özləri zaman, məmləkət və qövmlərin ehtiyaclarına görə ayrı-ayrı gəlmişlər və o əsas və məqsədləri yenə təqazəyə görə təbliğ və təfsir etmişlərdi. Demək, şairin dediyi kimi, hər kəsin məqsədi bir, amma rəvayət müxtəlif. İştə, şəriət saliklərinin arasında olan ədalət, vuruşmalar və ayrılıqlar həp o rəvayətlər üzərinə gəlmiş və hamısı da haqq və ədaləti tapmaq, möhkəmlətmək üçün ayrı-ayrı yol, məzhəb tutmuşlardı.

Bir zaman vardı ki, insanlar “yuxarıdan” gələn hər cür əmrə - haqlı-haqsız baş əyməyi özlərinə borc, həm də qulluq-əbdlik borcu bilirlərdi.

Allaha qulluq, peyğəmbərlərə itaət vacibdi. Çünki Allah dünyanın müstəqil sahibi, keyfə-mayəşa rizası və hər qüvvətin güclüsüdür. Peyğəmbərlər də belə güclü bir idarənin səfiri və vəkilidir.

Padşahlara, əmirlərə və hakimlərə də bəndəlik etmək, tabe olmaq lazımdır. Çünki onlar da məmləkətlərin müstəqil sahibləri, böyük və güclüsü idilər. Bunların da özlərinə görə qanunları, idarə üsulları vardı.

Hər şey onların idi. Biz də onların rəiyyəti, yəni sürüsü, zirdəstanı idik. Onların hər bir buyruğuna boyun əymək, onlar üçün çalışmaq borcumuz idi. Hərçəndi bu itaət, bu borc, bu bəndəlik zaman-zaman dəyişir, hətta bəzi “azğınlar” tərəfindən arabir pozulurdu. Lakin onun təməlindən titrədəcək, sarsıdacaq çəlik qafalar, kəskin dillər və dəmir əllər ancaq gecdən-gec çox uzaqda bəlirən cansız bir işıq kimi xəyal-məyal görünürdü.

Deyəsən, əmirlərə, hakimlərə, ağalara olan bəndəlik ilə Allaha və peyğəmbərə olan bəndəlik arasında bir rabitə, bir nisbət vardı: Allaha, peyğəmbərlərə hər surətlə inanıb səcdə edənlər, xidmət sahiblərinə, ağalara daha artıq kor-koruna itaət və qulluq edirlərdi. Hər iki itaət və bəndəlikdə bir düşüncə də, bir qorxu da var idi.

Zaman keçdi, dünyamız dayanmayıb hərləndi. Dünya hərlənib əks istiliyini əks xasiyyətini dəyişdikcə sıx-sıx tərpənib oynamağını – çocuqluğunu buraxdıqca, soyuyub rahatlandıqca üstündəki insanlar da əski etiqadlarını, əski düşüncələrini dəyişdirib təzələnməyə, əhllənməyə başladılar.

Mənə öylə gəlir ki, xayır, tarix öylə göstərir ki, rəiyyətlərin içində ən əvvəlcə ümumi cərgədən, zamanın bəndəlik sürüsündən ayrılıb tazə fikrə, tazə həyata, tazə aləmə can atan fədailərin ən birinciləri peyöəmbərlər olmuşdur.

Özgə peyğəmbərlər, özgə dəyişmələr, özgə fikirlər o yana dursun, bu qaralamamda bildirmək istədiyim qurban üsulunu, əski bəndəlik, əski şəriət qaydasını dəyişdirən Həzrət İbrahim olmuşdur.

O həzrət ki, o zaman vavirlərdə hər kəsin “allah” tanıdığı günəş, ay və yıldız çıxdıqca: xeyr, xeyr bunlar Allah olmaz – deyə qızqırırdı. O, ancaq haqq yolu axtarırdı. Ümumun etiqadına, millətin əski adətinə toxunur – deyə ıska fikir etməzdi.

O həzrət ürəyindəki sağlam imanı ilə hər kəsin tərsinə gedir, böyük cürət ilə ən böyüklərə qarşı durardı. Əqlə uyğun olmayana inanmaz, kor-koruna etiqadı insanlıq şərəfinə əskiklik sayardı.

İştə o idi ki, əski adət, əski fikrə məğlub olaraq oğlu İsmayılı qurbanlığa götürüb kəsəcək vaxt:

−     Bu nə?!!! İnsanları boğazlamaq Allahın rizasını almaq deyil, bəlkə rəhmət və

ayinini, yer üzündəki ziynət və bəxşeyişini kəsməkdir – deyə söylənib düşünməyə başladı. Bu heyndə onun nazik və ülüv ürəyinə vəhy gəldi ki:

−     Ya İbrahim! İsmayılın yerinə qoç kəs! Həzrət İbrahim İsmayılı buraxdı, sürüdən

bir qoç tutub kəsdi.

Çox ehtimal ki, o zaman kəsilən qurbanlar sadəcə tələf olub gedirdi.

Zaman keçdi. Həzrət Məhəmməd əliyyün-islam yetişdi. Kəsilib atılan qurbanları nahaq buldu. Həzrət buyurdu ki, kəsilən qurbanın bir azını sahibi dadsın, qalanı möhtaclara paylansın!

İştə qurban kəsib fəqirlərə payladığımız gün bizim üçün bayram oldu. Həm də böyük bayram oldu.

Böylə ya, dünyada fəqir və möhtacların könüllərini almaq, dərdlərinə qalmaq qədər nə savab və təsəlli ola bilər.

Şübhəsiz ki, bu böyük bayramdan qərəz, can tələf edib qan axıtmaq deyil, bəlkə onunla fəqirlərin canlarını diriltmək, qanlarını artırmaqdır.

Xoş o günə ki, hamı onun əsl mənasını qana və o gündə hamı bir yerə gələ, hamı bir imanla sevinib gülə.

Bəli, o gün bizim üçün əsl bayram olar ki, dava üzündən yurdu yıxılıb ocağı sönən, bir loğma əkməyə möhtac olanlar ilə boyunları bükük bir halda qapılarımıza qədər sürünüb gələn yetimlərimiz də bayram edələr.

Nə olar ki, o möminlər kəsdiyi qurbanın ətini, doğrudan möhtaclara, dərisini də yetimlər evi üçün saxlayıb insanlıq, müsəlmanlıq borcunu yerinə yetirməklə bayram edə.

Ümid olunur ki, zəiflərin, əzilənlərin haqqı uğrunda insanlardan qurban verilən böylə bir həngamədə biz də kəsdiyimiz heyvanları zəiflərimizə qurban edək.

 

Ömər Faiq,

“Açıq söz”, 7 oktyabr 1915, â„– 5.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info