Qonaq Kitabı
FÜRSƏT AZ, EHTİYAC BÖYÜK

İki-üç ay əvvələ qədər hər kəsin ürəyində müfti və şeyxülislam cənablarına qarşı bir narazılıq, hətta bir hiddət vardı. Camaat deyirdi ki, 6-7 milyon böyük bir kütlənin rəisləri millətlər fəlakətinə qarşı göz yumurlar. Daha doğrusu, yalnız düşüncələrindən, qorxaqlıqlarından, ürəksizliklərindən qəsdlə görməməzlik, eşitməməzlik edirlər. deyirlərdi ki, müfti və şeyxülislam Tatyana ianə cəmiyyətinin Tiflisdəki şöbəsinin üzvləri olub, bir həftə sərdar sarayındakı məclisdə bulunduqları halda müsəlmanlara bir xeyirləri toxunmur.

Deyirlərdi ki, bu qədər böyük bir camaatın rəisləri əgər istəsələr nələr eləməzlər, nələr tapmazlar?

Camaatımı kömək etməz, qazı və mollalarımı itaət eləməz, yoxsa hökumətmi qulaq asmaz. Xeyr, xeyr, hamısı olar: təki onlar istəsinlər!

 

Ramazan ayı idi. Göydən rəhmət enir, yerdə nemət yayılırdı. Hər kəsin ürəyi şəfqətlə dolmuşdu. İştə böylə bir vəqti müfti və şeyxülislam cənabları fürsət və qənimət bildilər. həm camaatın minnət və şikayətindən qurtulmaq və həm də Allahı razı etmək istədilər. Qazı və mollalara xitabən uzun ayə və hədislərlə dəvətnamələr yazdılar. Bu ilki fitrələrin onda birini də olsa dava yerlərindən gələn yetimləri saxlamaq xərci üçün yığmağı möhkəm fitvalarla əmr elədilər.

Dəvətnamələr paylandı. Hər kəs xəbərdar edildi. Ortalığa böyük sevinc düşdü. Camaatın rəislərindən narazılığı azalan kimi oldu. Qəzetlərimiz rəislərin bu həmiyyətlərindən uzun-uzun bəhs etdilər. Hətta illərcə uyuşub qalan ruhani idarələrimizin belə hərəkət və cürətlərinə çaşıb qaldılar. Çaşıb qaldılar ki, belə adi dəvətnaməni “tarixi vəsiqə” deyə adlandırdılar. Hətta bu “vəsiqəni” bizim üçün, bizim istiqbal və nicatımız üçün bir şan hesab edənlər də oldu.

Doğrusu, mən bu dəvətnamələrdən o qədər böyük kəramət gözləmirdimsə də, bütün-bütün də ümidsiz deyildim. Yaxşıya yaxşı, pisə pis demək qayidəsincə bir də gözləmədiyim bu hərəkəti təqdir etdim.

Günlər keçdi. Fitrə bayramı gəldi. Qazılar, mollalar hümmət qollarını çırmadılar, işə girişdilər, çalışdırlar, yığdılar, böyük fəxr ilə Tiflisə göndərdilər.

Bu qədər uzun fitvaların, qışqırıqların, çalışmaların nəticəsini hər kəs səbirsizliklə gözləyirdi. Gözləyirdi ki, altı-yeddi milyon camaat can-başnan “birər” qəpik fitrə versə, altı-yeddi min manat edər. Oh, nə gözəl mayə?!...

Heyhat ki, həqiqət özgə çıxdı. Şeyxülislam və müftinin uzun fitvaları ilə Qafqazda ən azı iyirmi-otuz min molla vasitəsilə yığılan fitrənin məcmuu dörd-beş mini keçmədi.

Qoy qurban bayramı da gəlsin. Gəlsin, onu da görək. Doğrudan, yetimlər evlərini idarə edən cəmiyyətlərin işləri çox çətin.

Tiflis cəmiyyəti iyirmi yetimi qəbul etmişdir. İndi əllidən artıqdır.

Fitrə parasından iyirmi min manata qədər gözlənirdi. Bunun yarısı olmadı. Halbuki Qarsdan gələn yetimlərin ardı-arası kəsilmir. Hələ sabah daha böyük ehtiyaclar, fəlakətlər qarşısında olmayacağımız nədən məlum?! Hazır əlimizdə fürsət var ikən bizə sığınan öz yetimlərimizi aclıqdan qurtarmanın yollarını düşünək!

Böyük-kiçik bir çox millətlərin haqq və hürriyyət uğrunda insanlardan milyonlarca qurbanlar verdikləri bir vaxtda biz də kəsib ətini yeyəcəyimiz heyvanların heç olmazsa dərilərini fəda edək. Əgər həmiyyətimiz bütün-bütün sönməmiş isə qurban bayramı yığıncaqlarından faydalanıb dərilərdən özgə sədəqə də toplamaq olar.

Şəksiz ki, qazılarımızın, axund və əfəndilərimizin hamısı yaramaz deyillər. İçlərində bu günü deyil, sabahı, gələcəyi düşünən həmiyyətli əfəndilərimiz çoxdur. Qələmlər bu gün lal isələr, əlbəttə, bu zamanın da bir fərdası – aydınlığı var. Fərdanın, gələcəyin intiqamı isə çox şiddətlidir.

Ümidliyəm ki, qurban bayramında həmiyyətli əfəndilər ilə möhtərəm bəy və hacılarımız, çalışqan cavanlarımız birləşib həm qurban diləklərini sədəqə yığmaqla milli və şəri borclarını əda edərlər.

 

 

Ömər Faiq,

“Açıq söz”, 2 oktyabr 1915, â„– 1.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info