Qonaq Kitabı
ÇOX UTANDIQ

Utanıram, inanmaq istəmirəm ki, Bakı kimi bir şəhr Qars tərəfindən göndərilən 40-45 yetim uşağı saxlaya bilmiyə. Saxlaya bilmiyə də qazimat ilə aləmə elan edə ki, “cəmiyyətin işi çoxdur, yetim uşaqlara, eylə xırda işlərə baxmağa vaxtı yoxdur. Hər kim nökərliyə nə qədər uşaq istəyirsə, gəlsin aparsın!”

Cəmiyyət burda bir şeyi yaddan çıxarmış: əgər gözə gələn qız və oğlanları pul ilə nökərliyə versəydi və ya bir kərəlik satsaydı, cəmiyyət sandığına xeyli pul yığışardı və bu vasitə ilə cəmiyyət üzvlərini ianə yığmaqdan qurtarardı.

Vay cəmiyyəti-xeyriyyə! Vay milyonlu şəhər! Vay bədbəxt millət! Məgər quru adın varmış!

Mən öylə bilirdim ki, Bakı nəinki 40-45 yetimi, bəlkə bir neçə yüzünü də saxlamağa hazırdır.

Halbuki min zəhmətlərlə yığılan və Bakının mərhəmət qucağına sığınan 5-10 yetimi də başdan dəf etmək, onun-bunun qapısına tullamaq istəyir.

Aman ya Rəbbi, nələr eşidirik, nələr görürük. Nə demək, bu nə demək ki, 4-5 milyonluq bir camaat 1-2 yüz yetim balasını bir yerdə saxlamağa gücü çatmaya!

Of, doğrudan da ölmüşük, doğrudan da yalançı bir adımız qalmış! Doğrudan da milli dirilik, mədəni insanlıq adına bir qəpiyə dəymərik.

Nədir bu rəzalətlər? Nədir bu alçaqlıqlar, bu murdar xasiyyətlər?

Sizdən soruşuram: 40-50 yetim uşağı bir yerdə saxlamağı bacarmayan bir millət nə cür insanca yaşamaq xəyalında, hələ “ağalıq” iddiasında ola bilər?

Bir düşününüz! Sizin qucağınıza can atan balalar kimlərdir: evi-eşiyi talan olunmuş, anası-atası boğazlanmış, 11-12 yaşındakı bacısı aylarca canavarların əlində qala-qala dəlilənib axırda tələf olmuş, bütün qohumu yox edilmiş, yarı canda qalmış öz millət balalarınızdır. İnsan sevdiyi itin balalarını belə bir dərəcə alçaqlamaq ki, “İsmailiyyə” binasının padvalında belə bir neçə həftə saxlaya bilməyib çöllərə tullanmaq istənir!

Nə olar, İsmailiyyə imarətinin zahiri zinətinə əskiklikmi olar ki, yuxarı qatında yaralı qoşunlar, altında yaralı millət balaları bulunsun!

Bizim günümüzdə, millətin ehtiyacı üçün yapılan İsmailiyyə binasının bir neçə otağı və ya otağın polu millət balalarından əsirgənirsə, daha bu əzəmətli imarət nədən ötrü tikilmiş?

Ey kimsəni bəyənməyən millət! Ey savab üçün Ərəbistan, İran çöllərini aşıb “hacı”, “kərbəlayı” olmağa can atan ağalar! Hara gedirsiniz, nə fikir edirsiniz? “Kərbəla”dan yüz qat yanıqlı,dəhşətli olan bugünkü kərbəla qurbanları mərhəmətinizə can atmışlar! Ayağınızın yanına – Bakıya qədər gəlmişlər...

Siz hara gedirsiniz? Savabmı, insanlıqmı, millətpərəstlikmi, hacılıqmı, məşədilikmi, ağalıqmı, nə, nə istəyirsiniz: hamısı, hamısı bu gün burda, qapımızın yanındadır!

Utanaq, çox uatanaq ki, Bakı kimi Qafqaz müsəlmanlarının mərkəzi olan bu şəhər 40-45 yetimi saxlamaqda aciz qala.

Şəriətdən, insanlıqdan utanmırsaq, qonşularımızdan – onların fədakarlığından olsun həya edək.

Mən bilmirəm, niyə qəzetlərə, teleqramlara tökülüb xəbər axtarırsınız, bir şey bilmək, ürəginizi şad etmək istəyirsiniz, məgər Bakının dövlətli bir imarətində, millət binasında 5-10 yetimə yer tapmayıb it-pişik yavruları kimi dişarı tullamaq xəbəri az qəribə xəbərlərdənmidir?

Ac, çılpaq qalmış, davanın ən şiddətli zərbələrinə düçar olmuş 5-10 millət balamızın ürəklərini şad etməkdən artıq şadlıqmı axtarırsınız?

Yerdə gəzməyi bilməyə-bilməyə nə hünərlə göylərə uçmaq, böyük ümidlər dalınca düşmək xəyalında bulunursunuz?

Amerikada bir müəllim, məşhur bir milyardeçimi olmaq istəyirsiniz? Vanda erməni qəhrəmanı Aram hamı millətini “ya ölüm, ya dirilik” bayrağı altında çağırmış...flan öylə olmuş, flan iş böylə getmiş...bu xəbərləri nədən ötrü oxuyursunuz? Sizə, bizə nə?

Gözüyün önündə ac, çılpaq ulaşan 5-10 gözü yaşlı ürəyi odlu millət balasını bir yerdə saxlamaq mərhəmətində bulunmayan bir camaatın ürəyində nə millət hissi, nə vətən qeyrəti, nə din və məslək əqidəsi ola bilər!

Bakı cəmiyyəti-xeyriyyə idarəsinin işi çoxsa, özgə işlərə baxmağa vaxtı azsa, əcəba, cəmiyyətin idarə adamlarından özgə adamları yoxmu, əgər yoxsa, cəmiyyət haradan əmələ gəlmiş? Məgər Bakıda heç kəs qalmamışmı? Yəni 5-6 kişidən ibarət bir heyət vücuda gələ bilməzmi ki, cəmiyyətin himayəsində olacaq yetimlər evini idarə edələr? Yəni bu öylə böyük, çətin işdirmi? Əgər cəmiyyətin pulu qurtarıbsa kişiləridəmi qurtarıb ki, çarəsini fikr edələr, cürbəcür vəsaitlərlə pul yığalar?

Deyəcəksiniz: “Qafqaz Bakıdanmı ibarətdir? Bakının milyonları çox, dərdi də çoxdur. Hər kəs gərək özünə kömək etməlidir, yalnız Bakıya göz dikmək nə insafa, nə də əqlə sığmaz!”

Doğrudur, çox doğrudur: hər kəs özünə görə kömək etməlidir. Özümüz işsiz, ianəsiz oturub yalnız dövlətlilərə göz dikmək – gözsüz qalmaq, milləti tənbəlliyə, xırsızlığa öyrətmək deməkdir.

Burası məlum, lakin özgə yerlərə görə bu işdə Bakı “özünə görə” özünə düşən borcu, sanıram, başa gətirəcəkdir. Söz yox ki, çoxdan-çox, azdan-az olar.

Bakı özünə sığınan 40-50 uşağı paylamağı da yoxsa bir hünərmi sayırsınız? Bu qədər uşağı o yol ilə nəinki bir şəhər, ən xırda bir kənd belə can-başla qəbul edər.

Üç cüt bir tək müsəlmanı olan Tiflisdə “yetimlər evi” üçün 80 min manat yığıldı, bunun min manatı Bakıya göndərildi, qalan pul ilə cəmiyyəti-xeyriyyə “yetimlər evi” açdı. Bu evdə hər yandan nə qədər qaçqın gəlsə, qəbul edəcək, bir vaxt saxlanandan sonra 20-dən artığı Bakıya göndəriləcək, 20-si həmişəlik saxlanacaq. Cəmiyyətin qərarı böylə oldu.

Cəmiyyətin bundan ötrü olan yığıncağında bir neçə xanım, Bakıya arxayın olmamağımızı bəyan etsə də, mən özüm bu fikrə razı olmadım. Bunu Bakı üçün həqarət və əskiklik hesab etdim.

Bakının dövlətinə, zahirinə, yüzlərcə intiligentlərin vücuduna, dövlətlilərin şirin sözlərinə məgər mən yalnız aldanmamışam? Keçən həftə Qarsdan mənə görə göndərilən 34 uşaq bir az burda qaldı, bunlardan 2 oğlan burda yetimlər evində itmiş bacılarını görən kimi bir-birinə sarılıb ağlaşmağa başladılar, yarım saat bunları ayırmaq mümkün olmadı. Bacıları ah-fəryad elədilər ki, qardaşlarımızı bizdən ayırmayın, qoyun xəstə qardaşlarımıza biz özümüz baxaq.

Müfti əfəndi çarəsiz qalıb uşaqları saxladı və Bakı cəmiyyətinə kağız yazıb təvəqqe etdi ki, uşaqları saxladığından ötrü inciməsinlər.  Məgər Bakı cəmiyyətinin canına minnətmiş! Kim böylə xəyal edərdi, yoxsa 10-15-ni burda saxlardı!

Doğrudur, Bakı cəmiyyəti idarəsi bir neçə şəxsin çalışmasına, ümidinə qalmışdır, xüsusilə, yayda hər kəs Mərdəkan bağlarına, Kislovodski parklarına çəkilmiş, öz canlarının qeydinə qalmış. Sözüm yox, insan yaşadıqca səhhət və sağlam yaşamalıdır! Təbiətin zorlu qolunu büküb insanca ömür etməli. Lakin həyatın ölüm sızıları ilə, aclıq qorxusu ilə can verməkdə olduğu böylə qara günlərindən qeydsiz yatmaq, Qars dağları ətəklərindən, özgələrin əllərindən yığılan yetimləri əvvəlcə istəyib də sonradan peşman olamq, onun-bunun qapılarına tullamaq bakılılar adına layiq olmasın gərək.

Böyük ağaclara sarılan sarmaşıqların, zinətli balkonları örtən çiçəklərin kölgələri altında pianonun səsinə qulaq verib də Qars tərəflərindən qopan millətin ah və əninini eşitməmək, onların dərdinə qalmamaq, türklük, müsəlmanlıq, insanlıq adına yaraşmaya gərək!

Yenə təkrar edirəm, madam ki, bizdə beş-on öz yetimimizi insanca saxlamağa ləyaqət yox, öz balalarımıza mərhəmət yox – ya biz nə haq və nə üzlə özgələrdən mərhəmət və ədalət gözləyirik?

Bizim kimi ölmüş, duyğusuz, zalım bir millətə mərhəmət nəyə lazım? Haqq və hürriyyət nəyə gərək? Bu gedişlə, bu qanacaqla, bu qeydlə siz sanırsınız ki, bu günkü rahatlığınız davam edəcək?

Heyhat, nə çoxdur xam xəyal. Bu həmiyyət, bu qeyrətləmi böyük əməllərin, uca fikirlərin, ulu ümidlərin dalına düşmüşük! Cənabi-Həqq bəlkə öz ulu intizar, ulu fikirlərin üsulunu bizim kimi qorxaq, xəsis, duyğusuz qansızların ümidinə qoymaya.

İnciməyin, siz inciməyin, ey millətin kökü, təməli yerində olan qara camaat! Ey ürəkdə millət namusu olanlar!

Ümidimiz yenə sizədir, ey bəzi həmiyyətli bakılılar, ey gəncəlilər, ağdaşlılar, şamaxılılar, şəkililər, kürdəmirlilər! Üzümüzü sizə tutub yalvarıram: hər biriniz on-iyirmi uşaq götürünüz, saxlayınız. Yekə bir şəhər 5-10 yetimi bir yerdə saxlamaqdan aciz olmasa gərək!

Tiflis kimi bir yerdə 20 uşağın (bir baxıcı xanım, iki qulluqçu arvad, bir müəlliməsiylə bərabər, hamı yemək, içmək və tərbiyələri) xərci 3 min neçə manatdır.

Bu ölüm-dirim vaxtında əlimizdən heç bir şey gəlmirsə, barı bu ocağı sönmüş qardaşlarımızın yavrularını bir az zaman insanca saxlayaq.

Əcəba, hansı şəhər istəsə böylə fədakarlığı bacara bilməz?

Umuram ki, ürəyində bir az millət hissi, namusu olan bir müsəlman razı olmaz ki, bizə sığınan saf əxlaqlı balaları küçələrə töküb öldürək.

Əlbəttə, hər şəhərdə bir cəmiyyəti-xeyriyyə və ya nəşriyyə var. Tələsiniz! Bu cəmiyyət adından Bakıya adam göndərib İsmailiyyə padvalının tozlarında qalan və onun-bunun qapısına tullanmağa hazır edilən öz qardaş-bacılarınızı qurtarınız. Qoymayınız heç kəsə bir uşaq da verilsin! Uşaq saxlamağı həvəs buyuran ağaların ürəklərində doğrudan mərhəmət varsa, saxlayacaqları uşaqların pullarını “yetimlər evi” idarəsinə versinlər.

“Yetimlər evi” üçün pul yığmaq çətin deyil. Əl verər ki, ürəkdə istək, millətə eşq və məhəbbət olsun! Əl verər ki, baş-başa verib fikr edəsiniz, başlayasınız.

Bəsdir, utanaq!

 

Ömər Faiq,

“Yeni iqbal” qəzeti, 3 iyul 1915, â„– 58.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info