Qonaq Kitabı
EŞQ VƏ MƏHƏBBƏT

Hörmətli oxucular, bəlkə “Nə eşq və məhəbbət vaxtıdır, qiyamət qopur, aləm bir-birinə dəyir, millətlər can çəkişir. Biz indi də eşq və məhəbbət iləmi oynayacağıq” – deyəcəklər.

Doğru, doğru!

Eşq və məhəbbət yalnız bizim şairlərimizin, bizim təbiətlilərin malı deyil. Eşq və məhəbbət iki istəklini bir-birinə bağlaşdıran kimi hər arzu ilə məqsudi də bir-birinə qovuşdurmaqdır. Eşq və məhəbbət varlıq, dirilik, birər dirəkdir. Bu gün hər fədakarlıq, hər qaliblik eşq və məhəbbət bağlıdır. Məhəbbət hər dirliyin açarı, hər dərdin davasıdır. Məhəbbət mədəniyyətin anası, cahanın hakimidir. Dünyada nə çətin iş ola bilər ki, məhəbbət onu vücuda gətirə bilməsin? Əl verər ki, başda bir iş üçün məhəbbət ola! Əl verər ki, elm həvəsi, millət məhəbbəti, vətən eşqi, mədəni istiqlal arzusu hamı məhəbbətlərin güclüsü ola! Bunlar – insanı idarə edən bu güclər oldumu, daha irəlisini düşünməyiniz: istənilən hər şey bu sayədə yapıla biləcəkdir. Mən inanmıram ki, insan hər şeyi ürəkdən istəyə, ürəkdən elm və tədbir ilə çalşa, ürəkdən məhəbbət bağlaya, o şey başa gəlmiyə! Mən inanmıram ki, məhəbbətlə can qıyılan yerdə dünyalar ələ gəlməyə. Eşidirik ki, bir yaponiyalı dənizdə üzən qorxulu bir düşmən minasını partladıb, öz vücudu ilə bərabər darmadağın edir. Eşidirik ki, bir avropalı on min metrlik aeroplan ilə bərabər aşağı fırlanıb düşmənin əhəmiyyətli bir flotunu özü ilə bərabər parça-tikə edir. Eşidirik ki, bir şəxs Vətən uğrunda düşmən qalasının barıt anbarını odlayıb özü ilə bərabər havaya sovurur. Bəli, məhəbbət nələr, nələr elətdirməz! Dilinə olan məhəbbət deyilmidir ki, Rusiya təbəəsi iki polyakı, iki fini öldürəsən rusca danışmaz. Əcəba, polyak rusca, nemescə bilmirmi? Bəlkə firəngcə də bilir! Lakin hamısından artıq öz dilini sevir. Öz dilinin aşiqidir. Polyak bilir ki, bir millətin yaşaması dili ilədir. Dil yoxluğu millət yoxluğudur. Bu gün Polşa hər nə olursa olsun, madam ki, polyak dili vardır, Polşa da olacaqdır.

Sevgili oxucularım! Millətlərin qan və od içində çalışdığı belə bir həngamədə “dil” məsələsi ilə vaxt keçirməyimə çaşıb məni qınamayın. Mən görürəm ki, bizi o qan və od dənizindən qurtarmaq istəyənlərin çoxu hələ özgələrin dil və adət əsiridirlər. Bunlar bu əsirlikləri ilə bərabər, bizi də əsirlikdən qurtarmamaq, yalançı pəhlivanlıqda bulundurmaq istəyirlər. Bəlkə deyirsiniz ki, “dil”in millətpərvərliyə nə dəxli var? Bir kişi türkcə bilə-bilə qəsdlə danışmaz, amma ürəkdən millətpərvər olar.

Belə ikiüzlüləlr bəlkə ola bilsin. Lakin mən inanmıram ki, dilini sevməyən millətini sevsin. Çünki dil millətin tək nişanıdır, millət sevgisinin birinci əlamətidir. Dilini sevməyənin ürəyində millətpərvərlik duyğusu aramaq istiotdan bal dadı gözləməyə oxşar. Milli dilində danışmaq istəməyənin millətpərvərlikdən dəm vurması yalançılığın təzə modasından özgə başqa bir şey ola bilməz. Mənə deyirlər ki, öz dili, öz ədəbiyyatı olmayan millət öz varlığından danışmağa utanmalıdır. Türk dili pis də olsa, özümündür. Halbuki dilimiz dünyadakı asan və gözəl dillərdən biridir. Elə asanlığı səbəbindəndir ki, bəzi millətlərin arasında ümumi dil kimidir. Bir rum ilə erməninin türkcədən özgə dil ilə danışdıqlarını görməzsiniz. Halbuki bizim bəzi ağalar dilimizin çətinliyini bəhanə edib evdə arvad-uşaq ilə də özgə dil ilə danışmaq xəyalında bulunurlar. Tiflisdə beş ziyalı bir araya gələndə gözrməzsiniz ki, öz dili ilə danışsın. Buranın qonaqlıqlarında, yığıncaqlarında milli dil, milli adət, milli süfrə, milli sadəlik bulmazsız. Hələ xanımlar deyəsən ki, milli dilə düşməndirlər. bunların adları özgə, dillər özgə, diləkləri özgə, tərbiyələri özgə, gələcəkləri özgə, məhəbbətləri özgə! Bilmirəm bunların millikdən payları nədir? Bilmirəm bu gedişlə hara gedirik?

*   *   *

Mən burda dilin gərək dirilik və mədəniyyət və gərəksə siyasət aləmlərində nə işlər gördüyünü və nə dərəcədə əhəmiyyətli olduğunu sayacaq deyiləm. Qarsda minlərcə qardaşlarımızın hələ “bir loğma ətmək” fəryadı kəsilmədiyi bir vaxtda belə dil məsələləri ilə gün keçirmək, əlbəttə, yaxşı görünməz. Nə edim ki, bizi millət məhəbbətindən geri qoyan səbəblərin biri də dilimizdir. Daha doğrusu, dilsizliyimizdir. Açıq dil ilə geniş ədəbiyyatımızın olmamağıdır. Bu gün bu yazılarımla ancaq gödəkcə yada salmaq istəyirəm ki, millətimizi sevmək üçün ən irəli dilimizi sevməliyik. Həm də elə eşq və məhəbbətlə sevməliyik ki, heç bir şey ona əngəl ola bilməsin. Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi sevmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır. A canım! Bzi özümüzü bilməsək, öz dilimizi bəyənməsək, kim bizə hörmət edəcək və nədən ötrü də etsinlər. Heç düşünmürük ki, biz özümüzü istəməyəndə özgələrin bizi istəmələrini ummaq dəlilikdir. Çaşıb qalıram. Ufaq bir millət heç yoxkən özünü böyüdür, öz varlığını hər yol ilə də olsa, özgələrə bildirir. Öz ehtiramını saxlayır, özünü saydırır. Amm biz? Lap tərsinə, ən çox özümüzü özümüz bəyənmirik. Öz əlimizlə özümüzə qəbir qazıyırıq. Nədən gözəl dadlı dilimizi bəyənmirik? Nədən bu gözəl dilimiz yaymağa can-başla çalışmırıq? Yox-yox, belə olmaz. Daha əl verər, biz də gərək özümüz öz qədrimizi qanaq! Qanaq da, Məmmədləri – Mişa, İskəndərləri – Saşa, Kərimləri – Kiruş, Gülsümləri – Gülya, Leylaları – Lyalyaya çevirməkdən utanaq. Sözlərim doğru isə gəlin birləşək! Dil məhəbbətini millət məhəbbətinin başlanğıcı bilək. Dilimizə ən dərin eşq və məhəbbətlə sarılaq. Bunun xatirini heç bir xatirə dəyişməyək. Millət düşüncəsini yenə milli dil ilə ürəklərə birləşdirək. Arada olacaq incimələrə, küsmələrə gərək qulaq asmayaq.

Bu gün millətini tanıyanların, millətinə eşq və məhəbbət bağlayıb çalışanların nə kəramətlər, nə möcüzələr, nə fədakarlıqlar elədiklərini şükür ki, hər dəqiqə eşidib duyuruq. Artıq nə deyim?

 

Ömər Faiq,

“Yeni iqbal” qəzeti, 2 iyul 1915, â„– 57.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info