Qonaq Kitabı
ƏTİQƏ

Bakıda Quba meydanından keçirdim. Gördüm camaat o qədər yığılıb ki, deyəsən, cəm‘ə məsələsindən ötrü mitinq edirlər. Bir az yaxın getdm ki, görüm bu nə qiyamətdir? Lakin bir zad anlamadım. Ancaq dəyənək guppultusu ilə qarışıq bağırtı səsləri eşitdim. Bu həngamədə üç-dörd gavur əcnəbi səyyahlar da mənə yaxın gəlib, mitinqin səbəbini duymaq istədilər. Bunların biri tez fotoqrafiya maşını çıxarıb mitinqin şəklini almağa başladı.

Mən daha artıq şəkləndim və fikir etdim ki, bu azğın müsəlmanlar polisəni ortaya alıb protest edirlər. amma camaatın çoxluğundan yaxın gedə bilmədim. Axırda bir həmşəridən xəbər aldım ki, “Qardaş, bu nə xəbərdir?” Həmşəri tütün çubuğunu ağzından çıxarıb bir neçə kərə citfit etdi. Tüprüyü düz səyyahın üstə düşdü. Bir az sonra mənə böylə cavab verdi: “Zalım uşağı itlər gəlib kababçıların ətlərini yeyiblər, kababçılar da itlərdən intiqam alırlar”.

Sonra qandım ki, həmişəki müsəlman mitinqlərindəndir. İstədim ki, işimin dalınca gedəm. Gördüm ki, həmşərinin tüpürdüyünə acıqlanıb gedən səyyahın əlində ətiqə mallar və bir çox müsəlman qəzetləri var. Əcnəbilərin məmləkətlərimizdə ətiqə mallar aldıqları məlum. Lakin bu müsəlman qəzetlərini yığmaları nə üçün? Bizim təzə qəzetlər onların nəyinə lazım?

Doğrusu, bu iş mənə dərd oldu. Yanlarındakı dilmancdan soruşdum ki, bunlar bizim müsəlman qəzetlərini nədən ötrü alırlar. Dilmanc hazırlaşırdı ki, cavab versin, o yandan səyyahın biri türkcə dedi ki; “Əfəndim, bunlar bizim üçün ətiqədir”. Bir yevropalının gözəl türkcə danışması və bizim qəzetlərə ətiqə deyib, əziz və möhtərəm tutması mənim milli hissimi oyandırdı. Mən də razılıq üçün dedim:

−   Çox sevindim ki, siz bizim qəzetləri ətiqə kimi möhtərəm saxlayıb, bizim Qafqazı

həmişə yada salmaq istəyirsiniz.

Mənim bu razılığıma qarşı səyyah yavaşca gülüb dedi:

−   Əfəndim, bizdə riyakarlıq və yalançılıq olmaz. Sizin qəzetlərinizin ətiqəliyi özgə

cəhətlədir, nəinki Qafqaz müsəlman qəzetləri olduğu üçün. Əgər özgə qəzetlər də varsa, mərhəmət edib bizim üçün tapınız.

            Səyyahın bu acı və rümuzlu sözü mənim başıma su tökülən kimi oldu. Çox pozuldum və dedim:

−   Taparam, lakin bizim qəzetlərə nədən ötrü ətiqə deməyinizi qanmadım.

Səyyah:

−   Kömək edəcəyinizdən razıyıq. Ətiqə bəhsi uzundur. Vaxtınız varsa, buyurun,

bizim mənzilə gedib danışaq.

−   Çox əcəb – dedim və “Yevropa” mehmanxanasına doğru getməyə başladıq.

Yoldakı söhbətimizdən duydum ki, mənimlə danışan ingilis Misirdə, İstanbulda 10-15 il qalıb, çox gözəl ərəbcə, türkcə bilir. Otağa girib oturandan sonra mən başladım:

−   Bizim qəzetlərə sizin nədən ötrü ətiqə deməyinizi bilmək istəyirəm, bəlkə bizim

Azərbaycan şivəsi sizə ətiqə kimi gəlir?

İngilis:

−   Xeyr, onlar bizə çoxdan məlum. Bizim bilmədiyimiz ancaq qəzetlərinizin məzmun

və mündəricatı idi. İndi oxuyub gördük ki, doğrudan ətiqədirlər. Budur ki, alıb məmləkətimizə götürürük və muzeylərdə saxlayacağıq.

Mən:

− Bu söz bizim üçün həqarətdir. Nədən ötrü bizim təzə qəzetləri köhnə mallar, paslanmış paxır pulları ilə bərabər tutursunuz? Halbuki, bizim qəzetlər də qonşularımızın qəzetləri kimi hər şeydən yazır, hər şeydən bəhs edirlər. Bəs nədən ötrü bizimkilər sizə köhnə görünüb, belə şeylərdə də din və millət təəssübü çəkirsiniz?

İngilis:

− Əfəndim, təlaş etməyiniz. Təəccüb yeri yox. Budur, “Yeni həqiqət”in 3-cü nömrəsi, oxuyum qulaq asınız. “İdarədən: bütün üləma və sair mühərrirlərə təklif ediriz ki, “kitabi-mübin” məsələsinə müdaxilə etsinlər. Bu xüsusda yazılan məqalələrə qəzetimizin sütunları açıqdır”.

Mən:

−  Çox yaxşı, bunda nə var ki?

İngilis:

− Əzizim, daha nə olacaq. Qafqazlıların bu sıxıntı halətində Osmanlının, İranın belə müsibətli günlərində siz hələ boş din bəhsləri ilə vaxt keçirirsiniz. Belə bəhsləri özgə millətlər 300 il əvvəl eliyərdi. Halbuki siz bu gün, o da bu fəlakətli günlərinizdə eləyirsiniz. Buna görə 300 il əvvəlki qəzetlər bizim üçün ətiqədir, elə də sizin bugünkü qəzetlərinizi (ingilis bu həngamədə çamadandan beş-on müsəlman qəzeti çıxarıb mənə göstərdi) oxuyursunuz, baxınız, bu təzə dediyiniz qəzetləri. Allah üçüb deyiniz: bunların yazdıqları ilə 500 il əvvəlki adamların fikirləri, əqidələri və adətləri arasında nə fərq var? Ha bir fərq var, bağışlayınız, bu fikirlər, bu əqidələr, bu bəhslər əski zamanda din kitablarında yazılırdı, amma indi müsəlman qəzetlərində...

Mən bu həqarətə dayanmayıb dedim:

− Səhviniz var, əfəndim! Bizim dinimizin qoşunları sizinki kimi boş dua, quru əxlaq, adi iman və vicdan hisslərindən ibarət deyil. Biz hər addımımızı min üç yüz il əvvəl gələn şəriətimizin öyrətdiyi kimi və hər işimizi ruhanilərimizin buyurduğu kimi tutmaq istəyirik. Eyb olmasın, bağışlayınız, döşəkdə yatıb qalxmağı, hətta ayaq yoluna getməyi də gərək şəriətdən öyrənək. Bu səbəblə din bəhsləri və nəsihətləri bizim üçün eyni nemət və böyük səadətdir.

İngilis:

− Şəriətinizə sözüm yoxdur. Lakin mən bilmirəm Quranın “kitabi-mübin” olub-olmadığında camaat üçün nə nəf və səadət var? Gözünüzü diqqətlə açıb özünüzə bir baxınız: nəsiniz, nəyiniz var? Hankı haqqa, insanlığa, müsavata maliksiniz? Qafqazı başdan-başa gəzdim. Sizdən cahil, sizdən fağır, sizdən səfil, sizdən qate, sizdən yazığ bir camaat görmədim. Qonşunuz ermənilərin, gürcüllərin də dinlələri var. Həm sizinkindən də köhnədir. Qəzetlərinizə baxınız. Sizinki kimi boş din bəhslər ilə camaatlarını məşğul edirlərmi? Onlar sizdən iki-üç qat az olduqları halda, hüquqda, maarifdə, ticarətdə sizdən iki-üç qat yuxarıdadırlar. Bu sözlərimdən inciməyiniz. Mən bitərəf bir ingilisəm. Axrayın olunuz ki, siz yazıçıları istədiyim üçün bu sözləri söyləyirəm.

Mən:

− Bizi istəyən bizi, bizim qəzetləri pisləyərmi?

İngilis:

− Qanıram ki, sizin indiki halınız lap köhnə yəhudilərin və qədim bizans rumlularının halına oxşayır. Siz öz xeyirxahlarınızı da tanımırsınız!

Mən:

− Yaxşı tanıyırıq. Biz heç vaxt qədim yəhudilərə də oxşamırıq, bağışlayınız!

İngilis:

− Tam onlar kimisiniz. Bilirsiniz ki...əski osmanlılar da İstanbulun divarlarını topla döyəndə, rumlular Aya Sofiyaya[1] doluşub din bəhsləri ilə bir-birlərini boğrulardı. Kimsədə vətən qeydi, millət qeyrəti, insanlıq hissi qalmamışdı. O idi ki, osmanlılar bir az müqavimətdən sonra qoca Bizans imperatorluğunu çürük ağac kimi devirdilər. sizin bugünkü halınız da o dağılmış millətlərin halına oxşayır. Öz gününüzü, öz dərdinizi buraxıb şeytanın, lövhi-məfhuzun, zülcənahın qeydinə qalırsınız. İslam günbəgün irəli getdiyi halda siz hələ beş yüz il əvvəlki din bəhsləri ilə geri-geri qaçırsınız. İndi deyiniz: belə bir vaxtda camaatı faidəsiz din bəhsləri ilə məşğul edən müsəlman qəzetləri “ətiqə” deyillər də nədir?

Mən:

− Bir qəzetimiz necə olubsa, elə bir zad yazmış.

İngilis:

− Bir qəzetinizmi? Hamısı belədir (bu həngamədə çantasından bir çox qəzet çıxarıb qabağıma tökdü və başladı oxumağa:)

“Burhani-tərəqqi”, nömrə 131: “Qəzetə oxuyan adamın imaməti cazimi?”

“İşıq” nömrə 1: “İstanbulda bir türk xanımı fotoqrafxanaya gedib üzüaçıq şəklini çıxartmaq istəmiş. Lakin polis döyüb fotoqrafxananı dağıtmış (?) və xanımı divani-hərbiyə (?) vermi. İdarədən: islam xanımlarının şəriəti-islamdan kənara çıxmamaları əlzəmdir”.

“Bəyanül-həqq”. Bizim nicat və səadətimiz təməssük edib ondan bir qıl qədər ayrılmamaqla olacaqdır...”

İngilis:

− Deyiniz görək, bunlar beş yüz il əvvəlki fikirlər, yazılar deyil də nədir? Belə yazılara bizim və sizini nəvələriniz “ətiqə” deməz də, nə deyər?

 

 

Lağlağı.

“Molla Nəsrəddin” jurnalı, 1911, â„– 5.



[1] Müqəddəs Sofiya məbədi. Vaxtilə Bizans memarı tərəfindən tikilmiş (532-537), 1453-cü ildə türklər tərəfindən məscidə, 1935-ci ildə isə muzeyə çevrilmişdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info