Qonaq Kitabı
RÜSTƏM VƏ SÖHRAB

Millətlərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da ancaq mətbuatlarıdır. Hansı məmləkətdə çoxlu nəfli, davamlı və nüfuzlu mətbuat varsa, ən mütərəqqi və mədəni məmləkət də orasıdır.

Mətbuatı olmayan millətin mövcudiyyəti-istiqbalı qətiyyən yoxdur. Mətbuatı olmayan millətin nə məhəbbəti-vətəniyyəsi, nə qeyrəti-milliyyə və insaniyyəsi və nə də idareyi-məşrutəsi ola bilər.

Dünyada davamlı heç bir hökuməti-məşrutə yoxdur ki, onu vücudə gətürən səbəbi-yeganə mətbuat olmasın. Heç bir nəticə-pəzir inqilab yoxdur ki, onun müqəddiməsi, onun validi mətbuat olmasın.

Mətbuat, inqilab, hürriyyət, ədalət – bunların cümləsi bir-birindən edadına möhtac yoldaşlardır.  Bu səbəblədir ki, mətbuatsız səmərbəxş inqilab, inqilabsız hürriyyəti-mətbuat ola bilməz. Bu cəhətlədir ki, mətbuatsız idareyi-məşrutə, idareyi-məşrutəsiz hürriyyəti-mətbuat davam edə bilməz.

Bir az daha açıq deyək: bir idareyi-məşrutə ki, mətbuatın və bu vəchlə əfkari-kəsirənin məhsulu deyildir, tez-gec köhnə halına qayıdacaqdır. Bir inqilab ki, bir çox illər mətbuatın qucağında tərbiyə olub onun təsirilə əmələ gəlməyibdir, ciddi səmərə verə bilməyəcəkdir.

İştə mətbuatın bu qüvvət və təsirini bildikləri üçündür ki, müstəbid padşahların cümləsi nə qədər gücləri varsa, viddi və həqpərəst mətbuatın məhvinə sərf etmişlərdir və etməkdədirlər.

Əgər biz türklər və müsəlmanlar da istərsək ki, dünyada yaşayaq, hüquqi-insaniyyəmizi mühafizə edək, qovğayi-həyatda məğlub olmayaq, gərək mətbuatın hörmət və əzəmətini bilək. Bilək də “mətbəə” və “kitabxana” adı ilə ona məxsus “məbəd”ləri vücudə gətirək, bir də ümumi qaidəyə tabe olaraq özümüzü, öz hüquqi-insaniyyəmizi mətbuatla mühafizəyə çalışaq.

Heyf ki, biz Qafqaz və Azərbaycan türkləri arasında mətbuat namına çoz az əsər var. Bizimlə bir qonşu, bir vətəndaş, lakin bizdən dörd-beş qat az olan gürcülərin ayda bir neçə yüzə qədər təzə kitabları, məcmuələri çıxdığı halda, bizdə ayda dörd-beş kitabça da olsun çıxmır. Hərçənd bu son vaxtlarda bir para təzə kitablar nəşr olunur. Lakin bunların bir parası tarix və divan adı ilə xurafat və cəfəngiyyatdan ibarət, bir parasının da qiyməti birə beş-on qat artıq olduğundan ümumə nəf verməməkdədirlər. Ortada nəfli və hər kəsin ala biləcəyi ucuz qiymətdə kitablarımız çox az.

İndilik talifi mümkün deyilsə, tərcüməyə nə söz. Ruscadan türkcəmizə tərcümə olunmalı minlərcə kitablar var.

Ümidvaram ki, açıq dil ilə yazılmış nəfli, ucuz kitabçaları camaatımız alıb oxuyar. Camaatı həmişə bir qərarda rəğbətsizlikdə güman etmək olmaz.

Mətbuatımızın irəli getməməyində camaat müqəssir isə, yazanlar da günahsız deyildir.

Bu gündən sonra camaatımız rus dili bilən ziyalılarımızdan, xüsusən müəllimlərimizdən çoxlu tərcümələr, əsərlər ümid edir.

Bu günlərdə mətbuatımıza “Müsəvvər Rüstəm və Söhrab” adında gözəl, ibrətli bir kitab əlavə olundu. “Müsəvvər Rüstəm və Söhrab” cahani-mədəniyyətdə məlum və məşhur olan Firdovsinin “Şahnamə”sindən tərcümə və nəql olunmuşdur.

“Şahnamə” məşhur dillərin cümləsində ya tamamən və ya qismən tərcümə olunduğu halda heyf ki, türkcə tərcüməsi hənuz yoxdur. “Müsəvvər Rüstəm və Söhrab” “Şahnamə”nin bir qisminin tərcüməsi isə də, bu qism o qədər mühüm və o qədər ibrətlidir ki, bundan müəllifin əfkari-məxusəsini bilmək olur.

“Müsəvvər Rüstəm və Söhrab” ədəbi Azərbaycan türkcəsi ilə nəzmən yazılmış 180 səhifəlik bir kitabdır.

Kitabın dili mümkün mərtəbə açıq, üslubi-təhriri xoş və səlisdir. Kitabın nazimi Zaqafqaz idareyi-ruhaniyyəsi baş katibi şair Abbas ağa Qayıbovdur.

Bu kitabın gözəl çapına içindəki lətayif və rəzif şəkillər ayrıca ziynət verməkdədir. Şəkillər məşhur nemsə müsəvviri Rotter tərəfindən qayət doğru olaraq çəkilmişdir.

Rusiyanın türkcə mətbuatı arasında bu kitab qədər gözəl çap olunmuş, bunun kimi zərif şəkillər ilə meydana çıxan kitab yoxdur.

Bu cür xoş kitabı əvvəlimci dəfədir ki, milli mətbuatımız arasında məmnuniyyətlə görürük.

“Müsəvvər Rüstəm və Söhrab”ın nə cür olduğunu özgələrdən dinləməkdən isə öz ağzından dinləmək daha xoşdur. Odur 43-cü səhifəsi:

 

Rüstəm şah ki, Keykavusa acıqlanıb:

Başında gərəkdir şahın əql ola,

Nə ki, sən kimi əfsəri cəhl ola.

Deməz şah əhli-həqiqət sana,

Adın şahdır, leyk təbin gəda.

Baş əyməm qabağında sən tək şahin,

Dəxi nazını çəkmənəm əbləhin.

Cahanda gəzirsən mənim arxama,

Nə nazü təhəkküm satırsan mana.

 

Rüstəm iranlılara xitabən:

 

Məni bir də görməzsiz İranda siz,

Bu yerlərdə salmaz mənim rəxşim iz.

Ədu etsə İranı gər payimal,

Onun şahının boynunadır vəbal.

Dəxi neyləyim məndə yoxdur günah,

Aparın siz Allaha indi pənah.

Minib bədəzan Rəxşi oldu rəvan

Siyahın çəkib azimi-Sistan.

 

48-ci səhifə:

 

Ayağa durub getdi Güdərz o dəm,

Qoyub Rüstəmin dalısınca qədəm.

Onunla bərabər qoşun başılar.

Dəxi atlanıb əzmrah oldular.

Şitab eyləyib Rüstəmə çatdılar,

Düşüb atlarından salam etdilər.

Dedilər ona sonra, ey pəhlivan,

Sənin zəkərin cümlə İraniyan.

Bilirsən özün şahın əhvalını,

Deyəndə sözü gözləməz dalını.

Səni eylədisə dilazürdə şah,

Dəxi yoxdur iranlılarda günah.

Edirsən neçün əhli-İranı tərk,

Nə təqsir axır onun, eylə dərk.

Günahı nədir bu gözəl torpağın?

Götürdün üzündən onun baydağın.

Qoyursan neçün bizləri sən yetim?

Nədir cürmümüz, söylə, ayə bizim.

Bunu guş edib verdi Rüstəm cavab

Ki, lazımdır Kavusdan ictinab...

Rəvadırmı ki, söyləsin nasəza,

Nə insafdır xeyir işə bəd cəza!..

Tamam etdi qurtardı Rüstəm sözün,

Durub sonra Güdərzə açdı ləbin.

Tamamən sözüm doğrudur, yox xilaf,

Ona kimsə etməz şəkkü ixtilaf.

Bunu etmək inkar mümkün deyil

Ki, dəymiş sənə şahdan azari-dil.

Vəli doğru fikr eylə, ey namidar,

Verərmi bu vaqiyə sənə ixtiyar

Ki, tərk edəsən xaki-İranı sən?

Qala xari-sərgəştə əhli-Vətən.

Rucu eylə insafi-vicdanına,

Yaraşarmı bu heç sənin şanına.

Deyil məhz aid şaha xidmətin,

Tamam əhli-İranədir minnətin.

Bütün xidməti-qeyrəti hər nə var,

Vətən sinəsində olub nəqşidar.

Keçər ömürlər, dövr edər dövrlər,

Vətən adını fəxr ilə yad edər.

Sənin həqqi-səyin unutmaz Vətən,

Gəl əhli-Vətəndən cəza gözlə sən.

Qalınca gərək qətrə qanın sənin,

Ola guşişin dəfinə düşmənin.

Başında kimin yoxdur eşqi-vətən,

Hesab et onu ruhsuz bir bədən.

Vətən qeyrətin çəkməsən sən əgər,

Kim eylər ona canını bəs sipər?

Olur isə İran əgər tarimar,

Səni rəncə etməzmi namus və ar?..

 

 

Nemanzadə,

“İrşad” qəzeti, 3, 4 iyun 1908, â„– 79, 80.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info