Qonaq Kitabı
“MOLLA NƏSRƏDDİN” BAĞLANDI

Cümə günü axşam saat səkkiz idi. Yazı otağında tənha oturub fikirləşirdim. Fikirləşirdim ki, nə üçün bir para adamlar “Molla Nəsrəddin”in yazdığını, məqsədini yaxşı düşünməyib fürsət axtaranların hiylə və təvillərinə aldanırlar. Nə üçün camaatımız bu qədər avamdır?

Bu qədər qışqırıq saldılar da gündə, gözlərinin qabağında min cür bidin və biqeyrət işlərə, aşkar haram və məsiyyətlərə sükutla tamaşa edirlər...

Mən bu cür xəyalatda ikən balkonda ayaq səsləri çoxaldı. Getdikcə şiddətləndi, şaşqa şıqqıltısı qaba ayaq səslərinə qarışdı. Yerimdən durdum, qapını açıb gördüm ki, bir sürü polis bizə doğru gəlir.

Mən özüm-özümə dedim: genə bir müsəlmanın, bəlkə millət atası adını qəsb edən bir müsəlmanın danos şəridir.

Danos şərlərinə çox düçar olduğumuz üçün pristava gülə-gülə dedim: “Genə nə var?”

Dedi: “Bir zad yox, ancaq qubernator buyurur ki, “Molla Nəsrəddin” idarəsi və “Qeyrət” mətbəəsi bağlansın”.

İndilik çarə nə: Ağa deyir, sür dərəyə, sür dərəyə. “Molla Nəsrəddin” bağlandı, lakin mətbəəmiz öz işində davam edir.

Ertəsi günü senzur idarəsinə gedib şikayət elədim ki, nə səbəb ilə jurnalı bağladıbsınız? Təəccüb edib dedilər ki, heç bir zaddan xəbərimiz yox. O saat bildim ki, hansı millət atası hökumətə danosbazlıq edib, məsləkimizi hökumətə müzürr göstəribdir.

Bildim ki, millətin heç bir dərdinə, heç bir ehtiyacına baxmayıb, danosbazlıqla hökumətə xidmət göstərən yalançı millətçilər kimlərdir. Bildim ki, maarif ağacımızı içindən yeyən yenə öz qurdumuzdur. Bildim ki, millətimizin hüququnu payimal edən, millət qəlbini kəsməyə çalışan baltanın sapı yenə bizdəndir. Bildim ki, müsəlman donundakı islam xainləri “Molla Nəsrəddin”in 22-ci nömrəsində ayıların, qurdların, aslanların parçalanmış islamı qapıb yeməkləri barəsindəki şəkilləri əldə dəstavuz edib “Molla Nəsrəddin”i hökumətə asi göstərən alçaqlar nə cür müsəlmanlardır.

Bildim ki, 22-ci nömrədə 3-cü səhifədə, birinci sütunda yazılan “amma heç kəslə dava eləmiyibsiniz ki, niyə müsəlman qızlarını uruslaşdırırlar” fəryadını bir özgə don geydirib xuliqanlıq edənlər bu cürə bir həqiqəti deyənləri hökumətə asi göstərib millətinə xəyanət edənlər hansı xainlərdir.

Qoy bu cəhalət babaları iki qəpiklik mənfəətləri, üç günlük şöhrət və rahatlıqları üçün hər növ xainlik, hər qisim həlqeyi-həqarəti boyunlarına keçirib bir neçə gün ömür sürməyə çalışsınlar.

Qoy beş-on avamın xatiri üçün həqiqət və hikməti inkar etsinlər! Camaatı köhnə qəflət və qaranlıqda saxlamağa bəzl-şeytanat etsinlər!

Lakin bu bişüur müstəbidlər, bu islam şəriətini əllərində oyuncaq edənlər burasını heç fikir etmirlər ki, belə bir vaxtda bu cür alçaq qulluqlar ilə milləti aldatmaq olmaz. Bu qədər şüurlarıdamı yox, bilələr ki, hürriyyət və müsavatı ümumiyyətə istənilən belə bir vaxtlarda həqiqət və maarif selinin qabağına danosbazlıq ilə durmaq olmaz.

Biçarələr elə güman edirlər ki, “Molla Nəsrəddin” bağlanmaqla onların eyibləri örtüləcək. Dəxi bilmirlər ki, aləm sürətlə dəyişilməkdədir. Bu az maarifimzlə də olsa, içimizdə bir çox Molla Nəsrəddinlər var. Bu gün Molla Nəsrəddin batar, sabah Molla Xeyrəddin çıxar.

Bixəbər və qafil danosçu gərək biləydi ki, həqiqət ilə köhnə cahilanə adətləri fərq edənlər, şəriəti həqiqeyi-adətə qarışdırmayanlar getdikcə çoxalmaqdadır, dəxi bir para cahillərin, nadanların xatiri üçün həqiqət fəda edilməyəcək.

Bu gün “Molla Nəsrəddin” bağlandı, amma “Molla Nəsrəddin”i meydana gətirən fikirlər bağlanılmayacaq.

“Molla Nəsrəddin” müdiri və mühərrirləri çoxdan söyülməyi, bağlanmağı, nadanların tənə və töhmətini və xurafatpərəstlərin küfrünü gözünə almışdır. “Molla Nəsrəddin”in gedəcəyi yol birdir ki, o da hər şeydən artıq öz qüsuratımıza, öz üstümüzdəki ləkələrə, tərəqqiyə mane olan öz cahilanə adətlərimizə acı-acı gülüb millətin səadətinə çalışmaqdır. Binaəleyh heç bir təhdid, danosbazlıq, bağlanmalıq “Molla Nəsrəddin”in bu əzm və məsləkinə mane olmayacaqdır.

“Molla Nəsrəddin”in müdiri-möhtərəminə vəkalətən həqiqətpərəst müştərilərə kamali-cürətlə ərz edirəm ki, “Molla Nəsrəddin”in yenə özü və ya onun əvəzi yaxın vaxtda mövqeyi-intişara qoyulacaqdır.

 

Ömər Faiq Nemanzadə,

“İrşad” qəzeti, 13 iyul 1907, â„– 110.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info