Qonaq Kitabı
AÇIQ SÖZLƏR

Son dərəcə hürriyyətpərvər olan “Molla Nəsrəddin” məcmuəsi bir paralarının məslək və təbiəti-müstəbidanələrinə xoş gəlməyib onun oxunmasını haram edir ki, bunlar ədalət və insaniyyət tərəfdarı deyil, bəlkə istibdad, zülm, cəhalət və bədəviyyət xadimidirlər. Bəli, cəhalət və zülm xadimidirlər ki, din və millət xaini olan ürəfanın, üləmanın və ədalətsiz hakimlərin şəkillərini çəkib istehza edən bir məcmuənin oxunmasını haram edib, camaatı köhnə qaranlıq və əsarətdə buraxmağa çalışırlar. Və hiddətlənib ətraflarına “təkfir” qığılcımı saçırlar və bununla bir para avam camaatı kor və qafil buraxıb öz mənfəəti-şəxsiyyəsi mənzuri ilə hökm fərmanlıq sürmək istəyirlər. Lakin zəhi qəflət! Bunlar nahaq zəhmət çəkirlər. Saçdıqları “təkfir” qığılcımları özlərini və öz istibdadına tabe bir para biçarələri yandırmaqdan savayı bir şeyə yaramayacaqdır. Arxayın olsunlar ki, camaatımız bir dərəcə oyanıbdır. Dəxi camaatımız aləmin tərəqqisini, özgə millətlərin güc və qüvvətlərini, qaliblik və müvəffəqiyyətin vasitələri olan elm və mərifəti görüb əhvali-cahani mühakiməyə başlayıblar. İslam aləmi dəxi bunların istədikləri təki qalmayacaqdır və qalmır. Neçə yüz illərdən bəri aləmi-islamın üstünə çökən kəsif zülmətin arasından bir həqiqət və mərifət seli cuşa gəlib getdikcə böyük, böyüdükcə irəli gedir, irəli getdikcə mane olmaq istəyən ikiüzlü mollaları, kütah beyin mühərrirləri, yalançı millətpərəstləri, cabbar hakimləri, zalım əmirləri, köhnə adətləri yıxıb özgə bir aləm vücuda gətirməkdədir.

Qoy bunlar ha qışqırsınlar ki, ədalətsiz hökumətə itaət etmək, iki qəpiklik mənfəətə səcdə edən “üləma”ya qul olmaq, fağır və kasıbların qazanclarını qəddar hakimlərə, cahil mollalara, xain imamcümələrə yedirtmək, ümumi əqliyyə təhsil etməmək islamın, Quranın qəti hökmlərindəndir. Qoy ha təklif etsinlər ki, şəriətdə ixtilaflı bir məsələni mübahisə meydanına qoyub həqiqətin nə cür olduğunu bilməyə çalışmaq “küfr və zəlalət”dir. Heç kəs bunlara qulaq asmayacaqdır. Dəxi milləti uşaq oyuncağı kimi gündə bir fitva və hökm ilə oynada bilməyəcəklər. Bunlar gərək burasını biləydilər ki, sözün təsiri felə bağlıdır. Məsələn, əl altından məktəbi yıxmağa çalışan bir vaizin məktəb bina etməyin təbiəti barəsindəki vəzinə kimsə qulaq asmayacağı kimi, indiyə kimi millətin heç bir dərdinə qalmayıb, həmişə hökumətin, dövlətlilərin əmrinə boyun əyib milləti əsarətdə saxlayanların sözləri də öz dəstələrinin dairəsindən irəli getməyəcəkdir. Bəli, irəli getməyəcəkdir, çünki camaat dəxi kor deyil, millətə doğrudan canı yanıb şüur ilə öz rəyasət və mənfəətləri üçün çalışanları qanmağa başlayıbdır. Əgər bunlar bir xırda maldan, candan keçib milli mədrəsə və məktəblərimizin təşkilinə, hüquqi-milliyyəmizi zalimlərin təcavüzündən mühafizəyə, idareyi-ruhaniyyəmizi hökumətin cəngindən xilas etməyə çalışsalar, o vaxt bugünkü təkliflərin bəlkə bir növ mənası olardı... Mən elə zənn edirəm ki, belə şəxslər özlərinin göydəndüşmə fikirlərini gizləməyib bir az açıq yazanları “kafir” nəzərə verməklə, əmbiya varisliyi etmək vaxtı keçdi. Arxayın olsunlar, heç kəsi keyfi və qərəzi hökmlərlə təkfir edib qorxuza bilməzlər. Bir vaxt Rim papaları da avamın cəhalətindən istifadə edib ərbabi-fənni təkfir və təhqir edərdi. Lakin axırları nə oldu? Fikirləşsinlər...

Mən fikirləşsinlər deyirəm. Amma görünür ki, bunlar öz dəstələrinin zoru ilə söz danışmaq istəyirlər ki, qəzet müdirlərinin həmləsini bir az xarici dili oxumuş güman edib, övladi-millətin xarici məktəblərə getməyini nəhy buyururlar.

Əvvəla, bilmirəm bunlara bu hökm fərmanı və bu cürəti kim verdi? Bu fərmanı verən adam gərəkdir ki, istirahətindən, təzə tikdirdiyi evdən əl çəkib millətin qabağına düşüb hökumətdən milli məktəb və mədrəsələr tələb etsin, hər yerdə bir rüşti, edadi və ali məktəblər bina etdirsin. Ondan sonra buyursun ki, “xarici məktəblərə övladınızı verməyin”.

Qaldı ki, xarici məktəblərdə oxumağın millətə xeyrindən savayı heç bir zərəri yoxdur. Dinindən dönən, millətinə xəyanət edən mollalardan da vardır. Halbuki xarici məktəblərdə oxuyanlardan heç biri yoxdur ki, dönüb “babı” olsun. Osmanlıdan, Yaponiyadan hər il Avropaya bir çox şagird gedir. Onlar ikmali-təhsildən sonra qayıdıb vətən və millətlərinə böyük-böyük xidmət edirlər. Amma xəyanət edənlərin çoxu xarici dərsi oxumayıb sırf müsəlmanca təhsil alanlardır. Müsəlman ruznamələri müdirlərinin çoxu öz dillərini, öz şəriətlərini, öz ədəbiyyatlarını xarici dillərdən daha yaxşı bilirlər. Hətta bəziləri xarici dilləri heç də bilmirlər...

Xülasə, “mən özümə söz verməmişdim ki, bundan sonra camaatın işinə heç vaxt qarışmayım” deməklə, millət hamisi olmağın arasında böyük ziddiyyət var...

Əcəba, bir xırda şeydən ötrü inciyib millətin işindən qaçanlar nə adla özlərini xadimi-millət adlandırırlar?

Bu rəftardan apaşkar anlaşılır ki, bunların işi məhz öz şəxsi və qədimi qərəzlərini biruzə verib avam camaat arasına fəsad salmaqdır. Hicab məsələsini əllərində bəhanə edib camaatı mətbuat və qəzetlərdən soyutmaqdır ki, yenə köhnəki kimi onların keyf və qərəzlərinə kor-koranə qul olsunlar. Amma nahaq yerə zəhmət çəkirlər. Camaat dəxi onların zənn etdikləri kimi kor deyil. Mətbuatın niyyəti-xalisəsini də qanar, onların nədən ötrü əl-ayağa düşdüklərini də.

 

 

“İrşad” qəzeti, 5 iyul 1907, â„– 104.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info