Qonaq Kitabı
ÇİNOVNİKLƏRİMİZ

Dünyada adi və heyvani, amma təbii bir qayda vardır ki, o da hər vücud, hər şəxs, hər firqə və hər millətin öz xeyiri, öz səlaməti üçün çalışmasıdır.

Həqiqət, çox az filosof və insana dost həkim vardır ki, məhz ümumun, umumi növi-bəşərin nəfini nəzərdə tutub ona görə çalışsın. Zəmanəmizdə, hələ ki, insanların əksəri,  bəlkə ümumi xudpərəst, qərəzkar, mənfəətpərvər, nəfslik qeydlərindən qurtarmamışdır. Dünyanın ən mədəni yerlərindən və vəhşi yerlərinə qədər baxınız: cümləsi ortada şiddətlə axan “mənfəət” selinə uyub getməkdədir.

Kimi səy edir ki, öz millətinin uşaqları təhsili-elm edib öz vətəninin, öz yerinin malı rəvac tapıb kəsbi-qüvvət etsin. Kimi iqdam edir ki, öz hökumətinə cani-süparanə xidmət edib öz məqamını ucaltsın. Xülasə, hər kəs yaxşı-yaman çalışır ki, özünə, öz millətinə, öz vətəninə mənfəəti dəysin.

Amma... Gəliniz görək bizim bəzi müsəlman çinovnikləri: bu bədbaxtlar fədakaranə, sadiqanə xidmətlərinin əksinə, hər gunə ümiddən, xahişdən, hər növ mənfəətdən məhrumdurlar.

Bu Allahın qəzəbləri gecə-gündüz çalışırlar ki, bacardıqları qədər dilsiz müsəlmanların dərisini soysun, qanlarını sorsun və bu xüluskaranə xidmətlərinin əvəzində bəlkə bir cüzi mənfəətə və ya qulluğunun tərəqqisinə nail olsunlar. Lakin belə xüluslu xidmətlərinə müqabil bir duzsuz “malades”dən və ya beş qəpiklik paxır medaldan savayı əllərinə bir zad keçirə bilmirlər, bir mənfəət görə bilmirlər. Hətta elə çinovniklərimiz var ki, gecə-gündüz çalışırlar ki, müsəlmanlığa, müsəlmanlara bir zərər, bir töhmət vursun, hökumətə xüluskarlıq göstərsin, millətini rəzil və həqir etsin. Bununla belə “müsəlmanlıq” adı yenə onları hər növ mənfəətdən məhrum edir.

Ha deyirik ki, flankəs on beş ildən bəri qazıdır, pristavdır və ya baş strajnikdir, bu müddət ərzində bəlkə on beş min  dilsiz müsəlmanı döyüb həbslərə salıblar. Müsəlmanların arasında  partiyabazlığı, quldurluğu, avamlığı çoxaldıb, qədim milli maarifimizi belə kökündən kəsiblər, müstəbid hökumətə ən müstəbidanə, ən zalimanə köməkçi olublar. Hökumətin ən çətin, ən təhlükəli işlərini – müsəlmanların ziddinə olaraq – asanlıqla görüblər. Amma bunlarla bərabər yenə duyuruq ki, filankəs yenə pristav və baş strajnikdir. Qərəz, bizim xüluskar çinovniklərin halları nəzərə alınınca dünyada bunlardan bədbəxt, bunlardan arada qalmış bir sinif görünməyir; nə özləri mənfəət görürlər, nə də millətə mənfəət verirlər. Bunlar adları müsəlman olmaq cəhətilə hökumətin nəzərində əhəmiyyətsiz və mənfur həmiyyətsiz olmaqları səbəbilə də millətin yanında üzüqara və müstəhləkdirlər.

Bir gürcü və ya erməni çinovniki isə bu rəzalətdən, bu səfalətdən uzaqdır: bunlar hökumətə qanun dairəsində xidmət etməklə bərabər yeri düşəndə öz millətinə də kömək etməkdən, camaat işinə, dərdinə qarışmaqdan boyun qaçırmırlar.

Vaxt olur ki, hünər öz ləyaqətli xidməti sayəsində hökumətin nəzəri-diqqətini cəlb edib, hüsn-əmniyyətini qazanır. Vaxt olur ki, millətin ən təhlükəli yarasını sarıb camaatı özündən məmnun edir. Hökumət və millətinə borclu olduğunu öz vəzifə və xidməti bilir, öz hüququnu tanıyır. Bu səbəblə nə millətinə xidmət etdiyindən ötrü hökumətin qəhrinə düçar olur, nə də hökumət dairələrindəki mənsəb və hüquqdan məhrum qalır.

Budur ki, ha eşidirik: erməni arximandritləri, incinerləri, doktorları, əksər erməni qulluqçuları millətləri barəsində cürbəcür xeyirxahlıqda, köməkçilikdə bulunurlar. Amma bizim müsəlman çinovnikləri tamamilə bunların ziddinədir. Millətə kömək etməkdən, camaat işinə qarışmaqdan o qədər ehtiyat edirlər ki, guya hökumət həmin bunları tutub Sibirə göndərəcəkdir. Və ya məişət dərdindən o qədər  qorxurlar ki,  guya qulluqdan çıxan kimi aclarından öləcəklər. Xüsusilə bizim qulluqçuların əksəri mərifətsiz bəylərdən, ləyaqətsiz ağalardan, həmiyyətsiz bir para işsiz qalanlardan ibarətdir.

Budur ki, hər yerdə qulluqçularıızın əksəri (əlbəttə ki, əshabi-həmiyyətdən olan qulluqçularımız müstəsnadır) ilandan qaçan kimi camaat işindən, camaata kömək etməklikdən qaçırlar.  Millətin dərdinə, ehtiyacına qalan məclislərimizə baxınız, baxınız ki, orada o qanuni-şəri olan bir məclisdə neçə çinovnikimiz var? Hələ çinovniklərimizin bəzisi o qədər  bihəmiyyət, biqeyrət və binamus olurlar ki,  millət işinə qarışmamaqdan ötrü öz müsəlman adlarını çevirib... noviç, Raximoviç, Aliko edirlər və beləliklə guya müsəlmanlıq çirkini üstlərindən tullayırlar. Çinovniklərimizin bir qismi adlarını çevirməyirlərsə də, milli məsləklərini çevirib müsəlman məhəllələrindən, müsəlman  cəmiyyətlərindən qırx fərsəx uzaq qaçırlar, halbuki millətin bugünkü günlərində tarixi-milliyyətimizin bu ən həqarətli dövrlərində ümumimizin, xüsusilə füqəramızın maddi və mənəvi düçar olduğu bu fəlakətli zamanlarında hər kəs: tacir, bəy, ağa, qulluqçu bəqədri-qüvvə çalışıb kömək etməlidir, kömək etməyi hər kəs ən birinci borcu, ən müqəddəs insanlıq vəzifəsi bilməlidir.

Xülasə, vaxtımız, vəziyyətimiz bunu təqazai-əmr edir ki, hər kəs ki, dövləti, nüfuzu, qüdrəti, bacarığı ola-ola şəri və ictimai olan milli işlərdən boyun qaçırır, ictimai-ümmətin, mənafei-həyati ilə millətin ziddinə rəftar edir, mənsub olduğu camaata xeyir vermir, bu kimiləri öz başlarına buraxmayıb hər növ olsa, məcbur etmək lazımdır ki, camaat xeyrini, camaat dərdini nəzərə alsınlar və millət işlərinə qarışsınlar. Özlərini, öz xeyirlərini, öz milli şərəflərini, öz din və namuslarını tanısınlar.

 

 

                                                                                                                                 Ümidvar

                                                                                  “İrşad” qəzeti 26 dekabr, 1906, No. 293



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info