Qonaq Kitabı
DƏRYADAN QƏTRƏ

Ən birinci müstəbid və düşməni-hürriyyət olan rus keşişlərinin və bunlara peyrov olan rus məmurlarının hüquqi-şəkkinanə olan politika və təzyiqlərindən hökumət məktəblərində indiyə qədər müsəlmanlığa dəlalət edəcək heç bir nişanə yoxdur və hərçəndi 17 oktyabr fərmanı indiyə qədər olan siyasi və dini təcavüzlərə, zülmlərə nəhayət vermək vədini təbşir etdi, amma ona da felən əməl olunmadı.

Məktəb rəisləri keçən il inqilab vaxtında ümumcamaatla bərabər, bizə də ayrıca bir para şirin və yağlı vədlər  etdi. Hətta rəsmi komissiyalar təşkil edib ümumibtidai məktəblərdə iki əvvəlki illərdə ana dili ilə oxutmağı, yerli dillərə əhəmiyyət verməyi qəbul etdi və qəbulu qışqırıqlar ilə elan etdi. Biçarə avam camaatı yalançı ümidlər ilə aldadıb yatırtdı, başına yastıq verdi...yuxulatdı.

Bu gün  o vədlərdən, o şirin sözlərdən əlimizə nə keçdi? Hansı məktəblərdə, köhnə qaydalara zərrə qədər təğyir verildi? Hansı zülm və təzyiq üstümüzdən götürüldü? Biləks, Tiflisdə “realnı” məktəbinin müsəlman dərsi müəllimi çıxmağa məcbur edildi, Şəkinin məscid məktəbi camaatın əlindən qəsb edildi. İdareyi-ruhaniyyələrin təxti nəzarətlərindəki məktəblərin ixtiyaratı təzyiq edildi. Hasili, hər yana baxırsan, yenə köhnə qaraltı, köhnə boyunduruq. Lakin bir o qədər var ki, bu dəhşətli qaraltının, bu ildırım saçan zülmətin içindən arabir zəif işıqlar, ümidli nurlar da görünür ki, onların bir də Tiflisdə birinci gimnaziyada mərhum Mirzə Seyfəddin Seyidovun[1] ehtimamilə bünövrəsi qoyulan məscid otağıdır. Demək, hökumət bu il Tiflisdə birinci gimnaziyada müsəlman şagirdlərinə ibadətgah olmaq üzərə xırda bir “otaq” mərhəmət elədi.

Bəli, mərhəmət elədi. Hərçəndi deyəcəksiniz ki, “bu, elə bir böyük mərhəmət və ehsan deyildir, bundan 30-40 il əvvəl verilməli qayət təbii bir həqqi-məşru idi”.

Həqiqətdə də belədir. Bu, bir vaqeyi-əzəmi və mərhəməti-alicənabanə deyildir, bəlkə əlimizdən alınan dəryayi-hüququmuzdan çar-naçar əda edilən bir qətrədir.

Amma...amma hökumətin biz nadanlara, biz sadiqlərə rəva gördüyü məxfi politikasına, heysiyyət və hüquqi-şəkknayi-ədalətsizliyə görə qayət xırda və adi olan bu mərhəmət bizim üçün görülməyən bir nemət, ruslar üçün əqlə gəlməyən bir müsaidədir.

Daha bu gün belə Smirnovların, Miropiyevlərin[2], Lisinskilərin milli dilimizə, milli məktəblərimizə, bir sözlə, milli mövcudiyyətimizə vurduqları yaraların acısı ilə sızlaya-sızlaya gimnaziyada “ibadətgaha” nail olmağımız, əlbəttə ki, xarüqüladə mərhəmətlərdəndir. Daha doğrusu, mərhəmət və ədalətin olmadığı yerdə hər şeydir. Qorxunc və kəsafətli zülmətin bir səmtində peyda olan xəfif bir nöqteyi-ziyadardır. Bu səbəblə miskin və acizliyimizi etiraf edib buna da təşəkkür etməliyik.

Amma əvvəl zəmanəyə və iqdamati-əhraranəyə, ikinci Varantsov-Daşkova təşəkkür etməliyik ki, vətəndaşımız, qonçumuz gürcülərin, ermənilərin xüsusi böyük-böyük milli ruhani məktəblərinə, bəyzadə təlimxanələrinə, yüzlərcə milli kilsə məktəblərinə müsaidə olanda, bizə də gimnaziyanın bir küncündə xırda bir “otağın” ibadətgah olmasına rüsxət buyurdular. Həqiqət, yoxdan yenə yaxşı, dəryadan yenə bir qətrə!..

Birinci gimnaziya müdiri məktəbdə məscidə təhvil edilən bir otağı dualamaq üçün dekabrın  6-cı günü şəhərin mütəşəxxislərini məktəbə dəvət elədi.

Dəvət olunanlar saat birdə məktəbə gəldilər. Gələnlərin cümləsindən müfti, şeyxül-islam, papeçitel, Tiflis qubernatoru, şəhər rəisi, maarif müfəttişi, idareyi-ruhaniyyə əzası var idi. Gələnlər yüzdən artıq idi. Əvvəlcə məktəbin zalında bir azca istirahət edilib, sonra dar yollar ilə məscidə təhvil edilən otağa gedildi. Məscid dar, uzun 20-30 adamlıq bir otaqdır. Mədular məscidə daxil olan kimi cənab müfti məqami-minbərə keçib məscidin mübarək olmağı barəsində ərəbcə dua oxudu. Sonra əlindəki basma bir Quranı camaata göstərib məscidə hədiyyə edildiyini elan etdi. Bədəhu cənab şeyxül-islam dualadı. Müxtəsər, duaları mütəaqib zala keçildi. Zalda cənab müfti üzünü çevirib, imperatorun şəklinə xitabən qayət ixlaskaranə, ən ali mərtəbə sadiqanə, xariqüladə calibi-nəzəri-diqqət olacaq bir vəzi-mütəvazanə ilə ərzi-təzərrə və bəyani xüluskar elədi.

Müftinin bu nitqində məscidin bu kimi məktəblərdə lüzumi və buna əlavə olaraq, türk dərslərinin artırılmağı barəsində heç bir söz deyilmədi. Nitq başdan-başa ixlas və sədaqətə aid idi.

Müftinin nitqinə, ixlasına, dərəceyi-nəhayətdə minnətdarlığına bir sözüm yox. Çünki həqiqətən o sözlərin cümləsi həqiqi və qəlbi idi.

Buna görə əsli olmayan bir fikri-riyakaranəyi və məzmununa əməl olunmayacaq bir nitqi-hürriyyətpərvəranəyi dinləmədən isə əlbəttə ki, qəlbdən gələn sədayi-həqiqətini eşitmək daha xoşdur.

Aya, bizim millət rəislərinin, torpaq başımıza olacaq biz camaat rəhbərlərinin bu məcburiyyətləri nədən? Əcəba, müfti əfəndi nə fikir edir? Milləti qoyun, həmişə məzlum, həmişə biqüdrət, xeyir və şəri qanmaz, xadimi ilə hadimi anlamaz bir heyvan sürüsümü hesab edir?

Nə yaman adət, nə dəhşətli uçurum!

Müftidən sonra cənab şeyxül-islam məqami-münasib nitq oxudu və müfti əfəndinin hərəkatında işrak etmədi. Bitərəf hərəkət etdi.

Şeyxdən sonra Minasazov[3], şəhər rəisi münasib nitq dedilər. axırda məktəbin türk müəllimi Məhəmmədağa Şahtaxtinski[4] qayət məqbul və intizar edilən bir məzmunda uzun bir nitq oxudu.

Məhəmmədağa dedi: “Vəd edilən hürriyyəti-məzhəbiyyəyə görə belə xırda şeylər bizim üçün qeyri-kifayətdir. Gərək biz də özgə millətlər ilə bərabər tutulub hər gunə həqq və ixtiyaratda müsavi olmalıyıq. Bundan sonra özgə hökumət məktəblərində yerli dillərə daha artıq əhəmiyyət və ixtiyar verilməlidir”.

Oxunan nitqlərdən sonra cümlə əzayi-məclis hazırlanmış cürəbəcürə şirniyyat və məşrubat  süfrəsinə oturdular. Qəhvəaltı edib saat 3-də dağıldılar.

 

 

Nemanzadə,

“İrşad” qəzeti, 15 dekabr 1906, â„– 286.



[1] Mirzə Seyfəddin – XIX əsrin sonu, XX əsrin əvvəllərində Tiflis gimnaziyasında şərq dilləri müəllimi işləmiş Mirzə Seyfəddin Seyidov nəzərdə tutulur. O, 1887-ci ildə Tiflisdə M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsərinin ilk tamaşası zamanı həvəskar aktyor kimi çıxış etmiş və çox böyük rəğbət qazanmışdır. 1902-ci ildə “Xəzanül-ətfal” adlı dərslik buraxmışdır.

[2] Miropiyev M.A. – Çarizmin maarif xadimlərindəndir. XIX əsrin axırlarında Orta Asiyada müəllimlik etmiş, 1901-1909-cu illərdə Qori müəllimlər seminariyasının direktoru olmuşdur. Xırda xalqları ruslaşdırmaq siyasətinin tərəfdarı, təbliğatçısı olmaq və bu ideyanı əməli işdə həyata keçirməyə çalışmaqla məşhur olmuşdur.

[3] Məşhur jurnalist, istedadlı publisist, Zaqafqaziyanın rus dilli mətbuat orqanlarında geniş fəaliyyət göstərən, Tiflisdə rus dilində “Oqni” jurnalı nəşr edən (1907), mollanəsrəddinçilərlə yaxın və həmrəy olan Hüseyn Baxşəli oğlu Minasazov (1881-1932) nəzərdə tutulur. O, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının rus dilinə tərcüməsi və təbliğində xüsusi rol oynamış, böyük təsir və nüfuz dairəsinə malik olmuşdur.

[4] Məhəmmədağa Şahtaxtinski (1846-1931) – Görkəmli Azərbaycan jurnalisti, alimi və ictimai xadimi, Peterburqda və Parisdə təhsil almış, “Şərqi-Rus” (1903-1905) qəzetinin redaktoru olmuş, Moskva və Peterburq qəzetlərində fəal əməkdaşlıq etmiş, 1907-ci ildə İrəvan mahalından II Dövlət Dumasına üzv seçilmişdir. Sovet dövründə Azərbaycan Dövlət Universitetinin professoru olmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info