Qonaq Kitabı
MİLLƏTPƏRƏSTLİK ZAMANIDIR

Hamı deyir camaatımız nadan və qafildir. Bəli, qafildir. Həqiqətdə o qədər qafildir ki, xırda bala kimi öz xeyir və şərini belə qanmır.

Hətta nadanlığın, korluğun verdiyi sərməstlik və sərsəmlik ilə çox vaxt öz əli ilə özünü kəsir, canına qəsd edir də yenə xeyri olmur. Ələlxüsus, camaat hüququnun mühafizəsinə ən ziyada çalışacaq bu zamanda özlərinin qanını əmib soran, özlərinin səfalətinə bais olan zalım hakimlərə, fitnəkar pişvalara, düşməni-hürriyyət ağalara kömək edib zülm və istibdadın artmağına ən ziyada özləri səbəb olurlar da yenə fərqinə varmırlar. Amma bununla belə deyə bilməm ki, camaatımız həmiyyət, qeyrət və namusi-milliyyədən bütün-bütün məhrumdur.

Xeyr, xeyr, camaatımız elm və hünərsiz isə də fitri alicənablığını, qədim adəti olan füqərapərvərlik, zəifnəvazlıq və təəssübkeşlik xasiyyət və qüvvələrini hənuz itirməmişdir. Ancaq uzun müddət yatmaq səbəbilə o gözəl qüvvələr uyumuş, sıxlanmış, paslanmışdır.

Bu müvəqqəti uyuşuqluğu, bu çirkin pası götürmək, silmək isə o qədər çətin deyildir.

Həqiqi üləmamızın, həmiyyətli ürəfamızın, qeyrətli müəllimlərimizin bir az vaxt millət dərdinə qalıb çalışmalarına, zəhmət çəkmələrinə bağlıdır. Bəli, bir o qədər ki, camaat gözünün qabağında beş-on fədakar millətpərvər bulunsun, camaata Allah rizası üçün rəhbər və hadi olsun, daha o yanısı asan və müvəffəqiyyətbəxşdir.

Bəli, hər yerdə tək beş-on canıyananımız, millət dərdi çəkənimiz olsun, o vaxt görəcəyiz ki, türklük o qədim füqərapərvərliyi, o fitri alicənablığı nə cür büruz edib nə möcüzələr göstərir.

O vaxt görəcəyiz ki, islamın əmr etdiyi xeyir və ehsanat nə sayaq meydan alır. Bu barədə heç bir millət bizimlə müsabiqəyə girə bilməz. Bu həqiqət dəlilə möhtac deyildir, sanıram. Əlcəzair, Suriya, Misir, Anadolu, İran, Türkistan və Əndəlisdə xeyir və ehsanat ilə vücuda gələn asari-əzimdən sərfi-nəzər otuz-qırx ilə əvvələ gəlincəyə qədər Gəncədə, Şəkidə, Şamaxıda, Batumda vüxuda gəlib bu gün xərabəyə üz qoyan mədrəsələr, məscidlər, vəqflər, köprülər, arxların cümləsi iki-üç arxa əvvəlki atalarımızın, dünənki əcdadımızın xeyir və ehsanatı səmərəsi deyil də nədir?

İstiladan sonra əxlaqımızın pozuqluğuna, gözəl milli adətlərimizi yaddan çıxarmağımıza, milli maarifimizi, qədim təhsilimizi tərk edib, daha doğrusu, tərkə məcbur olub tazələrdən də bixəbər olub ortada meymun kimi qaldığımıza baxıb, əcdadımıza həmiyyət və qeyrətsizlik kimi dəni sifətləri nisbət vermək zehi insafsızlıq, zehi nadanlıqdır.

Əcdadımız öz zamanlarının təqazası ilə ehtiyacına, əfkarına öz zamanlarının sərvət və qazancına görə çox böyük işlər görüb, xeyli vəqflər, əzəmətli məscidlər, mütəəddid mədrəsələr, dövlətli kitabxanələr buraxmışlardır. Hələ əcdadımızın füqərapərvərliyi, hər kənddə, bəlkə hər evdə ayrıca füqərayi-qəriblərə məxsus otaq bulundurmaları, riyasız xeyir və ehsanları nəinki bizdə, bəlkə Avropada belə dastan olubdur. Bügünki iyirmi-əlli minli tacirlərimizin yerində (hələ milyonçularımızı demirəm) əgər əcdadımızın ən tamahkarı olsaydı, görərdin ki, Şəkidə, Şamaxıda, İrəvanda, Gəncədə, Axalkələkdə (Bakını demirəm) nələr, nə əsərlər meydana gələrdi!

Amma bu gün nəyimiz var? Bir Tağıyevdən[1] savayı hansı bir dövlətlimiz öz başına bir məktəb, bir mədrəsə, bir kitabxanə vücuda gətirib? Füqəra camaatın pulu ilə, alın təri ilə dövlətlənən hansı bir bəyimiz, ağamız bir mədrəsə və məktəbə iki dikan və ya beş arşın bez vəqf edib. Hər tərəfə baxsan, müsəlmanların içində fəqirlik, nadanlıq, bacarıqsızlıq, məhkumluq son bir mərtəbəyə varıb. Hər yana baxsan, dövlətlilərimiz, bəylərimiz öz kef və mənfəətlərindən savayı heç bir şeyi fikir etmirlər. Qarabağ və Zəngəzur aclarının ahu fəryadları istər göylərə çıxsın, yetim, çılpaq balaların göz yaşları istər çaylar təşkil etsin, sahibsiz, hamisiz qalan anaların, bacıların irzi, namusları istərsə düşmənlərin təcavüzünə düçar olsun, heç kəsdə bir təəssübi-milliyyə, bir qeyrəti-diniyyə oyandırmır. Deyəsən, islam aləmi şiddətli bir savuğa tutulub donub! Deyəsən, islam aləmini bərk sehirləyiblər! Bəli, elə sehirləyiblər ki, məmləkətimizin, əzamızın biri və ya bir neçəsi kəsilib xarab olur, vücudi-millət zəifləyir də, yenə bizdə bir tərpəniş, bir oyanıqlıq görünmür. Deyəsən, o kəsilənlər, o xarab olanlar bizdən deyil!.. Amma bunlarla belə yenə deyirəm: millətimizin fitri və xəlqi olan füqərapərvərlik xasiyyəti, xeyir və ehsanata olan meyli hənuz qayib olmamışdır. Bəlkə bir az uyuşub paslannmışdır. Bəsdir ki, bu pası silib o cövhəri-safı, o xasiyyəti-insanpərvəranəni meydana çıxaracaq hər şəhərdə camaatın qabağında beş-on sahibi-həmiyyət, fədakarani-millət olsun. Ol vaxt nə Şəkinin, Şamaxının, İrəvanın mədrəsələri xaraba qalar, nə məscidlərin minarələri sərnikun olar, nə də Zəngəzur aclarının fəryadı ürəkləri parçalar. Yenə təkrar edirəm: bəli, təki avam camaatın başında onları təşviq edəcək beş-on həqiqi, fədakar üləmamız, həmiyyət və cürətli abrazovannımız, xeyir və ehsanat sahibi dindar, gerçəkdən Allahı tanıyan dövlətlimiz olsun, camaatımız daldan gəlməyə, sözə baxmağa, iş görməyə hazırdır.

Yapon-rus davası əsnasında bəzi üləmamızın, pişvalarımızın əl-ayağa düşüb ianə yığmaları heç yadımdan çıxmaz. Mən o vaxt mərhum “Şərqi-Rus” qəzeti idarəsində idim. Gün olmazdı idarəyə rus bahadırlarının, rus qoşununun mədhini mütəzəmmin mənzumələr gəlməsin. Həftə keçməzdi ki, rəisi-ruhaniyyələrimiz, sədaqətli bəylərimiz tərəfindən “Qırmızı xaç” mənfəətinə ianə siyahısı göndərməsin. Bu kimi kağızların çoxluğundan, müdirlərimizin onları dərc etdirməkdəki israrından o qədər təngə gəlmişdim ki, nə yalan söyləyim, çoxunu xətm olmuyaraq cırıb səbətə tökürdüm. Hələ ruhanilər tərəfindən yazılan xristianlığı həqq, bütpərəstliyi batil bildirən və bu münasibətlə Yaponiyanın məğlub ediləcəyinə fitvalar oxuyan o qədər kağızlar, hədyanələr alırdım ki, hiddətimdən başım ağrıyırdı. Amma ürəyimi ən ziyada parçalıyan bunlar deyildi. İki-üç qəpiklik mənfəəti-şəxsiyyəsindən ötrü ayəti-Quraniyyəni xahişi təki çevirib camaatın hakimlərə qul kimi tabe olmaq lazım olduğunu yerlərə keçmədən isbat etməyə çalışan həyasız din düşmənlərinin kağızları idi. Bu cür mədh və fitva yazanlar qalsın, ianə siyahısını göndərənlər öylə yadıma gəlir ki, ən ziyada müfti, şeyxül-islam, Şamaxı, Şəki, Cavad, Göyçay fazilləri idi. İndi əsl sözüm bunda deyil. Bu xırda yaddaşımla burasını bildirmək istəyirəm ki, camaat üçün çox da vacib olmayan “Qırmızı xaç” sandığına ruhanilərimizin, sədaqətli bəylərimizin tərğibi ilə ianə toplanırsa, dinimizin, insafımızın, mövcudiyyətimizin əmr etdiyi bir xüsusə - Zəngəzur aclarına ianə toplamaq çətinmi? Hardadır “Qırmızı xaç” sandığına ianə toplamaqla nami-sədaqətpərvərliyini qəzetlərin başlarında yazdıranlar? Hardadır bu gün o mərhəmətli rəislər, qazılar, o sədaqətli, o səxavətli bəylər? Əcəba bu gün Zəngəzur aclarına ianə yığmaq, o bir sürü yetim uşaqların qanlı yaşlarını kəsmək, minlərcə çılpaq qocaları, arvadları bu qışın mərhəmətsiz sovuğundan, qarından qurtarmaq qədər savablı, mərhəmətli bir şey varmı? Avam, fanatik dediyimiz kasıb camaatdan “Qırmızı xaç” üçün ianə yığanlar əcəba ac və susuzluqdan qayaların dibində can verən bir aləm din qardaşlarımızı bir neçə loxma çörək ilə ölümdən qurtara bilməzlərmi?

Yenə təkrar edirəm: camaatımız üləmaya, nüfuzlu bəylərə, sahibi-mənsəblərə o qədər mütidir ki, onlar əgər istəsələr nəinki məcruhinə məxsus olan “Qırmızı xaç”, bəlkə kilsələrin qara xaçlarına belə bir vəsilə, bir tavil ilə ianə yığmağı bacararlar. Belə olan surətdə, aya, onlar bacara bilməzlərmi ki, Zəngəzur mahalından göyə qalxan ahu fəryad buludlarını, Qarabağı qırmızıya çöndərən göz yaşlarını bir cüzi mərhəmətlə sakit edələr.

Ey füqərayi-kasibanin alın təri ilə dövlətli olanlar, ey millət səbəbilə sahibi-mənsəb və nüfuz alanlar, ey bu millətə pişva və ağa olmaq istəyənlər, ey ürəklərindəki bir cüzi mərhəmət və insafı olanlar! Zaman bu zamandır, zaman “insanlıq-müsəlmanlıq” zamanıdır, millət xadimi ilə hadimi bilinəcək zamandır, riyakar və xülusların, mərhəmətli ilə mərhəmətsizin, dindar ilə dinsizin, mələk ilə şeytanın bilinəcək zamanıdır. Belə bir zamanda vaxtı olub da, ianədən qaçan, dil ilə, yalançı təəssüflər ilə köməkçi görünənlər millətin ən şarlatanı, ən əxlaqsızı və ən mərhəmətsizidir. Lazımdır ki, hər kəs bəqədri-qüvvə malən və nəqdən ianədə bulunsun.

Harada olursa olsun, kəndlilərdə ümumiyyətlə pul azdır. Amma hər kəsin anbarında az-çox taxılı vardır. Müfti, şeyxül-islam, qubernski qazılar bacara bilərlər ki, hər şəhərdə, hər obşestvada uyezdnı qazıların, məhəlli bəylərin, ruhani mollaların rəyasətləri ilə bir komissiya təşkil edib kəndlilərdən taxıl cəm etsinlər.

Əgər işə diqqətlə can yandırılsa, kəndlərdə elə ev olmaz ki, bir put taxıl və ya on kilo ianə etməsin. Kəndlərdən yığılan taxılları aparmaq da kirayə pulu istər. Taxıl verə bilməyənlər yığılan taxılları araba və ya heyvan ilə daşıyıb ianədə bulunurlar.

Ey ürəyində bir zərrə mərhəməti olanlar, dost və millətpərəst görünənlər! Məmləkətimizin, camaatımızın bir payı aclıqdan həlak olur. Bunların bu ciyərsiz həlakı isə bizi daha dəhşətli, daha təhlükəli həlakətə sürür. Əgər Zəngəzura, Qarabağa vaxtında kömək edə bilməsək, o əhəmiyyətli yerlər əlimizdən çıxarsa, yaxşı biliniz ki, cümləmiz qeyrət və namussuzluqla yad olunmaqdan savayı bütün məmləkətlərimiz, bütün həyatımız əbədi təhlükələrə düçar olacaqdılar. Halbuki bu bir aləm yetim balaların həyatını qurtarmaq gələcəkdəki təhlükənin qabağını indidən saxlamaq o qədər çətin bir zad deyil. Hərəmiz bir günlük tütün pulundan, iki saatlıq zövqdən, bir saatlıq qazanc və muzddan keçsək, həm ac qardaşlarımızı həlakətdən, həm də özümüzü təhlükədən qurtarmış oluruq.

Qardaşlar! Həqiqi dindarlıq, xüluskarı-millətpərəstlik, yetmiş il ibadətin bir saat xeyir və ehsanat etməklik zamanı bu zamandır. Gəliniz, biz də əcdadımızın həqiqi nəvələri olduğunu bildirib türklüyümüzü, müsəlmanlığımızı isbat edək.

 

 

Nemanzadə,

“İrşad” qəzeti, 1906, â„– 282.



[1] Tağıyev Hacı Zeynalabdin (1838-1924) – Azərbaycan ticarət burjuaziyasının nümayəndəsi, neft inhisarçısı, Bakıda çəkməçi ailəsində anadan olmuş, əvvəllər malakeş işləmiş, sonra varlanıb məşhur milyonerə çevrilmişdir. Milli tərəqqinin, milli maarifin və mədəniyyətin inkişafında çox mühüm rol oynamışdır. Bakıda ilk teatr binası (1883) tikdirmiş, ilk qız məktəbi açmış (1901), öz pulu ilə rus və  Azərbaycan dillərində mətbuat orqanları nəşr etdirmiş, Rusiya və Avropanın ali məktəblərində küllü miqdarda azərbaycanlı uşaqları oxutdurmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info