Qonaq Kitabı
ALINAN AZADLIĞI NƏ CÜR SAXLAMALI

İran mücahidlərinə

 

İstibdad cəhənnəmini söndürüb yerinə azadlıq bağçası, dünya cənnəti qurmaq nə qədər çətin isə, alınan azadlığı saxlayıb davam etdirmək də bir o qədər, bəlkə ondan daha artıq çətindir. Çətindir, bəli. Ondan ötrü çətindir ki, müstəbidlər öz istibdad və hökmdarlıqlarını bərqərar etmək üçün zülm  və şiddətə həmişə nə cür möhtac isələr, hürriyyət mücahidləri də müstəbidlər barəsində müstəbidlər barəsində zülm və ədalətsizlik göstərməyə eyni surətdə məcburdurlar.

Halbuki hürriyyət mücahidləri çox vaxt öz qanları bahasına aldıqları cüzi azadlıqdan sonra istibdada köməkçi olan xırda müstəbidləri öz başlarına buraxıb onların qol-qanadlarını sındırmaq, mənsəb və dövlətlərindən məhrum etmək ədalətin təxir etdiklərindən və ya lazım bilmədiklərindən həmin müstəbidlər axırda hürriyyətin başına ən böyük bəla və dərd olurlar. Çünki idareyi-məşrutə bunların nüfuzi-hakimanələrinə, sövləti-qanunilərinə zərər vurduqlarından hürriyyət mücahidlərindən intiqam almağı bir an fikirlərindən çıxarmazlar. Və hər fitnə və alçaqlıqla mücahidləri gücdən salıb köhnə idareyi-məlunanələrini qurmağa gecə-gündüz çalışırlar. Və çox vaxt məramlarına nail də olurlar. Bu barədə tarixdə misal çoxdur.

Məsələn, Roma cümhuriyyətinin axır günləri, Sultan Məcidin mücahidləri və məşrutiyyət əleyhindəki qanlı planları, Rusiyada sellər təki axan qanların ziddinə istibdadın daha şiddətli, amma müvəqqəti bərpa olmağı, inqilab həngamında və ya inqilabdan sonra müstəbidlər əleyhinə göstərilən mülayimanə rəftarın, adilanə, insaniyyətpərvəranə hərəkətin namünasib olduğunu çox gözəl göstərir.

Halbuki inqilabdan sonra istibdad tərəfdarlarına edilən zülm və ədalətsizlik mənafeyi-ümumiyyə naminə ən böyük ədalət, ən insaniyyətpərvəranə, ən məqbulanə tədbirdir.

Osmanlı mücahidlərindən Əhməd Müdhət, Hüseyn Öni, Əhməd və Süleyman paşalar və Xeyrəddin əfəndilər və qeyri yoldaşlar Soltan Əzizi taxtdan düşürüb idareyi-məşrutəni təsis etdiklərindən sonra əgər həmrəy olub sarayi-şahanəni hürriyyət qurdlarından təmizləsəydilər və nüfuzlu istibdad tərəfdarlarını gücdən salsaydılar, şəkk yox ki, Soltan Həmid o tezliklə alçaq həşəratı, mənfəətpərəst vüzəranı başına yığıb idareyi-məşrutə binasını o az vaxtda yıxa bilməzdi.

Bununla bərabər, burasını iztirab ilə təsdiq etməkdən keçməm ki, əksər sahibi-hökm və dövlətlilər kimi istibdadın təbii alətləri olan qüvvələrin çoxlu bulunduğu məmləkətlərdə qüvvətli və davamlı idareyi-məşrutə üçün əksər camaatın iştirakilə mütləq birəhmanə və qanlı inqilab lazımdır. Yoxsa Osmanlıda olduğu kimi, beş-on kəsin fədakarlığı ilə alınan hürriyyət heç vaxt kamalilə davam edə bilməz, çünki hürriyyət və idareyi-məşrutənin dərəceyi-davami əfkari-ümumiyyənin dərəceyi-iştirakına bağlıdır.

Bəli, azadlıq tələb edənlər, inqilabda iştirak edənlər nə qədər çox və qüvvətli olarsa, alınan hürriyyət də nisbətən çox və qüvvətli davam edər.

Demək ki, istibdad tərəfdarlarının güclü olduğu məmləkətlərdə inqailabı meydana gətirən, azadlığı təsis edən mütləq əfkari-ümumiyyə olmalıdır.

Amma İran inqilabı, İran məşrutəsi qanlı məşrutələrdən, çətin qeydlərdən azadədir. İranın torpağı, havası, camaatın istedadı nə cür özgə məmləkətlərdən, özgə insanlardan ayrı isələr, inqilabı da, məşrutəsi də öyləcə ayrıdır.

İranda müstəbidlərin əmrinə, keyfinə tabe öz qardaşlarını öz əllərilə kəsəcək, öz xeyirlərinə kor-koranə mane olacaq qüvvətli və xain qoşun olmadığı kimi, İran üləması da qeyri məmləkətlərin ruhanisi kimi müstəbidlərin qolu, aləti-istibdadları olmadığından İranın inqilabı və məşrutəsi üçün ümumi inqilab qayda-qanunlarını axtarmaq lazım deyildir. Bu səbəblədir ki, İranın əfkari-ümumiyyəsi və maarifi-hazirəsi məşrutiyyəti təsis və davamə müsaidə olmadıqları halda, miqdarları az olan mücahideyi-hürriyyətin və üləmayi-həqiqətin qüdrəti can cüparanələri sayəsində böyük-böyük işlər, təbəddüdlər, çox asanlıqla, yəni az qan tökməklə vücudə gəlir. Və o fədakarani-ümmət öz bədqeyrət rəvan əfkar-ümumiyyəni az vaxtda öz tərəflərinə cəlb etməkdə çox o qədər zəhməti-maneəlik hiss etmədilər. İranda məşrutiyyəti-hazirəni xoşlamayanlar və o binayi-müqəddəsi yıxmağa əl altından çalışanlar olsa-olsa, bir parça cahil və mənfəətpərəst hakimlər, dövlətli cahil mollalar, müftə yeməyi öyrənən xanlardır.

İştə bunlar heç vaxt rahat oturmayıb müsavati-ədalətin özlərinə vurduğu zərərlə razı qalıb tamaşaçı olmayacaqlardır. Bunlar köhnə istiqlallarını geri almaq, məşrutiyyətin vurduğu zərərin intiqamını çıxarmaq üçün hər cür fəsad və hiylələrə müraciətdən bir an geri durmayacaqlardır. Bunlar bir-bir bəhanə edib “Ədalət” kimi qəzetləri, Təbrizin milli məclisi kimi ədalətxanələri yavaş-yavaş bağladıb köhnə istibdadı qayət hiyləli və politikalı vasitələr ilə bərqərar etməyə çalışacaqlardır. Hərçənd İran üləmasının fədakarlığı, onların hamiliyi İran camaatının üləmayi-həqiqiyə və tərəqqiyə olan istedadları din, haqq və vətən düşmənlərinə pək o qədər də fürsət verməyəcəkdir. Amma bununla belə, ehtiyat üçün o kimi xaini-vətənləri, düşməni-hürriyyətləri öz mənsəb və nüfuzlarından kənar edib haqlarında ədaləti-ümumiyyə naminə zülm və ədalətsizlik göstərilməlidir. Hürriyyətə mane olan ən xırda sədləri indidən sındırmalı və gələcək fitnənin qabağını indidən almalıdır.

 

 

Nemanzadə,

“İrşad” qəzeti, 21 noyabr 1906, â„– 249.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info