Qonaq Kitabı
MƏZLUM ƏN BÖYÜK ZALIMDIR

Dünən Şəkidən, möhtərəm yoldaşımdan aldığım məktub pərişan ürəyimi bir qat daha pərişan etdi. Məni pərişan edən yalnız hökumətin zülmü deyil, o zülmə, o həqarətə boyun əyən camaat halətidir.

Şəkinin birinci üsuli-cədidə məscid məktəbi hamıya məlum olsun gərək. Bu məktəb camaatın ixtiyarında, camaatın həmiyyətilə bir neçə il gözəl davam etdi. Faydalı səmərələr verdi. Bir az sonra, hər nədənsə, camaatın bəziləri yanlış bir fikrə düşdülər: məktəbi, o millət ocağını və istiqbal ümidgahını hökumətin ixtiyarına, xasiyyətləri məlum bir para qulluqçuların əlinə verməyə çalışdılar. Biçarələr elə güman edirdilər ki, hökumət idarəsi bizə camaat idarəsindən daha nəfli olacaqdır. Binəvalar elə xəyal edirdilər ki,  hökumət bizə gerçəkdən atalıq edib, bizim dərdimizə qalacaqdır. Halbuki yazıqlar daha ondan bixəbər idilər ki, öz ixtiyarlarını, öz haqlarını öz əllərilə bir para zalımların, rəhmsizlərin pəncələrinə verib, məktəbi bünövrəsindən yıxmağa özləri səbəb olurdular.

Zatən çox çəkmədi; məktəb hökumətin ixtiyarına keçdi, müsəlman dərsləri azaldı, müsəlman dərsləri əhəmiyyətdən düşdü. Camaat əvvəlki rəğbətini kəsdi.

Uğrunda hamının qurban olduğu camaat idarəsi əvəzində məktəbdə istibdadi-idarə hökm sürməyə başladı. Məktəb bir neçə il belə davam etdi.

Lakin bu il, haqq və ədalətin meydana çıxmaq istədiyi bu il Şəkinin həmiyyət və maarifpərvərləri məktəbin belə davamı millət üçün böyük bir təhlükə və həqarət olduğunu qanıb məktəbi təzədən öz ixtiyarlarına almaq, diriltmək, böyütmək istəyirlər və bu niyyətlə bacarıqlı, məlumatlı, müqtədir bir müəllim də məktəbə götürürlər. Amma direktor ağanın keyfi gəlmir ki, müsəlmanca – camaatın xahiş etdiyitək oxunmağa rüsxət versin.

Görünür ki, direktor ağa qayda və qanunsuz öz ixtiyarına keçirdiyi “məscid” məktəbini cəngindən buraxmaq istrəmir ki, camaatın müraciətinə müqabil belə biməna bir hökm göndərib: “Bu məktəb 1898-ci ildə camaatın öz xahişilə direktor idarəsinə keçibdir. Onu təzədən pozmaq olmaz...”

Baxınız övladi-bəşər mürəbbisi olacaq mədəniyyətli direktorun bəhanəsinə, müstəbidanə hökmünə!

Burada direktor ağadan soruşmalı: Cənab, madam ki, köhnə qaydanı təzədən pozmaq olmaz, siz nədən ötrü 1898-ci ildə məktəbi camaatın ixtiyarında ola-ola alıb öz cənginizə keçirdiniz? Nə üçün köhnə qaydanı, bəlkə qanunu pozdunuz? Təbii, deyəcəksiniz ki, “camaat xahiş etdi, mən də əməl etdim”.

Çox əcəb. İndi də yenə o camaat xahiş edir ki, öz qədim haqlarını, ixtiyarlarını öxlərinə aid edəsiniz, buna sözünüz nədir!

Əgər belə açıq və sərih bir haqqı camaata verməzsiniz, onda aşkar demək istəyirsiniz ki: “Ay həqir müsəlmanlar, sizin əqliniz yox, bombanız yox, sizin cürətiniz yox, məsləkiniz yox, mən sizin nəyinizdən qorxuram ki, xahişinizi əmələ gətirim, sizinlə öz keyfim nə cür istərsə elə rəftar edəcəyəm”.

Bax, bu surətdə sizə heç bir sözüm yox, rəftarınızda, fikrinizdə haqlısınız, elə isə yenə gələk özümüzə. Kimdir müsəlmanlara bu dərəcə zülm edən? Kimdir bizi maarifdən, mədəniyyətdən uzaqlaşdırıb vəhşi, aciz buraxan? Kimdir məktəblərimizin olmamasına çalışıb dilimizi, dinimizi binaənəleyh varlığımızı itirməyə çalışan? Kimdir direktorlara, naçalniklərə, qubernatorlara bu mərtəbə cürət və yol verən?

Xülasə, kimdir bizi bu günlərə, bu zillətlərə, bu əsarətlərə salan? Yalnız hökumət qulluqçularımı? Yox! İnanınız yox! Ya kim? Kim olacaq, məhz biz, məhz bizim səfil, heyvani təbiətimiz, məhz həqarətə, zülmə, döyülməyə səbr edib boyun əyməyimiz, əziyyətə, korluğa, söyülməyə, əzilməyə, qorxmağa, qanacaqsızlığa öyrənib adət etməmiz, məhz bizim öz günahımız, öz qəflətimiz, bizlərə rəva görülən zülmləri, həqarətləri qanmayıb zalımlara, müstəbidlərə köməkçi olmamız, bizi ən ziyadə səfil və sərkərdan qoyanlara ən ziyadə məhəbbətlə itaət edib, yeri düşəndə kömək etməyimiz, özümüzə edilən zülmlərin zülm olduğunu qanmayacaq qədər korluğumuz, cəhalətimizdir.

Budur ki, mürüvvətsizlər, rəhmsizlər də bizim bu qanacaqsızlığımızı, bizim bu korluğumuzu yaxşı qanıb məzlum başımıza olmayan oyunları oynayırlar. Bizi istədikləri təki öz məxfi qəsdlərinə, öz şeytanlıqlarına alət edirlər. Öz əlimizlə öz ixtiyarımızı, öz məktəblərimizi qəsb edib bizi uzaqdan baxdırırlar.

Demək ki, əsl zalım və günahkarlar zülm edənlər deyil, bəlkə zülmə, həqarətə səbr edənlərdir.

*  *  *

Şəki camaatı nədən ötrü xahiş edir ki, məktəbin müsəlman müəllimlərini “direktor” təyin etsin? İyirmi min nəfər nədən ötrü bir yarım uçitelin məvacibini xəzinədən istəyir?

Müsəlman müəllimləri nədən ötrü rəsmi (?) müəllim olmaq istəyirlər?

O qədər camaat nədən ötrü gözləyir ki, öz “məscid” məktəblərində öz Quranlarını, öz şəri hökmlərini, öz dillərini oxumağa direktor ağa rüsxət versin. Onların bu cür biməna rüsxətlərini, amiranə hökmlərini gözlədiyimizdəndir ki, bu gün məscid məktəblərimizə də, ruhumuza da sahib olmaq istəyirlər.

Bəsdir bu qədər səbr, bəsdir çəkdiyimiz bu qədər həqarət. Vaxtdır ki, cümləmiz ittifaq edib tələb edək:

Cənablar, biz öz dilimizdə oxuyub dilimizi, milliyyətimizi bilmək istəyirik. Biz öz dilimizə, dinimizə məxsus olan məktəblərimizi özümüz idarə etmək istəyirik. Biz öz xahişimizlə rusca, firəngcə, nemescə oxuyub mərifətli, mədəniyyətli olmaq istəyirik. Biz istəyirik ki, bir para milli işlərimizi özümüz idarə edib, bizim adətimizdən bixəbər olan cahil və zalım qulluqçular bizim başımıza bəla olmasınlar.

Bəli, vaxtdır, biz də tərpənək, hüququmuzun mühafizəsinə çalışaq, haqq və müsavat yolunda tökülən qanların səmaya əks edib süni şəfəqlər təşkil edən belə həngamələrdə aciz və miskinlər kimi qafilanə yatmayaq...

Xülasə, məzlumluq ən böyük zalımlıq demək olduğundan belə bir alçaq təbiəti, bəsdir, üstümüzdən götürək!

 

Nemanzadə,

“İrşad” qəzeti, 18 oktyabr 1906, â„– 245.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info