Qonaq Kitabı
AĞACI QURD İÇİNDƏN YEYƏR

Bakının şöhrət tapan şəxsi düşmənçiliyi, dəstə davası, o murdar və alçaq xasiyyəti yavaş-yavaş özgə müsəlman şəhərlərinə də keçməkdədir.

Ağıllı qonşularımız özgə qonşuların hünər və mərifətlərini görüb-götürdükləri halda, biz müsəlmanlar harda zərərli və cəhalət əsəri bir şey varsa, onu öyrənməyə can atırıq. Budur ki, Tiflis müsəlmanları da qoçaq Bakı dəstələrini yamsılamağa çıxıb, avqustun 6-cı axşamı sat 9-da müsəlman məhəlləsində, yəni Şeytanbazarda gülləbazlığa başladılar. İyirmiyə qədər atılan güllələrdən bir adam yaralanmaqdan səvayi, həmd olsun, tələfat və böyük ziyan olmadı. Bəli, mala, cana zərər olmadı. Amma görək, məna da beləmi? Görək hər cür dəstəbazlıqların vücudi-ittihadımıza, tərəqqeyi-milliyyəmizə vurduqları zərərlər bir neçə sözlə anladıla bilərmi? Bax, burası çətin. Burası çətin ki, müsəlmanların dəstə-dəstə bölünüb bir-birilərini yox etməyə çalışmalarının nəticəsini yazmağa qüvvətli qələm yox, polad ürək, Əyyubi səbr istər. Məndə isə o hünər yox. Ancaq zəif qəlblə burasını bildirmək istəyirəm ki, müsəlmanların öz-özlərinin vurduqları zərərləri, öz-özlərinin başına gətirdikləri müsibət və bəlaları heç bir xarici düşmən gətirə bilməz. Tariximizin bir çox səhifələrini ləkədar edən, siyasi, şəri dəstəbazlığımıza, öz içimizdən özümüzü yeyib xarab və pərişan etməyimizə keçmişlərdən misal axtarmağa hacət yoxdur. Qafqazımızın hansı müsəlman şəhərinə, hansı bucağına baxsaq, orda müsəlmanlığın adını rüsvay etməyə, müsəlmanları həqir və rəzil buraxmağa amadə bir fitnə və cəhalət “mikrobu” gözümüzə sataşar.

Kimdir Bakıda günün günorta çağında dəstə-dəstə bulunub bir-birilərinin qarnını yırtmağa çalışan? – Müsəlmanlar!

Kimdir Gəncə quberniyasında müsəlman kəndlərini soyub-soğana çevirənlər? – Müsəlmanlar!

Kimdir müsəlman-erməni davasının qarışıqlığında müsəlman igidlərini daldan vurub öldürənlər? – Müsəlmanlar!

Kimdir Ağdamda axırıncı kilimini satıb nəvələrinə azuqə xərcliyi aparan beli bükük qoca müsəlman arvadını soyanlar? – Müsəlmanlar!

Kimdir Şəki, Şamaxı, Gəncə və qeyri yerlərdə üsuli-cədid məktəblərinə mane olub bizi cəhalətdə qoyanlar? – Müsəlmanlar!

Kimdir öz rəyasət və nəflərindən ötrü millətin qoyun yerində qalmasına çalışan sahibi-mənsəblər? – Müsəlmanlar! Kimdir Qarabağ, Tiflis, Bakı və qeyri yerlərdə aramızda çıxan tək-tük ərbabi-həmiyyəti min cür alçaqlıq və şeytanlıqla hökumətə zidd və müzur göstərib qələbənd və nəfy etdirənlər? – Müsəlmanlar!..

Kimdir əsasən bir qardaş olan bir millətin arasına cürbəcür avam və axmaq pəsdanə adları ilə nifaq salıb öz xeyrindən ötrü iki qardaşı bir-birinə savaşdıranlar? – Müsəlmanlar!

Ah...hansı dərdimizi açsam, altından müsəlman fitnəsi, müsəlman barmağı çıxır. Hayana baxırsaq, halımızdan lənət və nifrət yağır, hər nəyə ümid bağlayarsaq, axırı puç və pərişanlıq çıxır. Hər yanda cəhalət əjdahası bir hakim olub.

Hər səmtdə nəfsani-qərəz, mənfəəti-şəxsiyyə, təbiəti-heyvaniyyə, cahilanə inad, bixəbəranə qürur ətrafımızı sarıb gözlərimizi qapamış. Beş-on müsəlmanın olduğu yerdə belə nifaq araya girib şəxsi düşmənçilik gözlərimizi kor etmiş.

Aman yarəbbi, nədir bizi bədbəxt və pərişan edən bu tükənməz cəhalət!

Belə yaşamaqdan isə...

Zillətə, ömrə mürəccəhdir şərəfli bir məmat

Ümmətə lazım deyildir böylə əfsürdə həyat.

Hər yerdə bir-birimizin ayağından çəkirik. İgidlik və gücümüzü öz qardaşlarımızın başında sınayırıq. Öz-özümüzün arasında aslan, əjdaha oluruq, özgələrin yanında pişik və qoyundan da aşağı düşürük. Özgələrin bizə zülm və həqarət etməyinə hamıdan artıq öz qanacaqsızlığımız ilə köməkçi oluruq...

Of!...Daha nə yazım?! Halımıza, cəhalətimizə baxdıqca ürəklər parçalanır!

Amma yarəbbi, bu daha nə idi?

Xarici od və güllələrin arasında çaşıb qaldığımız belə həngamələrdə öz-özümüzü heyvanlar təki yeyib tələf etməyimizə daha nə ad verək! Yox, xəta etdim: nədən ötrü bizim təki bəhşiləri ağıllı və heyvanlara oxşadıram. Xeyr, heyvanlar heç vaxt öz cinslərinin arasında bizim kimi bədrəftar, bədsənət deyildir.

Kəndli olanlar əlbət bilirlər ki, at və öküz kimi heyvanlar çöldə düşmən hücum edəcəyi vaxt bunlar tez-tez arxa-arxaya verib öz tədbir və güclərilə özlərini həmişə mühafizə edirlər. Halbuki həqiqətdə biz o nifaq və qanacaqsızlığımızla bir-birimizin ayağından çəkib düşmənə bir növ köməkçi oluruq...

Tfu cəhalətin üzünə. Tfu müsəlmanlığı xarab edən, müsəlmanları sərgərdan edən şəxsi-qərəzin kökünə. Bu günlər, bu dəmlər şəhərlərimizi, kəndlərimizi alt-üst edən xarici zülm və istibdad az olub kimi bir də özümüz öz əlimizlə öz vücudi-milliyyəmizdə qanlı yaralar açırıq. Halbuki belə bir vaxtda öz aramızda olan xüsusi ədavət və nifaqı buraxıb ittihad və ittifaq gücü ilə aciz və pərişan olan müsəlman qardaşlarımızın köməyinə çatmaq bizə nəinki lazım, bəlkə də fərzeyindir, bəli!

Cümlə gülzari-Vətən məhv oldu istibdad ilə,

Bizdən istimdad edər hər zərrə bir fəryad ilə,

Keçməsin əyyamımız bihudə istimdad ilə,

Pəncələşmək müqtəza qəddar ilə, bidad ilə.

Zülmü istibdad dövrü, dərdü yas əyyamıdır,

Arkadaşlar, can verək, can vermənin həngamıdır.

Hər tərəfdə bir ənini-daimi cuşan ikən

Adəmin övladına layiqmi qeydü hifzi-tən.

Heyhat! Biz də şairin zəmm etdiyi hifzi-bədən qeydi ilə yox, öz-özlərimizi, bilməm nə deyim, nələr kimi tələf edirik, öz qanımızı yenə özümüz içirik.

Uf...Bugünkü hər cür xarici, daxili müsibət və fəlakətimizi nəzərə alınca insanın beyni pozulur, ağlı çaşır, qələmi əlindən düşür...

Ah, ay biçarə məzlum millət. Nifaq və qərəz səni nə vaxta qədər bu pərişanlıqda saxlayacaq?

Bir zəlami-kəsif ilə məstur

Ağlayır qarşısında vəchi əməl, 

İnləyir sinəsində qəlbi hüzur

Münqəlib bir ənisi-yasə nəfəs.

Dəmidəm inləməkdədir ruhi,

Tən deyil, sanki bir şikəstə qəfəs.

Çırpınır onda ruhi-məcruhi,

Üzərində libası səd parə.

Şərh edər qəlbi parə-parəsini,

Aralıqda fəqət o biçarə.

Göstərər kainatə yarəsini,

kimsəsiz bir yetimdir məzlum.

Ağlamaqda kəmali-yasindən.

 

Ümid,

“İrşad” qəzeti, 13 sentyabr 1906, â„– 215.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info