Qonaq Kitabı
ƏZİZİN CƏNAZƏSİ

Müsəlman sosial-demokratlarından ən qeyrətli, fail və iş görənlərdən Əziz Məhəmmədoğlunu[1] avqustun 4-cü gecəsi erməni məhəlləsi Avlabarda vəhşicə öldürüb yolun kənarına tulluyublar.

Mərhum qayət şəci, beş-on məlunu birdən əzəcək igidlərdən olduğundan, gecənin hansı vaxtında olursa, Avlabardan keçib xidmət etdiyi sallaxanaya gedərdi. Qətl olunan gecə də yalnızca Avlabardan keçib sallaxanaya gedirmiş. Nəşinin tapıldığı yerdə qan əsəri olmadığından görünür ki, mərhum özgə tənha bir yerə bir bəhanə ilə aparılıb, beş-on adam birdən üstünə tökülüblər. Mərhumun xəncərlərlə başını, döşünü, böyürlərini deşik-deşik ediblər. Qulaqlarını kəsib öldürəndən məlunə aparıblar.

Əziz Məhəmmədoğlu qəssab idi. İşini namus və halal ilə görməklə bərabər, camaat işinə də əl qatıb füqəraya kömək edərdi. Savad və elmsizliyi ilə bərabər, qayət həmiyyətli, qanacaqlı, fəqir və kasıblar üçün fədakaranə çalışan igid bir cavan idi. Öz məsləki olan sosial-demokratlıq yolunda həqq ilə çalışıb, özlərini hamı Tiflis camaatına tanıtmış, şəci’, riyasız, qorxusuz, doğruçu, insaniyyətli nadir bir vücud idi.

Mərhum axır vaxtlarda Tiflis hamamlarında çalışan fəqir və kasıbların məvaciblərini artırıb bir qədər insanca məişət etmələrinə artıq mərtəbədə kömək edirdi. Və qoymurdu ki, özgələrin alın təri ilə keçinməyə öyrənən müftəxor xozeynlər əmələ və fəqirlərə zülm etsin.

Rəvayət və mühakiməyə görə mərhumun öldürülməsi ilə hamamlar məsələsi arasında böyük bir rabitə varmış.

Mərhumun cənazəsini avqustun 4-də cümə günü Mixaylovski xəstəxanasından qaldırıb müsəlman qəbiristanına götürdülər. Cənazə alayı Voronsov küçəsindən keçib saldat və erməni bazarları ilə gətirildi. Cənazə keçən dəmlərdə bir çox gürcü və ermənilər də dükanlarını tamamilə bağlayıb cənazə alayına qoşulurlardı. Alayın keçdiyi küçələrdə dükanların çoxu bağlanmışdır.

Mərhumu xəstəxanadan qəbrədək əl üstündə götürdülər. Tabutun üstünə çoxlu çiçək dəstələri qoyulmuşdu. Cənazə alayının keçdiyi küçələrdə tərəddüd bilmərrə kəsilmişdi. Cənazəni ancaq saat 2-də müsəlman qəbiristanına gətirə bildilər.

Heyf, min kərə heyf! Böylə möhtərəm bir cənazə alayında xristianlara görə müsəlmanlar, demək olur ki, çox-çox az idilər. Hələ oxumuş və tacir qismindən ancaq dörd-beş həmiyyətli gəlmişdi. O gün cümə olmağa görə müsəlmanların dükanları qapalı idi. İnsanlıq və müsəlmanlıq xahiş edirdi ki, müsəlmanlar qonşularından çox olsun. Oyanıb cəmi traktir və çayxanaları da qapayıb cəmiyyət təşyi-cənazəyə getməli idilər. Heyf ki, müsəlmana yaraşan tövrdə olmadı. Qəbiristana gedən müsəlmanların da yarısı dəfn gözləməyib qayıtdılar. Amma hər işin, hər vaxtın yolunu, səmtini bilən qədirşünas qonşu xristianlar ta dəfnin axırına qədər qəbiristanda səbr edib öz hörmət və insaniyyətlərini həqq ilə göstərdilər. Qəbiristana qədər gəlib insanlıq borcunu əda edənlərin içində bir çoxlu möhtərəm xristian yazıçıları, damaları, camaat və şəhər vəkilləri, xanım qızları da vardır.

Dəfn edilən vaxtda türkcə, gürcücə, ermənicə, rusca qayət təsirli nitqlər oxundu. Oxunan nitqlərin müxtəsər məzmunu böylədir: Əziz elm, pul və mənsəbcə böyük bir adam deyildi. Amma məsləki yolundakı qeyrət və sədaqətinə görə ən böyük adamlardan biri idi. Əziz ölmədi, müqəddəs məsləki yolunda yaşamaq üçün vücudi-zahirəsi aramızdan getdi.

Əzizin adı, Əzizin ruhu həmişə xatirədə qalacaqdır, yaşayacaqdır.

Əziz bir gün öləcək idi. Amma bugünkü kimi şan və şöhrət görüb həmişi diri qalacaqdır.

Yoldaşlar! Əziz üçün ağlamayın. Çünki Əziz ölmədi. Əziz adi adamlar kimi torpağa basdırılmadı. Əziz camaatın qəlbinə məhəbbətlə girib orada basdırıldı, orada məkan tutdu.

Əzizin ruhunu şad etmək istəyənlər ağlamasın, bəlkə Əzizin fəda olduğu məsləki yarıda qoymuyub onu itmamə çalışsınlar.

Əzizin ruhunu biz o vaxt şad etmiş oluruq ki, əməlini, fikrini mühafizə edib davam etdirək.

Əziz müsəlmanların içində, bu müqəddəs yolda birinci qurbandır. Müsəlmanlar belə əziz və şanlı qurbanlar ilə doğrudan fəxr edə bilərlər.

Biz bu əziz qurban ilə daha ziyada anladıq ki, müsəlmanlar bu maarifsizlikləri ilə bərabər, elmi-insaniyyətə, demokratlıq yoluna daha çox qurban verməyə hazır insaniyyət və füqarapərəst alicənab bir millətdir.

 

Ümid,

“İrşad” qəzeti, 12 sentyabr 1906, â„– 214.



[1] İlk azərbaycanlı sosial-demokratlardan və inqilabın ilk qurbanlarından biri.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info