Qonaq Kitabı
DƏVƏT VƏ TƏVƏQQE

Hamıya məlumdur ki, hökuməti-hazıra camaatın elm və ittihadsızlığına arxayın olub Dumanı dağıtdı. Dağıdandan sonra da boş oturmayıb, onun dağıntısı üzərində təzə islahat, təzə qanun adı ilə təzə bir idarə bina etməyə çalışır.

Nədən bu neçə milyon camaat bir cüzi heyətin əlində əsir və aciz olub? Ondan ötrü ki, camaatın çoxu bielm və xəbərsizdir, cəhalət səbəbinə öz xeyir və zərərini bilmir. Çox vaxt özünü öz əlilə kəsir də, səbəbini özgədən bilir. Adət etdiyi həqiranə məişətini, boynuna vurulan zülm boyunduruğunu, haşa, Allah tərəfindən təqdir olunmuş zənn edir.

Qəflət səbəbinə ərbabi-həmiyyətin təşəbbüslərinə sədd çəkir. Zalımlara kömək edir. İttihad və ittifaqa qəviyyən mane olur. Zalımlar da camaatın məhz qəflət və cəhaləti səbəbinə murdar pəncələrini, kəskin dişlərini fədakarani-hürriyyətin qəlblərinə qədər batırıb, açdıqları istibdad meydanında istədikləri təki oynayırlar. Yoxsa əyər camaat məlumatlı olub, bir az ittihad etsə, ədibi-məşhur Əbdülhəq Hamid[1] bəyin “Döxtəri hindü” nam kitabında dediyi ki, zalımı məhbubəsinin zülfilə boğdurmaq olar.

Budur ki, bu halda ərbabi-maarifin çoxu zalımlar ilə, qılınc və bomba ilə yox, bilik və maarif qüvvətilə davaya çıxdılar. Bu vasitə ilə camaatı öz cəhalət və qəflətlərindən xəbərdar etdilər, öz çəkdikləri zülm və bəlaləri hekayə və təmsillər ilə bir-bir açıb göstərdilər.

Bunun üçün ən birinci vasitə də təbii, camaat dili ilə yazılan xırda-xırda kitab və məcmuələrdir.

Bəndənin fikrincə, digər səbəb üzərində olmaqla bərabər, ən birinci vasitə səlamət və nicatı camaatı xırda-xırda kitablar ilə öz ağır və zülmlü məişətindən xəbərdar edib, onları gələcək üçün hazırlamalıdır. Onları səlamət bir vasitə ilə öz ehtiyaclarını bildirib ümumi insaniyyət əfkarına şərik etməyə çalışmalıyız. Hər surətlə olsa, çalışmalıyız ki, camaat istibdad idarəsinin zərərini, camaat idarənin xeyrini özü başa düşsün. Öz xeyrini, öz ehtiyacını özü tələb etsin. Soyuğun təsiri ilə bir kəs nə cür palto geyməyi hiss edib onu əldə etməyə çalışırsa, camaat da eyni bunun kimi ədalət, müsavat və hürriyyətin lüzumunu qanıb, ərbabi-maarif biliksizliklə bu qəflətdə qaldıqca, ümum camaata nisbətlıə çox az olan ərbabi-həmiyyətin səyləri həmişə boşa gedəcəkdir. Hər nə işdə olursa-olsun, camaatın köməkliyi mütləq camaatın öz qanacağı ilə, öz qəlbi, öz xahişi ilə olmalıdır ki, ondan bir səmər və nəticə gözlənə bilsin.

Bunun üçün lazımdır ki, məyus və naümüd olmayıb çalışmaq. Bugünkü səy və təşəbbüsün səmərəsini sabah və bir az sonra yox, on il, bəlkə iyirmi, otuz il, hətta bir əsr sonra gözləmək surətilə çalışmalıdır.

Dünyada ondan həmiyyətsiz bir adam olmaz ki, “mənim görə bilməyəcəyim və ya mənim çata bilməyəcəyim bir xeyir mənim nə vecimə ki, özümü tələf edib çalışam” – deyib bacara biləcəyi işdən əl çəksin.

Xülasə, bizim hər cür ümidimiz camaatın oyanmasında, camaatın öz xeyir-şərini özləri tanımasındadır. Bunun üçün də lazımdır ki, camaatı öz dili ilə başa salacaq xırda və ucuz kitablar çap və nəşr edilsin.

Hamı əli qələm tutan ərbabi-həmiyyətdən təvəqqe edirəm ki, bu barədə bəndəyə kömək etməklə, öz hümməti-milliyyə və insaniyyətlərini izhar buyursunlar.

Hər kəs bu müqəddəs niyyətdə iştirak edib millətə bir xidmət etmək istərsə bizim kənd və füqəra camaatının ağır məişətlərindən, istibdadi-idarənin zərərindən və bunlar kimi zəmanəmizin ehtiyac gördüyü məsələlərdən xırda-xırda, məsələn, səkkiz, on altı, iyirmi səhifə böyüklüyündə məcmuələr yazıb “Molla Nəsrəddin” və ya “Qeyrət”[2] mətbəəsi idarəsinə göndərsinlər. Özlərindən yazmaq istəməyib tərcümə etmək istəyənlər öz adreslərini bizə bildirsinlər. Biz onlara rus dilində yazılmış xırda-xırda məcmuələr göndərərik ki, tərcümə edib bizə göndərsinlər. Biz hər kəsin kitabını öz adı ilə, öz xərcimiz ilə çap edib nəşr edirik. Hər sahibi-əsər və tərcüməyə 200 ədəd kitab göndərərik. Qalan kitabları kağız pulu çıxmaq şərtilə bir, bir yarım, iki qəpiyə satarıq.

Camaatımızın indiki böyük və ciddi kitabları oxumadığı və qiymətli kitablara pul vermədiyi nəzəri-diqqətə alınarsa, bizim bu təşəbbüsümüz zənn edirəm, faydasız olmaz.

Açıq dil ilə xırda-xırda ucuz kitablar nəşr etmək üçün hər millətdən məxsusi heyətlər var. Yaxşı olar ki, Bakı və Gəncə kimi yazıçılar bol olan mərkəzlərdə bu cür nəşr heyətləri tezliklə vücuda gəlib millətin ən böyük, hətta top və tüfəngdən daha qüvvətli olan belə bir ehtiyacı – milləti dəf’ə xidmət etsin.

Tiflisin halı bu cür işlərə indilik müsaid olmadığından “yüz söz və vəzdən bir iş və nümunə xeyirlidir” deyib, bir neçə xırda kitab tərcümə etdirməyə başladıq.

Ümid ki, bu barədə hər əhli qələm məhz milləti-məzlumə və qəfiləmizə köməkliyi mənzurda tutub bizimlə həmrəy olarlar.

Camaat arasında nəşr edilən yanlış xəbərlərə görə burasını da artırmaq istərəm ki, məhz milli əsərlərin nəşrinə vasitə olmaq niyyəti-xalisəsi ilə güşad etdiyimiz “Qeyrət” mətbəəsinin bütün satılmaq və ya bağlanmaq xəbəri qətiyyən yalandır. Biz istərdik və yenə istəyirik ki, daha mükəmməl və daha vase bir müsəlman şirkəti vücuda gətirib “Qeyrət” mətbəəsini kamil bir islam mətbəəsi edək. Böyüdüb irəli gedək. Nəinki bütün-bütün yadlara satıb qolsuz-qanadsız qalaq. Əziz yoldaşım Abdulla Cövdət bəyin[3] dediyi ki, aləmi-əsgəridə qrup topu nə isə, aləmi-mətbuatda mətbəə maşını elədir. Belə olduğu surətdə insafdırmı ki, müsəlmanların sifariş vermədiklərinə baxıb mətbəəmizi yadlara sataq. Bu, olacaq iş deyil. “Qeyrət” mətbəəsi daha səy və qeyrətlə öz vəzifəsində davam edir və inşallah da müsəlman qardaşlarımızın həmiyyətilə davam edəcəkdir.

 

“Qeyrət” mətbəəsinin müdiri

Ö.Faiq Nemanzadə

 “İrşad” qəzeti, 6 sentyabr 1906, â„– 209.



[1] Əbdülhəq Hamid (1851-1837) – Dahi türk şairi və dramaturqu.

[2] “Qeyrət” – 1905-ci ildə Tiflisdə Ö.F.Nemanzadənin müdirliyi ilə açılmış mətbəə. Bu mətbəədə elmi, siyasi, bədii ədəbiyyat nəşr olunurdu.

[3] Abdulla Cövdət (1869-1932) – Türk həkimi, şair və jurnalist. “İttihad” jurnalının naşiri və redaktoru olmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info