Qonaq Kitabı
TİFLİS, 22 İYUN, SÜBH SAAT SƏKKİZ

Şəhərdə hər tərəf qapalı.

Heç bir tərəfdə tüccari, şəxsi bir hərəkət yox. Nə bir araba səsi, nə fayton gurultusu, nə qonka hərəkəti və nə də insan tərəddüdü var.

Hər kəs bir yanda durub, dəhşətli bir hadisəyə müntəzir. Deyəsən, bu gün bura əzəmətli Tiflis şəhəri deyil. Türküstanın sükunətli, amma qan qoxusu, hökumət zülmü gələn bir çölü!

Bu günün gecəsində göydən enən hürriyyət və ədalət mələkləri səmai-təlqinlər ilə sabahın dəhşətli sükuniyyətini xəbər verdikləri üçün sübh tezdən bazara çıxmışdım. Şəhərin özgə yerlərindən hənuz xəbərim yoxdur. Lakin müsəlman bazarının ümumiyyətlə qapalı olmağı, məndə hüzn içində bir sürur peyda etdi.

Müsəlmanları hürriyyət və ədalət yolunda qonşuları ilə əl-ələ vermiş görüb nəhayət dərəcədə şad oldum.

Bildim ki, müsəlmanlar dabu gün mühakimələrinə qəti baxılacaq olan 27 fədai əsgərin asılmaqlarına “tətil” ilə kömək etmək istəyirlər.

Məmnun oldum ki, müsəlmanlar daha əvvəlki kimi məvacibxor, biqeyrət abrazovannı və ruhani müsəlmanların fitnələrinə aldanıb insanlığın məşuqi-həyatvari olan azadəlikdən kənar durmayırlar. Ürəyimdə deyirəm: İlahi! Bu günləri də gördüm ki, müsəlmanlar öz xahişləri ilə, öz qanacaqları ilə dükanlarını bağlayıb, vətənin həyati-siyasiyyəsində, qonşuların hərəkati-hürriyyəti-pərvanələrinə qəlbən şərik olurlar.

Mən bu xəyalda idim ki, uzadan qulağıma gələn hürriyyət mahnısı, marselyoza havası ortalıqdakı sükutu pozdu. Mən belə dəhşətli sükut arasında  marselyoza havasına əsla ümid etmədiyim üçün mat və heyran qaldım.

Çox çəkmədi, qorxunc silah və əsgərlər ilə mühasirə edilmiş bir dəstə yavuqlaşdı. Məyər məhkəməyə asılmaq qərarını duymağa gedən 27 vətən qurbanları, Menqrelski polkunun müttəhim əsgərləri!

Bu hürriyyət fədailəri ğayət şad və sürur içində həqiqətən millət xadimlərinə yaraşan bir igidliklə marselyoza havasını oxuya-oxuya qabağımızdan keçdilər.

Bunların bir qəhrəmananə rəftarları bəzi adamlara, xüsusilə, əsgərlərə əks-təsir edib bir çox mərhəmətli gözlərin yaşardığını gördüm.

 *  *  *

Günorta, tamam saat bir.

Tiflisin ən izdihamlı – şənlikli olan Qolovinski caddəsindəyəm, guya burası şəhər caddəsi deyil, dava meydanının bir səmti.

Ortada davaya müntəzir sükunətli bir hal, küçələrdə adam çox az. Faytondan, atdan əsər yox. Qulağa gələn ancaq əsgərlərin ayaq səsləri. Görünən yalnız tüfənglərin parıltısı. Buralarda hər yana baxsan əsgər, top, pulemyot, tüfəng gözə çarpar. Deyəsən, tamam bir dava meydanı!

Bir yanda dəhşətli toplar düzülmüş, bir tərəfdə pulemyotlar hazırlanmış. O biri yanda kazaklar atəş açmağa müntəzir. Polkların biri bu yandan gəlir, o biri yandan gedir. Hətta əsgəri dairələrin damları üstündə əsgərlər əsgəri aynalar, durbinlər ilə ətrafı göz altında tutur. Gələni dayandırırlar, keçəni axtarırlar. Əlimdəki müsəlman qəzetlərini intibahnamə zənn edib məni də səkkiz dəfə dayandırdılar. Əziyyət verdilər.

Bəli, toplar, pulemyotlar, vəhşi kazaklar hər tərəfə dəhşət salır, zəif qəlblərə qüvvətli görünürlərdi. Lakin mənə qüvvətli və dəhşətli görünən əsir halətində yaşayan cahil əsgərlərin çoxluğu, topların heybəti deyildi, bəlkə bunca camaatın, bu əziz şəhərin bir vücud kimi səmayi-hürriyyətdən gələn ilahi bir qüvvəyə tabe olub ittifaq etməkləridir.

Bu gün Tiflisdə ən aciz çörəkçinin, hətta fağır suçunun “tətildə” iştirak edib hökuməti böyük bir qüvvətlə təhdid etməyi camaat qüvvətinin nə qədər  əsaslı və davamlı olduğunu çox aşkar bildirirdi.

Bu kimi tətillərin zahiri mənası az kimi görünürdü, amma mənən qüvvəti çox böyükdür. Bu gün ümumi Tiflis camaatı hökumətə açıqdan-açığa bildirdi ki, hamı camaat hürriyyət və ədalət tələb edənlər ilə bərabərdir.

Bəli, bilindi ki, yüz yetmiş milyon miqdarında bir əzim camaat hökumətin hərəkəti-hazırəsini məhz zülm və vəhşilik hesab edib bu cür idarədən narazıdır.

Bilindi ki, bundan sonra camaat razı olmayacaq ki, hökuməti-zalimə hürriyyət tərəfdarlarını bir-bir yox edib, yenə idareyi-müstəbidəni davam etdirsin.

Xülasə, camaat bugünkü ümumi tətil ilə, camaat silahı ilə bildirir ki, əgər hökumət 27 vətən fədaisini bağışlamayıb boğazlayacaq olursa, camaat uzaqdan tamaşaçı olmayıb əllərindən gələn fədakarlığı sərf edəcəkdirlər.

 *  *  *

 Bu saat ki, məktubumu qurtarıb poçta verəcəyəm, axşam saat səkkizdir. Bu vaxta qədər şəhər sükutluğunda davam etdi. Bundan sonrakı əhvalı sabah yazaram.

Danışırlar ki, əsgərlərin mühakiməsi bir neçə gün davam edəcəkdir. Müttəhim əsgərlər mühakimə qurtarıncaya qədər məhkəmədə qalacaqdılar.

 

Ümidvar,

“İrşad” qəzeti, 25 iyun 1906, â„– 149.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info