Qonaq Kitabı
QƏBAHƏT SİZDƏ VƏ BİZDƏ

“İrşad”ın 112-ci nömrəsində “Hadi” imzası ilə ən bəsirətli bir alimimiz tərəfindən yazılan məqaləni diqqətlə oxudum. Məqalənin ibtidası xeyli bəsirət və həqiqətnümadır, fəna filillah bir alimi-rəbanın ürəyindən qopan avazi-qüdsi və ruhanidir. Çox az alim tərəfindən izhar edilə bilən mütəvazehanə, lakin alicənabanə, doğrudan hadiyanə etiraflardır. Bu zamanda çox nadir eşidilən münsifanə, fəzlanə, xudapəsəndanə kəlimatdır. Cənabi Həqq belə həqiqət bin, şikəsteyi-nəfs, fədakarani-millət fazilləri öz elmi-hürriyyəti ilə aramızda artıq eləsin.

Fəzilətli cənab Hadi əfəndi həzrətlərinin məqalələri ümumiyyətlə gözəl yazılmışdır. Ancaq məqalələrinin axırlarını eyni ilə qəbul etməkdə fikir və vicdanıma nə qədər dedim ki, “hər nə yazılmış isə çox əla, sənin xoşuna gəlmirsə, gəlməsin. Bəlkə həqiqət elədir. Hər sözü çəkib uzadıb peşindən düşmək “hüsn-zənnin” xilafıdır. Xüsusilə, bu cür fazil rəbbanilərin qabağında dinmək sənin həddin deyil...” Lakin nə çarə ki, belə zəif sözlər ilə məhkəmeyi-vicdanımı aldadıb rahat ola bilmədim. Zira hər yandan müddən qüvvələr vicdanımın üstünə tökülüb dedilər: “Nədən öz fikrini, doğru zənn etdiyin sözü açıq demiyəsən? Bu nə yaman adətdir ki, alim Hadiləri də müdara və yalançılıq ilə aldadasan? Halbuki bilmədiyini öyrənmək eyib deyil, bəlkə fəzilətdir...” İştə bu tövr bir mühakimə ilə vicdanıma məğlub olub aşağıdakı fikri-qasiranəmi ərzə cəsarət eliyirəm: Hadiyi-möhtərəm əfəndi! Buyurursunuz ki, “Üləma islamın rükni-əzəmidirlər. Üləma avam camaata görə şəhərin  hasarı və heyvanatın çobanı kimidir...” Bəli, əfəndim, bəli. Bunda heç şəkk yox ki, üləma həmişə hasar və çoban kimidirlər. Şəkk yox ki, şəhərin hər cür xoş və bədbəxtliyi hasarın dərəceyi-mətanətinə, sürünün səlamət və həlakəti çobanın mərtəbeyi-dərayətinə nə tövr bağlı isə, camaatın səadət və zilləti də üləmanın suyi-məlumat və həmiyyətinə o surətlə bağlıdır.

Əfəndim! Məqalənizin ibtidasındakı bu cür kəlam və qəziyyələrinizin nəticəsindən bunu çıxarmaq olur ki, “camaatın səadətinə üləma səbəb olan kimi zillətinə də yenə üləma səbəbdir”. Halbuki zati-fazilanələri bu açıq nəticeyi-məntiqiyyənin ziddinə olaraq, məqalənizin axırında “camaatın səadətinə üləma səbəbdir, amma zillətinə dövlətlilər” buyurursunuz. Halbuki bir camaatın səadətinə üləma səbəb olanda, zillətinə heç vaxt özgələri bais ola bilməz. Madam ki, bir camaatın rükuni-əzəmi, səbəbi-tərəqqisi üləmadır, şəkk yox ki, səbəbi-zilləti də yenə onlardır. Bəli, madam ki, şəhərin səlamətliyi hasardan, sürünün rahatlığı çobandandır, əlbəttə, xərab və pərişanlıqları da yenə hasar və çobandandır. Belə olmuyan surətdə gərək deyək ki, “sürünün rahatlığı çobandan, amma həlakəti özündəndir”. Belə isə Rusiyanın indiki idarəsi kimi mənasız bir şey olur.

Əfəndim, buyurursunuz ki, “ruhaniləri məzur bilirəm. Onlar əhvali-üləmadan bixəbərdirlər, səbəbi dövlətlilərdir. Haçan dövlətlilər ruhanilər barəsində əlac və tədbir səy etdilər. Haçan dövlətlilərin xəyali-şəriflərinə düşdü ki, mədrəsələrə gedib tələbələrin əhvalından xəbər alsınlar? Zənnimcə, bu biçarə camaati-islamın zillətinə bais olan əvvəl dövlətlilər, sonra ərbabi-maarif, axırıncı dərəcəd ruhanilərdir”.

Əfəndim, mən təsdiq edirəm ki, dövlətlilərimiz ruhanilərin qeydinə qalmırlar. Lakin bu xüsusda mən də bunları məzur görürəm, zira dövlətli də olsalar, avamdılar, avam camaatdan biridirlər, nadandılar, məzurdular. Onlar da sizlərə, bizlərə baxırlar. Onlar da avama dair işləri, tədbirləri elm sahiblərindən gözlüyürlər. Əlbət ki, üləma və ərbabi-maarif təhsili-elm üçün mədrəsələr, məktəblər kuşadı fikrində tədbirində olmazlarsa, nadan dövlətlilər heç vaxt onun xəyalında belə olmazlar. Madam ki, üləmanı çobana, camaatı (dövlətlilər ilə bərabər) heyvanat sürüsünə oxşadırsınız, o halda nə haqqımız var ki, sürüdən çobanlıq gözlüyək? Biz yatdığımız, öz dərd və qarnımızın qeydinə olduğumuz halda dövlətlilər gəlib bizə demiyəcəklər ki, “islam Quranı bilməyə, Quranı bilmək elm və fənn bilməyə, elm və fənn bilmək məktəb və mədrəsələr açmağa bağlıdır”. Demək ki, məktəb və mədrəsəsi olmuyanın nəinki rahat məişəti, bəlkə dini-imanı da ola bilməz. Buna görə də, ey üləmalar, ey sahibi-maariflər, gəlin həmiyyət edək, məktəblər, mədrəsələr qayıraq. Əlbət ki, belə tərğib və təşviqlər ilə bərabər, işə ürəkdən çalışmaq dövlətlilərin deyil, elm sahiblərinin borcudur. Heç rəvadırmı ki, biz öz borcumuzu özgələrdən gözlüyək?

Əfəndim, buyurursuz ki, “haçan dövlətlilər mədrəseyi-ruhaniyyə bina etdilər...?” Bu sualınız müqabilində mən də cəsarətlə ərz edirəm ki, haçan elmin şərəfi ilə camaat arasında nüfuz və mal sahibi olan ruhanilər, maarifpərvərlər avam camaata və avam dövlətlilərə ürəkdən deyib çalışdılar ki, bizdən həmiyyət, sizdən qeyrət, gəlin zamana görə məktəb və mədrəsələr açaq?” Alimlər haçan dedilər və özləri də baş çəkdilər ki; gəlin camaat, cəmiyyəti-xeyriyyələr qayıraq, arada itib gedən zəkat və fitrələri bir müntəzəm sandığa yığıb gərək olan vaxtda müstəhəqq olanlara verək?

Alimlər haçan dedilər ki, elm və fənn təhsili ilə bərabər laməhalə öz namus və canımızı mühafizə üçün zəmanəmizin iqtiza etdiyi, qonşularımızın təsdiq etdikləri əsbabi-nicata təşəbbüs edək? Alimlər və sahibi-maariflər haçan Allah rizası üçün, camaat xatiri üçün bir işə can və dildən iqdam etdilər də dövlətlilər və avamlar, yəni camaat dallarından qaçdılar? Heç vaxt inana bilməm ki, sahibi-elmlər boş sözləri “xala xətiri qalmasın” kimi çürük rəftarları buraxıb ciddi bir iş peşindən düşsünlər də camaat gəlməsin? Burasını da ərz edim ki, xəyal ilə plov bişmiyəcəyi kimi boş sözlərlə, quru vəzlərlə də iş görülməz. Ciddi iş görmək istəyən vaiz və sahibi-elm mütləq felən çalışmalıdır. Bir alim əgər söz ilə bərabər əməl ilə çalışırsa, əcabə nələr, nələr vücuda gətirməz? Bir baxın Şamaxı kəndlərindəki əzəmətli məscidlərə ki, hər birisi 40-50 min manat ilə vücuda gəlmiş asari-əzəmiyyədəndirlər. Kimdir bunları meydana gətirən? Kim olacaq, Allah rizası üçün çalışan Hacı Əbdülməcid əfəndi və onun təşviqi ilə pullarını məmnuniyyətlə bəzl edən avam camaat və avam dövlətlilər. Kimdir yenə Şamaxıda yeddi-səkkiz min manatla mükəmməl bir üsuli-cədid məktəbi bina edən? Yenə cənab əfəndi ilə camaat. Aya, bu camaat yenə həmin deyilmidir ki, bundan əvvəl belə şeyləri yadlarına da gətirmirdilər. Aya, bu camaat yenə həmin camaat deyilmidir ki, cümə məscidinin yanındakı faydalı gözəl bir mədrəsənin pərişanlığına uzaqdan tamaşa edib dururdular? Kimdir o asarı-əziməyə səbəb? Şəksiz üləma. Kimdir sonradan mədrəsənin pərişan olmağına, camaatın nifağına səbəb? Camaatmı?.. Kürdəmirdə, Ağdaşda o gözəl məscidləri vücuda gətirən kimlərdir? Üləma və camaat! Sonradan pristavlar peçatladıb, əbdullahı ibadətdən mə’n etdirən kimlərdir? Avam camaatmı? Yox, vallah...

Bakıda üns məktəbinin güşadına, Şəkidə üsuli-cədid məktəbinin açılmasına mane olan kimlərdir? Bakıda bir neçə saatın içində mədrəseyi-ruhaniyyə üçün altmış min manat verən kimlərdir? Millətin ruhu hökmündə olan elə bir məhəli-müqəddəsin inşasını təxirə salan kimlərdir? Əfəndim, bunlara və bunlar kimi yüzlərlə hallarımıza baxanda islamın zillətinə bais əvvəl siz alimlər, ikinci biz, bir cüzyi oxumuşlar ərbabi-maarif və ən axırda dövlətlilərdir. Zəmanəmizin əksər alimləri (alim və rəbbaniləri haradan tapaq, əlbət ki, qəsdim adlı alimlərdir) öz dərd və qeydlərinin dalına düşdükləri kimi, ərbabi-maarifin çoxu da vaxtlarını klublarda, qumarlarda, içki və əyləncə məhəllərdə keçirməkdədirlər. Ağızlarından arabir çıxardıqları “vamillətə” sözləri dillərinin ucundadır. Əksər sözləri puçdur, quru siyahıdır. Millətə lazım olduqları vaxt yüz verst uzaq qaçırlar. “İntelligentliyi” kraxmallı köynəkdən, başa şapka keçirməkdən, millətin ağır işlərində qaçmaqdan ibarət bilirlər. Avam camaatın qabağında nümunə olub, millətə faydalı, ciddi bir iş görmürlər. davaları, təfaxürləri, asıb-kəsməkləri ancaq dillərindədir, xəyallarındadır. Demək ki, camaati-islamın zillətinə səbəb avam dövlətlilər, avam camaat deyil, bəlkə ruhanilər və ərbabi-maarifdir. Xülasə, sizlər “bizim əlimizdən nə gəlir, boş deyib yazmaqdan qeyri...” dedikcə həmişə zillətdə qalacağıq. Binaəleyh siz quru duanı, biz boş deməyi buraxıb ciddi iş görməyə başlamadıqca, heç bir işdən ümid gözləməməliyiz. Belə sözlərlə qəzet sütunlarını boş yerə doldurmaqdan savayı bir şeyə dəyməz. Xülasə, bizə dua və söz bəsdir. Siz də, biz də iş görməliyiz. İş, iş, iş...

 

Ümidvar,

“İrşad” qəzeti, 24 may 1906, â„– 121.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info