Qonaq Kitabı
BU GÜNLƏR VƏ BİZİM RƏHBƏRLƏR

Bu günlər hər kəsin qulağı Peterburq tərəfindədir. Bu günlər zülm və cəfadan cana doyan milyonlarca məxluqun zəif nəzərləri millət məclisinin tərəfindədir. Bu günlər əsiri-istibdad olan milyonlarca acizin, minlərcə fədakarani-hürriyyətin ümidi-nicatı o qibləgahi-hürriyyət tərəfindədir. Bu günlər ürəyində bir cüzi insanlıq məhəbbəti olan hər nəfər o ümidgahi-müqəddəs tərəfindən gələn səsləri dörd qulaq ilə dinləyir, vəkillərin cəsarətlərini qüvvətləndirmək üçün Peterburqa razılıq teleqramları yağdırır. Bu günlər camaat tərəfindən Peterburqa gedən teleqramlar camaatın hürriyyət və müsavat yolunda fədayə hazır olduqlarını çox açıq bir dil ilə anladır. Bu günlər hər kəs əlindən gəldiyi qədər millət məclisinə kömək etməkdə müzafiqə etməyir: kimi teleqram ilə, kimi qəzet sütunlarında atəşli məqalələr ilə, kimi hürriyyətamiz, bəsirətəngiz məcmuələr ilə öx insanlıq borclarını əda edirlər. bu günlər advokatların, müəllimlərin  və mühərrirlərin yazdıqlarından sərfi-nəzər, gürcü, rus rəhbərlərinin, ruhanilərinin yazdıqları odlu yazılar, suzişli sözlər insaniyyət yolunda axıdılan qanlar ilə bərabərdir. Bu günlər rus keşişi fəzilətli cənab İvan Brixniçevin[1] on altı səhifədən ibarət həftəlik çıxardığı “Dur, ey yatmış” qəzetəsi oxunub ibrət götürülməli  qiymətli bir əsərdi, bu günlərə məxsus rusca yazılan bir bəsirətnümadır. İştə bu günlər hər kəs öz qüvvəsincə, öz həmiyyət və qeyrətincə, öz istiqbalı nöqteyi-nəzərincə Allah rizası üçün səy və hümmət göstərirlər. Əlbət, belə dar, lazımlı günlərdə bizim rəhbərlərimiz də hümmət və qeyrətdən geri durmazlar. Əlbət islam hamıdan artıq hürriyyət və müsavat, ədl və mərhəmət tərəfdarıdır. Xeyr, nəinki tərəfdarı, bəlkə hürriyyət və müsavatın anası, mənbəyidir. Əlbət ki, müsəlmanların rəhbərlərində hamıdan ziyadə öz dinlərinə layiq olan yolu tutub vaxtdan, təqazadan istifadə edəcəklər, əlbət ki, əfradi-millətin indiyə qədər ruhanilər barəsində olan bədgüman və sui-təfhəmlərini dəf üçün idareyi-ruhanilər firsəti fövt etməyəcəkdirlər. Xüsusilə, Qafqazda müsəlman dəxi insanlar cərgəsində haqq və ixtiyar sahibi bir camaat olduğunu hökumətə göstərəcəkdirlər.

Həmd olsun, bu ümidlər boşa çıxmadı. Bizim rəhbərlər də özlərini göstərirdilər. Mayın 7-də idareyi-ruhaniyyə rəisləri, üzvləri və qeyri qulluqçuları cənab müfti əfəndinin rəyasət xanələrinə cəm oldular, bu günlər müsəlmanların hər tərəfdən sıxılıb əzilməklərinə, zülm və cövr görməklərinə, bir sözlə, zəmanənin təqazasına görə fürsəti qənimət bilib müşavirəyə başladılar. Müşavirənin əvvəli idareyi-ruhanilərin qərardadlarını təğyir və islan oldu. Mayın 24-də təyin olunan ümumi məclisin görəcəyi vəzifəni bunların qabaqca yığışıb müşavirə etməklərində, əlbəttə ki, böyük bir tədbir, ali bir niyyət gözlənir. Əlbət ki, ümumi məclisdən əvvəl acələ cəm olub rahat fikirlə müşavirə etməklə böyük bir fayda, uca bir məqsəd var. Əlbət ki, ümumi məclisin bəlkə birdən qəbul edə bilməyəcəyi hürriyyət və müsavat cəhətlərini vaxtından əvvəl müzakirə edib məclisi qəbula məcbur edəcək yollar, sözlər hazırlamaq vacibdir. Budur ki, vaxt fövtə verilməyib şiddətli xahişlər ilə müşavirə başlandı. Bəli, başlandı...

Lakin mənim də əlimdəki qələm titrəməyə, gözlərim yaşarmağa başladı. Uf, nə üçün bu qədər xəfif ürəkliyəm? Ah, nə üçün yaralarımıza baxmağa, onların halını anlatmağa təhəmmülüm yox. Xeyr, xeyr, belə olmamalı. Bu vaxtda, hər saatın hər dəqiqəsində böyük bir inqilab gözlənən belə bir zamanda, Xıdır ürəkli, aslan qüvvətli olmaq lazımdır. Bəli, bəli, iş vaxtında acizə arvadlar kimi əl titrətməkdən, yaş axıtmaqdan nə fayda? Qorxusuz söz, ciddi iş lazımdır.

Bəli, idareyi-ruhaniyyələrimizin rəisləri, üzvləri, üzvlərinin üzvləri müşavirəyə yığışıb qərardadi-ruhaniyyə islahəsini müzakirə etməyə başladılar. Ruhanilərin nişan və medal almağı barəsində danışdılar. Bu barədə müfti əfəndi həzrətləri hökumətə “hüsn-xidmətindən ötrü” nə üçün ruhanilər medal nemətindən məhrum qalsınlar? Ədalət və insafə müvafiqmidir ki, “medal” alan ilə almayana təfavüt qoyulmasın? Əlbəttə ki, döşündə medal ilə rus qulluqçusunun hüzuruna varanda medala baxıb hörmət edər...Mən ruhanilərimizin hüsn-xidmətlərinə müqabil döşlərinin “medal” ilə təzyin olmağını şiddətlə arzu edərəm...” məzmununda bəyani-mütaliə buyurdular.

Sonra qərardadi-ruhaniyyənin babi-əvvəlinin 12-ci maddəsi müşavirəyə alındı. Bu maddənin birinci şərti ki, ruhanilərin rus təbəsindən olmağı labüddür, zəmanənin ehtiyacına görə müvafiq ədalət görülməyib. Sentyabrda təşkil olunan birinci komissiya tərəfindən bütün-bütün fəsx edilmişdi. Bu fəsx eynən savab, eynən hikmət idi. Lakin indiki xüsusi müşavirələr bu fəsxi Rusiya hökumətinin indiki cəlal və əzəmətinə layiq görmədilər 17 Oktyabr hürriyyətinin üstə sonradan qara pərdələr, zəhərli qələmlər çəkilib peşman olduğu kimi, birinci komissiyanın o vaxtdakı bəzi gözəl islahları da indi məsləhət görülməyib təməllüq və “hüsn zənlər” ilə örtülməkdədir.

Demək ki, bizim ruhanilər Rusiyanın köhnə istibdadına, köhnə zülmünə əllərindən gəldikcə artıq çalışırlar. Demək ki, hürriyyətpərvərlər arzularına nail olub köhnə idareyi-zaliməni dəyişdirsələr, bizim sahibi-mənsəb ruhanilər razı olmayacaqlardır.

Bundan sonra qərardadi-ruhaniyyənin əllinci maddəsinə baxıldı. Bu maddə: xəric sərhəddə göndərmək üçün pul cəm etmək və göndərmək idareyi-ruhaniyyənin rizası, sərdarın icazatı olmamış qadağandır. Hər nəfər ki, bu maddəni sındırsa, idareyi-ruhaniyyələr borcludur ki, keyfiyyəti hökumətə əxbar etsinlər... və s.

Ey binəva camaat! Görürsünüz, bizim idarələrin xidmətlərini! Heç kəs belə xidmətin vəzaifi-idarəyə aid olmadığını söyləmir. İndiyə qədər olanlar oldu. Edilən zülmlər keçdi. Laməhalə belə bir vaxtda lazım deyilmidir ki, qollarımıza vurulan bu kimi zülm zəncirlərini qoparıb tullayaq? Eyb deyilmidir ki, idarələrimizin casusluq, xəbərçilik (şpiyonluq) etməklərinə razı olub, belə bir alçaq işi qanun surətində saxlayaq? Tiflisin divanxalanarı məyər casusluq ilə az doludur ki, müqəddəs idarələrimizi də casusluğa məcbur edək? Mən elə zənn edirəm ki, bu kimi biqayda qərardadlar ilə idarələrimizin hümmət əlləri bağlandığından millətə haqq ilə bir iş görə bilməyirlər. Məyər bu barədə çox aldanmışam? Məyər idarələr üçün bu qanun və qərardadları əvəz edən yalnız hökumət deyil imiş? Bəlkə bizim müqəddəs idarələrin öz xahişləri də o qanuna, o yumruqlara böyük səbəb olmuşdur? Burasını birinci komissiyada bir cüzi anladığım bu xüsusi şurada lap aşkar göründü. Müfti əfəndi və tərəfdarları bu maddəni bütün-bütün qaldırmaq caiz ola biləcəyini suzişli bir surətdə bəyan etdilər. Demək ki, əfradi-millətin heç kəsə zərəri olmayan xüsusi işlərini, arzu və vicdanlarını axtarması, daha türkcəsi, indiki polisin alçaq xidmətini üstlərinə götürməyi millətin intizar etdiyi əsl vəzifeyi-müqəddəslərinə tərcih etdilər. Anlaşıldı ki, camaatın boynuna vurulan əsarət zəncirlərinə səbəb yalnız hökumət deyilmiş, bəlkə bəzi vərəseyil-manbiya postlarındakı öz ruhani atalarımızda da iş varmış.

Ey mehbani-millət! Ey aşiqani-insaniyyət! Bu günlərdə qulaqlara gələn səslərə diqqət ediniz, diqqət ediniz ki, hər tərəfdən nə cür hürriyyətamiz, nicatəngiz avazlar gəlir. Bir baxın ki, bir vaxt hürriyyətin dünyada ən birinci düşməni olan xristian keşişləri bu gün hürriyyət və haqq uğrunda nə fəryad qoparırlar. Hər yandan, hər camaatdan millət məclisini təbrik üçün bihəand teleqraflar yağır, lakin belə günlərdə, belə ümidli zamanlarda bizim bəzi ruhani atalarımız bir baxın nə iş görürlər! Erməni katalikosunun millət məclisinə göndərdiyi uzun teleqrafına müqabil bizim rəislərimiz bir baxın nə puç şeylər ilə məşğuldurlar?

Hər kəs camaatın qüvvətinə ümid tutduğu, hər kəs mənsub olduğu camaatın azadlığı və səadəti yolunda qanlar tökdükləri halda, bir baxın, bizim camaat rəhbərləri nə cür cəfəng, müstəbid, zülmlü qərardadlar ilə camaatın hürriyyətinə mane olmaq istəyirlər? İnsan yanıb-yaxılır ki, rəhbərlərimiz “yədullahü məəl-cəmaətə” (Tərcüməsi: Allahın əli camaatladır) hikmətini bizə minlərcə əlavələr ilə anladıb camaat qüvvətinin hər cür müvəqqəti-cəbbaranə, zalimanə qüvvətlərdən artıq və daimi olduğunu bildirəcəkləri yerinə, məqami-rəyasətdən bizə belə misginanə vəz edirlər: “Ey mömin qardaşlarım! Cahil və təcrübəsizlərin sözlərinə aldanmayın, uşaq rəftarlarına inanıb arxayın olmayın! Mənim əziz qardaşlarım! Neçə yüz illərdən bəri davam edən bu əzəmətli hökumətimizin idareyi-müstəqilləsini zənn etməyin ki, dəyişir. Biliniz ki, hökumətimiz hər nə cür olsa da, yenə öz köhnə istiqlalını, əzəmətini itirməyəcəkdir. Mən təəccüb edirəm ki, nə üçün buralarını fikir etmirsiniz, ixtiyarınızı nə dəlil ilə zəif, aciz, kor, şil, keçəl-küçəl camaatın əlinə buraxırsınız. Bu fağır, aciz biqüvvət camaat nə bacara bilər, nə verə bilər ki, ruhani idarələrin ixtiyarını camaatın əlinə buraxıb öz əliniz ilə özünüzü boğmaq istəyirsiniz...”

İştə budur, bu günlərdə bizim rəhbərlərin vəzləri! Budur ümidvar olduğumuz böyüklərimizin, ruhanilərimizin məsləkləri, budur katalikos əvəzindəki bizim müqəddəslərin millətlərinə nəsihətləri!

Ey qare! Daha nə yazım, daha nə ağlayım? Hərçənd bu barədə yazılacaq sözlər, ediləcək tənlər tümən-tümən. Amma kimə? İndi ey camaat! Mayın 24-də olacaq məclisin müqəddiməsi belə olarsa, nəticəsi nə cür olacağını siz qiyas edin.

Amma ey Ümidvar! Sən də adını “ümidvar” qoyub bu qədər biümid olma! Dünya əsl həmiyyətdən xali deyildir. Millətin fəryadı, fağır-füqəranın göz yaşları zülm və cəhalətdən, keyfi idarələrdən göylərə qalxır. Millətimizin azad və müsavatsız heç bir haqq və ixtiyara malik ola biləcəyini mənfəətpərəstlər, kutah beyinlər, əbdi-zülmlər bilmirlərsə, alimi-rəbbanilərdəmi bilməyəcəklər? Yox, yox, bizim ümidimiz mayın 24-də cəm olacaq həmiyyətli və həqiqi alimlərimizə, məlumatlı ürəfamıza çox-çoxdur.

 

Ümidvar,

“İrşad” qəzeti, 15 may 1906, â„– 113.



[1] Brixniçev İ.P. – Rus keşişi, 1906-cı ildə Tiflisdə, “Vstan, spyaşiy” adında qəzet nəşr etdirmişdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info