Qonaq Kitabı
NƏ VAXTA QƏDƏR?

Qafil camaatın içində ciddi iş görmək, xüsusilə, politikaya – məmləkətin idarəsinə aid iş köçürmək çox çətindir. Həqiqət, bir çox təcrübələr ilə görülübdür ki, nadan camaat yaxşı-yaxşı qanmıyan xırda uşaq kimidir. Hər kəsə məlumdur ki, uşağa üstü bəzəkli, içi zərərli konfet verəndə, o saat üstünə baxıb aldanar. Konfet sonra bunu naxoş edəcəkmiş, orasını, gələcəyin əsla mülahizə etməz. Halbuki, uşağın qızdırması üçün “kinə” verəndə, acılığını eşidib içməyə yaxın durmaz, ağlar, yenə konfet istər. Kinə vermək istəyənə küsər, ürəyində düşmənlik bağlar. İştə bizim nadan, əsir camaatımızın bir qismi də tamamilə bu uşaq kimidir: səlamət və nicatı üçün, əsirlik və həqarətdən azad olmağı üçün köhnə zülmlü idarənin dəyişilməsini, milli maarifimizin tərəqqisini, hürriyyət və birliyin verilməsini yeganə əlac olmaq üzərə göstərirlər. Mümkün deyil, qəbul edilməz. Hürriyyət və ədalətin nəticəsi “erməni fəndi” zənn edilər. Rusların hürriyyət və insanlıq yolundakı duaları ermənilərin millət dualarına qarışdırılır. Bilinmək istənilməz ki, o hara, bu hara? Bunları qanmadığı üçündür ki, camaatımızın bir qismi ən ziyadə yerə zərərli olan köhnə idarəni candan (?) xahiş edirlər. Bununla bərabər, biçarə nadanları çox qınamaq olmaz; insanlığı, güzəranı, məadəti o köhnə rəzalət, o alçaq və əsirlik şəklində görüblər. Dərd budur ki, Rusiyada bizdən çox döyülən, söyülən, bizdən artıq zəlil və həqir olan heç bir tayfa olmaya-olmaya yenə bizdən artıq köhnə zülmləri xahiş edən qafil bir tayfa görünməyir. Bu nə mərtəbə cəhalət! Bu nə mərtəbə cəhalət ki, o köhnə zəlilliyin, o cür əsirliyin, o xalis heyvanlıq, sənəti-rahatlıq və insanlığın ağır dərəcəsi biliniyor. Neçün bilinməsin ki, burunlar o köhnə murdar iy ilə dolub. Qəlblər bir eşşəyə boyun əymək duyğusu ilə bəslənib. Başlar və beyinlər zülm və istibdadın verdiyi tərbiyə ilə böyüyüb. Arxa dəriləri köhnə idarənin vurduğu matraqlar (qamçılar) ilə qalınlaşıb. Gözlər başa döyülməkdə kor olmaq halına düşüb. Budur ki, bu səbəblədir ki, bu zamanın – bu zamanın ha! – bəzi müsəlmanları yenə qədim idareyi-hökuməti kor-koranə xahiş edirlər və o qədər özlərini itiriblər ki, Rusiyada “hürriyyət”in hər tayfadan artıq bizə gərək olduğunu zərrə qədər də olsa başa düşmək istəmirlər. Köhnə idarə səbəbilə qonşumuz ermənilərin, piyan rus qulluqçularının başımızda nə oyunlar oynadıqlarını, bizi nə həqarətlərə saldıqlarını birdəfəlik də olsa, mülahizə etmiyorlar. Bugünkü iki çürük qəpiklik şəxsi mənfəətlərini gələcəkdəki ümumi mənfəətlə, millətin səlamətliyi ilə əsla dəyişmək istəmirlər. Doğrusu, istəmirlər ki, onlarca tək özlərinin bir xırda başları ağrımasın, gələcəkdə istərsə millətin cümlə malı yox olsun, bütün övladi-millət qırılsın! Kimin nə işinə? Öz çulunu miskincə sudan çıxaran zəmanəmizdə əqilli igid hesab edilir?!

Ey oxucu! Zənn etmə ki, “Ümidvar” bu kimi sözləri düzəldib tənbeh üçün yazır. Yox, vallah! Dayana bilməyib odlanıram. Hələ bir para oxumuşlarımızın xeyir-şərini qanmayıb bəzi avama qatışıb islamın əsası olan hürriyyət və müsavata lənət oxuyub köhnə idareyi-zaliməyi arzu etdiklərini duyub parçalanıram. Bilməm nə vaxta qədər böylə kor və qafil qalacağız? Nə vatxa kimi siyasət və ticarətdə özgələrə uşaqlar təki əsir olacağız? Neçün öz palitikamızı, milli xeyrimizi qanmayırıq? Nə dəlil ilə aramızda hürriyyət və müsavat istəyənlərə lənət oxuyuruq?.. Görürsünüz, ermənilər 20 ildən sonra özlərinə zərər gələcək deşikləri indidən nə tez qapayırlar. Görürsünüz, ermənilər Rusiya rusların olmaq şərti ilə Rusiyada hürriyyət və müsavatı əsla istəmiyorlar. Neçin də istəsinlər ki, əvvəl vaxt biz də onlar ilə bərabər olarıq. Xeyr, bəlkə biz çox işlərdə onlardan artıq ixtiyar sahibi olacağız! Hər yerə, hər idarəyə kök salan ermənilərin bügünkü hiylə və təpiklərindən qurtaracağız. Buna görə gərəkdir ki, ermənilərin tərsinə və öz millətimizin səlamətliyi naminə Rusiyada hürriyyət və müsavatın “doğru” vücudunu, idareyi-məşruteyi-amiyyunun həqiqi təşkilini cani-dildən arzu edək. Lakin burası var ki, idareyi-məşrutənin şirin meyvələrini dadmaq üçün bir neçə il gözləyəcəyik. Hərçəndi burası bizim xasiyyətimizə bir az ziddir, çünki biz hər şeyi acələ görməyə, acələ yeməyə öyrənmişik. Gələcəyi əsla mülahizəyə almarıq. Gözümüzün qabağındakına baxarıq. İstədiyimiz tez əmələ gələrsə, nə yaxşı! Olmazsa, min-min yaman sözlər ilə pisləməyə, nöqsan tapmağa hazırıq. Yox, yox, əzizlər, böylə olmamalı! Böyük bir hökumətin hər tərəfə, xüsusilə, avam camaatın qəlblərinə kök salan köhnə idarənin dəyişilməyi, düzəlməyi asan deyil! İndi bəlkə bir neçə il köhnə sənədən daha zəhmətlər çəkəcək, daha çox pullarımız gedəcəkdir. Amma burası bilinməlidir ki, köhnə zəhmətlərimiz, pullarımız başımıza vurulan yumruqların qüvvətlənməsinə, özümüzün tərsinə, zəiflənməyimizə xərc olunurdu. Lakin indi və sonrakı zəhmətlərimiz, zərclərimiz gələcəkdə millətimizin rahat və səlamətliyinə bais olacaqdır. Görürsünüz aradakı təfavütü, elm ilə cəhalət arasındakı təfavüt nə qədər böyükdür!

Yuxarıda camaatımızın nadanlığından, hürriyyət və müsavatın xeyrini qanmadıqlarından şikayətlənmişdim. Burada bunu artırmaq istəyirəm ki, bu dərəcə nadanlığımızın, bu öz-özümüzə balta vurmağımızın təqsiri yalnız camaatımızda deyil, bəlkə beş-on manat məvacib-aylıq alan elmsiz, hünərsiz, başı sarıxlı qulluqçularımız ilə başı qaqaretli həmiyyətsiz qara qarğalarımızdadır. Bu kimilərin köhnə idarə istəmələrinə səbəb məhz özlərinin iki qəpiklik şəxsi mənfəətləri olduğunu camaatımız başa düşməlidir. Daha bəsdir, mənfəətxorlara, dinini, millətini iki qəpiklik xeyrə satanlara boyun əymək! Nə vaxta qədər ümumi və milli nəfimizi buraxıb bəzi sədrdə əyləşən, münbərə çıxan, qaqaret taxan həmiyyətsizlərin keflərinə qulluq edəcəyik. Biz də insanıq! Biz də bir millətik! Nə vaxta qədər xeyir və şərimizi qanmayacayıq? Ətrafımızı əhatə edən dəhşətli vaqiələrdən daşlar belə mütəəssir olur, aya biz nəyik?

 

Ümidvar.

“İrşad” qəzeti, 17 aprel 1906, â„– 91.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info