Qonaq Kitabı
MÜƏLLİMLƏRİMİZ NƏ ÜÇÜN BAKIYA QAÇIRLAR

Bizdə, yəni məlumatsız millətdə adətdir, deyilməmiş, suyu çıxmamış bir sözü deməzlər. Başlanmamış bir işə, bir sənətə başlamazlar. Amma vaxta ki, biri başladı, zahirən qara pulca xeyri göründü, gerisi corab söküyü kimi gedir. Hər kəs o işin, sənətin üstə tökülür. Lakin bugünkü bu karlı iş bir az sonra köhnələşər, xeyirsiz olarmış, zamana görə özgə təzə işə, təzə sənətə başlamaq laızm imiş, burası kimsənin işi deyil. Elmsiz, xəbərsiz sövdagarlarımızın əksərində olan bu naxoşluq təəssüf ki, oxumuşlarımızda dəxi vardır.

Bir sahibi-fərasət təzə bir şey yazar. Çox sürməz. Cümləmiz o havaya oxumaqla, yazmaqla boş vaxt keçirmək istəriz, amma “Müəllimlərimiz nə üçün Bakıya qaçırlar?” məqaləsi nəzər-diqqətə alınaraq yazılan yazılar, əlbəttə ki, bu cür müqəllid yazılardan deyil, bu məsələni yazmağa hərçənd böyük fikir istəməz, amma yenə yada gətirək ki, bu məsələ meydana qoyulan kimi hər tərəfdən bu barədə yazılmağa başladı. Cənab Firudin bəy Köçərlinin yazdıqları nəzər-diqqətə alındı. “Yarımçıqlardan biri”, “Bir şəxs”, “Axund” imzaları ilə gözəl-gözəl bəndlər yazıldı. Bir çox örtülü işlərin, zorlu səbəblərin üstü açıldı. Müəllimlərdəki qüsur və günahın cümləsi darül-müəlliminin əksiliyində, müəllim adındakı missionerlərin üsuli-tərbiyə və təlimlərində göründü. Doğrusu, çox-çox şükür ki, bəradərimiz Firudin bəy meydana çıxardığı lazımlı bir məsələ havayı oxunub keçilmədi. Dərdlərimiz barəsində yazılan zahiri acı yazılara qarşı dodaq büküb oturulmadı.

Dərdlərimizin, naxoşluqlarımızın gizli səbəbləri axtarılmağa üz qoyuldu. Cümləmizin “qulhuvallah”dan artıq əzbərlədiymiz “nəyimə lazım, aləmin dərdi sənəmi qalıb, kefinə bax” kimi həmiyyətsizlik nişanələri yavaş-yavaş içimizdən götürüldüyü anlaşıldı. Hər kəsin qüdrətinə görə millət qeydinə qaldığı bilindi. Bizim də maarif baharımızın yavuqlaşdığını göstərən çiçəklərin yavaş-yavaş açılmağa başladığı göründü. Şükür Allah, sənə. Şükür ki, “nəyimə lazım...” dövrlərimiz keçir. Hər kəsə lazım çiçəklər açılır. Buna görə ümidvaram ki, bir çox əhəmiyyətli məsələmiz layiqlə kəşf və həll edilmədən qapanmaz. Yazıçılarımız bu barədə nə qədər yazsalar, çox görünməz. Çünki millətimizin ruhu bu məsələnin ruhudur. Millətimizin tərəqqisi bu məsələnin həllindədir. Millətimizin həyatı müəllimlərimizi bu günlərə salan sui-tərbiyə və təlimin, hökumət zülmünün məhvindədir. Bu gün bizim üçün heç bir məsələ, heç bir ehtiyac yoxdur ki, müəllimlərimiz qədər əhəmiyyətli olsun. Bu gün camaatımız, həmd olsun, az-çox milli məktəblər açmağa başladı. Hətta bəzi yerlərdə mövcud olan məktəbləri böyük hümmətlə böyütmək istəyirlər. Lakin müəllimsizlikdən, mürəbbisizlikdən aciz qalıb hümmət əllərini acizə qoltuqlarına soxurlar. Bəli, müəllimsizlikdən məktəblərimiz viran, işlərimiz pərişan, halımız yamandır.

Müəllim məsələsi yalnız bizim deyil, hər millətin ölüm-dirim məsələsidir, bir ovuc ingilislərin topsuz, tüfəngsiz dünyanın yarısına sahib olmaları, Misirdəki və ya Hindistandakı bir neçə piyan əsgərlərilə deyil, Londondakı müdir, alim, durbin və fədakar müəllimlərilədir. Müəllimlərin yetişdirdiyi müdiri-siyasiyunlarilədir. İşin iç üzünə baxmaq istəyənlərə məlumdur ki, rusları pərişan edən cahil rus generallarını basan yapon müəllimləri, yapon müəllim əsgərləri idi. Bilməm bir vaxt hansı qəzetdənsə oxudum: yapon davasından bir neçə il əvvəl Yaponiyadakı rus səfiri bir bağda qonaqlıq verir. Qonaqlıq münasibətilə o bağa gələn yapon ibtidai məktəb uşaqlarına da çay verirlər. Uşaqlar çayı içən arada xəbərdar olurlar ki, çay rus səfiri tərəfindən verilib, bunu duyan kimi uşaqlar: “Biz, bizə düşmən olanların çayını içmirik...” deyib çayları buraxırlar. Halbuki, bizim müəllimlərimiz ingilislərin beş-on qızılına, fransızların şirin dillərinə, yalançı dostluqlarına, rusların maladeslərinə, iki şahılıq medallarına millətlərinin həyatlarını, millətlərinin vətənlərini yağlı qoyun kimi satırlar. Nədən? Məhz məlumatlı, həmiyyətli müəllimsizlikdən! Uzaqlara nə hacət: erməni hamballarının belə başlarını millət məhəbbətilə, vətən qeydilə, istiqlal xəyalilə dolduran kimlərdir? Millətlərini mühafizə üçün əldə ən gözəl bəhanə etdikləri kilsələrini Rusiya kimi vaxtilə dünyanı titrədən bir hökumətdən güclə almağa çalışıb milləti uğrunda Arxangel qaranlıqlarına, Sibiriyanın buzluqlarına gedən və nəhayətdə millətlərinin canı demək olan kilsə mülklərini, kilsə yollarını hökumətdən geri alan kimlərdir? Köhnə erməni keşişlərimi? Qoca erməni avamlarımı? Bu gün Rusiyanın vəziyyətindən, zəmanənin təqazasından istifadə edib müntəzəm qonşularını aşkar bir surətdə rus generallarının qabağında gəzdirən, bir sözlə, hökumət içində hökumət təşkil edən daşnaksütyunların müdirləri, komitet rəisləri, üzvləri kimlərdir? Quru dua və lənəti-məzhəbin rükni zənn edən keşişlərmi və ya pisarlikdəki iki şahı artıq məvacibə müqəddəs xidmətini satan müəllimlərmi?.. Xeyr, xeyr.

Demək ki, hər millətin tərəqqi dərəcəsi müəllimlərinin dərəcəsi ilə bilinər. Demək ki, müəllimlər millətlərinin canlı “qradus”larıdır. Bu halda bizim bəzi müəllimlərimizin kəndlərdən qaçmalarına, əlbəttə, aldıqları sui-tərbiyə və təlimin də dəxli vardır. Əlbəttə, bəzi müsəlman müəllimlərinin müsəlman məktəblərində öz millətlərinin ziddinə rəftarlarına “xainanə öyrəndiklərini xainanə öyrətməyə çalışmaq” üsulunun acı meyvələridir. Bu sözü dedim də yadıma belə bir şey gəldi: Bir şəhərdə camaat milli məktəbin xeyrini düşünüb min bir bəla ilə məscid yanında bir məktəb meydan gətirir. Yüz məşəqqətlə bir müsəlman dərsi müəllimi tapır, bir neçə il içində camaat məktəbin və tazə üsulun xeyrini daha ziyada qanır.

Məktəbin daha artıq tərəqqisi üçün onlar rus dərsinə, rus dərsinin müəlliminə lüzum görürlər. Direktora yazırlar. Qospadin direktor da harda bir ixlaslı, medal və “malades” dəlisi varsa, tezdən seçib bura göndərir.

Bir az vaxt keçir, məktəbin divarlarında olan türkcə xəritələr, şkafda görünən türkcə kitablar inspektorun buyruğu ilə yerlərindən uçur. Müəllim cənabları gizli-gizli aldığı əmrləri, öyrəndiyi təlimi yavaş-yavaş tətbiq etməyə hümmət buyurur. Şapkasındakı iki böyük kakardinin, çiyinlərindəki üç girvənkəlik bəzəkli çinlərin hüzuri-həşəmət mabeynlərində uşaqların ədəbsizcə, yəni başı örtülü oturmaları müəllimin qəlbi-alisini əzməyə başlayır, ciddi bir bəhanə axtarır. Axtarır, amma tapmaq sayeyi-qeyrətində çətin bir işmi? Görürsən inspektor bu alicənab hökumətpərvər müəllimin ürəyinin ortasından məftilsiz tel ilə xəbərdar olur. Çox sürməz, “fütuhatın”, keşiş ağaların, müqəddəslərin, cənabların bir sürü şəkilləri divarları bəzər. Cənab müəllim ətrafına baxındıqca qəlbində özgə cür hissi-ali duyar. İxlas və sədaqətini artıq ürəyində saxlaya bilməz. Bir gün uşaqlara: “Bundan sonra zakona görə məktəbdə başlarınızı açmalısız...” – deyə buyurur. Bu əmr, bu səs yarım saat içində şəhərin hər tərəfini tutur. Hər kəsin üzündə qəlbinin narazılığı, hökumətdən şikayəti görülür. Ertəsi gün məktəbdə uşağın yarısı qalmaz. Məktəb hər kəsin nəzərindən düşməyə başlar. Bir gün də gələr, əvvəlki xidmətlərindən ötrü inspektordan razılıq kağızı alan cənab müəllim inspektorun zakonuna-sirkulyarına görə müsəlman dərslərindən: həftədə dörd dəfə Quran, üç dəfə xətt (yazı), iki dəfə dua dərslərindən savayı müsəlman dərslərinin oxunmasına rüsxət almadığını – fərəhini saxlaya bilməyib, sevinə-sevinə elan edir, amma ertəsi günü də məktəbdə öz tanışlarının dörd-beş uşağından başqa özgəsini görməz. Məktəbin tərəqqisinə də, ümidinə də fatihə oxunub qurtarar. Bəli, budur “Yarımçılıqlardan biri”, “Bir şəxs”in şikayət etdikləri sui-tərbiyənin bir əsəri, bir nəticəsi də. Burası məlum. Lakin arxayınam ki, həqiqi müəllimlərin üzlərini qızardan bu kimi həmiyyətsiz müəllimlər əlbət ki, çox-çox azdır. Əlbət ki, bunlar da insafa gəlmişlərdir. Qaldı ki, kəndlərdən şəhərlərə qaçanlardan bir çoxlarının qaçmalarına səbəb nə sui-tərbiyədir, nə də həmiyyətsizlik.

Bunlardan elələri də vardır ki, bəlkə sui-tərbiyəyə qurban, həmiyyətsizliyə alət olmamaq üçün yaxalarını qurtarmağa qaçırlar. Amma çoxunun kəndlərdən şəhərlərə, şəhərlərdən Bakıya, o qara pul dəryasına, o üz ağardan qara şəhərə qaçmalarına səbəb məhz məişətin darlığıdır. Üç-dörd baş bir ailəni ayda iyirmi beş-otuz manat ilə dolandırmaq asan dərd deyil, gələcək üçün də heç bir ümid yox ki, biçarə bugünkü sıxıntılara baxmayıb səbr etsin. İnsan beş il bir yerdə fəhləlik edəndə ağası sədaqətinə görə beş-on qəpik yenə məvacibini artırır. Amma müəllimlikdə, o da müsəlman olasan, on ilə ömür tükətsən, axmaq aldadan “malades”dən savayı bir şey görülməz. Binəva təcrübəsiz müəllimi bir tərəfdən məişətin darlığı, digər tərəfdən mürvətsiz starşinaların, polisin əziyyəti, camaatın söz anlamaz halı sıxdıqca sıxır. Məktəbdən təzə qurtarmış cavan rəhbərlərə, məişət və camaat dərdi görməmiş cavan müəllimlərə “millətin xatiri üçün hər cür zəhmət və məşəqqətə səbr etsinlər” demək asandır. Amma onların yerində olub iş görmək çətindir. Lazımdır, millət böyüklərimiz də, millət rəislərimiz də millətin qeydinə qalıb övladi-milləti vəhşilikdən qurtaracaq cavan müəllimlərimizə kömək etsinlər. Arxasız, ümidsiz, məişətinin, qarnının dərdinə qalan bir müəllim, mücəssəm-həmiyyətdə olsa, layiqilə bir iş görməz.

Özgələrə dil ilə iş örgətmək, vəz və nəsihət eləmək asandır. Amma onların yerinə keçib iş adamı, dərd babası olmaq hər kəsin hünəri deyildir. “Millətin qeydinə qalan həmiyyətli müəllimlər hər cür bəlayə səbr etməlidirlər” – demək üçün bir az da müəllimlərin qeydinə qalmaq şərtdir. Yoxsa hər kəs öz cibinin, öz dərdinin peşinə düşüb hər işi məişət dərdilə qovulan binəva müəllimlərdən gözlərsə, işlərimiz bir addım da irəli getməz. Lazımdır ki, kənd müəllimlərinin məvacibini artırmaq və onları məişət dərdindən azad etmək üçün rəislərimiz, nüfuzlularımız, xüsusilə, dumaya vəkil seçilənlərimiz indidən lazımi təşəbbüsə iqdam etsinlər. yoxsa dörd-beş ildən sonra kəndlərdə bir qabil müəllimimiz də qalmaz. Bunu bugünkü halımız, pərişanlığımız ən birinci deyilmidir ki, bir çox qabil, həmiyyətli müəllimlərimiz müqəddəs xidmətlərini buraxıb qara pul tərəfinə, yəni Bakıya qaçırlar. Bəzi yazıçılarımızın “Müəllimlərimiz şəhərlərə nə üçün qaçırlar?” deməklərindən bir şey qanmıram. Ondan ötrü ki, hansı şəhərdə hansı müəllim yerlərimiz var ki, oraya qaçılsın? Baxın, Şamaxıya, Şəkiyə, Gəncəyə, İrəvana, Şişəyə, Naxçıvana və hətta Tiflisə, əcəba buralarda neçə müəllimimiz vardır? Halbuki bu şəhərlərdə olan tək-tük müəllimlərimiz də yenə o qara pul məcmeyi olan Bakıya qaçırlar. Hətta Tiflisin gözəl havasını, lazımlı xidmətini Bakının istisinə, tozuna tərcih edirlər. Çünki orada həm qara pul çox, həm də irəlisi var. Demək ki, Bakıya qaçanlarımızın bir qismi sui-tərbiyədən və ya həmiyyətsizlikdən deyil, müəllimin bizdə rəğbətsizliyindən, hökumətin zülmündən, məvacibin azlığından, irəlisinə ümid olmamağından qaçırlar. Mən mütləq belə fikir edirəm. Türk balası, müsəlman oğlu, əksər müəllimlərimizin missioner müəllimlərin iğva və şeytanətinə aldanıb millətinə xəyanət edəcəklərinə ümidim azdır. Arada əskik olmayan bir-iki biəhəmiyyətin vücudu isə hesab deyil. Xülasə, Qoridəki müsəlman şöbəsini özgə bir şəhərə köçürtməklə bərabər, müəllimlərin məvaciblərinin artmağına mütləq çalışmalıdır ki, Bakıya qaçmağın qabağı alınsın. “Müəllimlərimiz nə üçün kəndlərdən qaçırlar?” şikayətlərinin axırı alınsın.

 

Ümidvar.

“İrşad” qəzeti, 13 aprel 1906, â„– 88.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info