Qonaq Kitabı
İDAREYİ-RUHANİYYƏLƏRİMİZ NƏ VAXT DÜZƏLƏCƏK?

“Həyat”ın vaxtında oxuya bilmədiyim 53-cü nömrəsi bu gün gözümə sataşdı. Bəradəri-mükərrəmim “Hafiz Məhəmmədəmin Şeyxzadə” imzası ilə Axalsikdən yazılmış bir məktubu oxudum, bir şey anlamadım. Bir şey anlamadım, ondan ötrü ki, cənab bəradərimin açıq fikirliliyi, geniş məlumatı ilə bu məktubun arasında xeyli təfavüt gördüm. Çox ola bilər ki, səhv edirəm. Ancaq bu səhvimi bildirib, açıq sözlər ilə acizlərini başa düşürəcəklərinə ümidvar olduğum üçün anlamadığım yerləri sual ilə öyrənmək yolu ilə yazıram.

Cənab Şeyxzadə yazır: “Qəvayidi-din və maarifi-islamiyyəmiz bu dəfə lütfi-Həqq və mərhəməti-padşah və həmiyyəti-əhli-vicdan ilə suyi-idarənin hökm və cərəyanına xitam verilib cəbrən və zülmən bağlanmış olan qapıları həqqaniyyən və ədlən açılaraq hürriyyət və müsavata fərman verilib aləmə bir dövri-cədid elan edildi”.

Bəh-bəh. Nə xoş zahir sözlər... Amma mən anlamıram ki, havaxt lütfi-Həqq, mərhəməti-padşah və həmiyyəti-əhli-vicdan ilə sui-idarəyə xitam verildi? Mən bəlkə bilmirəm. Əgər elə bir xoşbəxtlik varsa, lütfən bizə də əsərləri göstərilsin. Mən nə bir idareyi-ruhaniyyəmizdə, nə də ümumi bir işimizdə elə “həmiyyəti-əhli-vicdan” əsəri, işi görə bilmirəm. Hər yana baxılsa yenə köhnə lağər, köhnə çul. Bilməm, amma möhtərəm mühərririn yuxarıdakı ibarəsində qəsdi böylədir: “Qəvayidi-diniyyə və maarifi-islamiyyəmiz ruzigarın təsiri və lütfi ilə nə yapacaqlarını çaşıran amillərin həmiyyəti ilə köhnə idarənin üst üzü bir az dəyişdirilib köhnə hökümət ilə bağlanmış qapıları bıçaq ağzı qədər açılacağını göstərmək üçün hürriyyət və müsavat sözlərinin bir neçə gün danışılmasına rüsxət verilib aləmə bir “dövri-cədid” elan edildi”.

Ha... Bax! Belə isə sözüm yox, yəni ibarəyə sözüm yox. Yoxsa o...dövri-cədid yadıma gəldikcə ürəyim parçalanır, beynim əzilir. Dövri-cədid amma yaman dövri-cədid idi. Allah bir daha o cürəsini düşmənə də göstərməsin.

Şeyxzadə yazır: “Tiflisdə keçənlərdəki cəmiyyəti-milliyyəyi-islamiyyə o dövri-cədid həqqaniyyəti-pədidin feyzi idi”. Bəli, bəli, lap elədir! O cür dövri-cədidin feyzi bu cür cəmiyyəti-milliyyəyi-islamiyyə oldu ki, ömri-şərifi ancaq beş-on gün çəkdi, yəni doğduğu yerdə canı çıxdı.

Möhtərəm mühərrir yazır: “Bu cəmiyyətdə müsaideyi-diniyyə və tövsiyyati-ainiyyə nizamnaməsi tənzim edildi...” Nə gözəl niyyət! Amma əzizim, vasəfa ki, elə bir şey olmamışdır. Doğrudur, Tiflisdə keçən sentyabrın axırında bir yığıncaq oldu. Məhəyyeyi-millət, rəhbəri-ümmət cənab rəisi-ruhanilərimiz də o yığıncağın sədrləri idilər. Və hətta bu məclisə rüsxət verilməyini hədsiz bir nemət olduğu barəsində məsciddə çox əla dərəcədə əxlas və sədaqətpərvəranə və xeyli püribarə “rəvac” da oxudular. Camaat da gözlərini yerə, əllərini göyə dikib dualar, aminlər dedilər. Əksər gələnlər, xüsusilə, bəzi qazılar yerlərinə acələ can atdılar. Budur o məclisin işi də, axırı da. Budur tənzim də, hürr qələm də.

Şeyxzadə deyir: “Bu məclisi-maarif işin təşkil edən zəvat kirami-həqqə tayifi-müqəddəs vəkilləri və əfradi-ümmət mütəvəlliləri idi...” Nə yalan söyləyim, bu ibarələri oxuyanda Tehran və İstanbul qəzetlərinin ibarələri yadıma gəldi.  Sizin də tez-tez təkrar etdiyiniz “Ayinəsi işdir kişinin, lafa baxılmaz” millətinə görə o zəvati-kiram nə iş gördülər ki, “əfradi-ümmət mütəvvəllisi” namını qazandılar. Yoxsa “mütəhəvvəl” yerinə səhvən “mütəvvəlli”mi yazılıb?

Cənab Şeyxzadə yenə buyurur: “Hökuməti-möhtəşəmənin ixtar və dəvətilə üləma və ürəfa cəm olub Tiflisdə “Millət məclisi” bina etdilər”.

Aman, bu da nə gözəl can alan ibarə. Şamaxının Kəramətli kəndlilərindən biri olsa idim, mütləq nəzər dəyməsin deyərdim. Yahu, insaf buyurunuz, hökuməti-möhtəşəmənin ixtar və dəvətilə, daha türkcəsi – buyuruğu ilə təşkil edilən məclisə, zənnimcə, “üləma və ürəfa məclisi”ndən artıq “qulluqçu və mütəvvəlillər məclisi” adını versək, daha ziyada yaraşar. Haydı, Sizin xatiriniz və bizim köhnə adətimiz üçün “üləma və ürəfa məclisi” deyək. Amma məhz hökumət amirlərinin buyruqlarını əmələ gətirmək qorxu və ixlası ilə qulluqçuların qulluqçuları cənab müfti və cənab şeyxül-islam səvabdidləri ilə meydana gələn yığıncağa heç vaxt “millət məclisi” nami-alisini vermək olmaz. Bəradər, Sizin də çoxdan bildiyiniz kimi, “Millət məclisi” o məclisə deyərlər ki, millətin özü öz ehtiyacını, öz həyatını, öz hüququnu qanıb öz dərdlərinin müşavirəsinə lüzum görələr və qərəzsiz, mənzursuz öz aralarından həmiyyətli, məlumatlı vəkillər seçib məclis təşkil edələr. İştə böylə məclisə “millət məclisi” və camaatın qana-qana seçdiyi mənzursuz vəkillərə də “millət vəkilləri” deyirlər. Millət vəkilləri, ümmət mütəvəlliləri gərək hər bir bəla və möhnətə “vəzayifi-müqəddəsi-milliyyə” naminə  səbr etsinlər. Millətin dərdinə və ehtiyacına qalsınlar, millətin qəm-qüsurlarını öz qüsurları hesab etsinlər. Qara günlərdə millət köməkçisi olduğu üçün həbs və nəfi olunsalar belə xidməti-milliyyədən üz çevirməsinlər. Millətin hər cür haqq və ixtiyarını müdafiədə öz cibinin, öz canının qeydini buraxıb, haqq yoldan və vücudunu fədadan geri durmasınlar. Yoxsa “mən də varam” fikri ilə şöhrət, nüfuz və hökm sahibi olmaq xəyalı ilə beş-on manat xərc edib Tiflisə, Peterburqa getmək, geri gəldikdən sonra oturub yatmaq vəkillik deyil, adam aldatmaqdır.

Bəradərim Şeyxzadə ən axırda yazır: “Bu məclis nə üçün təxirə qaldı?” deyib təxirə qalmağından xeyli şikayət edir. Amma heç soruşmur ki, bu təxirə qalan məclisin axırı nə oldu? Hanı o qışqırıqlar, hanı o “böyük iftixari-mucəbi-inşirah”ların nəticəsi. Rübbi-əsrdən artıq riyasəti-ümmətin üstə oturub istrajniklər kimi nişan artırmağa bəzli-hümmət buyuran rəislərimizin “rəhəc”lərindəki vədlər hara uçdu? Görünür, işin içində bizim əqlimizin irmədiyi hikmətlər varmış!.. Hər nə...sifarişlə, zorla...şöhrət və nişan məqsədilə görüləcək işlərin millətə heç nəfi olmuyacağı çoxdan məlum.

Vay iş gözləyənlərin halına. “Duma” deyil ki, qollar çırmansın, vaxtı gəlmədən hazırlaşılsın. Amma acələsi nə, bizim “təvəkkül və Allah Kərim”in vaxtı uzundur.

Bəradərim Şeyzadə, aşağıdakı sualı soruşub cavab gözləməkdə mənə şərik olursuz? “İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcək”. Şeytanın rastına lənət-...

“Müsəlmanlar düzələndə”. Müsəlmanlar nə vaxt düzələcək? İdareyi-ruhaniyyələr düzələndə.

Tarixə müraciət edərsək, yuxarıda ərz elədiyim kimi, görəcəyiz ki, dövri-mədəniyyətimizi meydana gətirən, ülum və fünunun ən böyük hamisi, hətta büdpərəst tayifələrindən olan bir çox elmi və fənni öyrənib, onları daha artıq diriltməyə çalışan üləma və hükəmamızın bir qismi, bəlkə böyük bir qismi ruhani üləmamızdır. Bizdə vaxtikən özünü, öz vəzifəsini bilən, el üçün, yəni camaat üçün çalışan məlumatlı, həmiyyətli, gözü tox, bəxalədsiz, kin və qərəzsiz üləma vardır. Bizim başımız, qədrimiz ali və uca idi, özümüz də öz haqqımızı bilən, öz səy və qeyrətimizin səmərəsi ilə insanca yaşayan, ədalət və hürriyyəti, müsavat və üxuvvəti özümüzə rəhbər edən ali xislətli ali bir ümmət idik. Amma vaxta ki, bəzi səbəblər ilə ruhani üləmamız yavaş-yavaş firqəbazlığa, Allah yolunu buraxıb məhz öz səslərinin qeydinə qalmağa, öz əsl vəzifəsini itirməyə başladılar, o gündən çarxımız tərsinə dönməyə başladı: elm və həqq yerinə ortalığı cəhalət və yalançılıq tutdu. İttihad və qardaşlıq yerinə aləmi əxəff və düşmənçilik qapadı, şərəf və məziyyət yerinə zillət və səfalət doldu, şövkət və qüdrət əvəzinə məskənət və həqirlik çökdü, ucalıq və böyüklük məqamlarını acizlik və köləlik tutdu... Xülasə, biz də yavaş-yavaş bu günlərə qaldıq, bu günkü əsarətlərə, zillətlərə düşürüldük. Nə oldu bunlara səbəb? Şəksiz, həqiqi üləmasızlıq. Bəli, üləmasızlıq! Hərçəndi elmi-islamın tədənnisinə, bu günki pərişanlığına bais olan böyük səbəblərin biri də məhz islam padişahlarıdır. Hətta şöhrəti dillərdə dastan olan məşhur Harun ər-Rəşid kimi maarifpərvər padişahlardır ki, özlərinin, islamın güclü vaxtlarında arada törəyən həqiqi üləma libasındakı ixtilafçılara guya həqiqətin biruzə çıxmasına səy edən fazillərə, qərəzkar və bizi bu günlərə salan sahibi-füru şöhrətpərəstlərə verdilər: tərəqqiyi-elm adı ilə ixtilaf və təfriqəni mucib, lüzumsuz mübahisə və mücadilələri xoş görmək və hətta bəzən də bir tərəfi istizam edib təşviq etmək kimi tədbirsizlik və dürbinsizlik göstərdilər. Amma hələ oralarını qurdalamayaq. Həm uzun çəkər, həm vaxtı deyil. Bununla bərabər, bunların günahları özgədir.

Qəsdimizə gələk: islam ruhani üləması ilə xristian ruhani üləması arasında dağlar qədər təfavüt var dedik. Bu təfavüt səbəbilədir ki, bu gün xristian üləması aləmin başına götürdükləri bəlanın əvəzini görüb Avropadan camaat arasından sürülürlər, yox edilirlər. Demək ki, Avropa camaatı özlərinin nicatlarını ruhanilərin yoxluğunda tapırlar. Bizim nə işimizə. Öz hesablarını özləri hər kəsdən yaxşı bilirlər. Bizə, bizə gələk. Görək ruhani üləmamızın yoxluğu bizə nicat verirmi? Yox! Yox! Biləks, bizim vəzimiz və mövqeyimizin icabı, onların yoxluğu millətimizin yoxluğu deməkdir. Bu barədə avropalılar ilə gərək daban-dabana zidd olaq. Çalışaq ki, bizim bu günkü həqiqi üləma namını qəsb edən bir çox ruhanilər doğrudan həqiqi üləma olsunlar və belə üləmanın ətəklərindən bərk yapışıb məscidlərimizi rövnəqləndirək. Bəli, böyük gücümüzü bu tərəfə verək ki, bizim milli həyatımız, siyasi vəzimizə gözü açıq milli-müxtəlifə arasındakı mövqeyimiz Avropanın halı və bəzi müsəlman hökumətləri kimi deyil. Biz bambaşqayız. Biz öz milli həyatımızın bəqası üçün gərək dörd əli ilə həqiqi ruhanilərə, məscidlərimizə, məscid məktəblərimizə, şəri adətlərimizə sarılaq. Həqiqi üləmamıza böyük ümidlər, ümidi-nicatlar bağlayaq. Amma indiyə qədər olduğu kimi kor-koranə yox ha! Milli məktəblər, ruhani mədrəsələr açıb onlar ilə gözümüzü, beynimizi açmaq ilə qana-qana ümid bağlayaq.

Ağıllı qonşular burasını bizdən çox əvvəl qanıb hər tövr təhlükələrə qarşı həqiqi ruhani üləmasını, kilsələrini süpər edirlər. Bunlar, bu xristianlar avropalıları meymunca təqlid etməyib, kilsələrinə köhnəsindən yüz qat artıq güc verirlər. Qapılarını böyüdürlər. Qonşularımızın fərasətini inkar etmək olmaz. Mövqeyə, politikaya görə çox gözəl iş görürlər. Kilsələrini əllərində hər günə politika yolunda dəstavuz etməyi niyyət etdikləri vaxt kilsələrin bünövrələri demək olan kilsə məktəblərini, ruhani mədrəsələrini çox mükəmməl təsis etməyi bacardılar. Bu zamanın kilsələrində bu zəmanəyə, bu zəmanə millətlərinə görə vəz etmək, milli cəmiyyətlərini kilsələrdə təşkil etmək, siyasi qəsdlərini kilsələrdə möhkəmləndirmək üçün qeyrətli, həmiyyətli, məlumatlı, fədakar ruhanilər yetişdirdilər. Bizim kimi adam və xatir üçün qulluq yox, qulluq üçün adam hazırladılar. Odur ki, bu cür kilsələrin, bu tövr ruhanilərin uğruna heç bir erməni nəinki malını, canını belə fədadan geri durmaz. Odur ki, hər yana baxsan, üç kilsə mülki-erməni vəqfi, erməni əsəri görülür. Şüurlu qonşularımız hər şeydən qabaq qandılar ki, bu hərcmərcli, yerlərin bu qalmaqallı aləmin arasında itməmək üçün kilsələrin divarlarına, həqiqi üləmaların ətəklərinə bərk yapışmaq lazımdır. Odur ki, hər cür milli, siyasi işlərini kilsə maskası, pərdəsi altında köçürürlər (...)

Bu zamanada hər kim qarşısındakına baxmayıb tədbir və gücü əldən buraxırsa, vay gününə! Dava vaxtı ürək yumşaqlığı edib bitədarük yatan tayfanın kül başına! Aləmi sellər, zülmlər, təcavüzlər götürən bir vaxtda mərhəmət, insanlıq gözləyib əlini bağlıyanın torpaq ağzına!..

Vay, biz qəsdimizdən nə qədər uzaq düşdük. “İdareyi-ruhanilərimiz nə vaxt düzələcək?” sualı hara, bu hekayələr hara?

Ey möhtərəm oxucu, bağışla! Dərdli həm az söyləyən, həm də sözünü qarışdıran olar. Neçə illər, neçə yüz min saatlar bizi yuxuladanların boş hekayələrini ağız açıb dinlədiniz. Bu beş-on dəqiqə də onların yanında olun... Gələn səfər əsl qəsdimiz olan idareyi-ruhaniyyələrimizdən yenə dərdləşərik.

 

Ümidvar.

“İrşad” qəzeti, 1906, â„– 80, 85.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info