Qonaq Kitabı
ÜMİDVARAM Kİ...

Ey həmiyyətli oxucu! Bir neçə gündür niyə belə bikefsən? “İrşad”ın 38-ci nömrəsini oxuyandan bəri nə çox məyus görünürsən! Nə var, nə oldu? “Əsrin Yezid ibn Müaviyələri” adındakı hürriyyətəngiz məqaləmi qanını xarab etdi? Sənindəmi ürəyin, beynin buzladı? Nədi səndə o heyrət? Niyə öylə çaşqın durursan? Bax, gözlərinin haləti də dəyişilib! Görünür, o məqalədə yuxarıdan aşağı “söz” şəklində tökülən qanlı göz yaşların üstə sənin də göz yaşların tökülmək istəyir. O bağrı yarıq qələmdən qopan həzin fəryadlar sənin də bəsirət qulağını rahatsız edir! Eyidir ki, özünü saxlaya bilməyib ağlamaq istəyirsən!

Ağla, əzizim, ağla! Ağla ki, ən ziyadə birlik və köməyə möhtac olduğumuz belə müsibətli günlərimizdə belə aramızda köhnə yırtıcı qurdların, hiyləgər tülkülərin kəskin dişlərinə qurban olacaq – olur mənziləsində bulunuruq.

Ağla, əzizim, ağla ki, alçaq düşmənlərimiz bizi nə dərəcədə binamus və bidin hesab edirlər ki, aramıza guya şiə-sünni nifaqı salıb, bizi yenə bizim qəflət, cəhalət əlimizlə kəsmək istəyirlər?! Ah, dini-əzizimizə, namusi-milliyyəmizə bu nərmərtəbə həqarət, bizim üçün bu nə zillət? Bir mülahizə edin qardaşlar! Qonşunuzun məlunları bizi nə mərtəbədə heyvan yerinə qoyurlar ki, səlahla, mərdliklə bacara bilmədiklərini hiylə ilə meydana gətirdib iki müsəlman qardaşın arasına nifaq salmaq üçün bizim cəhalətimizdən, qəflətimizdən nəfi-bərdar olmaq xəyali-xamına düşüblər! Aman yarəb! Məgər müsəlmanlar o dərəcədə bihəmiyyət, biqeyrət oldular ki, ermənilərin yollarına dinlərini satan müsəlman adındakı heyvanların öz aralarında törədiyini qanıb, o kimi xəbis, murdar vücudları hökumət əlinə verib, yox edib ortalığı təmizləyə bilmirlər! Ey zərif ürəkli oxucu! Ağla, ağla ki, anasız, çörəksiz, yurdsuz qalan yüzlərcə balalarımızın göz yaşlarını dayandırmaq üçün Bakıdan, Şəkidən, Şamaxıdan, Dağıstandan, Tatarıstandan, Türkistandan ianə alacağımız yerinə, ürəklərimizi bir qat daha parçalayacaq məlunanə xəbərlər alırıq.

Qonşumuz ermənilər Amerika kimi ən iraq məmləkətlərdəki din qardaşlarından hər cür müavinət və irək təsəllisi ala-ala bizlər yanı başımızdakı müsəlman şəhərlərindən elə xəbərlər duyuruq ki, o xəbərlərə səbəb olan müsəlmanlara müşəriklər belə lənət və nifrət oxuyurlar.

Mən təəccüb edirəm ki, belə bir vatxda hər cür şəkil və surətə girməkdən həya etmiyən dəni təbiətli bəzi ermənilərin hiylələrinə inanıb aldanan müsəlmanlar harda batıblar, nə cür müsəlmandırlar? Mən məəttələm ki, ermənilərin “bizim sünnilərlə işimiz yox” yalan və fitnələrinə inanan müsəlmanlar nə cür camaat arasında qalırlar. Nə üçün “məcnunxana”lara getmirlər... Kimdir deyən ki, ermənilərin sünnilərlə işi yoxdur? Bu nə səfi söz, bu nə həmaqət! Ayə, Zəngəzur, Qazax mahalında ermənilərin viran etdikləri kəndlərin, şəhid etdikləri canların çoxu sünni deyillərmi idi? Ayə, Tiflisdə şəhid edilən qalayçı ləzgilər sünni deyilmidilər? Aya, Tiflisdə talan edilən və yanan dükanların, evlərin bir xeylisi dağıstanlı, şəkili sünnilərin deyilmi? Mən qanmıram ki, ermənilər harada şiə ilə sünniyə təfavüt qoydular. Mən bilirəm ki, erməni bir müsəlmanı öldürən vaxtda demir ki, sən şiəsən, ya sünni. Hətta noyabr vüquatında bir erməni bir silahsız sünnini öldürmək istəyəndə sünni guya canını qurtarmaq üçün erməniyə xitabən başladı ki: a qonşu! Siz deyirsiniz, sünni ilə işimiz yoxdur, bil ki, mən sünniyəm, mənə dəymə! Erməni cavabında: a...bəli, Osmanlıda bizim erməni balalarını nizəyə taxanlar siz sünnilər deyildiniz...Biz şiə, sünni bilmirik, müsəlmanların Qafqazdan kökünü qazacayıq. Amma Şəki, Şamaxı, Dağıstan və qeyri yerlərdəki hiyləgər ermənilər deyirlərmiş ki, bizim sünnilər ilə işimiz yoxdur. Həlbət özlərinin gücləri çatmadıqları, az olduqları yerlərdə canlarının salamatlığı üçün elə deyəcəklərdi. Aya, bu mərhəmətli kirvələrin həmməzhəbləri nə üçün Zəngəzur, Qazax və Tiflisdə də belə demədilər və demirlər? Ey zəif ürəkli oxucu, doğrusu, mən sənin göz yaşlarına şərik ola bilməyəcəyəm. Hərçəndi erməninin yoluna səcdə edən, dinini bir qəpiyə satan müsəlman adındakı bir-iki dinsizin, namussuzun aramızda tapıla biləcəyinə inanıram. Lakin heç vaxt inana bilmirəm ki, adını gerçəkdən müsəlman qoyan, Allahın birliyinə, Quranın haqlığına, Məhəmmədin peyğəmbərliyinə ürəkdən inanan şiə və sünni müsəlman qardaşlarım elə bir-iki nanəcib, haramzada, bidin bir məlunun fitnə-fəsadına qulaq asalar.

Mən son mərtə ümidvaram ki, Şəki, Şamaxı, Bərdə, Dağıstan və qeyri yerlərdəki həmiyyət və ittihadpərvər üləmalarımızın nüfuzları qarşısında bir zad qayıra bilməzlər.

Mən əminəm ki, buralardakı həmiyyət sahibi din qardaşların belə bir zamanda iki müsəlman qardaşın arasına nifaq salan məlunların murdar ayaqlarını öz məmləkətlərinə basdırmazlar. Mən ümidvaram ki, bir az ağlı başında olan hər müsəlman, xüsusilə, millətin ataları yerində olan ruhanilər millətimizin səbəbi-zəlalətini və bugünkü həqirliyimizin alətini nifaqda bilib hər zaman bayisi-rifah və səadətimiz olan ittihaddan bir an, bir dəqiqə geri durmazlar.

Ümidvar.

“İrşad” qəzeti, 1906, â„– 46.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info