Qonaq Kitabı
AĞACI QURD İÇİNDƏN YEYƏR

Bir neçə ay əvvəl Rusiya müsəlmanları bir xeyli qeyrət və hərəkətə gələn kimi oldular. Uzun qəflətdən birdən-birə ayıldıqlarını guya göstərmək istədilər. Hər tərəfdən hay-küy qopdu. Hər yanda qulaqlarımız “islah-reforma” sözlərilə doldu. Yaralarımıza məlhəm vurulacaq sandıq. Zəif vücudumuza qüvvət gələcək xəyal etdik. Hər qəlbdə bir fərəh, bir ümid oyandı. Hər başda tazə bir çiçək açılacaq kimi oldu. Hər səmtdə bir təlaş, hər kəsdə haldan narazılıq görünürdü. Hər əhəmiyyətli, bilikli müsəlmanda millətinin dərdinə çatmaq, qayil qardaşlarının qeydinə qalmaq kimi böyük-böyük fəzilətlər, böyüklüklər büruz etdi. Hər yandan millət vəkillərimiz böyük şəhərlərə toplandılar. Bitməz, tükənməz dərdlərini, dala qalmalarının səbəblərini, həqir, fəqir olmaqlarının baislərini axtardılar. Dərdləşdilər, hətta uzun-uzadı mübahisələr, münaqişələr etdilər. Böyük zəhmətlər ilə, uzun diqqətlər ilə millətin naxoş və zəif vücudunu müayinə etdilər. Hər həmiyyətli, bilikli həkimlər kimi millətin ehtiyaclarını, qara dərdlərini ağ kağızlara köçürdülər. Məlhəm verilmək üçün uzun-uzadı reseptlər, ərzi-hallar yazdılar. O yazılan məlhəmləri almaq üçün yolun uzaqlığına, zəhmətinə baxmadılar. Peterburqa qədər getdilər. Ərzi-hallarını dövlət şurasına, dövlət kişilərinə verdilər. Bununla da kifayət etmədilər: dərdlərini, istəklərini paytaxt qəzetinə yazdırıb aləmə elan etdilər. Böyük dövlət kişiləri ilə üz-üzə görüşdülər. Zərurətlərini, dərdlərini dil ilə də bəyan etdilər. Sonra?... Sonra nə olacaq? “Biz istəklərinizə baxarıq, özgə millətlər ilə haqlarınızı bir etməyə mümkün qədər çalışarıq..” cavabını aldılar. Yerlərinə sağ və salim qayıtdılar. İndi onlar ilə bərabər biz müsəlman camaatı verilən ərzi-halların, alınan vədlərin xeyirli nəticələrini gözləyirik. Bəli, biz də qeyri-məzhəb – rus təbəəsinə verilən hüquq və müsaidələri gözləyirik. Biz də bu mədəniyyət, insaniyyət əsrində hər xüsusda mədəni insanlar cərgəsinə qoyulacağımızı gözləyirik. Bəli, hamımız gözləyirik. Abrazovannımız, alimimiz, ruhanimiz, hamımız gözləyirik. Heç kəsdə ciddi hərəkət, işinin dalına, peşinə getmək yox. Guya Peterburqa, Tiflisə vəkillər göndərib ərzi-hallar verməklə, hamı borcumuzu, işimizi qurtarmış hesab edirik. Aman, nə yaman xasiyyətimiz var. Bir işin, bir tədbirin sifdəsində cuşə gəlirik, barıt kimi alovlanırıq, göylərə qalxırıq. Lakin çox keçməyir ki, yenə sükutlaşırıq. Yenə sönürük. Yenə diblərə enirik. Xüsusi işlərimiz kimi ümumi işlərimizi də “Allah kərim” quyusunun lap dərin yerinə tullayırıq. İştə bu qəflətimizdən, bu bədbəxtliyimizdəndir ki, verilən ərzi-hallardakı bəzi istəklərimizə acı-acı cavablar alırıq da, xeyrimiz belə olmayır.

Bəli, bəzi məsələlər, xüsusilə, ölüm-dirim məsələmiz olan “maarif və məktəb” məsələmiz xüsusi şüarlarla qurtarılır. Həll edilir ki, biz hələ ağzımızı açıb cavab, ümid gözləyirik. Məsələn, keçən həftə Tiflisdə “ibtidai məktəblərində nə sayaq dərs verilməlidir” məsələsinə baxılırdı. Bu şuranı Zaqafqaz maarifinin müdiri-ümumisi (papeçitel) meydana gətirdi. Bu əhəmiyyətli məclisdə bizdən az olan qonşularımız gürcü və ermənilərdən doqquz müəllim ola-ola bizdən ancaq iki yarım müəllim var idi. Biri Soltan Məcid Qənizadə,[1] digəri Muxtarov[2], yarısı da Hacı Kərim Sanıyev[3] idi. Danışıq və məsləhət arasında Qənizadə müsəlman dərslərinin bir az artıq olmasını xahiş etdi. Buna cavabən qospadin Sanıyev: “kak mojno – hüç mümkünmü” və qeyri laflar ilə etiraz etdi. Qori darülmüəlliminin baş mürəbbi və müəllimi Smirnovun[4] gözünə girdi, iltifatına nail oldu. Sonra söz hansı ildə hansı müsəlman dərsinin oxunması xüsusinə gəldi. Cənab Qənizadə həzrəti Peyğəmbərin və islamın ətrafa nə sayaq yayıldığının tarixi ikinci ildən başlamaq lazım olduğunu söylədi. Smirnov ilə Hacı Kərim Sanıyev buraya şiddətli etiraz etdilər. Bu dərslərin axırıncı illərdə oxunmasını məsləhət bildilər. Çoxu axırıncı ildə şagirdlərin çoxu məktəbdə qalmayır. Bundan savayı əgər müsəlman uşaqları tarixi-müqəddəsdən qısaca tarixlərin irəli öyrənsələr ürəklərində yer tutar. Sonra özgə şeylərə yer və vaxt qalmaz. Bərəkət versin ki, Muxtarov onların bu rəyinə yoldaş olmadı. Heç bir cəhətlə dinib-danışmadı. Bu məclisdə ortaya qoyulan rəylər, danışıqlar qurtardı. Guya təzə proqram tərtib edildi. Bu təzə “proqram” 1880-ci ildə keçmiş sərdar Voronsovun[5] vaxtında tərtib edilən köhnə proqramın bir az öyrülüb-çöyrülməsindən başqa bir şey deyildi. Ayda dörd manat vəzifə ilə o qədər ağır yükü boynuna götürən müəllimlərin, müsəlman dərslərinin və verilən məvaciblərin barəsində sonra yazaram. İndi biz müsəlman vəkillərinə və sahib rəylərinə gələk. Müsəlmanların ehtiyacı və nə yol ilə rahət və mərifətli olacaqlarını nəzərə alıb ona görə qərəz və riyasız söz danışmağa dəvət olunan abrazovannılarımızdan bir az bəhs edək. Bəhs edək, amma məsələ çox uzun, buraya sığmaz. Yaxşıdır ki, burasını da yenə sonraya buraxıb əvvəlinci şuraya çağırılan Sanıyev ilə bir az danışaq: A cənab, bildinizmi ki, nə cür böyük və ağır bir iş görməyə çağırıldınlz? Bildinizmi ki, neçə milyon müsəlmanın diriliyi və ya ölümü zati-fərasət mabeyinizin yadı-ixtiyarına verildi? Bildinizmi ki, bu zəmanəyə, millətinin bu halinə görə ehtiyacımız, dərdimiz nədir? Əgər bilib, ona görə müsəlman dərslərinin az olmasını istədinizsə, qeyrət və qanacağınıza söz yox...bilməyib, özgənin ağzına baxıb danışıbsınızsa, qeyrət və fərasətinizin nəhayəti yox... Millətin vəkili yerində olduğunuz üçün sizə bir neçə söz soruşmağa məcbur oldum. A təcrübəli müəllim, Gəncə və qeyri yerlərdəki müəllimliyinizdə nə qayırırdınız? Gəncə müsəlmanlarının sizə olan hörmətləri müqabilində nə iş gördünüz? Heç bir kərə təcrübə etmək istədinizmi ki, vəkili, əqillisi, böyüyü siz cənabınız olan bu məzlum millət uşaqlarının tərəqqisi nə yol ilə əmələ gəlir? Heç bilmək istədinizmi ki, ana dili ilə olan təlim sayəsində millət balaları nə cür tərəqqi edirlər? Heç eşitmədinizmi ki, sizin kimi müəllimlərin ayağı Gəncə müsəlman-rus məktəbinə girməkdən əvvəl məktəbin tərəqqisi, şagirdlərin sanısı nə mərtəbədə idi? Ana dilinin nə dərəcədə gərək olduğunu müsəlman kəndlərində dərs verən gürcü və erməni müəllimlərindən heç duymadınızmı? Gürcü müəllimləri müsəlman kəndlərində müsəlman dilinin lüzumunu rəislərinə rəsmən yaza-yaza siz heç öz ana dilinizi, ananızı tanımaq istəmirsiniz? Nə deyim. Bu barədə yazılacaq sözlər çox. Lakin “Həyat”ın[6] qiymətli sütunlarını belə adi yazılar ilə doldurmaq istəmirəm. İş, söz öz nəfsinizə məxsus olsaydı, sizin üçün bir məqalə deyil, bir hərf belə yazmazdım. Burasını da deyim ki, təqsir yalnız sizdə deyil. Bu beş-altı milyon müsəlmanın içində təcrübəli, məlumatlı müəllim yalnız sizmi göründünüz? Halbuki çox müsəlmanlar ilə bərabər maarif rəisləri də bilirlər ki, heç bir yerdə üz suyu ilə müəllimlik vəzifəsini yerinə yetirmədiniz...

Ay mənim sevgili, məzlum millətim, vaxtdır oyanaq. Vaxtdır, iş görək. Bu sentyabr ayının on beşinə qədər hər uyezddə, hər quberniyada millət vəkilləri seçilib camaatın rahatlığı, məmləkətin abadlığını müzakirə edəcəkdir. Aman, aman, olmaya ki, şeytanlara, suya verənlərə, bir neçə stəkan çayın xatirinə aldanıb quzu şəkildəki qurdları vəkil seçəsiniz. İş əhəmiyyətlidir. Zaman nazikdir. Olmaya ki, özünüzü içinizdən qurd yeyə, olmaya ki, öz əlinizlə öz qəbrinizi qazasınız. Sonradan of-tuf yol etməz. Bilmirsək, qonşularımızdan dərs və ibrət götürək.

 

F.Nemanzadə,

“Həyat” qəzeti, 7 avqust 1905, â„– 65.



[1] Sultanməcid Qənizadə (1966-1937) -  məşhur pedaqoq, Azərbaycanın ilk ali pedaqoji təhsilli ziyalısı kimi xalq maarifinin inkişafında mühüm rol oynamışdır. O, Azərbaycanda ilk dəfə “rus-azərbaycan” məktəbi açmış və onu getdikcə genişləndirmişdir.

[2] Muxtarov - İnqilabdan əvvəl “rus-azərbaycan” məktəblərində dərs deyən müəllimlərdəndir.

[3] Hacıkərim Sanıyev (Sanılı) – müəllim, şair, maarif xadimidir. Sovet hakimiyyətinin ilk illərində orta məktəb dərsliklərinin və dərs vəsaitlərinin hazırlanmasında geniş fəaliyyət göstərmişdir. 1929-cu ildə nəşr olunan “Üçüncü il” adlı dərsliyin hazırlanmasında onunla birlikdə Ömər Faiq Nemanzadə, H.Axundov da iştirak etmişdir. “Abşeron yarımadası”, “Zülmün sonu”, “Namus davası” əsərləri məşhurdur.

[4] Qori müəllimlər seminariyasının millətçi rəhbərlərindən biri. O, azərbaycanlı müdavimlərə nəinki öz dillərində danışmağı, hətta bu dildə düşünməyi də qadağan etmişdi.

[5] Daşkov İ.İ. (1837-1916) – Çar Rusiyasının dövlət xadimlərindəndir. 1881-ci ildə çarın şəxsi mühafizə dəstəsinin rəisi təyin edilmiş, 1905-1915-ci illərdə Qafqaz canişini işləmiş, inqilabi mübarizənin qatı düşməni olmuşdur. O, üsyan edən kəndlilərə qarşı həddindən artıq amansız idi, xüsusi cəza dəstələri saxlayırdı. Şuşa şəhərinin general-qubernatoru fitnəkar Qoloşapov onun göstərişi ilə 1906-cı ildə Azərbaycana göndərilən cəza dəstəsinə rəhbərlik etmişdir.

[6] 1905-1906-cı illərdə Bakıda H.Z.Tağıyevin pulu ilə nəşr olunan gündəlik qəzet. Onu əvvəllər Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayev birgə redaktə edirdi. Bir il sonra Ə.Hüseynzadənin redaktorluğu ilə nəşr olunmuşdur. Burada dövrün, demək olar ki, bütün mütərəqqi qüvvələri çıxış edir, ictimai və milli problemlər qaldırırdılar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info