Qonaq Kitabı
BİZ DƏ VAXTA GÖRƏ ÇALIŞAQ

Millət, yetər bu səbr, bu cövrü təhəmmülat,

Heç olmasın cəhalətə bağlı olan həyat.

 

Hər zamanın bir təqazası, hər təqazanın bir təsiri vardır. Zamanın təqazasına uymayan, ümumin getdiyi nicat yolu ilə getməyən bir kişi və ya bir millət dünya, məişət və həyatca özgələrdən geri qalar; geri qaldıqca qonşularının mərifətli, mərifətli olduğu nisbətdə qüvvətli olan ayaqlarının altında əzilib qalar, bəlkə də bir vaxt yox olar, gedər. Buna incədən-incəyə dəlillər axtarmaq lazım deyil. Tarixi-aləm bu təbii qaydaya misal olacaq vüquat ilə dop-doludur. Tarixi-düvəli buraxıb, tarixi-müqəddəsə, əksəriyyətlə istədiyimiz ilahi və şəri üsullara baxalım. Cəbəbüləsbabın əmr və hökmlərinin əsası və həqiqəti, ümumiyyətlə, özü kimi bir olduğu halda, yenə ayrı-ayrı hökmlü, kitablı peyğəmbərlər, hadilər göndərməsi məhz zəmanənin təqazasına görə hərəkət və “dəyişmək” gərək olduğu lüzum və hökmünə görə deyil də, aya nədir? Əgər zəmanənin təqazasına görə hərəkət, təbdili-əməl, “dəyişmək” lazım gəlməsə idi, əlbəttə, bir peyğəmbərin təbliği və məzhəbi, peyğəmbərin bəxt və vücudu kafi idi. Halbuki böylə olmadı. Olması da təbiətə, ağıla mümkün də deyildi. Zəmanəyə görə dəyişmək hər zaman icab edirdi. Buna görə beş, on, yüz deyil, “zəmanəyə” görə minlərcə peyğəmbər gəldi. Ümumi bir rəvayətdə bunların sayısı yüz iyirmi dörd minə də çıxarıldı. Həm də böylə lazım idi. Ehtimal daha da çoxdur. Çünki zaman, əql, hikmət, təbiət böylə icab edərdi, böylə istərdi. İndi həzrəti Adəmdən axır zaman peyğəmbərinə qədər keçən zamanı yüz iyirmi dörd min il fərz və təxmin edərsək, ildə beş peyğəmbər gəlmiş imiş. Demək olur ki, bunlardan bəziləri əslafının təbliğinə məmur olduğu ehkam və əməli cüzi bir təğyirlə təbliğə məmur olmuş isələr də, çoxunun məzhəb və şəriətinin surəti icrası bütün-bütün ayrı idi. Böylə olması da labüd və lazımdı. Bu səbəblədir ki, həzrət Məhəmmədin ümməti olan bizlər indiki məzhəb və əməllərimizlə nə surətlə müsəlman isək, keçmiş cümlə peyğəmbərlərin ümmətləri də əksərisi bizimkilərə müxalif olan əməllərilə bərabər yenə xalis-müxlis müsəlman idi.

Demək zəmanəyə görə dini əməllərin dəyişilməsi əsas islamiyyəti əsla dəyişmir. Bu hal dini əməllərin zəmanəyə görə dəyişilməsi işlərimizin də zəmanəyə görə dəyişilməsinə nümuneyi-misal olmazmı? Hər dürlü etiqadi-əməldə əsasən bir olan islamın fel və əməldə az-çox fərqli olaraq Hənəfi, Şafi, Maliki şöbələrinə ayrılması əcəba zaman və halın (özgə səbəblər və müəssirlər də məlum isə, cümləsinin həqiqi müəssiri yenə zamandır) təsir və icabına görə deyil də nədir? Hətta müctəhid din vücud və lüzumu zəmanənin təqazasına görə hərəkət etmək lazım olduğu hökmü əsasına görə deyilmi? Bir az daha irəlilərə gedək: zəmanənin təqazasına görə təbdili-əməl və təğyiri-hərəkətə ən həkimanə şahid axtararsaq, yenə həzrəti-peyğəmbərin öz vəxti-səadətlərində tapacağıq. Tapacağıq ki, o hallar, o hikmətlər bir yerdə sancılıb yatıb, tərpənmək istəməyən biz tənbəllərə birər ibrət və nümunə olsun.

Hər kəsə məlumdur ki, vəqti-səadətdə bir zaman halal olan, alışılan bir əməl birdən nəhs olunurdu. Bir gün məmnuniyyətlə başlanan bir iş az zaman sonra mən olunurdu. O barədə gələn Allahın əmri ayəti-mənsux və mübtil olurdu. Bu gün haram olan ertəsi gün halal olurdu. Demək ki, haşa bir qərarda qalması lazım zənn edilən əmri-ilahi belə dövrə, əsrə, ilə görə yox, bəlkə ayın, günün təqazasına görə dəyişilirdi.

Çünki cənab Haqqın hikməti dəyişməyən, bir qərarda qalan bir dürlü, bir məzmunlu əmri-ilahiyə camaatı tabe erməkdə deyil, biləks əmri-ilahini, vəhyi-rəbbanini camaatın halına, zəmanənin təqazasına görə inzal buyurmaqda idi. İştə peyğəmbərlərimizin öz zamanındakı iyumi-təbəddüllər, təğyirlər bizim üçün birər nümunə, birər ibrət olmaq ilə bərabər, dini və dünyəvi əməllərimizdə, əmrlərimizdə tətbiq edilmək üzrə “ləyükəllifullahu nəfsən illa vus’aha” (tərcüməsi: Allah hər kəsə öz bacarığını həvalə edər) ayəti-cəliləsi “əddəruratu tubihül-mahzurat” (tərcüməsi: Zərurətlər qadağanları aradan qaldırır) hikməti-məşhurəsi və həzrət    Əli əleyhissəlamın “allimu övladikum biğayri zəmənikum...” (tərcüməsi: Övladlarınızı zəmanənizə uyğun şəkildə tərbiyə edin) məzmununda yüz cür, min növ ayətlər, hədislər, hüccəti-əimmələr, qiyasi-füqəhalar, kəlami-kibrlər yenə bizlər üçün birər nümunə hüsni məsəl olmaq üzrə buraxılmışdır. Heyf ki, zəmanəyə görə çalışmağımız üçün bunca gözəl misallar, asanlıqlar ola-ola bizlər yalnız hansı məqam və hansı hal üçün deyildiyindən bixəbər olduğumuz: Allah kərimdir. Sənin çalışman ilə olmaz. Allahın təqdiri lazım. Allah rizqi yetirər. Ölüm var, çalışmaq nəyə gərək. Tədbir təqdiri pozar. Olacağa çarə olmaz. Sən nə işlərsən, işlə, Allah bildiyini eləyər. Allaha sığınan məhrum qalmaz kimi cümlələri əzbərləyib, öz təqsirimizi örtmək üçün haman bunların birinə yapışırız. Bəzinin əsasından, nəticəsindən bixəbər mollalar kimi döşümüzü genişlədərək bunları oxuyuruz, tənbəllər, səfehlər kimi mütəsəlli oluruz. Mütəsəlli oluruz da, yerimizdə, köhnə fikrimizdə mıxlanıb, batıb dururuz. Aman yarəbbi, iman və etiqadda bizlərdən yüz dərəcə daha möhkəm və həqiqətən daha vaqif keçmiş maarifpərvər islamların zəmanənin təqazasına görə olan hərəkətləri bizlərə neçün nümunə olmuyor da bugünkü övliya bücüklərinin öz mənfəətlərinə xidmət etmək üçün qurduqları tuzağa, tələyə düşürüz? Zəmanəyə görə çalışmaq, dəyişmək istəmiyoruz. Lakin heç fikir etmiyoruz ki, əgər əsrə, vaxta görə dəyişmək lazım gəlməsəydi, nə abbasilərin o şəşəli tərəqqiləri, nə Əndəlis ərəblərinin əqlə heyrət verən o mədəniyyətləri, nə də türklərin aləmi vəlvələyə salan fütuhati-cahangiranələri meydana gəlirdi. Bunların cümləsi nədən? Təqazaya görə çalışmaqdan.

Hər fənalığın mənbəyi, başı hər dürlü fəlakətimizə mücib olan qədim adətlərimizin, səfihanə əməllərimizin zərərini həqq ilə təqdir etməmək, hər kəsin getməkdə olduğu təzə üsulun, təzə yolun faidə və qiymətini təmyiz etməməkdir. Ən cigər parçalıyacaq burası ki, zəmanəyə uymamazlığın, tənbəlliyimizin və qeyrətsizliyimizin müəssəm şahidləri, müəssəm nişanələri olan Şəki, Şamaxı, İrəvan, Naxçıvan...dakı gözləri yaşardacaq bir hali-xarabaya gələn anların (məzar günbəzləri) hər gün gözlərimizin önündə durduğu halda, onlardan zərrə qədər olsun  bir ibrət alamıyoruz. Maarifpərvər əcdadımızın qüdrət və əzəmətlərinə, dərəceyi-maariflərinə dəlalət edən o asari-əzimənin bugünkü xarab halları gözlərimizə neçün tikan kimi batmıyor? O yadigarların lisan halları ürəyimizi neçün parçalamıyor? Neçün bunlara baxıb zəmanə görə dəyişmək, istiqbal üçün hazırlanmaq istəmiyoruz?

Aman yarəbbi! Bizlərin bu dərəcə qafilanə, meymunca təqlidimizin bir misli daha bir millətdə tapılarmı? Ev əşyamızı avropalılarınkına oxşadıb tez-tez dəyişdirdiyimiz, hər gün köhnələrinin yerinə təzələrini qoymağa çalışdığımız halda, bizlərin əsl həyatına, milli bəqamıza səbəb olacaq çürük qafamızı, kifli beynimizi, yaşlanmış fikrimizi, zəhərli adətlərimizi, meymunca təqlidimizi əsla dəyişdirmək, islah etmək istəmirik. Avropa əşyasına olan meylimizə, firəng malına olan məftuniyyətimizə, arzumuza baxsalar – tamam bir avropalıyız. Amma maarif, mədəniyyət, cəmiyyət xüsusunda fikirlərimizi, əməllərimizi diqqətə alsalar – küfli bir fanatik, ən cahil mütəəssib bir türküstanlı, buxaralıyız. Bunlarla bərabər, ortada yad-əcnəbi surətində bir müsəlmanlıq sözü gəzib duruyor. Amma inanılsın ki, cümlənin sözü, iddiası həp bəhanə, yalançı sufilik, özgələri aldadıcılıq, cib doldurmaqlıq, qərəz və mənfəətə xidmətdir...

İştə bu qərəz və mənfəəti-şəxsilər bizləri dəyişməyə, zəmanəyə görə çalışmağa qoymur.

Hanı bizim alimlərdə, qazılarda, mollalarda, tacirlərdə millətimizin bu zamanda həyatına bais olacaq əsərlərə, vəsilələrə təşəbbüs və iqdamları?

Yeri gələndə, söhbət düşəndə özlərini hamiyi-din, rəisi-millət, alimi-baəməl kimi göstərən vərəsətül-övliyamalarımızdan  hanı millətə xeyir və faidə gələcək dindaranə, alimanə bir hərəkət?

Ah mollalar, axundlar!

Nədir təhəyyüli-hirsə bu rütbeyi-qeyrətiniz?

Türabə münqəlib olmaq deyilmi qayətiniz.

Bugünki qəfləti-məşum xəndəniz yerinə,

Sabah həşrə qədər ağlasınmı millətiniz?

Düçari-niqməti təhzib qıldınız vaveyla

Bu qövm ikən, bu vətənkən vəli nemətiniz.

Dəvami-cəhl ilə zənn etməyin dəvam eylər,

Nihayətə iriyər ömri-biədalətiniz.

Nə qanlı yarələr açdı qülubə-islamə,

Məhəmməd ümmətinə qarşı suyi-niyyətiniz.

Üdul eylədi rəh Həqdən, ey Rəsuli-Həqq,

Təhəmmül eyləməsin şani-ədliyyətiniz.

Bir kərə ətrafımıza baxınız, nə görürsünüz: hər təfəri istila etmiş miskinanə dərin bir sükunət, məzarıstanə oxşayan bir xamuşluq, sonu gəlməz bir qəflət... Xeyr, ara-sıra hərəkət də görünür. Amma nə tövr hərəkət? Mənfəəti-ümumiyyə pərdəsi altında bir hərəkəti- mənafeanə dindarlıq, sufilik sarığı altında bir iqdami-şeytananə, xeyir və doğruluq papağı altında bir feli-vəhşiyanə...

Hanı həmiyyət və millətpərvərlikdən dəm vuran, evlərini qapılarına qədər Avropa bəzəyi ilə, firəng təryinatı ilə dolduran dövlətli sövdəgarlarımızda, obrazovannı  paltarlarındakı ağalarımız, bəylərimiz, xanlarımızda zəmanəyə görə millətpərvəranə bir hərəkət?

Hümayun manifest nəşr olundu. Mində bir əllərə düşməyən fürsətlər əllərə düşdü. Yəhudilərə varıncaya qədər hər millət bu xeyirli gündə, bu qiymətli fürsətdən istifadə etmək fikrinə düşdü. Hər şəhər, hər uyezd öz camaatlarının dərdlərinə, qeydlərinə qalıb, millət övladı, camaat füqərası üçün bir təsisat, bir xeyirli əsər vücuda gətirməyə çalışırlar. Hanı... hanı bu qədər müsəlman şəhərlərindən də bir xəbər, müsəlmanda da bir tərpəniş? Eyvah... eyvah! Qiyamətə qədərmi kor gəlib kor gedəcəyiz? Qafil doğub, qafil öləcəyiz? Boynumuzdakı bu ağır cəhalət zəncirlərini, qəflət yüklərini məhşərə qədərmi sürükləyib götürəcəyiz? Nə vaxt biz də zəmanəyə, təqazaya görə çalışacağız?

Ey şeyxül-islamlarımız, müftilərimiz, qazılarımız, mollalarımız, axundlarımız, müəllimlərimiz, qulluqçularımız, sövdəkarlarımız, bəsdir...bəsdir bu qədər səbr, bu qədər təhəmmül. Allah eşqinə, din naminə, millət xatirinə, övladi-ümmət adına bunca həqarətlər, təhəmmüllər bəsdir!

Nami-insaniyyətə, imanü vicdan naminə,

Ac qalan, zar ağlayan bikəs yetiman naminə.

Bu qədər səbr və təhəmmül, bu qədər qəflət və cəhalət, bu qədər zillət və həqarət bəsdir!

Biz də hər şeydən geri qalan camaatımızın dərdinə qalaq. Camaat uğrunda mübarək dişlərini sındıran, üzünü parçalayan, neçə yerlərdə öz mübarək canını təhlükəyə qoyan həzrəti-şər’in əsl məzhəbini, hikmətini bilək. Ayın, hətta günün təqazasına görə dəyişilən ibrəti-nusari-ilahi əmrlərin dünyəvi işlərimizdə də nümunə olacağını yaddan çıxarmayaq. Dinimizin hər nə cür əmri, hökmü olursa olsun ancaq dünyada insanca yaşayan, axirətdə feyziyabi-ruhani olmaq üçün olduğu həqiqətini unutmayaq, hər işi şərait üsulu ilə axtarıb indiki və keçmiş millətlərin əhvali-tarixiyyələrini nəzəri-ibrətə almazsaq, bir dürlü olması zənn edilən Allah hökmlərinin zamana görə dəyişdiyindən olsun barı ibrət alaq, dəyişək.

Görürüz ki, bir ovuc millətlər zəmanəyə görə olan maarif və səyi və himmətləri sayəsində milyonlarca cahil, qafil insanları özlərinə maddi, mənəvi əsir edirlər. Hər millət öz camaatı, öz milləti uğrunda varını, yoxunu, hətta canını fəda eləyir ki, əsarətə, həqarətə giriftar olmasınlar. Bir az əqli başında olan millətlər özgə gurultulara, özgələrin əhvalına qulaq verməklə bərabər, bütün qüvvətlərini, qeyrətlərini, fikirlərini öz millətlərinin tərəqqisinə həsr edirlər.

Amma bizlər... Ah bizlər guya hər vacibli milli işimizi qurtarıb arxayın, rahat olmuşuz kimi oturub gözəl-gözəl fürsətləri itirib ağzımızı özgələrin əsərlərinə qarşı açıb qalmışıq. Qulaqlarımızı özgələrin sözlərinə dikib durmuşuq. Beyinimizi bizə əsla xeyri olmayan boş politika və cəfəngiyyat ilə çürüdüb öz işimizdə məəttəl qalmışıq, qalırıq.

“Əddunya sicnun lilmömininə” (tərcüməsi: dünya möminlər üçün bir həbsxanadır) kəlami-hikmətamiz ilə işdən əl çəkib qafilanə oturmaq, hər yerdə qaranlıqlara soxulub miskinanə, heyvanə yaşamaq mənasına alıb “leysəlinsənu illə məsə’ə” (tərcüməsi: insan öz səyi ilə tanınar) buyuran dinimizi pozub islam cübbəsi altında islamiyyət düşməni, rəhbanlıq, bütpərəstlik tərəfdarı olmuşuq.

Əsl islamiyyətdən, zəmanənin təqazasından bixəbər yatırıq, halbuki zaman dəyişir, dünya dəyişir, hər şey dəyişir, hər millət dəyişir, hər zərrə dəyişir... İnsaf və mürvətdirmidir ki, bizlər hər şeydən də dışarı olaq? Dəyişməli, biz də mütləq dünyəvi əməllərimizi, göz görə təhlükələrə, səfalətlərə sürükləyən adətlərimizi, cahilanə fikirlərimizi, əməllərimizi dəyişməliyik. Və illa özgələr bizləri bütün özgə yolda dəyişdirib yox edərlər...

Hər kəs yoxdan var, vardan hər çey çıxarınca çalışır. Bizlər isə millətpərvər mühərrirlərimizdən cənab Firidun bəy Köçərlinin[1] dediyi kimi, 1880-ci ildən bəri nizama mövcud olan cəmiyyəti-xeyriyyəmizin ixtiyarını belə qayib ediyoruz, zamana görə çalışmırız.

İmdi də olmazsa fikrəfruzi-nuri-intibah,

Olmaz olsun boylə suzişli, fəlakətli həyat.

Hanı bizim sahibmənsəb rəislərin, müəllimlərin, qulluqçuların, sövdəkarların cəmiyyətcə bir ittifaqları ki, ərz hal ilə məhəllinə müraciət edib, bu mərhəmətli vaxtda, bu yuxulanmayacaq zamanda bizi də rus təbəələri olan sair insanlar cərgəsində qoydurub ümumi ümumi hüquqdan istifadə etdirələr? Hanı bizim əfəndilər, axundlar, ağalarımız, hardasınız?

Millət bu gün sizlərin himmətinə, mərhəmətinə bağlı. Övladi-ümmət küçələrdə gözü yaşlı, səfil-sərgərdan olaraq sizlərin ümidinə qalmış. Hərçənd islah olunacaq hallarımız həddən artıqdır. Lakin indilik ən lazım və mümkün olanlarına təşəbbüs edək. Baxınız, bu böyük Qafqazımızın bir şəhərində olsun bir cəmiyəti-xeyriyyəmiz yox, bir təbşirkətimiz yox... yox, yox! Həmişə bir yoxluqda üzürük...

Bir vaxt darülfünun yerində olan mədrəsələrimizdə varlıq içində yenə bir yoxluq göstərilir. Zalım fələk isə bizi gözləmir. Çalışana verir, irəli götürür. Çalışmayanları, öz millətinin dərdinə qalmayanları ayaqlar altında əzdirib geri buraxır. Əsrimiz özgə əsrdir.

Bir əsrdir ki, əsrimiz, onda

Ölü olmuş miləl böylə zində.

Böylə bir əsr içində bax bizi də

Mollalar etmək istiyor mürdə.

Biz də bu əsrdəyik, biz də dirilib, zamanın təqazasını, millətin  bugünkü ehtiyacını, qonşu millətlərimizin səy və tərəqqi hallarını nəzəri-diqqətə alaq. Alaq da gözəl vaxtları böyük nemət bilək. İttifaq ilə hökumətimizə müraciət edək. Nicat və səlamətimiz naminə ən əvvəl bizə lazım və fərz olan üsuli-cədid məktəbləri, mədrəsələri güşad, mövcud və xərab olanları tovsi və emar eliyək. İndilik Bakıda, Tiflisdə olsun birər “cəmiyyəti-xeyriyyə” təşkil, hər şəhərdə qiraətxana təsis eliyək.

Uşaqlarımızın bir qismini üsuli-cədid mədrəsələrinə verməklə bərabər, mütləq digər qismini də rus uşqollarına verək.

Bu surətlə məktəblərimiz, maarifimiz olursa, alimlərimiz, mollalarımız, müəllimlərimiz...öz vəzifələrini, borclarını bilərsə, rus məktəblərində oxuyanlarımız çoxalırsa, bu gün uzun uzadıya danışılıb, yazılıb heç bir cəhətcə qəbul və həll olunmayan məsələlər əvvəl zaman özbaşına, öz sövqi-təbiisilə bir cəhətə həll olub qurtular. Heç bir kimsə ilə işim olmayaraq deyə bilərəm ki, bu gün həyat və məmatımızın bağlı və mərbut olduğu məktəb, yəni maarifimiz məsələsini buraxıb, özgə məsələlərdən bəhs etmək, doğrusu, bir bağbanın ağac köklərinin bulubduğu torpağı lazımınca tərbiyəyə çalışmayıb, havanın təsirindən çiçək, meyvə gözləməyinə oxşar. Xülasə, bizi adam edəcək, bu günkü qəflətdən, səfalətdən qurtaracaq, bar-bar bağırdığımız mədəniyyətə daxil edəcək bir vasitə, bir səbəb varsa, o da ancaq-ancaq məktəblər, mədrəsələr və mətbuatdır, bir sözlə, maarifdir. Özgə hər dürlü səy və fikir boşdur, əsassızdır. Ümidvaram ki, qiymətli vaxtları fövtə verməyib, qonşularımız qədər olsun, həyat mayilimizə çalışarıq.

Bəsdir inqirazın son dəmində qaldıq,

Amacı oldu Quran təzyifi-ruzigarın.

Olsunmu nuri-islam həp qərqeyi-siyahi?

Yoxmu sabahı yoxsa bu leyli-hövl-tarın?

Rahi fənada hər kəs bizdənmi ibrət alsın?

Təxribi-cəhlə bais alimsifət şərarın.

 

 

Nemanzadə.

“Şərqi-Rus” qəzeti, 28, 29 avqust, 2 sentyabr 1904,

â„– 147,148,152.



[1] Firidun bəy Köçərli (1863-1920) – Azərbaycanın məşhur maarif xadimi, publisist və ədəbiyyatşünas alim.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info