Qonaq Kitabı
CAVAN BİR MİLLƏTPƏRƏSTİN VƏFATI

Şəkidən aldığım ağ rəngli bir kağız mənə ən qəmavər qara xəbərlər gətirdi. Bu qara xəbərin verdiyi təsir məni qədirşünaslıq naminə bir neçə söz söyləməyə məcbur etdi. Bu kağızdan şəkililərin mədari-fəxri, Şəkidə bir çox fəqir, yetim uşaqların mənəvi, mərhəmətli atası olan Quluzadə Zəkəriyyə[1] əfəndinin vəfat etdiyini duydum. Rusiya müsəlmanları içində zatən pək az olan millətpərəstlərdən, həmiyyəti-mücəssimlərdən, sahibi-mürvətlərdən birinin əksildiyini anladım. Şəkidə bu son vaxtlarda vücuda gələn binaya həmiyyətin bir rükünün, bir sütununun uçduğunu fəhm etdim. Şəkililərin otuz iki, otuz üç yaş yaşında cavan, həlim, millət dostu, maarifpərəst, safdil, səbatlı, həmiyyətli, mütədəyyin, hörmətli bir vücudu qaib etdiklərini bildim. Ah! Bu biliş, bu fəhm mənə çox acı həqiqətlər ərz ediyor. Nasıl etməsin ki, şəkililərin qibleyi-ümidləri, müsəddər həyat və istiqlalları, kəbəyi-övladları, təlimgahi-islamiyyyət və insaniyyətləri, məqərri-nicat və səadətləri olan zəmanə müvafiq məktəbləri və mədərisələri bu gün ən müşfiq bir şafeyi-dünyəvi, ən mərhəmətli bir hamiyi-kəraməti itirdi. Bəli, Şəki öylə bir vücudi-möhtərəmi qayib etdi ki, o vücud bizim Zaqafqaz müsəlmanları içində misli az eşidilən bir sənədə, yəni hənuz iyirmi yeddi yaşlarında ikən belə millətinin həyanı, bəqası ancaq üsuli-cədid məktəb və mədrəsələri ilə olduğuna yəqin hasil edərək ən birinci məqsədi, arzusu və işi onlara rövnəq vermək olmuşdur. Qardaşı mərhum Ağa Məhəmmədin məsləkini təqib edərək millət və maarif yoluna sərfi-hümmət etməyi özünə vəzifeyi-diniyyədən hesab edərdi. Bu etiqadı saf, bu etimadı insaniyyətpərvəranə Şəkidə ən birinci üsuli-cədid məktəbinin təməlini, bünövrəsini qoyanların ən birinci qəhrəmanlarından, igidlərindən daha özgə təbirlə fədayilərindən idi. Mərhum millət və maarif yolunda boş söz deyil, pul, həm də tümən-tümən pul sərf etməkdə yoldaşlarına qarşı bir nümuneyi-ibrət olurdu.

Üçüncü məktəbin təşkilindən ki, bu gün səkkiz, doqquz il olur, indiyə qədər  hər nə vaxt məktəblərə, mədrəsələrə, məscidlərə ianə, kömək lazım olmuş isə, heç birindən geri qalmamışdır. Ümumi ehsan və ianə işlərinə özgələrə daima nümunə olacaq surətdə iştirak etdiyindən başqa özbaşına olaraq, bir çox əsərlər də vücuda gətirmişdir: Şəkidə yuxarı Baş məscidini nəzərrüba bir surətdə təmir və tərmim etdirdi. İslamiyyət nöqteyi-nəzərindən məscidin rövnəqini, ibadətgahın tətimməsini, daha açıq sözlə, məscidin yarısını yeni üsuli-mədrəsə və məktəb hesab etdiyindən məscidin yanında kiçik, gözəl bir məktəb və mədrəsə bina etdirdi.

Məktəbin müəlliminin məvacibini bir çox vaxtlar yalnızca özü verirdi. Şəki müsəlmanlarının dərəceyi-etiqadlarına, əfkariyyələrinə, mədəniyyətlərinə mücəssəm bir şahidi-əzim olan birinci Cümə məscidinin əvvəlki hali-pürxərabi bu xaliseyi-müxlisi-islamın, bu riyasız mütəddəyyinin fikrini bir çox vaxt rahatsız etdi. Onu təmirə və gerçəkdən Cümə məscidinə layiq olacaq bir dərəcəyə salmağa yoldaş axtardı. Hər nədənsə o sırada kimsəyi tapmadı. Axırda yalnız başına xeyli pul sərf edərək məscidin mənəvi olan əzəməti-ruhi avərinə müvəffəq olmaq üzərə zahirini də ənzari-möminini cəlb, qülubi-əbədini cəzb edəcək bir hala saldı. Birinci üsuli-cədid məktəbi mənfəətinə xeyli ianələrdə bulunurdu. Nəqd olan ianələrdən özgə hər il beş-on yetim uşaq da oxutdururdu. Şəkinin öz cəmaətinən müəllimlik yetişdirmək üsuli-mütəhəssisinə tovfiqən ikmali-təhsilə göndərilən dörd-beş əfəndinin təlim məsrəfinin bir qismini də məmnuniyyətlə verirdi. Xülasə, harada, hər nə cürə bir ianə lazım idisə, mərhumun ianəsi ən kəsrətli bir qisim təşkil edirdi. Bir çox dövlətlilər kimi işi sözlə deyil, felən, nəqdən tezcə yapıb qurtarırdı. Fikrində, təsəvvüründə yapacağı daha çox-çox şeylər də vardı. Şəki bu nümuneyi-həmiyyətdən daha çox əsərlər gözləyirdi. Heyf, səd heyf ki, əksərən həmiyyətlərə, qeyrətlilərə, zəiflərə müsəllət olan vərəm Şəkinin bu müxəffiri-maarifinə də aman vermədi. Qərargahi-əbədiyyəsinə çox vaxtsız çəkilməyə bəhanə oldu. Mərhum həqiqiətən çox xoş təbiətli, qayət həlim, xasiyyətcə qibtə olunacaq bir cavan idi. Doğrudur, mərhumun şayani-zikr elmi, yüksək məlumatı yox idi, amma çox pək, çox oxumuşlardan, obrazovannılardan yüz mərtəbə həmiyyətli, insaniyyətli, sədaqətli, mərhəmətli, doğru sözlü, səbatlı, riyasız mütəddəyyin maarif və millət dostu, bir insani-xalis, bir müsəlmani-həqiqi idi. Millət və maarif yolunda ehsan etdiyi pul, həmiyyət hərçənd özgə böyük şəhərlərə nisbətən çox-çox azdır, onun barəsində yazdıqlarım da mübaliğəli kimi görünür, amma insaf və mülahizəni buraxmayıb mizanə alarsaq, Şəki kimi bir şəhərdə mərhumdan on-on beş dərəcə daha ziyadə dövlətli kişilər olub. Bunun etdiyi ehsanın yarısını da eləmədikləri bir yerdə, bir çox qoca kişilərin, hətta bəzi mollaların, üsuli-cədidənin haram bildikləri bir məmləkətdə hənuz otuz üç yaşında ikən millət uğrunda bu dərəcə qeyrət, həmiyyət və müavinət etmək, yoxluqda varlıq göstərmək, böyüklüyün ən böyüklərindən sayılır. Buna görə, Şəkiyə nisbətlə mərhumun haqqında yazdığım həqiqi bəyanatı bir cəhətdən çox az görürəm. Nə fayda ki, cəmiyyət və qeyrət əzhabının müarizləri, hər zaman görülmək təbii bir qayda kimi olduğundan Şəkinin  bu mərhumu xoşlamıyan bəsirətsiz, vicdansız əhli qərəz də əskik olmaz zənn edirəm, hətta mərhumun vəfatını məmnuniyyətlə məqamında Şəkidən buraya yazan alçaq, ədəbsiz insan surətindəki bir itin kağızı məni yaxıb-yandırdı. Lakin böylə nankorluqlar, küfranlıqlar, mərhumun gücünə, halına nisbətlə Şəkiyə, vətəninə etdiyi xidmətlər, ehsanlar yaddan çıxarıla bilməyəcəyinə etiqadım çox möhkəmdir. Hər yerdə əskik olmayan bəzi vicdansızları müstəsna tutarsaq, hörmətli, qədirşünas olan ümumi şəkili qardaşlarım mərhumun asari-insaniyyə və diniyyəsini mənimlə bərabər qəlblərində saxlayıb, onun əsərlərinin qədrini biləcəklərinə və məsləkini təqib edəcəklərinə əminəm. Cənab Haqq mərhuma məxfurət, qövm və təcəlqatına və məslək yoldaşlarına səbrlər versin.

 

Şəkinin birinci üsuli-cədid məktəbinin

sabiq müəllimlərindən

Nemanzadə.

“Şərqi-Rus” qəzeti, 24 iyul 1904, â„– 112.



[1] Şəkinin maarifpərvər varlılarından olmuşdur. Azərbaycanın məşhur dövlət xadimlərindən Mustafa Quliyevin (1893-1938) atasıdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info