Qonaq Kitabı
GÜNAH KİMDƏ?

Biçarə, məzlum Xədivə iki ay sonra 17-ci baharını görəcəkdi. Bu ən fərəhbəxş baharından bir az sonra ən müqəddəs, ən ruhəfza əməlləri hüsula gələcəkdi. 8-9 ay əvvəl bir üzük ilə nişanlandığı İsmayıl ilə, o müvafiq yaşdaşı ilə 4-5 ay sonra baş-başa yaşamağa başlayacaqlardı. Bu ümid və arzuların verdiyi həsrət Xədicənin ürəyinə sanki sığmırdı. Bu qəlbi məsərrətlər Xədicənin təbii olan məlahətini, cazibəsini, şətarətini bir daha artırırdı, mütənasib vücuduna, lətif əndamına özgə bir gözəllik bəxş edirdi. Günlər geçdikcə şadlıqlar artır, ümidlər böyüyür, təxəyyüllər genişlənirdi. İsmayılın xəyalı Xədicənin bütün qüvveyi-mövcudiyyətini zəbtinə keçirmişdi. Bu şadlıq günlərin birində toy hesabatı qərarlaşdırmaq və İsmayılın verəcəyi başlıq axçasını təyin etmək lazım görüldü. İsmayılın böyük qardaşı Xədicənin atasının yanına gəldi. Hesablaşmağa, qərarlaşmağa oturdular. Toy paltarı, təam barəsindəki hesabları görüb qurtardılar. Lakin başlıq axçasında bir tövr uyuşamadılar. Xədicənin atası 200 manatdan bir qəpik də əskiyə razı olmayacağına qəsəmlər edir, İsmayılın qardaşı 150-dən artıq verməyə qüdrəti olmadığını anladırdı. Söz uzandı. Heç biri iddiasından geri durmadı. Bir-birilərinə yaman-yaman sözlər deməyə başladılar. Nəhayət, iş pozuldu. Xədicənin atası İsmayılın 9 ay əvvəl göndərdiyi nişan üzüyünü qızının barmağından hiddətlə çıxardı.

İsmayılın qardaşından geri döndərmək üzərə ayrıldı. Zavallı Xədicə qələmi əlindən alınmış vətən və millət aşiqləri kimi düçari-yə’s oldu. Günlər keçdikcə Xədicəni nəticəsi dəhşətli xəyallar, düşüncələr qapayırdı. Xədicənin atası qızını bu vaqiədən bir ay keçməmişdi ki, 2-3 günlük uzaqdakı kənddə dövlətli, dul bir kişiyə öz başına nişanladı. Xədicə bu qara xəbəri ancaq on gün sonra anasından duya bildi. Demək ki, Xədicə 9 aydan, bəlkə bir ildən bəri məhəbbətini, meylini bağladığı İsmayıldan, yoldaş olacağına qətiyyən qərar verdiyi o xoş təbiətli, o gülərüzlü cavandan həqiqətən ayrılacağını hiss etdi. Vücuduna şiddətli bir titrəmə düşdü. Heç ümid etmədi ki, bir yerdən əri, yəni həyat yoldaşı, məhəbbət müştərisi, məyusiyyət mədaheyi...olacaq aşdaşının halını qonşularından xəbərləşdi: 50 yaşında, xəstə, 4-5 uşaq sahibi dul bir dövlətli olduğunu anladı. Anladı ki, zülm və istibdadın, insaf və haqsızlığın ən dəhşətli əsiri olmuş, anladı ki, insanlıq hüququ, hər kəsin tapındığı hürriyyəti əlindən zəbt edilmiş, Xədicə bir neçə ay sonra o mərəzli, murdar qoca kişi ilə əl-ələ, diz-dizə olacağını təsəvvür etdikcə istiyirdi ki, səhərlərə qədər ağlasın, axşamlara qədər yeyib-içməsin! Zaman keçdikcə o lətif üzlü Xədicə də ölü halına keçirdi. Gün olardı ki, ağzına heç bir şey götürməzdi. Az vaxt içində Xədicə zəifləşməyə, saralmağa başladı. Bir az zaman sonra şiddətli öskürəyə tutuldu. Böyürlərində sancı peyda oldu. Anası arabir “ay qız, sənə nə olur ki, yeyib-içmirsən?! Nə üçün gözlərin qızarır? İstəyirsən atana deyim cindar molla Süleymanı gətirsin. Kitaba baxdırsın. Nüsxə yazdırsın” deyirdi.

Toy vaxtına, Xədicənin qara gününə az vaxt qalır. Məzlum, bədbəxt Xədicə evdə toy hazırlığını gördükcə bir dəqiqə əvvəl ölmək, toy gününü görməmək istiyirdi. Bununla bərabər səbr edirdi. Atasına, anasına əsla bir şey demirdi. Heş kimsəyə sirrini açmırdı. Bunu özü üçün də böyük eyib, ölümdən betər hesab edirdi. Tərbiyəsi, etiqadı bunu icab edirdi. Xədicə bir gün önündəki bağçada yalqızca oturmuşdu, dərin xəyallara dalmışdı. İsmayılın çəpərin yanından keçdiyini görmüşdü. İsmayıl isə Xədicənin solmuş üzünü, pərişan halını görüb mütəhəyyir qaldı. Gələn ayaq səsi Xədicəni olduğu yerdən qaldırdı, İsmayılı gördü. Qarşısındakını sevgilisinin xəyalı zənn etdi. Arzusunun qəbuluna təəccüb etdi. Bir neçə dəqiqə sanki sövdəzadə bir-birlərinə baxa-baxa qaldılar. Bir az sonra Xədicə özünə gəldi. İsmayılın xəyalı yox, özü olduğunu anladı, utandı. Əllərini üzünə qapayaraq oradan uzaqlaşdı. İsmayıl bir ildən bəri qayibanə məhəbbət etdiyi məhbubəsinin halına acıdı. Onu bu dərddən xilas etməyə ürəyində qərar verdi. Qonşusu bir arvad ilə Xədicəyə böyləcə xəbər göndərdi: “Madam ki, atası onu mal kimi satmaq, pul qazanmaq istiyir, dəli deyil ki, bu gündən sonra öylə atanın yanında dura. Mən ölüncəyə qədər o özgəyə gedə bilməz. Hazırlansın, sabahı gün yarı gecədən gəlib götürərəm..”

Xədicə bu adi sözləri duydu. Daha çox darıxdı. Hərçəndi İsmayılı sevirdi, onunla yaşamağı istiyirdi, lakin qaçmağı, ata-anasının üzlərini qaraltmağı namussuzluq hesab edirdi. Qaçmaq keyfiyyəti təbiətinə, tərbiyəsinə əsla müvafiq gəlmirdi. Bununla bərabər, bir saat da olsun İsmayılın məhəbbətini xəyalından çıxarmırdı. Qız gündən-günə əridi, vətənindən qərib düşmüş fəlakətzadə millətpərvər kimi saraldı, soldu. Şiddətli öskürək, böyür sancıları biçarəni bir saat da olsun rahat buraxmırdı. Arabir ağzından gələn qan parçaları insanların, ən ziyadə cavanların qorxulu düşməni olan vərəm (sill) mərəzinin müqəddiməsini elan edirdi. Atası qızının halını görmür deyildi. Amma öz-özünə böylə təsəlli verirdi: “Qız qisimidir, tez naxoş olar, tez də yaxşı olar. İnşallah, o vaxta qədər bir zədə qalmaz...Hələ dövlətli yeznənin göndərəcəyi başlıqları, imarətləri görsə lap bir həftədə sağalar...” Qafil kişi qızının dərdindən bixəbər idi. Xəcalət qurbanı Xədicə can dərdində, atası yeznəsindən pul, mal almaq qeydində..

Anlaşdı ki, atası nə üçün 50 manat üçün işi pozdu. Bir ildən bəri xəyala mütəəhhid olan iki mühəbbi, iki eşdaşı nə üçün ayırdı. Ata ilə övlad arasında böyləcə tək böyük bir təfəvüt və təzad görünürdü. Hər saat Xədicəyə bir dəqiqə, hər saat atasına bir gün kimi gəlirdi. Aradan xeyli zaman keçdi. Xədicə tanınmaz bir hala düşdü. Hər nəfəs aldıqca sanki ciyəri qopurdu. Amma yenə dərdin atasına deyil, qonşularına da duyurmaq istəmirdi. O, öskürdüyünü atasına eşitdirməmək üçün ağzını yaylıqla qapayır, sancısını bildirməmək üçün dişlərini şiddətli sıxır, qan parçalarını, o müqərrib yığınlarını göstərməmək üçün gizli yerlərə tüpürürdü.

Xədicə yuxusuzluğunu anlatmamaq üçün hər kəslə bərabər yatardı. Yatdığı döşək deyil, sanki bu dünyadakı qəbri idi. Gecə isti, yarım arşın boyundakı kiçik pəncərə qapalı, yeddi-səkkiz canın yatdığı otağın havası mütəəffin, ağır. Xədicə nəfəs aldıqca böyrünə guya şişlər batır, öskürməkdə boğulmaq dərəcəsinə gəlir. Bir saat olsun rahat olamırdı. Ev şənliyi, xüsusilə atasını rahatsız etməmək üçün yavaş-yavaş öskürməyə, kəsik-kəsik nəfəs almağa çalışırdı. Heç mümkünmü? Ara-sıra şiddətli öskürməyə, nəfəs almağa məcbur olurdu. Amma atasının acıqlanacağı, söyəcəyi yadına düşürdü. Nəfəsini zəbt etmək istərdi.  Sıxıntısından göz yaşlarını yağış kimi tökürdü. Biçarə yenə rahat olmurdu. Nəhayət səbr edəmədi. Yerindən durdu.  Qayət yavaşca qapını açdı, dişarıya, sərin havaya can atdı.  Soyuq bir daşın üstündə oturdu.  Divara arxa verdi. Xeyli vaxt qaranlıqda tək və tənha oturdu. Birdən qulağına insaniyyəti, insanları yox eliyən – dəhşətli tüfəng səsləri, qışqırıq avazları gəldi. Atasının ayıla biləcəyini düşündü. Özünün otaqda görünməməsinə yaxşı məna verilməyəcəyini fikir etdi. Dərhal yavaşca otağına girdi. Döşəyinə müvəqqətən soxuldu.  Səslər, qışqırıqlar getdikcə artdı. Atası bir vaxt oyandı, köhnə paltosunu arxasına alıb dişarı çıxdı. Ağlaşma qopan tərəfə yüyürdü.  Ağac çırağının (çirənin) işığı qonşu Daşdəmir bəyi al qanlar içində yatdığını nəzərlərə qərz etdi. Zavallı pədər bir neçə yerindən yaralanmış, bağırsaqları dişarı tökülmüş,  fəryad və iniltiləri arasında:  A... Nəca...bət sözləri eşidilirdi. Bir qaç dəqiqə sonra  bir az o yandan gələn şiddətli fəryad və nalələr bu yazığın halını sanki yaddan çıxarmışdı. Hər kəs o tərəfə yüyürdü. Daşdəmir bəyin bir dənə olan nuri-didəsi, on yeddi yaşındakı oğlu Aslan bəy altı partlar ilə yaralanmış,  bir neçə kişi əlləri ilə tutub gətirirlər. O gecə qonaq gələn dayısı oğlunun da başı xeyli yarılmışdı. Yarım saat keçməmişdi ki,  Daşdəmir bəyin qapısı önü qohum əqrəba arvadları-kişiləri ilə doldu. Arvadların cigərsuz nalə və fəryadları gecənin qaranlıq pərdəsi altında dəhşətəngiz bir vüquat olduğunu uzaqdakı qonşulara elan edirdi. Aslan bəyin anası var fücü ilə saçlarını yolur, iki əlləri ilə başına döyür, döşünü parçalayır, məmələrini didirdi. Xədicənin atası işin əslini, səbəbini təfsilən duymaq istiyirdi. Lakin sıra yox. Yaralıları evlərinə apardılar. Xədicənin atası vüquatın səbəbini tez çatan qonşularından soruşdu. Qonşu vüquatın səbəbini böylə anlatdı: “Dəmirçigilin Hüseyn Pəhləvanı bir neçə yoldaşı ilə Daşdəmir bəyin qızı Nəcabəti qaçırmağa gəlmiş. Qızı otaqdan dişarı çıxarıb qaçırırlarmış. Nə tövr olursa itlərin səsinə atası oyanır. Qızı döşəyində görmür. Qaçdığını anlayır. Vah-haya başlayır. Daşdəmir bəy, oğlu və qonağı dərhal birər xəncər, tüfəng alıb qızın arxasına düşürlər. Sizə yaxın  küçədə çatırlar. Aslan bəy bir neçə tüfəng atır. Daşdəmir Hüseyni xəncərləməyə çalışır. Hüseyn qaçmaq, qaynatasını vurmamaq istəyir lakin çarəsiz qalır. Daşdəmir bəyi xəncərləyib yerə salır. Aslan bəyi də yoldaşları güllə ilə vurub yıxırlar. Nə deyim, Allah üçün söyləməli,  təqsir qızdan ziyadə atasında, Hüseyndən artıq Daşdəmir bəydədir. Hüseyn qızı iki ildən artıqdır istəyirdi. Sən də bilirsən ki, oğlan gözəl təbiətli, iş, sənət, pul sahibidir. Deyirlər ki, qızın da ona meyli varmış.  Zatən öylə olmasaydı qaçıra bilməzlərdi. Oğlan araya nə qədər ricaçı qoydu,  yalvardı, atası “nəh” dedi, vermədi, həmişə “o kim, biz kim” dedi. Dün gecə bizimkilərin danışmasına görə Daşdəmir bəy qızını rizası olmuya-olmuya bir həftə əvvəl Tuy köyündəki Sultanqaya bəyə əlaltından nişanlamış. Məgər oğlan bunu tezcə duymuş. Görünür ki, bu gecə “gəlirəm, qaçaq” deyə qıza xəbər də göndərmişdi. Anlaşılır ki, qız da razı olmuş. Nəcabəti meşəyə doğru qaçırarkən bu müsibətdə əksinə üz verdi. Allah üçün çox yazıq oldu. Kişinin ocağı tamam söndü”.

            Səhər yaxınlaşmışdı. İnsanlara bir tərəfdən rahatlıq, digər tərəfdən narahatlıq verən gecənin qaranlığı, pək çox dəhşətli vüquatları ağuşi-zülmətində bəsliyən bu siyah pərdə, bir çox müsibətlərə səbəbi-yeganə olan bu təbii zülmkar, alçaq insanları həmişə sayeyi-müavinətə alıb, icrayi-xəbasət və cinayətlərinə müsaidə edən, xanimansız fənalıqları doğan qara üzlü bu madərxof və heybət yavaş-yavaş sanki yuxarı doğru qalxırdı, məkanına gedirdi.

            Aradan xeyli vaxt keçdi. Bəzi xeyirli, mənfəətli halların, işlərin kəndlilərin arasında gec yapılmalarına rəğmən bu gecəki xəbər, əsl və həqiqətini təfsilən anlaya biləcəkləri bu gecəki vüquat az zamanda kəndin hər tərəfinə yayıldı. Daşdəmir  bəyin evinin ətrafı camaatla doldu. Ağlaşmalar, fəryad və nalələr ən qatı ürəkləri belə yumşaldırdı. Daşdəmir bəy otağının bir səmtində, oğlu digər səmtində qana bulaşmış döşəklərin üstündə yatırlar.  Otaqda camaatın kəsrətindən iynə düşəcək yer yox. Bir neçə həkim müqəllidləri, usta başılar, cindarlar yaraları ceyindirirlər, çapuqları sarıyırlar. İzdihamdan nəfəs almağa macal yox. Hər ağızdan bir söz çıxır. Yaralılara hər kəs birər dərman öyrədir. Aslan bəyin yaraları bərk sarılmış olmalıdır ki, “açın” – deyə işarə ilə yalvarırdı.  Qanı bir dürlü dayanmırdı. Cındırları da isladıb çıxırdı. O biri səkidəki atasının nəfəsi yavaş-yavaş kəsilməyə başladığı halından anlaşılırdı. Molla Əli  çağrıldı. Quran oxumağa başlandı. Bu sırada Aslan bəyin atasının  birdən-birə və qayət və qüvvətlə çıxan can fəryadı və oğlunun üstünə birdən düşüb qapanması onun da halətini elan edirdi. Gün xeyli ağarmışdı. Xədicənin atası üst paltarını geymək üçün evinə gəldi. Hər zaman hər kəsdən əvvəl döşəkdən duran qızını bu dəfə döşəkdə gördü. Biçarə Xədicənin mərəzi gecəleyin duymadığı qapıdakı soyuqdan şiddətlənmişdi. Soyuq daş sanki ciyərlərinə işləmişdi. Onların üstünə atran tüfəng, qışqırıq qorxusu da Xədicəni taqətsiz bir hala salmışdı. Artıq səhər olmuşdu. Həyat və xilqətə olan mənfəət və müavinətindən ötəri hələ bir çox insanların (haşa) xalq ixtisaz etdikləri günəş yavaş-yavaş görünməyə başladı.

            Hər zərrəsi bir valideyi-həyat olan bu xoş günəş  nurəfəşan əllərini Xədicənin pəncərəsindən içəri uzatmışdı. Ata və anasının abrını, adının, özünün ismətini mühafizə uğrunda qurban olan bu xəcalətli, afətli  fəlakətzadə qızın  əhtizar halətinə baxırdı. Guya müavinət etmək istəyirdi. Həmin vaxtda, bu anda göy qəbiristanının yuxarı səmtində Hüseyn Pəhlivan ilə məhbubəsi Nəcabəti bu gecə qoynunda saxlayan bu əzəmətli mühafizə doğru baxıldığı vaxt Nəcabətin atası Daşdəmir bəylə bir danə qardaşı olan Aslan bəyin qəbirləri qazıldığı görülürdü.

 

 

                                                                                                                      Nemanzadə.

                                                            “Şərqi-Rus” qəzeti, 29 iyun, 3 iyul 1904, No. 88, 91.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info