Qonaq Kitabı
QƏBİRDƏN XORTLAYAN ADAM

“Sözün yalanı olmaz, yanlışı olar”. Əvvəlki günkü “Şərqi Rus”da “Aelita” adındakı xanım qızın “Litargi” naxoşluğuna düçar olub uzun müddət yuxulamaqda, uyumaqda olduğu yazılmışdı. O maraqlı, qəribə vaqiə əlbəttə hənuz yadınızdadır.

            “Aelita”nın vaqiəsini oxuyarkən bu naxoşluğa aid xeyli il əvvəl oxuduğum əsərlər xatirimə gəldi. Onlarda yazılan vaqiəlıər, hekayələr, xəyalımı təkrar işğala başladı. Təxəyyülüm getdikcə artdı, o dərəcədə ki, kiçiklikdə eşitdiyim xortluyan, cin, pəri, qulyabanı, div, əjdər, sehr, simsim... hekayələri, məsəlləri xəyalımda təkrar canlandılar, özlərini yada saldılar. Ah o sözlər, o qorxulu sözlərin kiçiklikdə, xəyalımda hasil etdiyi vaqiələr, təsəvvürlər hələ yadımdadır. Bəli axşamleyin qonşu nənəmdən dinlədiyim yeddi başlı əjdərlər, dağ böyüklüyündəki divlər ildırım kimi sürətlə gedən kəsik başların qorxusu ilə səhərə qədər yuxulayamadığım gecələri yad edirəm. Nə tövr yad etməyim ki, kiçiklikdə qulaqlarımızı ən ziyada dolduran bu qorxunc sözlər idi. Cürət və cəsarətimizi yox edən bunlar idi. Fikir və xəyal lövhəmizə ən ziyadə nəqş olan bunlar idi. Ən ziyadə bildiyimiz, əzbərlədiyimiz, gündüzləri dilimizə, gecələri zehnimizə gələn bunlar idi. O vaxtdan bəri tam 20 il keçdi. Lakin bu hekayələr, onların təsiri ilə vücuduma düşən titrətmələr bu günkü kimi yadımdadır. Bu da yadımdadır ki,  bir gün camaat arasında belə danışırdılar: Daşdəmir ağanın öldüyü ancaq bir həftə olu. Hanı o Daşdəmirağa ki, bir ay əvvəl Qoçəlinin 2-3 uşaq anası olan gəlinini zorla qapıb meşəyə götürmüşdü. Di... bax, Allah onun etdiyi zülmə görə bu dünyada ikən də yanına buraxmadı. Deyirlər ki, dün gecə məzarından xortlamış, yarı gecədə evinə gəlmiş, qapını vurmuş, oğlu Aslan qonaq sanaraq qapını açmış, kəfənli xortdanın qapıda dimdik durduğunu görmüş, xəncərini almaq üçün dərhal içəri yüyürmüş, babası öylə sanmış ki,  oğlu anasına xəbər verəcək, içəri girməyə başlamış. Oğlu fikir etmiş ki, bu xortlaq içəri girib həpimizi boğacaq. O saat xəncər ilə babasını parça-parça etmiş...”

            İşdə böylə, buna oxşuyan xortlaq hekayələrini hər kəs az-çox eşitmişdir sanıram. Bu günkü felyetonda  yuxarıda sözlərdən yalnız xortlaqdan danışmaq istərəm: görək xortlaq həqiqətən ola bilərmi, yoxsa böylə sözlər bütün-bütün kökündən yalanmıdır? Xortlağın elm və fənn nəzərincə vücudu mümkündür ya yox?

            Burasını anlatmaqdan əvvəl, buna aid olan 1-2 həqiqi vaqiəni zikr etmək istərəm. Söyləyəcəyim vaqiələr Parisdə, Hindistanda yüzlərcə alimlərin, doktorların, minlərcə adamların gözləri qarşısında  olmuş, görülmüşdür.  Məqsədim heç bir vaxt boş bir hekayə, əsassız bir xəyal anlatmaq deyil. Fənn və əqlin qəbul etdiyi hər kəsin gördüyü vaqiələrdən burada ancaq bir-ikisini yazmaqdır:  1880 tarixində Parisdə doktor La[1] öz başına gələni böylə yazır: “Bir həftə qədər litargi deyilən dərin yuxuya, tərpənmək və hərəkət hisslərini ibtal edən naxoşluğa tutuldum. Bir həftəyə qədər nə yedim, nə içdim, nə də tərpəndim. Qanım yavaş-yavaş hərəkətdən qaldı. Vücudum buz kimi oldu. Bir həftədən sonra tamam ölü halına düşdüm.  Həkimlərin biri gəlib o biri gedirdi. Hamısı məndə ölüm əlamətlərini, nişanələrini tapdılar. Axırda mütləq öldüyümə qərar verdilər.  Evimdə bir ağlaşma, bir fəryad və nalələr qopdu. Mən bunların hamısını duyurdum. Öldüyümə qərar verildiyini də eşitdim.  İstərdim ki, gözümü açam, əlimi-ayağımı bir az olsun tərpədəm, bildirəm ki, mən ölməmişəm.  Lakin qabilmi? Fikrən nə qədər çalışdım, istədim ki,  bir az gözümü açam, xeyr, xeyr, mümkün olmadı. Xeyli vaxt sonra ağlaşma kəsildi. Yad səslər, eşitmədiyim avazlar otağımı doldurdu. Qulaq verdim, dünyada heç sevmədiklərimin səsləri, cənab keşişlər, bu axirət müşdəçiləri, bu ölüm quzğunları məni otağımdan çıxarmağa başladılar. Bu dəfə daha şiddətli ağlaşma peyda oldu.  Bildim ki, məzarımın dibaçəsi olan kilsəyə  gedirik. Küçələrdən, yollardan keçirik. Fayton səslərini belə eşidirdim, küçə səsləri kəsildi. Qandım ki, kilsəyə gətiriblər.  Ömrümdə bəlkə heç getmədiyim kilsədə xeyli durdum.  Keşiş ağaların bir ağızdan oxuduqları dua avazları eşidilməyə başlandı. Kilsədən çıxdıq. Uzun küçələrlə gediriz. Diri-diri məzara gediriz. Öz-özümə dedim: “O yan, bu yan yox, məzara girəcəyiz.  Bir az qeyrət edəm, bəlkə gözümü aça biləm. Ha qeyrət... ha... xeyr, mümkün olmur.  Məzara gediriz.   Şəhərin halharayı kəsildi. Keşişlərin acı-acı gələn səslərindən özgə daha bir şey eşidilmirdi. Anladım ki, məzara yaxlaşmışıq.  Bir vaxt sonra yenə bir ah və nalələr qopdu. Arvadım və uşaqlarımın səslərini az-boz seçdim. Amma mən onların dərdindəmiyəm, məzara girirəm.

            Xeyr, onun-bunun vaxtı deyil. Ha bir az qeyrət. Zarafat, lətifə deyil. Məzara, axirətin, mənəvi aləmin qapısı məbdəyi olan dar, qaranlıq deşiyə giririz. Amma dəqiqə bu dəqiqədir dedim. Fikrən çalışıram, çabalayıram ki, bir az gözümü açım, bildirəm ki, mən ölməmişəm, məzara buraxmayın. Heç qabilmi? İstiyirəm ki, özümü parçalayım, bir az barmağımı da olsa təprədəm, mümkünmü?  Bu səylə təlaşla bir an vaxt keçdi. Qulaq verdim, daha səs yox. Aləm sükut içindədir. Məgər mən məzar içindəymişəm. Heyhat, qaldıq... Diri-diri məzara basıldıq, gömüldük. Aman yarəbbi nə etməli? Aradan xeyli vaxt keçdi, sükutluq getdikcə artdı. Təxmin etdim ki, gecə olmuş.

            Bu vaxt məzarın yanından keçən yolun yanından tək-tük səslər gəlməyə başladı. Bildim ki, gündüzə çıxdım. İki gün, iki gecə böyləcə məzarda qaldım. Üçüncü gecə təxminimə görə tamam yarı gecə idi. Qulağıma uzaqdan kəsik-kəsik səslər gəlirdi. Gəldikcə artdı. Yavaş-yavaş yaxınlaşdı. Məzarımın üzərində dayandı. Diqqət etdim – iki səs idi. Hesab etdim, sevindim ki, arvadım ölmədiyimi hiss etmiş, yəni ki, çıxarmağa gəlmişlər. Bu sırada səsin biri: yoldaş, daha durmağın vaxtı deyil, səsli danışma, qazmanı yavaş vur qazalım. Aman, üsullu, yavaş edək...” Heyhat, məgər məzar oğruları imiş.

Fikir etdim: bu da yaman deyil. Bəlkə məzarımda qiymətli əşya axtararkən mənə də səbəb olurlar: naxoşluğum qurtarar, oyanaram. Məzarımı qazdılar,  məni məzardan dişarı atdılar,  bir çuvalın içinə qoyub arxalarına aldılar. Öz-özümə dedim: xeyir ola, bu nə iş! Məgər bunlar məzar oğruları deyilmiş, aldanmışam.  Çox yaxşı. Ya kimdirlər, məni haraya aparırlar. Buna bir dürlü əqlim irəmədi. Uzun yollardan keçirik. Məni gətirənlərdən biri dedi: bu yoldan getməyək, qorodovoy rast gələr. O biri: aman, yavaş danış, eşitmiyələr. Yaxşı ordan gedək. Getdik, uzun getdik, nəhayət böyük bir qapı cırıldadı.  Məni içəri götürüb bərk bir şeyin üstünə tulladılar. Biri dedi: Allah bəlasını versin, tamam yorulduq. Qapını örtüb getdilər. Fikir edirdim ki. əcaba burası hara olacaq. Xeyli vaxt yalnız qaldım. Birdən qapı açıldı. Bir çox səs otağımı doldurdu. İçərilərindən biri böylə deməyə başladı: “Əfəndilər,  təşrih (ölünün bədənini kəsib baxmaq elmi) dərsində sizə söyləmişdim: insanın ürəyi sol məmənin tam altındadır. Ürək qanla dolmuş bir ev kimidir. Onda duyğu, hiss, bir zad yoxdur: Bunun vəzifəsi buraya gələn qara və qırmızı qanları bədəninə paylamaqdır. Ürək evinin dörd otağı var. Dördü də qanla dolu. Onun kimi qırmızı, kimi qaradır. Mədədən gələn qara qan damarı sol otağa gəlir. Ağ ciyərə gedən qırmızı qan yolu yuxarıdakı sağ otaqdan gedir. İndi bıçağı bu ölünün boynunun altından batıracağam. Döşünü, qarnını yaracağam. Ürəyin, cigərlərin yerlərini, oraya gedən damarları bir-bir göstərəcəyəm, diqqət ediniz...”

            Mən bu sırada anladım ki, hara gəlmişəm, məni nə edəcəklər. Məzarda olsaydım daha yaxşıydı. Bəlkə yuxudan, naxoşluqdan ayılanda yenə bir tövr məzarın üstünü qaldırıb çıxardım, indi nə edəcəyəm. Məni cənab doktor parçalayacaq, iç alətlərimi tibb tələbələrinə göstərəcək. Demək ki, indi doğrudan öləcəyəm. Aman, ölüm-dirim vaxtıdır. Nə qədər qüvvəm varsa sərf etdim, gözlərimi bir qədər açmaq istədim. Beynimə kəsilmək, parçalanmaq qorxusu öylə təsir etdi ki, təsviri mümkün deyil. Otaq sükut içində, tələbələrin hamısı müəllim doktorun  bıçağının hərəkətinə nəzəri-diqqət edirkən kəskin bıçaq boynuma dayandı. Məndəki haləti təsəvvür ediniz. Doktor bıçağı təzəcə sürtməyə başlamışdı ki, şiddəti-təsirdən bir az gözlərim açıldı, özümə gəldim.

            Qorxan tələbələr geri qaçdılar. Doktor bir neçə saniyə çaşdı, mat qaldı, kəsməkdən əl götürdü. Bir az sonra işi anladı. Dərhal əlac gətirib məni bir-iki saat ovdular. Nəhayət ayağa qalxdım, özümə gəldim. Bir neçə vaxt sonra doktorla faytona mindik. Üç gün əvvəl tabutla məzara getdiyim yollardan indi faytonla cəlal və əzəmətlə keçirdim.  Nəhayət evimə çatdım. Arvadım və uşaqlarım qapıya çıxdılar, mənim böylə cəlal ilə geri gəldiyimi gördülər, bir-birinin üzünə baxa-baxa qaldılar.

            Aşağıda söyləyəcəyim ikinci vaqiə yenə Parisdə olur. Qəbr əzabını sınayıb xortlayan doktor Lanın bir neçə gün qonaq olduğu o qəbiristana vüqu gəlir. Bu vaqiəni söyləməkdən öncə əvvəl Firəngistan qəbiristanlarından bir-iki söz danışmaq münasib görüldü: firənglər öz şəxslərini, həyatlarını qayət qiymətli tutarlar.

            Səhhətlərinə, güzəranlarına, vaxtlarına, rahatlıqlarına ziyadə diqqət edərlər. Dünya və axirət ümurunun cümləsini öz rahatlıqları üçün bikərlər. Bunca ixtiralar, icadlar, kəşflər... həp rahatlıqları üçündür. Bizlərə görə möcüzədən hesab edilən, adətdən xaric sayılan bu rahatlıqları yalnız bu dünyada deyil,  o biri dünyanın, o mənəvi aləmin qapısı demək olan qəbiristanlarında da görülür. Qəbiristanları ümumiyyətlə qayət gözəl bir surətlə divar və ya dəmir barmaqlıqla çevrələnmişdir. İçərləri sanki qəbiristan deyil, fərəh yeri, gülüstan, laləzardır. Qəbiristanda daimi surətdə gecəli-gündüzlü növbətçilər, qaravullar olur. Bunlar üçün də qayət gözəl tikilmiş binalar bulunur. Növbətçilər əksər gecələr, xüsusilə təzə ölülər olanda hər vaxt məzarları dolaşırlar. Burada hər həmiyyət sahibini, hər millət dostunun ürəyini parçalayan, biz müsəlmanların məzhəb xüsusunda biz böyük ürəklilərin, kimsəyi bəgənməzlərin qəbiristanlarını, oraların mədəniyyətlərilə, murdar, çirkin, mənsub olduğu din və millətə min tövr lənət oxudacaq hallarını... yazmayacağam. Çünki eşşəklərin, itlərin, donuzların cövlangahları, hər dürlü heyvan peyinliyi, hətta bir çox alçaq insanların rahatxanələri,  bir çox dairələrin zibil yerləri olan qəbiristanlarımızın son hallarını anlatmaq üçün bir neçə kitab lazımdır. Halbuki uzun bəhsin burada münasibəti yox. Gələk əsl hekayətimizə.

            Bir gecə yarısı qəbiristanın növbətçiləri təzə qəbirləri gəzirdi. Yarı gecədən bir az keçmiş dərindən bir səs eşidir. Dərhal səsin gəldiyi yerə, 3-4 günlük təzə bir məzara çatır. Qulaq verir, kəsik-kəsik gələn yanıqlı səsləri dinləyir, sonra şiddətli bir fəryad duyur. Növbətçi heyrət və dəhşətə düçar olur. Özünü toplayır, qəbiristan nazirinin  təlimləri, əmrləri yadına gəlir. Dərhal növbətçixanaya gəlir, qazmayı, kürəyi götürür, məzarı qazmaq, o biçarəni çıxarmaq istəyir. Lakin nə tövr olursa işə yalnız cəsarət etmir. Sürətlə məzarın yanına varır. Nömrəsini alır, dəftərinə baxır, kim olduğunu və sahibini tapır, sahibinə xəbər vermək üçün məzarıstandan uzaqlaşır. Bir saat sonra ölü sahibini tapır. Xəbər verir. Ölü sahibi sevincindən bir anda duramaz. Doktor çağırırlar, faytonla qəbiristana doğru rəvan olarlar. Faytonun sürətini sormayınız. Sanki getmir, havada uçur. Atların ayaqlarının səsi sürətlə işləyən bir maşının hərəkətinə oxşuyurdu. Lakin ölü sahibi yenə yerində rahat olmur. Faytonçuya qışqırır: böylə yavaş olmaz, təvəqqe edirəm, ziyadə təvəqqe edirəm, bir az tez-tez sürünüz. Az zaman sonra  qəbiristana çatırlar.  Orada hər vaxt hazır olan qəbir qazmaq hacətlərini götürürlər, qəbirə varırlar. Ömründə qazmanı əlinə almayan ölü sahibi növbətçinin qazmasına səbr eləmir. Qazmayı özü götürür. Tərif edilməz bir təlaş və sürətlə qazmağa başlayır. 3-4 ay əvvəl evinə gətirdiyi təzə gəlini, arvadını çıxarmaq istəyir. Hüsn-camal və kamalının məftunu olduğu məhbubəsini xilas etmək istəyir. Uzun bir həsrət, mənəvi bir məşuqənin nəticəsi olaraq min zəhmətlə... istədi ki, qazmanı buraxıb əlləri ilə qazsın. Qazdı yarıya endi. Lakin məzardan əskisi kimi daha səs, bir şey eşidilmir. Nəhayət qazdı, qurtardı. Cib elektrik lampası məzarın içərisini, məhbubənin halını nəzərlərə ərz etdi. Həsrətzadə məhbubəsinə sarıldı, yalvarmağa  başladı: “Mariya, Mariya, sevgilim Mariya! Mariya, iki gözüm, ruhum Mariya! Bir az su iç...”. Heyhat,  Mariya son nəfəsdə, can təslimində. Biçarə qız, bu gecə qəbrə qoyulduğunun dördüncü gecəsi düçar olduğu litargi naxoşluğundan ayılar, ayağa durmaq istər, başını tabutun qırağına vurar, əllərini uzatmaq, yol tapmaq istər, tabutun kənarı qoymaz... Hər tərəfə dərin bir sükunət, kimsədən kömək yox, qaranlıq, tək və tənha dar bir yer, zavallı axırda anlar, qanar ki, məzara qoyulmuşdur. Qorxusundan nə edəcəyini bilməz. Çıxmağa çalışar, zəif əlləri ilə tabutun qapağını qaldırar, dırnaqları ilə məzarı qazmağa başlar. Heyhat mümkünmü, Az zaman sonra “dırnaqları qopar, nazik barmaqları soyular, qanar. Bir mərtəbəyə gələr ki, barmaqlarının ucları həm yaralanar, qopar, yenə bir şeyə müvafiq olmaz. Qazmaqdan ümidini kəsər,  gücü çatacaq dərəcə fəryad və naləyə başlar. Saçlarını yolar, üzünü, gözünü cırar, qorxusundan gözləri dönər. Axırda səbr eləməyib qorxudan özündən gedər, bayılar. Nəhayət ehtizar halına düşər. İştə bu sırada, bu anda məzar qazılmağa başlar. Sevgilisi son nəfəsinə çatar.

            Məzar qan içində, məhbubənin saçları yolunmuş, üzü didilmiş. Barmaqları parçalanmış, məmələri göyərmiş, gümüş kimi misə (paxıra) dönmüş.  Ay kimi üzü tanınmaz bir hala gəlmiş, vücudu hənuz isti, bədəni daha soyumamış. Lakin can vermədə. Bir tərəfdən əri sarılmış, digər tərəfdən həkim burnuna əlac verir, dərman sürtür, ayıtlmağa çalışır. Heyhat,  bir daha tərpənə biləcəkmi? Vaxt keçdi çoxdan adladı. Lakin məhbubə hələ ölməmiş, amma ölməyə, o biri aləmə getməyə ciddi hazırlanmış. Nəhayət beş-on dəqiqə sonra başı sevgilisinin qucağında, əli doktorun ovucu içində olduğu halda köməyinə, mavinətinə vaxtsız gələn eşqinə vida etdi...”

            İştə tarixdə ismi və rəsmi ilə həqiqətən olmuş bir vaqiə burada tamam oldu. Bu vaqiələr “Xortlayan adam” arasında bir fikir verdi sanıram. Lakin bir az daha təkrar və izah edək: əski zamandan bəru aramızda “qəbirdən xortlayan adam” sözü eşidildiyi cümləmizə məlum. Demək ki, onun mütləq bir vücudu, həqiqəti varmış. Amma əski zamanlarda hər qorxulu, dəhşətli, yaxud çox faydalı bir şeyə haşa-haşa, “allah” deyildiyi bir vaxtda, adətən dişarı görülən, hər şeydən və ya gözə görülən bir xəyaldan qorxulduğu bir zamanda o şeyin. O xəyalın əslini, həqiqətini kim fərq edəcəkdir? O xüsusda o halı kim elmlə, fənlə izah edə biləcəkdir? Təbii də ola bilməzdi. Buna görə hər mövhumi və xəyali bir şeyə bədən və vücud verdiyimiz kimi “Xortdayan adam”a cin, pəri... kimi vücudu fənn və həqiqəti özgə tövr mümkün olan xüsusları da zəmanəmizə qədər əsassız sanmışız. Daha ümumiyyətlə deyə bilərəm ki,  əski masal və hekayələrimdə təsvir edilən bir çox xəyali şeylərin canlı birər dürlü, özgə halda vücudları, həqiqətləri vardır.

            Ancaq elmsizlik, batil və cahilyanə etiqadlar həqiqəti olduğu kimi bizə göstərməyə bu günə qədər mane olmuşdur.  Bir çoxlarımızın, vücudlarına hələ inanmadığımız: sehr, tilsim, fal, cin, pəri... və sairələrin çoxumuzun bilmədiyi bir sürətdə mütləq, mütləq maddi vücudları vardır. Amma bu vücudlar şəksiz ki,  indiyə qədər bizim təsəvvür etdiyimiz kimi deyildirlər. Biləks vücudlarına inandığımız bir çox şeylərin də əsl və əsasları yoxdur. Hər nə hal isə buralarını sonraya, özgə məqalələrə buraxmaq, gələk xortlayan adama:  görünür ki, bir çox adamlar əski zamanda da bu gün “Litargi” deyilən naxoşluğa düçar olmuşlar. Diri, lakin ölü halında məzara getmişlər. Bir neçə gün, bir neçə həftə, bəlkə bir neçə ay sonra qəbirlərində  naxoşluqlarından, dərin yuxularından ayılmışlar, məzara basıldıqlarını, gömüldüklərini anlamışlar, kimi qorxusundan, məzarın dəhşətli halətinin təsirindən həlak olmuş, kimi də cəsarətli olub və ya yumşaq torpağa rast gəlib qəbirlərini qazıb çıxmışlar. Lakin çıxmışlar da, sağ qala bilmişlərmi? Özlərinin ölmədiklərini, naxoşluğa tutulduqlarını anlaya bilmişlərmi! Heyhat! Bu kimi xortlayan zavallıların qonşuları, qohumları deyil, ən sevdiyi oğlu belə vurub öldürmüşdür. “Babasının günahı, pisliyi çoxmuş ki, qəbirdən xortlamış!” adını üstünə götürməmək üçün öldürmüşdür. Nə böyük cəhalət, nə təəssüflü hal! Naxoşluğa tutulmuş xortlayanların bir çoxu da avam kəndlilər tərəfindən  təhdid olunmuşlar.  Meşələrə, biyabanlara sürülmüşlər, quli-biyabani olmuşlar. Hələ dillərimizdə  gəzən bir çox əfsanə, hekayələrə səbəb olmuşlar. Bunlar ya axırda aclıqdan həlak olmuş və yaxud canavarlar tərəfindən tələf edilmişlər.

            Xülasə, insan Avropada “Litargi”, bizim bəzi yerlərdə qan tutma və s. adlarla adlanan naxoşluğa tutular, günlərcə, həftələrcə tərpənməz, bir şey yeməz, içməz, bəziləri o halətdə ikən yaxşıca eşidər, düşünər, lakin bir söz deməz, özünü və ya əlini zərrə qədər tərpədəməz. Bəziləri də heç bir şey eşitməz. İştə bu kimi zavallılar bir çox yerlərdə hətta Paris kimi Avropanın mərkəzi olan yerlərdə ölmüş zənn edilərək basdırılar, məzara qoyular. Lakin avropalılar axır vaxtlarda bu naxoşluğu çox gözəl öyrənmişlərdir.  Bununla bərabər yenə ehtiyatla bəzi ölüləri bir kaç gün məxsusi yerlərində saxlayırlar. Qəbrə qoyulduqlarından sonra da üstünə həftələrcə növbətçi, qaravul qoyurlar. Bizlərdə isə o kimi biçarələr özləri qəbirlərdən çıxa bilsələr belə vurulub öldürülürlər. Yaxud meşələrə sürülürlər! Nə yaman adət, nə küflü cəhalət!..

            Həqiqətən ölmüş bir adam – günahı istərsə dəryalar qədər olsun – qəbirindən qalxıb gəzəməz. Burası nə əqlən, nə də elmlə mümkün. Gerçəkdən ölmüş bir adamın xortlaması, dirilməsi “küllü şeyin və ileyhi tərciunə”* ayət və hikmət nəzərinə görə heç bir dürlü qabil deyil. Məzkur və daha çox aylərə, hədislərə və “Külli şeyin yarciu ilə əslihi”** qövlünə görə hər ölən əslinə rucu edəcək; mübdi’nə, mənbəyinə övdət edəcəkdir. Hər məxluq “külli şeyin halikun illə vəchihi”***  ayət-həqiqət fəşanına müvafiq surətdə bu günkü şəkil və heyətdə bir daha dirilməyəcəkdir.  Ancaq litargi naxoşluğuna düçar olub həqiqətən ölməmiş məzara gedən adam təbii qalxar, dirilə bilər ki, ona xortlayan adam (xortlaq, cadu) deyiriz. Demə ki, söz yalan olmaz, yanlış olar (son).

 

                                                                                                                      Nemənzadə

                                                              “Şərqi-Rus” qəzeti, 20, 22 iyun 1904, No. 79, 81

 

 

 

 

_______________

*   Siz əvvəlki vəziyyətinizə qayıdacaqsınız.

**  Hər şey öz əslinə qayıdacaqdır.

*** Hər şey yox olub gedəcək, onun simasından başqa.



[1] Fransız alimi



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info