Qonaq Kitabı
SON BİR-İKİ SÖZ

Müqəllid əfəndi!

Mən nə yazdım, siz nə fəhm etdiniz, qəribə əfsanədir.

Yazdığınız bəhs barəsində irəvanlı möhtərəm və fazil cənab Abdulla əfəndi[1] ilə lazımi qədərincə lütfanə, zərifanə xeyli söhbət etdik. Bu bəhsə də çoxdan nəhayət verdik. Əcəba, zati müqəllidanələri, imdiyə qədər harada idiniz? Bir fikir edin. 32-ci nömrə harda, 42-ci nömrə harda?

Əcəba qəlbinizdəki nədir? Əcəba indiyə qədər qəzetə yazacaq bir şey tapmadınızmı ki, heç münasibəti yox ikən keçmiş bir bəhsi təzələndirərək, nə olursa olsun yazmaq üçün dediyiniz kimi “mən də varam” dərdi ilə ortaya atılıbsınız. Əfəndim! İstərsəniz daha o yana tullanınız, bundan daha şiddətli və həqarətli sözlər yazınız, mənim şəxsiyyətlə işim yoxdur. Çünki böylə dəqiqəsi belə ən qiymətli olan bir vaxtda, xüsusilə bu günlərdə ümumi, milli işləri buraxıb da yalnız şəxsiyyətlə və fayidəsiz cavablara cavab yazmaqla ömrü fotə verməyin özü də cahilliyin bir növüdür. Buna görə təkrar edilmiş bəhsi bir daha təkrar etmək adətində bulunmayacağam: cavab verməyəcəyəm. Zira böylə adi və uzun cavablara cavab vermək dəryanı xəlbir ilə ölçmək demək olduğundan əbəs iştiqalə vaxtım yoxdur. Ancaq mənim yazdıqlarımı “müqəllid” sözünün nə cür adamlara söylədiyimi, yazmaq demək istəyib də zərurət və zaman müqtəzası ilə açıq yaza bilməyib kinayə təriqi ilə söylədiyim mətləblərin bəsirət sahiblərinin nəzəri-diqqətlərinə həvalə edirəm. “Şərqi-Rus”un fevral ayındakı nüsxələrini diqqətlə oxuyanlar mənim “müqəllid” namını kimlərə vermək istədiyimi anlarlar. Adlarını söyləmək, dəlil gətirmək lazım deyil. Bəsirət və ədaləti olanlara məlumdur. Yaxşı bir fikri, faydalı bir məsləki təqlid edənlərə daş atmaq deyil, can fəda, baş qurban! Burasını əvvəlcədən söyləmişdim. Bilmirəm buralarını nə üçün anlamaq istəməyib, çaldığınızla oynayırsınız? Heyhat, özgələr nə qayğıda, bizlər nə adi işlərin dalındayız. Vay, vay! Zaman nə deyir, biz nə eşidiriz.

 

Qələmin məqsudi-safından xəbərdar olmuyan,

Edəcək əlbəttə təqlid ilə bizar məni.

 

Nemanzadə.

“Şərqi-Rus” qəzeti, 30 may 1904, â„– 63.



[1] Abdulla əfəndi Qazıyev – İrəvan quberniyasının qazısı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info