Qonaq Kitabı
ƏHMƏD BƏY AĞAYEV

Bir az həmiyyəti-milliyəsi, məlumati-elmiyyəsi olan Qafqaz müsəlmanları içində cənab Əhməd bəy Ağayev namını bilməyən yoxdur sanıram. Ancaq pək uzaqda bulunan qardaşlarımızın bu ali zatı lazım olduğu dərəcədə tanımadıqları zənni ilə bu məqaləmlə bir cüzi də olsa nəzər-diqqətlərini clb etmək istərəm. İstərəm ki, hər mömin qardaş fürsət fot etməyərək bu millətpərvər mühərrir-aliqədrin yazdıqlarından, əsərlərindən vaxtı ilə istifadə etsin: cənab Əhməd bəy Ağayev bu halda Bakıda nəşr edilən “Kaspi” qəzetinin ən qeyrətli, yorulmaz, məlumatlı mühərrirlərindən biri və Bakı gimnaziyalarının birində firəng dili müəllimidir. Bu zat əslən qarabağlı olub, orda “realnı” məktəbini ikmal ilə bərabər, türk, ərəb, fars dillərini və ədəbiyyatını gözəl öyrənmişdir. Bu qədər bir təhsil bizdə “alim” olmağa əksərən kifayət etdiyi halda, bu elm aşiqi Xudadan olan istedadi-fitriyyəsinin sövqü ilə Firəngistana gedərkən orada Fransanın ən məşhur darülfünunu olan Sarboniyaya[1] daxil olmuşdur. Kamal ilə səfahətin, elm ilə əyləncənin geniş bir meydanı olan Fransada da səy və hüsn-əxlaq tərəfinə meyl edib darülfünunu ikmal etmiş və bu surətlə Qafqaziya müsəlmanlarının, əgər istər və çalışırlarsa, fransızlara rəqabət edə biləcəklərini isbat edərək Qafqaziyaya övdət etmişdir. Övdətdən bir az sonra “Kaspi” qəzetinin vəsi meydanı bu zatın qələmi həmiyyətinə müsaid bir cövlangah olaraq hər yazdığı məqalələri hər kəsə ləzzətlə oxudacaq faydatərz bir bəxşdə təhrir ilə gəlməkdədir. Hələ əhvalı və siyasəti-islamiyyə barəsində qayət vüqufanə yazdığı məqalələr həqiqətən bizdə misli nadir təhrirat və məlumati-elmiyyədəndir. Bu yolda açdığı cığır və bu cığır ilə bizlərə bildirdiyi yeni-yeni elmlər, işarə elədiyi ülvi məqsədlər, müqəddəs əməllər istiqbali-millət üçün birər bəraəti-istehlal, birər bərati-feyz və tərəqqi olsa şayandır. İştə cənab Əhməd bəy Ağayev 10-15 ildən bəridir ki, Qafqaz mətbuatında bu surətlə, yəni ötkün qələmi ilə, geniş məlumatı ilə, durbinanə nəzəri ilə, surəti təhriri ilə, əsabəti-rəyi ilə, həmiyyəti-milliyyəti ilə kəsbi-təmyiz etməyə başladı. Öylə bir tərzdə ki, məsləki-aliyyəsi ilə bütün məlumatlı gənclərimizə üslub təhlili ilə bir çox yazıçılarımıza, vüqühanə məqalələri ilə hamı əshabi-zəkaya, məhəbbəti-milliyyəti ilə ümumi rusca təhsil edən “obrazovannı”larımıza bir misli-ibrət, bir nümuneyi-həmiyyət olmaqdadır. Öylə bir dərəcədə ki, irəlidə məktəb şagirdlərinə belə həmiyyət ilə məlumatın, cürət ilə səbatın, qeyrət ilə təşəbbüs və müvəffəqiyyətin bir yerdə, bir zatda təcəmmö edildiyinə misal və nümunə olaraq gətiriləcək hörmətli, böyük adların arasında Əhməd bəy Ağayev namı da mütləq bulunacaqdır.

Bir çox qiymətli əsərlərin, şahidi-adillərin iraə etdiyi bu nam şübhə yox ki, ortada ciddi bir əsər və dəlil olmayıb, ancaq bir qərz və ya məcburiyyət ilə müvəqqətən parladılan adlar, şöhrət kaziblər, qüvvətli fosfor əczası ilə artırılan işıqlar kimi az vaxtda sönməyəcək, unudulmayacaqdır. Biləks hər müəssirin şanı əsrin mükəməliyyəti ilə olduğu kimi bu mühərriri-hürriyyətpərvərin namı da mənim bir-iki dəqiqəlik sözlərimlə deyil, yazmaqda olduğu istifadəli məqalələri ilə, əsərləri ilə və mütəxəlliq olduğu həmiyyəti-milliyyəti ilə mütənasib olaraq qalıb, ümmətdə bir çox zaman baqi qalacaqdır. Bəli, madam ki, insanın ömrü ati üçündür və madam ki, insanın bu pənah aləmində mükafat və mücəzat görən özü deyil, namıdır, kətbi-nəqliyyədə də ki, o nam ruh ilə yad edilmişdir. Bu halda Əhməd bəy Ağayev namının, yəni ruhunun da uzun zaman bərhəyat qalıb mükafat görəcəyinə şübhə yoxdur. Xülasə, zahirən uzun, amma həqiqətdə çox müxtəsər olan bu sözlərimlə mücəssəm münuneyi-həmiyyət olan cənab Ağayevin qüdrəti-elmiyyəsini göstərmək deyil, ancaq məhəlni, qələminin yazı deyilən şəkildə cövhərlər səpdiyi yeri, qəzeti bildirmək istədim ki, uzaqdakı, xüsusilə Sibir, Səmərqənd, Qazan, Orenburq, Ufa...tərəfindəki rusca bilən müsəlman qardaşlarımız da fürsəti fot etmiyərək Bakıda yovm olaraq nəşr edilən və illik qiyməti 8 manat yarım olan ”Kaspi”[2] qəzetini oxusunlar, müstəfid olsunlar. Oxusunlar da, indiyə qədər pərdeyi-xəfadə qalan bir çox keçmiş əhval və məfaxiri-islamiyyəmizi, bu günkü əsbabi-tədəniyyəmizi, indiki vəzi-məhlikəmizi, çareyi-xilasımızı, ümidi-istiqlalımızı bilsinlər.

 

Ö.Faiq Nemanzadə

“Şərqi-Rus” qəzeti, 23 may 1904, â„– 60.



Əhməd bəy Ağayev (1868-1939) - Parisdə hüquq məktəbini və Sorbonna universitetini bitirmiş, Bakıya qayıtdıqdan sonra burada rusca nəşr olunan “Kaspi” (1881-1919) qəzetinin fəal əməkdaşlarından biri olmuşdur. Bakıda Azərbaycan dilində “İrşad” (1905-1908), “Tərəqqi” (1908-1909), rus dilində “Proqress” (1907) qəzetlərini nəşr etmiş, “Həyat” qəzetinin redaktorlarından biri olmuşdur. 1908-ci ildə köçüb Türkiyəyə getmiş, orada bir sıra qəzet və jurnalların fəal əməkdaşı və redaktoru olmuş, İstanbul universitetində rus dilindən dərs demiş, Türkiyə Respublikası elan olunandan sonra Sovet-Türkiyə dostluğunun yaradılması və inkişafında müəyyən rol oynamışdır.

 

[1] Parisdə 1523-cü ildə yaradılmış kollec.  XVII əsrin ortalarında Paris universiteti ilə birləşsə də, ilk adını saxlamışdır.  Azərbaycanın inqilabdan əvvəlki ziyalılarının bir hissəsi bu məşhur ali məktəbdə oxumuşdur.

[2] “Kaspi” (1881-1919) – Maarifpərvər Bakı milyonçusu H.Z.Tağıyevin pulu ilə Bakıda rus dilində nəşr olunan gündəlik qəzet. Milli ziyalıların burada rəhbər mövqeyinə və geniş fəaliyyətinə görə ona “Müsəlman Kaspisi” də deyirdilər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info